Mədəniyyət
və turizm naziri Fransa, Hindistan və İsrail səfirləri ilə görüşüb
Avqustun 1-də mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycandakı
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Paskal Mönieni qəbul edib.
Görüşdə Azərbaycanla
Fransa arasında əməkdaşlığın vəziyyəti
və perspektivləri müzakirə olunub, ikitərəfli
münasibətlərin bütün istiqamətlərdə, həmçinin
mədəniyyət və turizm sahəsində inkişaf
etdiyi vurğulanıb. İki ölkə arasında münasibətlərin
inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın rolu xüsusi qeyd edilib. Nazir Ə.Qarayev
qarşılıqlı səfərlərin təşkili və
turizm sahəsində mübadilənin gücləndirilməsinin
zəruriliyini qeyd edib.
Səfir Paskal Mönie
görüşə görə minnətdarlığını
bildirib, nazir isə öz növbəsində diplomata gələcək
fəaliyyətində uğurlar arzulayıb.
* * *
İyulun 31-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın ölkəmizdə yeni akkreditə olunmuş səfiri B.M.Vinod Kumar ilə görüşüb. Ölkələrimiz arasında dostluq ənənələrindən söhbət açan nazir ikitərəfli mədəni təmasların daha da artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb.
Səfir Vinod Kumar səmimi qəbula görə nazirə təşəkkür edib, iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əminliyini bildirib.
* * *
Həmin gün mədəniyyət və turizm naziri İsrailin
Azərbaycandakı səfiri Mixail Lotemi diplomatik
missiyasının sona çatması ilə
əlaqədar qəbul edib.
Görüşdə iki ölkə
arasında münasibətlərin bütün
sferalarda, həmçinin mədəniyyət
və turizm sahəsində inkişaf etməsindən razılıq ifadə
olunub. Nazir Ə.Qarayev qarşılıqlı səfərlərin
təşkili və turizm sahəsində
mübadilənin gücləndirilməsinin zəruri olduğunu bildirib. Nazir diplomata gələcək
fəaliyyətində uğurlar
arzulayıb.
Mədəniyyət.-
2012.- 3 avqust.- S. 3.