Əbədi “baş rol”çu
Əlbəttə, xatirələrimizin
səhnəsində!
Sənət inqilablı, səhnə
sərhədi daxilində
milli istiqlalçı
Tofiq Kazımov. Təbiətcə poetik, təbcə
dramatik, dirijor-rejissor
- Tofiq Kazımov.
Öz nəsil-şəcərə kökü
üstdə bitən Tofiq Kazımov. Əli qələm, dili milli atəş-ələm
atası Səməd Mənsur kimi - mizan-düzəni xalq, Vətən Tofiq Kazımov. Sənətcə,
şəxsiyyətcə, mənəviyyatca
və... ümumiyyətcə
Tofiq Kazımov!..
Tofiq Kazımovun da təfsirində həyatla
sənət qafiyələnirdi...
Onunçün səhnə də
bir sənət inşaatı meydanı idi. Dahilər, ustadlar bu məbəd-“tikili”nin həm
memarı olurlar, həm bənnası. Adilər isə, sadəcə, iş icraçısı...
O, işləri
elə qurmuşdu ki, Dramteatr vahid
bir milli müzakirə evinə, aktyor-tamaşaçı ailəsinə
çevrilmişdi. “Akademik” təyin-tamamlığı
ilə çalışan
baş teatrımız
o zamanlar akademik elektoratı da doyururdu, hər qəzet başında “...birləşin!” xitabı edilən proletariatı da. Elə o zaman elitarlarla
proletarlar, olsa-olsa, səhnədə birləşirdilər.
Onun zadəgan mizan-düzənilə
səhnə-salon tandemi,
o dövrdən əvvəlki
(1920-yə) və sonrakı
(1991-dən) dövrlərin eyhami bir duallığı
yaranırdı.
Səslənişcə
doğma, əməl-işcə
çətin bir ifadə var: quruluş... Füzulianə “yaxşı nəzər
etdikdə” - bu da dövlət qurmaq kimi bir
aktdır. Bu “sənət
ölkəsi”nin “sərəncam”çısı isə ayrı-ayrı fanatlar, partiyalar, fraksiyalar yox, bütövlükdə xalqdır.
Tofiq Kazımov isə dünyanın o rejissorları
sırasındadır ki,
bəzən sözə
də quruluş verirdi. Ömür “quruluş”undakı avto-qəza
məsələsinə gəldikdə
isə... Qoy bu da olsun
bütün ədəbi-bədii
janrlarda saysız-hesabsız
tamaşalar yaratmış
müqtədir rejissorumuzun
“avtoportret”-novella tamaşası...
Bu gün saysız-hesabsız orta və yaşlı nəslin təsdiq edəcəyi faktik misallarla qeyd etmək olar ki, Tofiq Kazımovun
tamaşaları erasında
“dramteatr” dillər əzbəri, gözlər
bəzəyi idi. Çox səbəblərdən biri
də bu idi ki, həyat
trafaretlərindən bezikənlər
“gedək görək
sənətdə nə
deyirlər”, “nələrə
toxunurlar” kimi sual-istixarələr edirdilər.
Tofiq Kazımov isə onları iki-üç saatlıq daha ləziz kəlam qonaqlığına, yeni,
kaleydoskopial quruluş
mənzərələrinə dəvət edirdi. O,
bu kiçik məkan-həyatda böyük
həyatdakı doğruların,
doğruluqların üzünü
bir az
da ağardır, yalan-yalançılıqlarınınkını
isə sənətin ecazkar rənglərilə
daha da qızardırdı.
O vaxtlar biz (bir neçə gənc televiziya işçisi) Tofiq müəllimlə tez-tez görüşmək arzusunda
olsaq da, onun işgüzar zəhmi (xüsusi sənət çəkisi)
bunu əngəlləyirdi.
Arzumuzun alındığı məqamlar
da olurdu. Suallarımıza çox
qısa cavablar verər, geniş erudisiyası, dəmir məntiqi ilə bizi “sual hakimiyyəti”
kürsüsündən “endirib”,
ortaq həmsöhbət,
məsul tamaşaçı
həddinə salardı.
“Deyəsən, biz (televiziya)
sizi (teatrı) üstələyirik, axı...”
sualımıza cavabını
dəqiq xatırlayıram:
“Bunda pis heç nə yoxdur. Televiziya çox inkişaf
edəcək. O qədər
ki, - kütlələri
də tam inkişaf etdirəcək və xalq bütövlükdə
yenidən əsl teatra qayıdacaq...”.
Sənətə başdan-başa yeni baxışla yaşamış bu sənətkar heç nəyə və heç kimə “toxunulmaz” statusunda baxmırdı. O cümlədən,
“məşhur”-“möhürlü”
müəlliflərə və
“populyar” saqqallı aktyorlara. O vaxtlar “Sən həmişə mənimləsən”də Nargilə
kimi baş qəhrəmanı tələbə
A.Pənahovaya, “Ölülər”dəki
İsgəndər kimi
katalizator-obrazı gənc
H.Turabova tapşırması
ilə dövrün bütün vəzifəli
“qardaşoğlu-bacıqızı”çılara
əməlli bir dərs verdi.
Və teatrda, institutda,
həyatda belə-belə
dərslər verə-verə,
özü də dönüb oldu məktəb. Teatr tariximizdə
iki-üç canlı
məktəbdən biri.
Lap axırda da təkcə o dünyaya yox, mədəniyyət tariximizin qızıl səhifələrinə, cəmiyyətimizin
əziz xatirələrinə
köçdü...
O xatirələrə
ki, xatiratçıların
hansından soruşsan,
özünü yığışdırıb,
həyalı görkəm
alıb, bir az da hüznlənib dəqiqələrlə,
bəziləri isə
saatlarla danışa bilər. O külli-xatirələrə
Kazımovsayağı traktovka
verə bilsən, bəlkə bu dəryadan bir tərəfə çıxmaq
ola. O dəryadakı
üç “janr” isə (!): evində ideal ata, ər; həyatda
məğrur ziyalı;
işdə ciddi və qayğıkeş sərkər!
O özü xatirələri daha maraqla danışardı.
Necə ki, bir gün
məşhurluqdan söz
düşdü, onu çox öydük, qayıtdı ki, hər şey nisbidir. Dedi, bu yaxınlarda Ədil İsgəndərov
bir neçə dostuyla Gəncə yaxınlığındakı doğma
kəndinə qonaq gedir, anası Həsənağa Salayevi görəndə yüyürür
üstünə ki,
ay oğul, bu Ədil məni eşitmir, yaxın dostusan, bunu başa sal, qoy yığışıb
gəlsin kəndə.
Axı o
şəhərdə nə
var, e?! Day biz də
qocalmışıq, mal-davarımıza
ot-əncər gətirənimiz
yoxdur...
Tofiq Kazımov bütün ömrü uzunu o sayaq müqəddəs, “türkəçarə” ana (ata, qardaş, bacı) tamaşaçılara oyanış, o ananın əksi olanlara - bilgidən bol, əxlaq-əqidədən, sevgidən kəmlərə isə düz yola qayıdış dialoqu qurdu. Və bu “son ucu ölümlü” dünyanın baş monoloqunun başlığındakı (“Olum, ya ölüm?!”) sözlərin birincisinə nail oldu...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 3 avqust.- S. 5.