Hüseynov Zahid İsa oğlu
Azərbaycan mədəniyyətinə
itki üz vermişdir. Müasir Azərbaycan dekorativ-tətbiqi
sənətinin tanınmış nümayəndəsi, Əməkdar
rəssam, Rəssamlıq Akademiyasının “Dekorativ-tətbiqi
sənət” kafedrasının müdiri, professor Zahid İsa
oğlu Hüseynov 2012-ci il iyulun 27-də ömrünün
67-ci ilində qəflətən vəfat etmişdir.
Zahid İsa oğlu Hüseynov 20
mart 1945-ci ildə Gürcüstanın Qaraçöp
mahalında anadan olmuşdur. 1970-ci ildə Tbilisi Dövlət
Rəssamlıq Akademiyasını monumental keramika ixtisası
üzrə bitirmişdir.
Z.Hüseynov 2006-cı ildə “Azərbaycan
Respublikasının Əməkdar rəssamı” fəxri
adına layiq görülmüş, Gürcüstan
Respublikasının “Şərəf” ordeni ilə təltif
edilmişdir. 1975-ci ildən SSRİ və Azərbaycan Rəssamlar
İttifaqının üzvü, 1998-ci ildən isə
Gürcüstan Rəssamlar İttifaqının fəxri
üzvü idi.
Ömrünün 42 ilini monumental
keramika sənətinin inkişafına və təbliğinə
həsr etmiş Zahid Hüseynov mövzu baxımından
çoxsaylı maraqlı əsərlər
yaratmışdır. Bir çox beynəlxalq, ümumittifaq və
respublika sərgilərinin, simpoziumlarının
iştirakçısı və qalibi olmuşdur. 1998-ci ildə
Tbilisidə keçirilən keramika üzrə I Beynəlxalq
simpoziumda rəssamın “Əsrin müqaviləsi” əsəri
qızıl medala layiq görülmüşdür. Onun
yaratdığı monumental və keramika nümunələri
Azərbaycan, Gürcüstan, Rusiya, Latviya, Litva, Türkiyə,
Rumıniya, Macarıstan Almaniya, İtaliya və s. ölkələrdə
uğurla nümayiş etdirilərək müasirliyi, milli
koloriti, aktuallığı ilə seçilir. Zahid
Hüseynovun monumental divar rəsmlərini həm ölkəmizdə
(Naftalan, Yardımlı, Lənkəran, Astara, Ağcabədi və
s.), həm də ölkəmizdən uzaqlarda - Moskva və
Çernobılda görmək olar. Doğulduğu
torpağın və xalqının vətənpərvər
oğlu olan Z.Hüseynovun Gürcüstanda (Qaraçöp)
ucaldılmış “Tbilisi, 9 aprel 1989 - Bakı, 20 yanvar
1990-cı il” monumental əsəri hər iki xalqın ümumi
dərdini, tarixi faciəsini əks etdirir. Bu əsərə
görə o, Gürcüstan Respublikasının ən
yüksək dövlət mükafatı ilə təltif
edilmişdir.
Azərbaycan dekorativ-tətbiqi sənət
məktəbinin inkişafında özünəməxsus yeri
olan Zahid Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti
uğurla əlaqələndirən rəssamlardan biri idi.
Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə
bağlayan sənətkar uzun müddət Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində, 2000-ci ildən isə Azərbaycan Rəssamlıq
Akademiyasında öz zəngin təcrübə və
bacarığını gənc rəssamlar nəslinin
yetişdirilməsinə sərf etmişdir.
Onun yetişdirdiyi tələbələrin
əksəriyyəti Azərbaycan Rəssamlar
İttifaqının üzvü, beynəlxalq və respublika sərgilərinin
iştirakçısı, bəziləri isə elmlər
namizədi, respublikanın xalq və əməkdar rəssamlarıdır.
Zahid Hüseynov ölkəmizin mədəni və ictimai həyatında
fəal iştirak etmiş, müxtəlif yaradıcı
qurumlarda yüksək səviyyədə təmsil
olunmuşdur.
Tanınmış sənətkar,
qayğıkeş müəllim və gözəl insan Zahid
İsa oğlu Hüseynovun xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan
Rəssamlıq Akademiyasının kollektivi
Mədəniyyət.-
2012.- 1 avqust.- S. 15.