Turizm
xidməti sahəsində müsbət irəliləyişlər
var
Bölgələrdə
monitorinqlərin nəticələri açıqlandı
Mədəniyyət və Turizm,
İqtisadi İnkişaf nazirlikləri nümayəndələrinin
daxil olduğu Monitorinq Qrupu tərəfindən Azərbaycanın
bir neçə bölgəsində fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli obyektlərdə iyun ayının
11-dən başlanan və 3 həftə davam edən monitorinqlərin
nəticələri bəlli olub.
Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsindən qəzetimizə
daxil olan məlumata görə, Monitorinq Qrupu respublikanın qərb
(Gəncə, Naftalan, Mingəçevir şəhərləri
və Gədəbəy rayonu), şimal-qərb (Balakən,
Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı,
Şamaxı), şimal (Xaçmaz, Qusar, Quba) və cənub
(Lənkəran, Lerik, Masallı) bölgələrində fəaliyyət
göstərən 137 turizm xidməti obyektinə baxış
keçirib. Monitorinq Qrupunun üzvləri tərəfindən
obyektlərdə otaqların (kotteclərin) və
çarpayıların sayı, xidmət haqqının
maksimum və minimum hədləri, təklif olunmuş paketə
daxil olan xidmətlərin çeşidi, hazırkı menecerlərin
bu sahədəki bacarıqları, turizm şirkətləri
ilə korporativ əməkdaşlıq imkanları və
turizm məhsullarının satışı haqqında
sorğular keçirilib, xidmət sahələrinin
mövsümə hazırlığı və sanitariya vəziyyəti
yoxlanılıb.
* * *
Qərb regionu üzrə
obyektlərə baxış zamanı komissiya Gəncə
şəhərindəki bir çox yerləşdirmə
obyektlərinin mövsümə hazırlıq səviyyəsini
qənaətbəxş hesab edib. Bu obyektlərdə
ötən illərlə müqayisədə xidmət səviyyəsində
müsbət irəliləyişlər müşahidə
olunub. Burada obyektlərdə bir nəfərə
yataq yerinin qiyməti səhər yeməyi daxil olmaqla, 40-120
manat arasında dəyişir. Gədəbəy
rayonunda 4 lisenziyalı mehmanxana tipli obyektə baxış
keçirilib. Bu obyektlərdəki
mövcud şərait orta səviyyəli hesab edilib. Naftalan şəhərində iki sağlamlıq və
istirahət mərkəzində - “Çinar Hotel & Spa
Naftalan” və “Qaşaltı”da hər hansı nöqsan müəyyən
edilməyib. Komissiyanın gəldiyi nəticəyə
görə, Mingəçevir şəhərində fəaliyyət
göstərən “Riverside” mehmanxanası və “Kür”
Olimpiya-İdman Kompleksi də müasir tələblərə
tam cavab verir.
* * *
Şimal-qərb
regionu üzrə monitorinqin nəticələrini də qənaətbəxş
hesab etmək olar. Belə ki, Balakən rayonunda 162 yerlik 3
mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti,
Zaqatalada 302 yerlik 6, Qax rayonunda isə 575 yerlik 12 mehmanxana və
mehmanxana tipli yerləşdirmə obyekti var. Bunların 15-i
müvafiq lisenziya əsasında fəaliyyət göstərir.
Bu obyektlərə baxış zamanı məlum
olub ki, onlarda təqdim olunan otaqların və digər xidmət
sahələrinin hazırlıq səviyyəsi qənaətbəxşdir.
Turistlərin istirahəti üçün açıq hovuz,
masaj, sauna, tennis və futbol meydançaları, dağ gəzintisi
və s. xidmətlər göstərilir. Adıçəkilən
obyektlərdə səhər yeməyi daxil olmaqla, 1 nəfər
üçün qiymət 15-80 manat arasında dəyişir.
Şəki şəhərində
944 yerlik 18 mehmanxana və mehmanxana tipli yerləşdirmə
obyekti var ki, bunlardan 11-i müvafiq lisenziya əsasında fəaliyyət
göstərir. Baxış zamanı əksər
obyektlərdə təqdim olunan otaqların və digər xidmət
sahələrinin hazırlıq səviyyəsi qənaətbəxş
hesab edilib. Şəkidə yerləşən
obyektlərdə də qiymətlər səhər yeməyi
daxil olmaqla, 1 nəfər üçün 15-80 manat
arasında dəyişir. Bir sıra obyektlərdə
qeyd-qəbul (reception) bölməsinin olmaması, xidmət
çeşidinin azlığı, turizm şirkətləri
ilə sıx əməkdaşlıq edilməməsi və
informasiya xarakterli məlumatların olmaması irad kimi
bildirilib.
Qəbələ rayonunda 1577 yerlik
16 mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti var.
Bunlardan 9 obyekt müvafiq lisenziya əsasında fəaliyyət
göstərir. Bu obyektlərə baxış
keçirilən zaman müəyyən olub ki, sözügedən
mehmanxanalar göstərilən xidmətlərin səviyyəsinin
yüksək olması ilə regionun digər
mehmanxanalarından əsaslı surətdə fərqlənir
və burada turistlərin rahatlığı üçün
hər cür şərait yaradılıb. Qəbələdə yerləşən obyektlərdə
qiymətlər səhər yeməyi daxil olmaqla, 1 nəfər
üçün 20-80 manat arasında dəyişir.
İsmayıllı və
Şamaxı rayonlarının hər birində müvafiq
olaraq 827 yerlik 19 (9-u lisenziya ilə) və 522 yerlik 16 mehmanxana
və mehmanxana tipli obyekt (12-si lisenziyalı) fəaliyyət
göstərir. Bu rayonlarda əksər obyektlərdə
təqdim olunan otaqların və digər xidmət sahələrinin
hazırlıq səviyyəsi qənaətbəxş hesab
olunub. Burada 1 nəfər üçün
qiymətlər, səhər yeməyi daxil olmaqla, 20-60 manat
arasında dəyişir.
Şimal-qərb bölgəsində
Balakən rayonu üzrə “Azpetrol” moteli, Qax rayonu üzrə
“El Resort”, “Alma Bağı” və “Kürmük” istirahət mərkəzləri,
Şəki şəhəri üzrə “Azpetrol”
mehmanxanası, “Çay Bağı” və “Şam
Bağı” istirahət mərkəzləri,
İsmayıllı rayonu üzrə “Green House”,
“Çıraq”, “Kələmərc” və Şamaxı rayonu
üzrə “Magic Life” istirahət mərkəzlərinin
lisenziyasız fəaliyyət göstərdiyi müəyyən
edilib və qısa zamanda lisenziya almalarına dair müvafiq
aktlar tərtib olunub.
* * *
Şimal bölgəsi
üzrə isə Xaçmaz, Qusar və Quba rayonlarında fəaliyyət
göstərən obyektlərdə monitorinq aparılıb.
Xaçmazın Nabran zonasında Monitorinq Qrupu tərəfindən
34-ə yaxın mehmanxana və mehmanxana tipli obyektə, Qusar
rayonunda isə 6 obyektə baxış keçirilib. Nabranda yerli və xarici turistlərin daha çox
axın etdiyi istirahət mərkəzləri mövsümə
hazır sayılıb. Bu obyektlərdə
ötən illərlə müqayisədə həm qiymətlərdə
müəyyən ucuzlaşma müşahidə olunur, həm
də xidmət səviyyəsində müsbət irəliləyişlər
var. Bu istirahət mərkəzlərinin hər birində
turistlərə gündə 3 dəfə yemək və
yaşayış xidmətləri təklif olunur. Qiymətlər isə 25-50 manat arasında dəyişir.
“Qusar Olimpiya Kompleksi” mövcud standartlara tam cavab
verir. Burada səhər yeməyi daxil
olmaqla, 2 nəfərlik 1 nömrənin qiyməti 80 manata təklif
olunur.
Quba rayonunda
ümumilikdə yay mövsümünə hazırlıq səviyyəsi
kafi hesab edilib. Rayon üzrə turizm xidməti
obyektlərində xidmətin dəyəri adambaşına 15
manatdan 50 manata qədər dəyişir. Bu
qiymətlərə səhər yeməyi daxildir. Rayonda 14 mehmanxana və mehmanxana tipli obyektdə
monitorinq aparılıb.
* * *
Nəhayət, cənub
bölgəsi üzrə Lənkəran şəhərində,
Masallı və Lerik rayonlarında turizm xidməti obyektlərinə
baxış keçirilib. Lənkəran şəhərində
monitorinq aparılmış 9 mehmanxana və mehmanxana tipli
obyektin (qiymətlər 1 nəfər üçün 10-40
manat arasında dəyişir) bəzilərinin mövsümə
hazırlıq səviyyəsi qənaətbəxş hesab
olunsa da, bir neçə istirahət mərkəzində
nöqsanlar aşkar edilib.
Lerik rayonunda 10,
Masallıda isə 26 mehmanxana tipli obyektdə monitorinq
aparılıb. Lerikdə fəaliyyət
göstərən “Relax” müasir standartlara tam uyğundur.
Burada səhər yeməyi daxil olmaqla, 2 nəfərlik
1 nömrənin qiyməti 80 manatdır. “Xəyal”,
“Həyat” istirahət mərkəzlərinin rəhbərliyinə
isə çatışmazlıqlarla bağlı iradlar
bildirilib.
Masallı rayonunda
ümumilikdə yay mövsümünə hazırlıq səviyyəsi
kafi hesab edilib. Buradakı turizm xidməti
obyektlərində göstərilən xidmətin dəyəri
adambaşına 10-50 manat arasında dəyişir. Bu qiymətlərə səhər yeməyi də
daxildir. Rayonda lisenziyasız fəaliyyət
göstərən istirahət mərkəzlərinə qısa
zamanda lisenziya almaq tövsiyə olunub.
* * *
Aparılan monitorinqlər zamanı
bütün bölgələr üzrə yerləşdirmə
obyektlərində bir nəfər üçün yataq yeri
qiymətinin ötən illə müqayisədə 10-20%
arasında ucuzlaşması, mehmanxana və mehmanxana tipli obyektlərdə
turistlərə göstərilən əlavə xidmətlərin
sayının 20-25% artması, bölgələrdə turizm
xidmətlərinin çeşidinin əvvəlki illərə
nisbətən 10-15% artması və əhalinin bütün təbəqələrinin
ödəniş qabiliyyətinə uyğun yataq yerlərinin
təklif olunması müşahidə olunub. Bununla
yanaşı, Xəzər dənizi sahilinin Xaçmaz rayonu ərazisində
yerləşən çimərlik hissəsinin qeyri-qənaətbəxş
olduğu, sanitar-gigiyenik normalara əməl
olunmadığı və aidiyyəti qurumlar tərəfindən
təmizlik işlərinin aparılmadığı da məlum
olub. Bu da regiona gələn turistlərin
haqlı narazılıqlarına səbəb olur və
bölgədə turizmin inkişafına mane olan amillərdən
hesab edilir.
Ümumilikdə
götürdükdə isə Monitorinq Qrupu bölgələrdə
turizm xidməti sahəsində müsbət irəliləyişlərin
olması qənaətinə gəlib. Belə ki, müəyyən
faiz dərəcələrində qiymətlərin
ucuzlaşması, hər il yeni əyləncə
növlərinin yaradılması, bölgələrdə bir
çox istirahət mərkəzinin artıq turizm şirkətləri
ilə əməkdaşlıq etməsi diqqəti cəlb
edir.
Monitorinq Qrupunun rəyinə
görə, qərb regionunda Gəncə, cənub regionunda Lənkəran
beynəlxalq hava limanlarından səmərəli istifadə
etməklə Rusiya turistlərinin bölgəyə səfərlərinin
təşkil olunması üçün geniş imkanlar var.
Hazırda Gəncədə, Lənkəranda və Qəbələdə
fəaliyyət göstərən beynəlxalq hava limanlarından
Rusiyanın böyük şəhərlərinə (Moskva,
Sankt-Peterburq, Yekaterinburq və Surqut) birbaşa aviareyslərlə
sərnişin daşımaları həyata keçirilir. Bu regionlarda yerləşən istirahət mərkəzlərinin
rəhbərlərinə Rusiyadan turistlərin cəlb
olunması üçün cəlbedici turların
yaradılması istiqamətində işlərin
aparılması tövsiyə olunub.
* * *
Monitorinq Qrupu nəticələri
nəzərə alaraq, bir sıra təkliflər də irəli
sürür. Qrup üzvlərinin qənaətinə
görə, «Şahdağ» Qış-Yay Turizm Kompleksinin
nümunəsində mövcud təcrübəni nəzərə
alaraq hər bir bölgə üzrə turizmin müxtəlif
növlərini inkişaf etdirmək və ölkədə
turizm mövsümü günlərinin sayını
artırmaq mümkündür. Bunun üçün
dövlətlə özəl sektorun tərəfdaşlığı
çərçivəsində Xəzər dənizinin sahil ərazilərində
və turizm üçün əlverişli olan digər ərazilərdə
müasir standartlara cavab verən turizm komplekslərinin
yaradılması məqsədilə torpaq sahələrinin
ayrılması, irihəcmli turizm layihələrinin
hazırlanması və investisiyanın cəlb edilməsini,
irihəcmli investisiyalara vergi güzəştlərinin tətbiq
edilməsini təmin etmək lazımdır. Həmçinin
regionlarda fəaliyyət göstərən orta səviyyəli
mehmanxana və ona bərabər tutulan yerləşdirmə
obyektlərinin xidmət səviyyəsinin
yaxşılaşdırılması məqsədilə
Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə turizmdə
çalışan orta və kiçik sahibkarlığa təyinatlı
güzəştli kreditlərin həcmi artırılmalı,
bölgələrdə mehmanxana və ona bərabər tutulan
yerləşdirmə obyektlərinin tikintisinə yerli rayon icra
hakimiyyətləri tərəfindən razılıq verilən
zaman Mədəniyyət və Turizm Nazirliyinin rəyi nəzərə
alınmalıdır. Bölgələrdə
mehmanxana və ona bərabər tutulan yerləşdirmə
obyektlərində çalışan personalın peşə
hazırlığı səviyyəsini
yaxşılaşdırmaq üçün Bakıda, Qusarda və
digər rayonlarda peşə hazırlığı üzrə
təhsil müəssisələrinin yaradılması işi
sürətləndirilməlidir.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2012.- 3 avqust.- S. 7.