“Tamaşaçı
obraza həm də onun
geyiminə görə qiymət verir”
Kadr arxasında qalanlar
Şahin Həsənli:
“Qəhrəmana geyim hazırlayarkən
parçanın relyef teksturasından rənglərə
qədər ən xırda detala da fikir verilməlidir”
İstər səhnədə, istərsə də ekran əsərində yaradılan obrazın dolğun alınmasında, aktyor oyununun tamaşaçı tərəfindən qəbul edilməsində geyim üzrə rəssamın işi mühüm əhəmiyyət kəsb edir. Personajın tamaşaçıya iri planda, müxtəlif rakurslardan, fərqli psixoloji məqamlarda təqdim olunduğu kinoda bu, xüsusilə vacibdir.
Bu baxımdan geyim üzrə rəssam bu sənətin incəliklərini, tarixini, dəb tendensiyalarını bilməklə yanaşı, yaradılan obrazın psixologiyası, xasiyyəti, fəaliyyəti, sosial statusu və s. bir çox məqamları nəzərə almalıdır. Burada önəmli məqamlardan biri rəssamın fantaziyasıdır. Geyim rəssamlığı, hər şeydən öncə, yaradıcı sənətdir.
1990-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bir çox filmlərdə (“Nə gözəldir bu dünya”, “Yuxu”, “Cavid ömrü”, “Hökmdarın taleyi”, “Qala”, “Kuklalar”, “Buta”, “Sübhün səfiri” və s.) geyim rəssamı kimi çalışan Şahin Həsənli bizimlə söhbətində bu sənətin incəlikləri və məsuliyyətindən söz açdı: “Hər bir filmdə işə başlamazdan öncə ssenarini diqqətlə oxuyuram. Əgər film müasir zamanı canlandırırsa, qəhrəmanları bəzən həyatda axtarmağa başlayıram. Müşahidə aparıram. Ola bilsin ki, filmdəki qəhrəmanlar həyatda rastıma çıxdı, oxşar birini gördüm. Bu zaman onların hərəkətinə, geyiminə diqqət verirəm və hazırlayacağım eskizlərdə bu müşahidələrdən yararlanıram.
Eskizlər hazır olduqdan sonra onları rejissorla müzakirə edir, məsləhətləşirik. Elə olur ki, bu məsələdə rejissorla tez dil tapırıq, bəzən də fikir ayrılığı olur. Sonda ortaq məxrəcə gəlirik”.
Ş.Həsənli işin maraqlı tərəflərindən də danışdı: “Modelyer rəssamla geyim üzrə rəssamın fərqi ondadır ki, modelyer rəssam real həyata aidiyyəti olmayan, tamamilə öz fantaziyasının məhsulu olan geyimlər işləyə bilər. Lakin kinoda geyim rəssamının işi bir qədər fərqlidir. Obrazın xasiyyəti, psixologiyası, sosial mövqeyi və s. önəm kəsb edir. Buna görə də qəhrəmana geyim hazırlayarkən parçanın relyef teksturasından tutmuş, rənglərə qədər ən xırda detala da fikir verilməlidir. Çünki qəhrəmanın geyimi tamaşaçıya obraz haqqında informasiya verməlidir, yaxud ssenaridən və obrazın həllindən asılı olaraq bu informasiyanı gizlətməlidir. İstənilən halda personajın geyimi onun haqqında tamaşaçıda ilkin təsəvvür yaradır”.
“Aktyor geyimdə rahat olmalıdır ki, rola maksimum girə
bilsin”
Əgər film müasir zamanı
təsvir edirsə, həyatdan bəhrələnmək
mümkündür. Bu
zaman real həyatdakı
insanların geyimləri
rəssama bir növ yardımçı
olur. Şahin Həsənli müasir geyimlər yaradarkən rənglərin simvoluna daha çox önəm verdiyini deyir: “Rəng simvoldur. Kino isə ali riyaziyyat
kimidir, artıq heç nə olmamalıdır. Hər şey
normasında və düzgün formada ölçüb-biçilməlidir. Buna görə rənglərin
dili ilə danışıram.
Digər maraqlı məqam
yay fəslində qəhrəmanları geyindirməkdir.
Yay fəslində geyimlər elə də mürəkkəb olmadığından,
obrazın xarakterini açmaq nisbətən çətinlik yaradır.
Qışda isə üst geyimlərlə bərabər, aksessuarlar -
şarf, papaq və s. ilə qəhrəmanı dolğun
ifadə etmək mümkündür. Geyim çoxqatlı
olduqda daha maraqlı kompozisiya yaratmaq olur”.
Rəssamın
fikrincə, tarixi filmlərdə geyim üzrə rəssam tədqiqatçı alim kimi çıxış etməli olur: “Hər dövrün geyimini detallara qədər düzgün təqdim etməli oluruq. Ola bilsin
ki, bu dəqiqliyi
tamaşaçı bilmir,
lakin rolu izləyərkən bunu mütləq duyacaq və istənilən detal, ümumilikdə ab-havaya təsir edəcək. Bəzən tarixçi
alimlərin geyimlə
bağlı yazılarına
müraciət edirik.
Bu və digər
tarixi dövrdə çəkilən rəsm
əsərləri də
köməyimizə gəlir.
Əgər 500, 300 il öncənin geyimlərini canlandırırıqsa,
təbii ki, araşdırmalar da uzun zaman sürə
bilər. Tarixi geyimləri araşdırarkən
geyimin rahatlığına
və praktikliyinə əhəmiyyət veririk.
Aktyor geyimdə rahat olmalıdır ki, rola maksimum girə
bilsin, fikri geyimlə bağlı detallara yayınmasın.
Məsələn, “Hökmdarın taleyi” filminin hazırlıqları zamanı
təxminən 3 ay kitabxanalarda
oldum. Geyimin hansı parçadan
və hansı formada tikiləcəyini araşdırdım. Bəzən xarici
rəssamların Azərbaycana
aid rəsmlərində hər
hansı dövrün
geyimində həddindən
artıq hündür
papaqlar təsvir edilir. Bu, xarici
rəssamların o vaxtkı
Azərbaycan reallığına
və geyimlərinə
ekzotik baxışından
irəli gəlir.
Buna görə geyimdə bəzi formalar bir qədər
qabardılır. Biz səhvən həmin rəsmlərdən bəhrələnəndə
qeyri-praktik geyim alınır. Belə olduğu
halda qəhrəmanın
geyimindəki hər hansı detalı daha praktik və
rahat formaya salırıq”.
Geyim rəssamı təkcə rəssam deyil
Geyimlərin eskizləri təsdiqləndikdən sonra lazım olan parçalar seçilir. Geyim rəssamı tikmə-biçmə qaydasına də peşəkarcasına yiyələnməlidir. Hansı materialdan nəyi hazırlamağın daha münasib olduğunu təxmin etməlidir. Sonrakı mərhələdə xüsusi texniki eskizlər və alınmış parçalar tikiş üçün hazırlanır. Geyim rəssamı bu prosesə də nəzarət etməlidir. Çünki geyim tikilən zaman dərzi deyə bilər ki, bu forma alınmır və ya icrası mümkün deyil. Məsələni dərzilər üçün aydınlaşdırmaq və düzgün həllini başa salmaq geyim üzrə rəssamın vəzifəsidir. Geyim rəssamı biçmə-tikmə sənətini bilmədikdə çətinlik yaranır.
Şahin Həsənli lazım gəldikdə əl tikişi ilə geyimlərə müəyyən əlavələr etdiyini deyir: “Bəzən hiss edirsən ki, hansısa xırda əlavə geyimi tamamlaya bilər. Bu zaman həmin elementi, yaxud aksessuarı əl tikişi ilə geyimə əlavə edirəm. Hətta çəkiliş meydançasında geyimdə müəyyən problem yarana bilər. Buna görə də iynə-sapla istənilən məqama hazır olmaq lazımdır. “Sübhün səfiri” filminin çəkilişində belə bir hadisə baş vermişdi. Tarix muzeyində çəkiliş aparırdıq. Assistentlər Xalq artisti Fəxrəddin Manafovu geyindirdilər. Məlum oldu ki, üst geyiminin qarmaqları dərzilər tərəfindən tikilməyib. Ona görə də cəld iynəni əlimə alıb geyimin ön hissəsini tamamladım”.
Geyimlərin filmdən sonrakı taleyi
Bu və digər film üçün hazırlanan geyimlərin çəkilişlərdən sonra saxlanması da olduqca vacib məsələdir. Bunun üçün xüsusi otaqlar, müvafiq şərait lazımdır. Rəssam qeyd edir ki, “Azərbaycanfilm” kinostudiyasında uzun illərdir təmir aparılmadığı üçün geyimlərin saxlanılması şəraiti də əlverişli deyil. Eyni zamanda o ümidvar olduğunu bildirdi ki, kinostudiya təmir olunduqdan sonra bu problemlər nəzərə alınacaq və həllini tapacaq: “Xüsusilə tarixi filmlər üçün qiymətli geyimlər hazırlayırıq. Ayaqqabıdan tutmuş, papağa kimi hər şey tikilir. Ona görə də otaqlar elə olmalıdır ki, orada hər növ geyim saxlanıla bilsin”.
Həmsöhbətim sonda bu sahəyə gəlmək istəyən gənclərə tövsiyələrini də bildirdi: “Bu sahəyə gələn şəxs mütləq rəssam olmalıdır. Lakin digər önəmli məqamlar da var. Kinonu sevməli, aktyorlarla işləmək bacarığı olmalıdır ki, bu da illərlə, təcrübə ilə əldə olunur. Aktyor hər hansı geyimi xoşlamaya bilər, geyim rəssamı bir psixoloq kimi aktyorun könlünü almalı və onu inandırmağı bacarmalıdır. İşimiz filmdən filmə olur. Bəzən işsiz oluruq, bəzən isə, əksinə, iş həddən artıq çox olur. Bəzən bir kadr bu gün, digəri isə iki həftə sonra çəkilir. Ona görə də geyimdə dəqiq olmaq lazımdır ki, aktyor əvvəlki kadrda hansı geyimdə və hansı vəziyyətdə idisə, iki həftə sonra çəkilən kadrda da həmin geyimdə olsun. Bu sahəyə gələn gənclər də belə incəlikləri mütləq bilməlidirlər. Biz də gənclərə elə şərait yaratmalıyıq ki, onlar burdan qaçmasınlar, işləyib zəruri təcrübəni əldə etsinlər”.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 1 avqust.- S. 12.