İfaçılıq
tariximizdən: Malıbəyli Cümşüd
XIX-XX əsrlərdə şöhrəti
şəhərlər-ölkələr dolaşan, ecazkar səsi
ilə ürəkləri fəth edən çoxlu sənətkarlarımız
yaşayıb. İfaçılıq tariximizdə
özünəməxsus yer tutan sənətkarlardan biri də
haqqında söz açacağımız Malıbəyli
Cümşüddür...
O zamanlar Şuşa şəhərindən
dörd bir tərəfə faytonlar işləyərmiş...
Sərnişin dolu dördatlı araba Yevlaxdan tərpənib,
Bərdəni, Ağdamı keçib yaşıl bir yamacda
salınmış “Əsgəran talası”nda əylənər,
bir balaca dincəldikdən sonra yoluna davam edərmiş.
Dağların döşündə ilan kimi qıvrılan
daşlı-kəsəkli yolla irəliləyərək qədim
Xocalı kəndini keçib “Xan bağı”
karvansarasının qabağında dayanar, sərnişinlər
burada dincəldikdən sonra başqa faytonlara minib
Şuşaya, Gorusa yollanarmışlar.
Bir gün arabaçı sərnişinləri
“Xan bağı”na düşürüb yaxınlıqdakı
Malıbəyli kəndinə geri dönür... Bu zaman arxadan
bir səs gəlir: “Cümşüd, ay Cümşüd, bəri
qayıt!”. Bu “Xan bağı” karvansarasının sahibi
Tanrıverdi idi. O, qonaqların istirahəti üçün
çox vaxt karvansaraya sazəndə dəstəsi də dəvət
edərdi. Qarabağın bir çox məşhur
çalıb-oxuyanları buradan keçərkən istər-istəməz
Tanrıverdi kişinin qonağı olurdu. Lakin karvansaranın
daimi çalıb-oxuyanı xanəndə Cümşüd
idi...
Malıbəyli Cümşüd
dörd-beş yaşında ikən ata-anasını itirir,
uşaqlığı ağır ehtiyac, min bir əzab-əziyyət
içində keçir. Altı yaşından yadlar
qapısında nökərçilik, sonra mehtərlik edir. Bir
az böyüdükdən sonra arabaçı köməkçisi
olur. Şuşa ilə Yevlax arasında bir neçə il
araba sürür...
Cümşüdün
uşaqlıqdan musiqiyə həvəsi olur. Yaradan ona gözəl
səs bəxş etmişdi. Qarabağın musiqi məclisləri,
xüsusilə yaşadığı karvansara həyatı
onun musiqiyə marağını artırır. Həyatında
baş verən bir hadisə isə arabaçı gəncin
taleyini həmişəlik sənət aləminə
bağlayır. Belə deyirlər ki, bir gün Novruz
bayramı ərəfəsində “Xan bağı”
karvansarasında böyük şənlik təşkil edilir.
Qarabağın bir çox adlı-sanlı adamları
Tanrıverdi kişinin qonağı olurlar. Bu arada xəbər
gəlir ki, xanəndə Şahnaz Abbas qəfil xəstələnib.
Tanrıverdi kişinin kefi pozulur. Bilmir nə etsin. Birdən
nökərlərdən biri dillənir:
- Ağa, xanəndənin xəstələnməsindən
heç də dilxor olma! Axı bizim öz xanəndəmiz
var.
Tanrıverdi kişi maraq dolu nəzərlərini
nökərə tərəf çevirir:
- Nə danışırsan,
haradadır bizdə elə oxuyan?..
- Arabaçı
Cümşüd.
Cümşüd
adını eşidən
Tanrıverdi bir az da əsəbiləşir:
- Ə, nə danışırsan! Yetim Cümşüd
hara, oxumaq hara?
Nökər ağasını inandırmaq üçün
başlayır and içməyə.
Ağa ilə nökərin mübahisəsinə son qoymaq
üçün tarzən
söhbətə qarışır:
- Ay Tanrıverdi
kişi, niyə nökərin sözünü qəribliyə
salırsan? Məgər arabaçıda səs olmaz? A kişi, mən
Malıbəyli arabaçılarından
o qədər yaxşı
səsi olana rast gəlmişəm! Qoy Cümşüd gəlsin oxudaq, bəlkə xoşumuza gəldi!
Cümşüdü çağırırlar.
Tarzən tarı sinəsinə sıxır
və deyir:
- Oğlum, nə oxuya bilərsən?
- Ürəyin
nə istəyir, onu da çal.
On altı yaşlı gəncin belə ötkəm cavab verməyi tarzəni sevindirir:
- Onda bizim üçün bir “Segah” oxu.
Gəncin zil səsi,
uzun nəfəsi və sürəkli zənguləsi hamını
heyran edir. Cümşüd olduqca sərbəst
oxuyur, coşqun zəngulələrlə muğamın
zilinə qalxıb tarın son pərdələrində
ustadlara məxsus guşəxanalıq edir.
Məclisi alqış sədaları
bürüyür. Qoca
tarzən gəncin qeyri-adi qabiliyyətindən
vəcdə gələrək
gözləri yaşarmış
halda deyir:
- A bala, başına dönüm,
bir “Şahnaz” da oxu!
Cümşüd “Şahnaz”ı da
gözəl oxuyur.
Qavalı yerə qoyanda
məclisin hər yanından onun başına qızıl-gümüş
pullar tökülür.
Məclisdə əyləşən
tacir Məşədi
Nəcəfqulu Cümşüdü
təbrik edir və deyir:
- Oğlum,
Allah-taala səni ata-anasız qoysa da, bir tərəfdən
də sənə böyük dövlət bəxş edib. Axı gözəl səsdən böyük dövlət nə ola bilər?!
Sabahdan arabaçılığı burax.
Xoşbəxtik ki, bizim kənddən də oxuyan oldu. Sonra əlini cibinə salır, bir yüzlük çıxarıb tarzən
Baxşıya verir və sözünə davam edir:
- Baxşı,
səhər Cümşüdü
özünlə apar Şuşaya, sədəfli
bir qaval sifariş ver. Sabahdan kənddən çıxanda
bir daha Şuşaya yox, bura - “Xan bağı”na gələrsiniz...
Bir neçə gündən
sonra kənd camaatı əynində çit arxalıq, çuxa, belində gümüşü kəmər,
başında buxara papaq və əlində
sədəfli qaval tutmuş bir cavan oğlan gördülər. Daha
bu oğlan mehtər-arabaçı Cümşüd
yox, xanəndə Cümşüd idi...
Çox keçmir, gözəl
və məlahətli
səsi ilə hamını sehrləyən
Cümşüd Malıbəyli
məclislərinin bəzəyi
və yaraşığı
olur. O, bir neçə il
tarzən Ballıcalı
Baxşı ilə “Xan bağı” karvansarasında çalıb-oxuyur.
İyirmi bir yaşında
ikən artıq Qarabağ məclislərində
yaxşı bir xanəndə kimi tanınır. Dəstgahları özünəməxsus şəkildə
ifa edir. Oxuduğu “Orta mahur”, “Şüştər”
ritmik muğamlardan “Heyratı”, “Qarabağ şikəstəsi” və
s. ustad sənətkarlar
tərəfindən yüksək
qiymətləndirilir. Araşdırmalarda göstərilir ki, Cümşüd kənddə
böyüdüyündən, daha çox kənd toylarına meylli olub. Buna görə də
o qədim el-xalq mahnılarının ifasına
xüsusi diqqət yetirib. Çünki həmin vaxtlar
muğamlara nisbətən
el havaları kənd camaatının ruhuna daha yaxın olub. Cümşüd
də “Ay dərya kənarında”, “Stəkanın
deşilsin”, “Gəlirəm,
gedirəm, xəbərin
olsun”, “Ay bala Fatma”, “Qapıda duran mənəm, mən” mahnılarını
çox məharətlə
oxuyarmış.
Malıbəyli
Cümşüd qəzəl,
qoşma seçməkdə
də usta olub. Həmişə xalq ruhuna uyğun sadə, mənalı dildə yazılmış əsərlər
oxuyub. Daha çox Molla
Pənah Vaqifin, Xurşidbanu Natəvanın
əsərlərinə müraciət
edib. Otuz yaşında usta xanəndə kimi şan-şöhrəti Qarabağın
hüdudlarını aşaraq
Şirvan elinə çatır. Şamaxılı Mahmud ağa onu
evinə dəvət edir. Cümşüd bir neçə
ay onun qonağı olur, görkəmli musiqişünasın qurduğu
məclis və müsabiqələrdə iştirak
edir. O, daha sonra görkəmli tarzən Cavad bəy Əli bəy oğlu ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə
toy məclislərinə dəvət
olunur. Hər yerdə Azərbaycan
musiqisinin incəliklərini,
Qarabağ xanəndəlik
məktəbinin şöhrətini
nümayiş etdirir.
Malıbəyli Cümşüd həm də Şuşada göstərilən
tamaşalarda və “Şərq konsertləri”ndə
də yaxından iştirak edib. Bu tamaşa və
konsertlərdən yığılan
pullardan xeyriyyə məqsədilə - məktəblərin
ehtiyacına da sərf olunur.
1913-cü ildə Azərbaycanda ustad xanəndə kimi tanınan Malıbəyli Cümşüd
Kiyev şəhərində
fəaliyyət göstərən
“Ekstrafon” aksioner şirkətindən dəvət
alır. Cümşüd Kiyevə gedərək “Segah“, “Mahur”, “Rast” muğamlarını və bir neçə
təsnifi qrammofon valına yazdırır.
Görkəmli xanəndə
1915-ci ildə təxminən
70 yaşlarında ikən
Şuşa şəhərində
vəfat edir.…
Savalan Fərəcov
Mədəniyyət.- 2012.- 1 avqust.-
S. 15.