Hər
festival bir bayramdır
“Bu gün Amerikada yaşayan keçmiş
bakılı müəllif mahnıları
ifaçıları bütün dünya festivallarına
Bakı adı ilə qatılırlar. Bu da bizim şəhərimizin
təkrarolunmazlığının göstəricisidir”
Cavid İmamverdiyev
1972-ci ildə anadan olub. 1996-cı ildən
Bakı Müəllif Mahnısı Klubunun prezidentidir. “Ratio TV” prodüser mərkəzinin rəhbəri,
“Parni iz Baku” Şən və Hazırcavablar Klubunun baş
inzibatçısı olub. Hazırda Mədəniyyət
və Turizm Nazirliyinin “Yaddaş”sənədli filmlər
studiyasının direktorudur. Bu il
“Humay” milli mükafatına layiq görülüb.
İyul ayında
şəhərimizdə VIII Müəllif Mahnıları
Festivalı keçirildi. Artıq səkkiz
ildir ki, ənənəvi təşkil olunan tədbirin
çoxlu sayda iştirakçısı və pərəstişkarı
var. Belə olmasaydı, 10 gün müddətində
gerçəkləşən budəfəki festivalın hər
konsertinə yüzlərlə tamaşaçı
toplaşmazdı.
Müəllif
mahnıları, yaxud bard musiqisi XX əsrin ortalarında yaranan
mahnı janrıdır. Janrın fərqləndirici
xüsusiyyəti həm mətnin, həm də musiqinin eyni
müəllif tərəfindən gitarada ifa edilməsidir.
Müəllif mahnıları ötən əsrin
60-cı illərdə keçmiş SSRİ-də gənclər
arasında özünüifadənin bir forması idi. Janrın inkişafını bir neçə mərhələyə
bölmək olar. Şərti olaraq romantik
dövr adlandırılan ilk mərhələdə şair
Bulat Okucavanın əsərləri, xüsusilə məşhur
idi. Bəlkə elə bu səbəbdən
də bir çoxları müəllif mahnılarını
şəhər romantikası hesab edir. Ümumilikdə
isə müəllif mahnılarını yaradıcı
ziyalıların özfəaliyyəti də adlandırmaq
olar. 60-cı illərin ortalarında
Aleksandr Qaliçin satirik müəllif mahnıları
şöhrət qazanmağa başladı. Daha sonra (70-ci illər) bu janr estetikasını məşhur
şair, müğənni, aktyor Vladimir Vısotski davam etdirdi.
Sonrakı dövrlərdə isə bu janrın
artıq yaşlaşmış yaradıcıları daha
çox lirik əsərlər yazaraq janrın bu istiqamətini
inkişaf etdirdilər.
Bard nəyi
görürsə, onu da ifa edir. Dünyanı
necə dərk edirsə, elə də öz
mahnılarının dili ilə çatdırır. Müəlliflər əsasən insan
duyğularından söhbət açırlar. Bard ifaçılarının konserti bir əyləncə
deyil, bu, müəllifin, ifaçının auditoriya ilə səmimi
söhbətidir.
Qeyd etmək
lazımdır ki, müəllif mahnıları təkcə
rus mədəniyyətinin fenomeni deyil. 60-cı
illərdə bu janr müxtəlif ölkələrdə -
Latın Amerikasında, İtaliyada, Almaniyada inkişaf
etmişdi. Azərbaycanda da müəllif
mahnıları 70-ci illərin əvvəlindən dəbdə
olmuş, 1974-cü ildə isə Bakıda Müəllif
Mahnıları Klubu fəaliyyətə
başlamışdır. Respublikamızda
bu janrla yetərincə məşğul olan müəlliflər
var. Bu səbəbdən də Bakı Müəllif
Mahnıları Klubunun rəhbəri Cavid İmamverdiyevlə
görüşüb ümumilikdə bu janr haqqında fikirlərini,
həmçinin festival təəssüratlarını bizimlə
bölüşməsini xahiş etdik.
- Cavid müəllim, ilk olaraq klubun
yaranma tarixinə nəzər salmaq istərdik...
- Bakı Müəllif
Mahnıları Klubu artıq 8 ildir ki, aktiv fəaliyyət
göstərir. Klub ilk dəfə
1974-cü ildə Azərbaycan Neft Akademiyasında
yaradılmışdı və o vaxt “Tələbə Turist
Mahnıları Klubu” adlanırdı. Klubun
yaradıcıları İbrahim İmaməliyev, Yakov Koqan və
başqaları olublar. Bir neçə il
sonra yeni klub - “Müəllif Mahnıları Klubu” yarandı. Onun yaradıcıları Robert Avadyayev və Aleksandr
Boryuzin idi. O dövrdə SSRİ məkanında bu
müəllifləri yaxşı tanıyırdılar. Onlar bütün festivallarda Bakını təmsil
edirdilər və dəfələrlə qalib olmuşdular.
Ümumiyyətlə,
60-70-ci illərdə Sovet İttifaqında bir növ qeyri-rəsmi
statuslu musiqi janrları geniş yayılmışdı.
Rusiyada müəllif mahnılarının dəbdə
olduğu vaxtda, Azərbaycanda, Bakıda caz populyar idi. Rusiyada caz kiçik elitar çevrəni əhatə
edirdisə, əksər kütlə müəllif
mahnılarına meylli idi. Amma bununla bərabər
Bakıda müəllif mahnıları da populyar idi və kifayət
qədər auditoriyası vardı. Təbii
ki, sonralar bu janrı yaradanların, yaşadanların əksəriyyəti
Bakını tərk etdikləri üçün müəllif
mahnılarının inkişafı və geniş auditoriya
qazanması ləngidi. 90-cı illərin əvvəllərində
klub da öz fəaliyyətini dayandırmışdı.
- Siz kluba nə vaxtdan qoşuldunuz?
- 1988-ci ildə 16 yaşımda bu
kluba gəldim. Belə düşünürəm
ki, bu yaş insanın ən duyğulu, hər şeyi ürəyinə
salan, hər şeydən mütəəssir olan bir
dövrüdür. Mən bu janrsız
özümü təsəvvür edə bilmirəm. Artıq yaşım 40-a çatıb, mənim
ayrı-ayrı işlərim var. Bu işlərdə
yaradıcılıq mənim üçün əsasdır.
İstər “Şən və Hazırcavablar
Klubu”nda, istərsə də kinoda öz sözümü demək
mənim üçün daha vacibdir. Amma
müəllif mahnısında tam əksinədir. Bu janrda mənim öz yerim heç də vacib deyil.
Əsas bu janrın yaşamasıdır. Bakı mənim üçün təkcə vətən
deyil, həm də canımdır. Ona
görə də onun köhnə ənənələrini
yaşatmağı özümə borc bilirəm. Tələbəlik həyatım “Şən və
Hazırcavablar Klubu” və müəllif mahnıları ilə
keçib. Buna görə indi də
özümü onlarsız təsəvvür etmirəm.
- Klubun fəaliyyəti neçənci
ildən bərpa edildi?
- Qeyd etdiyim kimi, 90-cı illərin
əvvəlində klub fəaliyyətini dayandırdı. Çoxları ölkəni tərk etdi. 1997-ci ildə klubu bərpa etdik. Onu
da qeyd edim ki, sovet dövründə klubun heç vaxt öz
yeri olmayıb, baxmayaraq ki, janrın pərəstişkarları
daha çox idi. O zaman bir klubdan o biri kluba yer dəyişərək
fəaliyyətimizi davam etdirirdik. Klubu bərpa
edəndən sonra Rus Mədəniyyət Mərkəzində
fəaliyyət göstəririk. Burada, necə
deyərlər, gitaranın ətrafına
yığışıb öz mahnılarımızı ifa
edirik. Bu gün klubun üzvləri sırasında həm
yaşlı nəslin nümayəndələri, həm də
gənclər var. Bizim ikinci evimiz isə Rəşid Behbudov adına Mahnı Teatrıdır. Bu teatrla əməkdaşlığımızın
da maraqlı tarixçəsi var. 1997-ci ildə “Nə? Harada? Nə vaxt” oyunu üzrə
Azərbaycan festivalı keçirilirdi. Festivala
qatılanların sırasında müəllif
mahnıları həvəskarları üstünlük təşkil
edirdi. Festivalın son günü biz
yığışıb Bulat Okucavanın şeirlərini
oxuduq. Həmin gün eşitdik ki, B.Okucava
vəfat edib. Bu mənim üçün
çox ağır gün idi. Elə bil
doğma bir insanımı itirmişdim. Səhəri
gün Mahnı Teatrına gedib xatirə gecəsi keçirmək
fikrimi bildirdim. Teatrdan bizə dedilər ki,
tədbiri təmənnasız şəkildə təşkil
edə bilərik. Həmin gündən bu
bina bizim ikinci evimizə çevrilib. Konsertlərimizi,
festivallarımızı burada keçiririk.
- Bəs festivalın bərpasına
necə nail oldunuz?
- Düz 10 il bundan
əvvəl, 30 yaşım tamam olanda özümə hədiyyə
etmək fikrinə düşdüm. Özüm də bu
yaşıma qədər hər il müəllif
mahnıları festivallarında iştirak edirdim. Gənclər və İdman Nazirliyinə müraciət
etdim. Onların köməyi ilə Samarada
keçirilən müəllif mahnıları festivalına
qatıldım. 35 yaşım tamam olanda isə
belə qərara gəldim ki, ənənəvi Bakı
festivallarını bərpa edim. Əlbəttə ki, bu
işdə mənə kömək edənlər də az olmadı. Mədəniyyət
və Turizm, Gənclər və İdman nazirlikləri
artıq 6 ildir ki, bu festivalın keçirilməsində
yaxından iştirak edirlər. Çox fəxr
edirəm ki, bu işi görə bildim. Demək olar ki,
bütün il boyu gözləyirəm ki,
görəsən, bu il festival necə olacaq, necə
alınacaq? Bu işlə məşğul olmağa
başladığım vaxtdan bu günə kimi çox
tanınmış müəlliflərlə tanış
olmaq xoşbəxtliyinə nail olmuşam. Bu
gün gənc müəlliflər klubumuza üzv olurlar.
Oğlum Bulat da 11 yaşından bu klubun
üzvüdür. Mənim ən
böyük arzum onun mənən zəngin olmasıdır.
Çox istəyirəm ki, bugünkü gəncliyimizin
seçimi olsun. Onların
dünyagörüşləri, intellektləri yüksək
olsun.
- Son festivalla bağlı təəssüratınız
necədir?
- Öncə onu qeyd etmək istərdim
ki, dövlətimiz, müvafiq qurumlar festivalın keçirilməsi
üçün tam şərait yaradır. Bu
festivalın rusdilli xalqlarla mədəni əlaqələrə
çox böyük təsiri olur. Bu il
ilk dəfə festivalda müsabiqə təşkil etdik. Özlüyündə bu, böyük bir
bayramdır. Bu il ilk
laureatlarımız oldu. Onlar Bakı
festivalının ilk laureatları kimi tarixə
düşdülər. Bu festivalın
yaşamasını arzulayıram. Festivalın
yekunlarından çox razı qaldım. Aleksandr
Qorodniçkinin bir sözü var, o deyir ki, arzu edək
doqquzuncu festival səkkizincidən yaxşı, onuncudan pis
olsun. Builki festival ötən ilkindən də
yaddaqalan oldu. Ən böyük nailiyyət onda oldu ki, 10
gün dalbadal Rəşid Behbudov adına
Mahnı Teatrı tamaşaçı ilə dolu idi. Günə ən azı 300 nəfərədək
tamaşaçı olurdu. Konsertlər 2-3
saat davam edirdi. Bu da mənim 40
yaşıma bir hədiyyə idi. Bu il
festivalda yeni iştirakçılar da var idi. Bakı
Müəllif Mahnıları Klubundan festivala 7-8 nümayəndə
qatılmışdı. Gürcüstandan, Ukraynadan,
Almaniyadan, İsraildən gələnlər vardı. Planlarımız genişdir. Gələn il festivalı Qorodniçkinin 80 illiyinə həsr
edəcəyik. 2014-cü ildə isə
festivalı klubumuzun 40 illiyinə həsr ediləcək.
Bakılı müəllifləri bura
yığmaq fikrimiz var. Dünyada yeganə klub bizik ki, müəlliflər
dünyanın müxtəlif ölkələrində
yaşasalar da, festivallara və konsertlərə Bakının
adı ilə qatılırlar. Məsələn,
Amerikada, Kaliforniyada yaşayan müəlliflər Bakı
adı ilə bütün dünya festivallarına
qatılırlar. Bu da bizim klubumuzun mesajı və
unikallığıdır. Bəlkə də
şəhərimizin təkrarolunmazlığının
göstəricisidir.
Lalə Azəri
Mədəniyyət.- 2012.- 3 avqust.-
S. 10.