Xalqı millətə
çevirənim!..
Bəbəsinə
“qızıl güllər...”, babasına “Heyrət, ey
büt...”lər yetirənim
Bilirəm,
bu an çoxunuz bir ağızdan söylədiniz: Dilim!
Özü də məhz böyük hərf, baş işarə
ilə - xüsusi isim statusunda. Hələ “hər ləhzə
yoxdan olur var”lardan yaranan bu ən ümummilli, ümum ÜN
var-dövlətimizin, ümumortaq gözəlimizin, ümumcan
cananımızın şəninə bundan da hərarəti-məlahətli
bənzətmələr tapa, “oxşama”lar oxşaya biləcəyinizi
də bilirəm. Amma neyləməli ki, bu məqamda qələm
bəndənizin əlində...
Zarafatsız, elə can-qan mövzular olur ki, onları bəlağətsiz
başlamamaq olmur. Söz də ki qanadlanmağa başladı,
vəssalam! Morfoloji qapını bağlayırsan, leksikoloji pəncərədən
gəlir və başlayır ki;
Sən
ey -
hər məna-mətləbi
çözəyənim, könülləri bəzəyib-düzəyənim,
arzuları ərz edib əməllərə gözəyənim!
Hələ karandaş-tişədən, qələm-fırçadan
öncə “Ölməyə Vətən yaxşı”, “Dəryaca
ağlın olsun - Kasıb olsan, gülərlər”, “Gündə
bir kərpic düşür - Ömrümün sarayından”
sayaq abidələr yaradanım! Gəl, “Aləmi bəzər,
özü lüt gəzər” kimi gözütoxluq
postulatlarına rəğmən sözüyoxluq etmə -
öz şəni-bəyanına da həyan ol! Ey sərkərdə
babalarıma “Qılınc qımıldansa, düşmən
mızıldanmaz” dedirdənim! Söz dədələrimə
“Sözün də su kimi lətafəti var”, “Məndə Məcnundan
füzun aşiqlik istedadı var”, “Yol daşını yol
quşuna Atma, qardaş, kərəm eylə”, “Sənin ərin
ölsün, mənim arvadım - Düşsün aramıza
vay, gülə-gülə”, “Bir ağılın
budağından sallanıb, Neçə-neçə
ağlıdayaz yaşayır” kimi atom-kəlamlar
yaratdıranım! Ulularına çömçə-çömçə
verdiyin o nəhayətsiz gölündən yeni olularına da
qaşıq-qaşıq pay böl. Hər kəsə
“xalvar-xalvar”, bu sətirlərin müəllifinəsə
“dinar-dinar” -
Söylət
ki;
deyirəm,
bəlkə bəri başdan bir
“gözmuncuğu”-sözsancağı eləyək, ey Oğuz
dadlı, Azərbaycan adlı ağız Vətənim! Yəni
Sən - bütün rəvayət-hekayət,
nağıl-noğul, dastani bağ-bostan aləmimizin bəyandarı
olaraq, ağız əyyamı əncamlarından olan bir “qurd
ağzı” bağlayıb, bu yazılı dövran nümunəmə
“vird ağzı” açasan. Eynimə-beynimə sızıb əlimə-qələmimə
yazdırasan ki, qoy bəzi-bəzi ağızbüzi-qələmigöyçəklər,
aromativ-qramatiklər bu quramativ-periferik üsluba, arxiv-arxaik ifadələrə
görə məni və mətbumuzu qınamasınlar.
Çünki bu gün - avqustun 1-i Sənin Ad
Günündür. Sənin bu mübarək ad günün isə
bütün vətəndaş-dildaş-soydaşlarımın
Şad Günü deməkdir. Bu ümummilli-ümumdil
günümüzün Fərmanını da ki, ümummilli
liderimiz Heydər Əliyev düz 11 il bundan öncə verib.
Bu Fərmanı Sənin vasitənlə oxşayıb-əzizləmək
istədiyim kəlmələrdən üçcəsi:
bütün başqalarından daha incə, daha millicə, daha
könülcə...
Bəli,
bütün digər fərmanların, qərarların, qətnamələrin,
sərəncamların cəmindən alicə. Nədən ki,
onların hamısı bu Fərmanın predmetilə - səninlə
ifadə olunur, Ana Dilim! Bir nəzəri-göz gəzdirək,
görək o milli sərvət-sənəddə ulu öndər
-
Nələr
deyir
Dilimizin
müasir durumu ilə əlaqədar konkret faktlara toxunan Fərmanda
“dil və xalq” qarşılığı da çox
tutarlı, konseptual şəkildə əsaslandırılır:
“Azərbaycan
dili bu gün dərin fikirləri ən incə
çalarlarınadək olduqca aydın bir şəkildə
ifadə etmək qüdrətinə malik dillərdəndir.
Düşüncələrdəki dərinliyi, hislərdəki
incəlikləri bütünlüklə ifadə etmək
kamilliyinə yetişə bilməsi üçün hər
hansı xalqa bir neçə minillik tarix yaşaması
lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi
göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim
xalqlarındandır”.
Bu Fərmanın
aşağıdakı abzasındakı bir qənaət
dilimizin təşəkkül qaynağı haqda - bəzən
mübahisəli, bəzi hallarda ikili “görüş”ləri
birmənalı edir:
“Neçə-neçə böyük mədəniyyətin
yaradıcısı olan xalqımızın tarixi qədər
onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir.
Azərbaycan dili türk mənşəli ümumxalq canlı
danışıq dili zəminində əmələ gəlib
şifahi ədəbi dilə çevrilənədək və
sonradan bu əsasda Azərbaycan ədəbi dilinin
yazılı qolu təşəkkül tapana qədər
yüz illər boyunca mürəkkəb bir yol
keçmişdir.
Qədim
və zəngin tarixə malik türk dil ailəsinin oğuz
qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki
dövrlərə gedib çıxır. Ayrı-ayrı
türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi
olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq
danışıq dili kimi fəaliyyət göstərməyə
başlamışdır. Dilimizin özəyini ta qədimlərdən
Azərbaycan torpaqlarındakı türk əsilli boyların və
soyların dili təşkil etmişdir”.
İndicə
göz yetirdiyimiz ilk abzasdakı “...yüz illər boyunca
mürəkkəb bir yol keçmişdir” informasiyası ulu
öndərin öz fəaliyyətini də bütün
parametrlərilə ehtiva edir; həm sovet, həm də
müstəqillik illərimiz rəhbərliyində. Birinci
dövrdə - rus dilinin hegemonluğu rejimində Azərbaycan
dilini işlək dövlət dili statusuna
çatdırması, müstəqilliyimizi addımbaaddım
müşayiət edən çətinliklər
çağlarında isə, dövlətçiliyimizin
bütün komponentlərilə bahəm, dilçiliyimizə,
dilçi alimlərimizə qayğı keşiyində rəhbər-əsgər
kimi dayanması ilə. Və nəhayət, onun 9 avqust 2001-ci
il tarixli tarixi fərman-fəaliyyəti: “1 Avqust Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günüdür”!..
Bundan əvvəlkindən
- 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” Fərmanından
seçmələri isə davam etdirməmək
qeyri-mümkün:
- “Xalq
şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək
üçün sonradan onları yazıya
köçürmüşdür... Bu baxımdan “Kitabi-Dədə
Qorqud” eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin
özünəməxsus səlisliyi bir daha göstərir ki,
“Kitabi-Dədə Qorqud”un meydana çıxa bilməsi
üçün Azərbaycan dili böyük tarixi-ədəbi
hazırlıq mərhələsi keçməli idi”.
- “...Səfəvilər
dövlətinin yaranması ilə Azərbaycan dili dövlət
dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası
yazışmalarda işlədilməyə başlandı.
...Sarayda və orduda tam hakim mövqe tutaraq, dövlət dili
kimi rəsmiləşdi”.
- “... “Əkinçi”dən
başlayaraq yaranmış milli mətbuat bu dilin
inkişafında mühüm rol oynamışdır”.
“...Xalq
dili xəzinəsinin qapıları “Molla Nəsrəddin” vasitəsilə
ədəbi dilin üzünə açıldı. ...Səhnə
sənəti də yeni milli-mədəni şəraitdə ədəbi
dilə bədii nitq vasitəsilə öz töhfəsini
vermişdir”.
-
“...1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması ilə Azərbaycan dilinin geniş tətbiq
olunması yolunda böyük imkanlar açıldı”.
- “...Bir
çox kütləvi informasiya vasitələrində, rəsmi
yazışmalarda, kargüzarlıq və sair sahələrdə
Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl
olunmur. Azərbaycan dilinin reklam işində istifadə edilməsində
ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə
baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir
çox hallarda xarici dillərə əsassız olaraq
üstünlük verilir”.
Hər
abzası bitkin bir mühakimə-mülahizə sistemi təsiri
bağışlayan bu Fərmandan gətirdiyim sitatlara son verməli,
müasir çağımızla da səsləşən
sonuncusu ilə ilgili əl saxlamalı olur və həmin
reklamçılar - “susuzluğuna güvən”vari “məntiq”lilər
də daxil, müqəddəs ana dilimizə doğma
“arşın mal” ölçülərilə yox, fəna-zina
litr-metrlərlə yanaşanlara belə bir xitab edirəm:
Dilinizə
güvənin!
Bir dildə
ki ticarətdən tutmuş siyasətə qədər hər
çeşid “alver-dilver”lər, kvota-notalar, “çaya susuz
aparıb, susuz gətirmək”liklər, “sərin sular sərvəri,
ürəyi yanan, gəl bəri”lik, “suca ömrün olsun”,
“bir oddan, bir sudan”, “qızlar bulağından su içmək”liklər
var, niyə bu çeşmə-bulaqçı millət onun əfsununa
yox, sənin “susuzluğuna güvən”sin, “əlif-lam”
reklamçılar?!
Nədən
gözəllərin boyunu “Yürüyəndə sərv
boylum”a, sirli-sehrli sir-sifətini, “Aya - sən çıxma, mən
çıxacağam”a, “Bağrımı kəsə tellərin”ə,
“Qoşa badam sığmayan dar ağızlım”a, “Mən verən
düymələri düz köynəyinə”yə,
geyim-keçimini “Yenə tavus kimisən, Nə qəşəng
bəzənmisən”ə, “Mən sevmişəm Zərnişanı,
Onda var gülün nişanı” kimi misra-romanlarla
duyurmayasız, həftəbecər küçə-şamçılar?
Niyə
bizi öz şəhər-qəsəbələrimizdəki (hətta
kəndlərimizdəki) mağazalarınızın, marketlərinizin
vitrinlərindəki özgə dillə dəvət edirsiniz -
hətərən-pətərən şriftlər,
vermişel-makaron qrafikalarla?!
Nədir,
noolub, “Dindirir əsr bizi - dinməyiriz, ...avtomobil minməyiriz”
qınımızdan (gec də olsa)
çıxmışıq deyə, “Molla Nəsrəddin”dəki
“Mənim öz dilim var...” karikaturamızı bu qədər
tezmi unutmalıyıq?!
...Öz
siyasi al dillərilə çox xalqları elindən-obasından
eləyən millətlər var ki, bəlkə də
onların leksikonunda “ilanı yuvasından çıxarmaq” məna-möcüzəsi
yoxdur. Heç kimin ədəbiyyatında “Salınız
yadınıza o günləri ki, analarınız bu dildə
sizə layla çalardı, siz isə qulaq ağrısı səbəbindən
yatmırdınız və axırda biçarə ananız
deyərdi ki, yat, bala, yoxsa xortdan gəlib səni aparar” kimi ədəbi
elegiya, bədii ağı yoxdur.
Yeri gəlmişkən,
ötən əsrin əvvəllərində məktəblərimizdə
ana dilimizdə də bircə saat dərs icazəsi
üçün Bakı başbilənlərinin Qafqaz
canişininə yazdığı məktubda “xahiş edirik”
ifadəsini “Mən öz dilimdə danışmaq
üçün kimdənsə xahişmi etməliyəm?!”
deyə “tələb edirik!” yazdıran Nəriman Nərimanovu
da yada salınız...
Deyəsən,
70-ci illərdə sovet respublikalarının heç birində
bizdəki “Şirin dil” mahnı-nostaljisi də yox idi,
axı...
Ehtimalımca, heç bir xalq “Gəlin gedək
güllüyə, Güllüyə, bülbüllüyə.
Hərə bir söz söyləsin, Qoy düzülsün
cümlüyə” kimi elmi-populyar poeziya yarada bilməyib.
Və
heç bir millətin qeyri-dilçi və ədəbiyyatçı
alimi bizim dünyaca məşhur kristalloqrafımız (əlbəttə,
Xudu Məmmədov!) kimi, bu dilin lirik-estetik təhrikilə belə
bir bədahəti-həyati bayatı söyləməyib:
Dilim
köməyim olsun,
Əlim
köməyim olsun,
Vətənə
yük olarsam -
Ölüm köməyim olsun...
Allah
köməyiniz olsun, əziz və hörmətli vətəndaş-dildaşlarımız!..
Tahir Abbaslı
Mədəniyyət.- 2012.- 1 avqust.-
S. 11.