Qəbələdə
musiqi bayramı davam edir
Festival
bir çox yenilikləri ilə yadda qalacaq
İyulun 24-dən Heydər Əliyev Fondunun təşəbbüsü və
rəhbərliyi ilə
keçirilən IV Qəbələ
Beynəlxalq Musiqi Festivalı yekunlaşmaq üzrədir. Avqustun 5-də sona çatacaq musiqi bayramında dünyanın tanınmış
kollektivləri, solistlər,
dirijorlar, vokalçılar
konsert proqramları ilə çıxış
edir.
Xəbər verdiyimiz kimi,
iyulun 29-31-də London Royal Filarmonik
Orkestri festivalda üç konsert təqdim edib. “Qafqaz Resorte”
hotelinin qarşısındakı
açıq səhnədə
gerçəkləşən üçüncü konsertdə
London Royal Filarmonik Orkestrinin
solistlərini violində
Litva Kamera Orkestrinin musiqi direktoru Sergey Krilov müşayiət edib.
Konserti
Tenerife Simfonik Orkestrinin
bədii rəhbəri
və baş dirijoru Mixal Nesteroviç idarə edib. Tanınmış musiqiçilər tamaşaçılara XIX əsrin
dahi rus bəstəkarı Pyotr Çaykovskinin violin və
simfonik orkestr üçün əsərlərini
təqdim ediblər.
Avqustun 1-də musiqisevərlər Rusiyanın məşhur “Moskva solistləri” kamera orkestrinin konsertini izləyiblər.
Kollektivin yaradıcısı,
“Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Qremmi” mükafatının
laureatı Yuri Başmetin
rəhbərliyi ilə
keçirilən konsertdə
E.Qriqin “Holberq zamanları” süitası,
İ.Starvinski və F.Şubertin viola və simli alətlər üçün əsərləri,
P.Çaykovskinin “Serenada”sı
səsləndirilib. Yüksək peşəkarlıqla təqdim
olunan musiqi əsərləri tamaşaçıların
zövqünü oxşayıb
və musiqiçilər
ayaq üstə alqışlanıblar.
Həmin gün festival çərçivəsində
“Qafqaz Resorte” hotelində fortepiano musiqisi
axşamı olub.
Konsertdə P.Çaykovski
adına Moskva Dövlət Konservatoriyasının
aspirantı, Qəbələ
II Beynəlxalq Piano Müsabiqəsinin
qalibi, M.Rostropoviç
və D.Şostakoviç
adına musiqi fondlarının təqaüdçüsü,
rusiyalı pianoçu
Andrey Yaroşinski dahi bəstəkarlar İ.S.Bax, İ.Albenis, Y.Haydn, R.Şuman və S.Raxmaninovun əsərlərini ifa edib. Böyük müvəffəqiyyətlə
keçən konsert alqışlarla qarşılanıb.
Qeyd edək ki, festivalın son üç
günündə (3-5 avqust)
musiqisevərlər London Royal Filarmonik Orkestrinin təqdimatında konsert proqramlarını dinləyəcəklər.
Növbəti
festival daha möhtəşəm
keçiriləcək
Avqustun 2-də festivalın gedişi ilə bağlı “Beltmann” piano fabrikində yerli və xarici ölkə jurnalistləri
üçün mətbuat
konfransı keçirilib.
Tədbirdə builki festivalın proqramındakı
yeniliklər, gələn
il bu
mötəbər musiqi
bayramının 5 illiyi
münasibətilə nəzərdə
tutulan tədbirlər
haqqında məlumat verilib. Dünya musiqi ictimaiyyətinin
diqqətlə izlədiyi
bu möhtəşəm
mədəniyyət tədbirinə
ildən-ilə marağın
artdığı və
IV Qəbələ Beynəlxalq
Musiqi Festivalının
bir çox yeniliklərilə yadda qalacağı qeyd edilib.
Bu il
festivalda iştirak edən dünya şöhrətli solistlərin,
dirijor, bəstəkar
və vokalçıların,
eləcə də kamera və simfonik orkestrlərin, bədii kollektivlərin sayının çox olduğu vurğulanıb.
Festival çərçivəsində həm də gənc xanəndələrin
iştirakı ilə
muğam axşamı
keçirilib, görkəmli
xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi
ilə Fikrət Əmirovun “Şur” simfonik muğamı ilk dəfə Azərbaycan Dövlət Simfonik Orkestrinin, tar və kaman ustalarının birgə ifasında tamaşaçılara təqdim
edilib. Bundan əlavə, Azərbaycan musiqi mədəniyyətinin
inkişafında əvəzsiz
xidmətləri olan
SSRİ xalq artistləri,
dünya şöhrətli
musiqiçilər Müslüm
Maqomayevin 70, Fikrət
Əmirovun 90, Niyazinin
100 illik yubileyləri münasibətilə konsertlər
təşkil olunub.
Gələn il bu musiqi bayramının 5 illik yubiley tədbirinin
daha möhtəşəm
keçiriləcəyi qeyd
edilib. 2013-cü ildə
Qəbələ festivalında
Pianoçuların III Beynəlxalq
Müsabiqəsinin keçirilməsi,
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin “Arşın
mal alan” operettasının 100, məşhur
İtaliya bəstəkarı
Cüzeppe Verdinin 200 illik yubileyləri ilə bağlı konsertlərin təşkil
edilməsi, dünya şöhrətli musiqiçilərin
festivala dəvəti planlaşdırılır.
Mətbuat konfransında Mədəniyyət
və Turizm Nazirliyinin İncəsənət
şöbəsinin müdiri
Fərəh Əliyeva,
festivalın bədii rəhbərləri Fərhad
Bədəlbəyli və
Dmitri Yablonski, Rusiyanın
Xalq artisti, xüsusi olaraq IV Qəbələ Beynəlxalq
Musiqi Festivalı üçün “Xocalı”
matəm musiqisini hazırlamış bəstəkar
Aleksandr Çaykovski,
“Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Yuri Başmet, pianoçu Boris
Berezovski jurnalistlərin
suallarını cavablandırıblar.
Rusiyalı bəstəkarın
“Xocalı” matəm musiqisi
Moskva Dövlət Filarmoniyasının
bədii rəhbəri,
P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının
kafedra müdiri Aleksandr Çaykovski Heydər Əliyev Fondunun dəstəyi və yaxın dostu Dmitri Yablonskinin təklifi ilə bu festival üçün
“Xocalı” matəm musiqisini yazdığını
bildirib. O, əsəri
yazarkən Xocalı faciəsi ilə bağlı məlumat topladığını, müxtəlif
videokadrlara baxdığını,
Azərbaycanın musiqi
nümunələrindən bəhrələndiyini deyib.
Bəstəkar
piano, viola, tar, violonçel və kamera orkestri üçün bu əsəri yazmaqla bir çox
ölkələrdə müharibənin
dəhşətlərini yaşayan
bütün insanlara musiqiçilərin də
dəstək olduğunu
bildirib: “Ümid edirəm ki, bu musiqinin dinləyiciləri
müharibənin ağrı-acısını
yaşayan insanların
vəziyyətini başa
düşəcək”.
Qeyd edək ki, Aleksandr Çaykovskinin “Xocalı” matəm musiqisi dünən (2 avqust) festivalda təqdim olunub.
Mədəniyyət.-
2012.- 3 avqust.- S. 3.