Dözümün
lal sükutu
Kabus
illərin salnaməsi
Və
ya zəncirlənmiş son ümid
Stalin
repressiyasının qurbanlarından biri də o idi. Sarışın, uzun saçlı, mavi
gözlü gözəl qadın. Acar
knyazının sevimli qızı. Övladları
ilə qürrələnən 4 oğul anası. Yaşadığı şəhərin ictimai-mədəni
həyatında kübarlığı ilə seçilən
və çox vaxt da həsədlə süzülən
xanım. Sürgünlərdə viran olan
ömrünün acı illərinə, sonsuz məşəqqətlərinə
rəğmən «Təşəkkürlər, Tanrım» - deyən
möhtəşəm insan. Böyük istiqlal
şairimiz Əhməd Cavadın əbədi sevdası,
ömür-gün yoldaşı, sevimli Şükriyyə
Axundzadəsi...
Səninlə gəzərəm eldən-elə
mən,
Bataram, çıxaram seldən-selə
mən,
Düşərəm ağıza,
dildən-dilə mən
Yaşaya bilmərəm, bir kərə
sənsiz! - deyə vəsf etmişdi
şair sevdasını.
Şükriyyə
taleyim, şükür xudaya...
Şükriyyə
Süleyman qızı Axundzadə 1902-ci ildə
Gürcüstanın Batumi şəhərində anadan
olmuşdu. Qızlar gimnaziyasında
oxuyurdu. Şair də onu gimnaziyada
görmüşdü. Belə ki,
1914-cü ildə I Dünya müharibəsi başlandı.
Osmanlı dövləti bu savaşda iştirak
etmək istəmirdi. Amma həmin dövrdə
Osmanlı ordusunda yüksək vəzifələr tutan alman
generalları cəbhədə Almaniyanın vəziyyətini
yüngülləşdirmək məqsədilə türk
dövlətini Rusiya ilə mənasız müharibəyə
cəlb edə bildilər. Nəticədə,
müharibə Osmanlının sərhədlərindən onun
içərilərinə keçdi. Rusiya ilə
müharibə zamanı Sarıqamışda baş verən
faciə, minlərlə mehmetciyin dağlarda donaraq ölməsi,
rus qoşunlarının Ərzurumu işğal etməsi, Qars
və Batumda (1878-ci ildə Rusiya-Osmanlı müharibəsi nəticəsində
ruslar tərəfindən işğal edilmişdi - red.) erməni
və ruslar tərəfindən türklərə
qarşı törədilən qırğınlar...
Nəticədə
minlərlə insan qətlə yetirildi. Qətllərdən
qaçan çoxlu sayda insan isə aclıq və xəstəlikdən
tələf olmağa başladı. Baş
verənləri ürəkağrısı ilə izləyən
Əhməd Cavad qan qardaşlarımıza yardım göstərmək
üçün xeyriyyəçilik fəaliyyətinə
başladı. Onun səyləri nəticəsində
qısa müddətdə erməni vəhşiliyinin və
rus işğalının qurbanı olmuş minlərlə
insana ərzaq, paltar, dava-dərmanla yardım göstərildi.
Vəziyyətlə daha yaxından tanış
olmaq üçün Batumiyə gedən Əhməd Cavad
orada gördüklərindən, qaçqın və məcburi
köçkünlərin ağır vəziyyətindən dəhşətə
gəlmiş və bunu ömrünün sonuna kimi unuda bilməmişdi.
O ağrılı günlərdən
tək sevinci isə tapdığı əbədi sevgisi,
Şükriyyəsi idi. Hətta o, sevdiyi xanımı hər
gün görsün deyə Şükriyyəgillə üzbəüz
ev tutub yaşayırmış. Şükriyyə xanım türk əsilli acar
Süleyman bəy Bejanoğlunun qızı idi. Çox
sərt və zəhmli kişi olan
Süleyman bəy dostları ilə onlara elçi gələn
Cavadın təklifini rədd edir və qızını
gözündən uzaq qoymaq istəmədiyini bildirir. Son
sözü də bu olur: “Cavadı tanıyıram, gözəl
şairdir, amma mən qızılbaşa qız vermərəm!”.
Pərt halda evdən
çıxan Əhməd Cavad isə gələcək
qayınatasına «Verməzsən qaçırdaram...» deyir və
elə də edir. Şükriyyəni Gəncəyə
gətirir. Burada el adəti ilə toy edirlər.
Toydan bir neçə gün sonra Şükriyyə
xanımı Gəncədən Şəmkirə aparır.
Bir müddət Seyfəlidə, ata yurdu Mehrilidə
qalır. Sonra onlar yenidən Gəncəyə
qayıdırlar. Əhməd Cavad bu qənirsiz
gözəli tükənməz məhəbbətlə
sevirdi. Ömrünün axırına kimi
ona etibarlı ömür-gün yoldaşı, sədaqətli
ər olur. Türk-acar gözəli
şairin ilham mənbəyi idi. Ona
yazdığı bir sıra şeirlər, eləcə də
"Şükriyyənamə" indi də dillər əzbəridir.
Şükriyyənin atası ötkəm adam
idi. Qızına vaxtında xeyir-dua verməmişdi.
Lakin aylar-illər keçdikcə ata ürəyi
dözmür və nəhayət, 20 ildən sonra - 1936-cı
ildə qızının sorağı ilə Gəncəyə
gəlir. Şükriyyə xanımla,
kürəkəni Əhməd Cavadla, nəvələri ilə
görüşür. Bir neçə
gün Gəncədə qonaq qalandan sonra evinə
qayıdır. Beləcə yollar
açılır, gediş-gəliş başlanır.
Birdən
qara rüzgar əsir
Eh nə gözəl dövran, necə
də xoşbəxt illər idi. Təmtəraqlardan,
dedi-qodulardan uzaq səmimi, sevgi dolu ailə mühiti, şeir-sənət
dünyası, Tanrının lütfü gözəl
övladlar... Bu səadətin içində
insan taledən başqa nə istəyərdi ki?! Amma heyhat, bu da nə vaxtsa çox
göründü, istiqlal şairi Əhməd Cavadın
özü, sözü və sevdikləri quduz imperiyanın
gözünə «çöçün» oldu. Və
Bakı şəhərinin adi sakinlərindən biri, orta təhsilli,
mağazalardan birində təsərrüfat işləri
üzrə müdir işləyərək ailəsinə
maddi dəstək verən, vətən, millət
üçün 4 oğul (Niyazi 21, Aydın 16, Tuqay 14,
İlmas 2 yaşında) yetişdirən qadının da
taleyindən qara xətt keçdi. Səbəb?
Səbəb bəlli və çox sadə, sadə olduğu
qədər də məşəqqət soraqlı, əzab
dilli idi: o, millətçi, pantürkist, panislamçı Əhməd
Cavadın, «vətən xaini», «xalq düşməni»
damğası vurulan şairin həyat yoldaşı idi. Bu səbəb
bir qadın ömrünün 8 ilinin uzaq məmləkətlərdə,
soyuq sürgün düşərgələrində, həsrətdə,
göz yaşlarında keçməsi
üçün «tutarlı»və kifayət qədər yetərli
səbəb idi.
Əhməd
Cavadın 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən
əksinqilabi millətçilik fəaliyyətinə görə
güllələnməsi ilə ailənin də qara günləri
başladı.
Armağanım yaslı nəğmə...
Qərar çox
gecikmədi. «Axundzadə Şükriyyə
Süleyman qızı vətən xaininin həyat
yoldaşı kimi həbs edilsin, mənzilində
axtarış aparılıb, əmlakı müsadirə edilməklə
dövlətin hesabına keçirilsin».
Beləliklə, SSRİ Xalq Daxili
İşlər Komissarlığının (XDİK)
Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il
tarixli qərarına əsasən (order 1887) Axundzadə
Şükriyyə Süleyman qızı cəzasını
islah-əmək düşərgəsində çəkməklə
8 il müddətinə azadlıqdan məhrum edilir. Onun həbsxana illəri əvvəlcə Bakıda
Bayıl həbsxanasında, sonra Qazaxıstanın Akmolinsk və
Karaqanda düşərgələrində keçir.
Bu azmış kimi
övladları da təqiblərdən yaxa qurtara bilmir. Neft Kimyası İnstitutunun tələbəsi
olmuş Niyazi 1938-ci ilin fevralında həbs edilir, amma hər
hansı cinayət məsuliyyəti olmadığına
görə həmin ilin axırlarında azad olunur. Aydın isə Keşlə həbsxanasına
salınır və 8 aydan sonra azadlığa buraxılır.
Tuqay vətəndən və
qardaşlarından çox uzaqlara, Novoçerkask şəhər
uşaq evinə göndərilir və 1939-cu ilə kimi orada
saxlanılır. Balaca İlmas isə
yaşlı nənəsinin himayəsinə verilir. Beləcə, bir ailənin faciəsi, əzablarla
dolu illəri davam edir.
Baxma,
o qatarın dalınca, baxma...
...1937-ci ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə
doğru şütüyürdü. Bu dəmir
parçalarının içində acar knyazının
nazlı qızı, Əhməd Cavad şeirinin ilhamı da
uzaq yol gedirdi. Bu uzun və sonu bilinməyən yolda onunla
bərabər düz 47 nəfər “xalq düşməni”
arvadları, yaxud “ingilis casusu”, “fransız kəşfiyyatçısı”,
“pantürkist” adları ilə damğalanmış insanlar
gedirdi. Üç gün idi ki, ac-susuz yol gedir,
hər stansiyada da döyülür, nəzarətçilərin
ağır təhqirlərini eşidir və ...
dözürdülər. Vahiməli və uzun-uzadı
fit verən qatar “ALJİR”-ə tərəf
şütüyürdü. Həbs düşərgəsi
belə adlanırdı - “Akmolinskiy Laqer Jen İzmennikov
Rodinı” (“Akmolinsk Vətən Xainləri Arvadlarının
Düşərgəsi”).
Əzablı, məşəqqətli,
məhrumiyyətli ünvan. Əslində,
zərif Şükriyyə bu əzablara tablaşmaya da bilərdi.
Belə ki, o ya atasının yanına qayıda
bilər, ya da ona təklif olunan məsələ ilə
razılaşıb rahat yaşaya bilərdi. Amma o bunları etmədi və taleyin Əhməd
Cavadın qadını olmanın əzablarına sinə gərməyi
bacardı. Ona «Əriniz onsuz da güllələnəcək.
Ondan boşanmaq üçün ərizə versəniz,
balalarınıza qovuşa bilərsiniz», - deyildikdə, “Mən
Acarıstanın ən nüfuzlu adamı olan atam Süleyman bəyi
atıb Cavadı tutdum. İndi Cavadımı
atacağam? Siz də ərizəni Cavada göstərib
ona daha bir əzab verərək öldürməkmi istəyirsiniz?..”, cavabını sillə kimi müstəntiqin
üzünə çırpır. Və elə
bu sözlərə görə də ömrünün bir
neçə ilini uzaq Qazaxıstanın həbs düşərgələrində
keçirməli olur.
Bir
yorğun pəri var, bir az uyusun...
1945-ci ildə
Şükriyyə Axundzadə barəsində nüfuzdan sala
biləcək məlumat aşkar edilmədiyindən, Azərbaycan
SSR XDİK onun islah-əmək düşərgəsindən
azad edilməsi və cəza müddətinin qalan hissəsinin
götürülməsi haqqında qərarı işlə
birlikdə baxılmaq üçün SSRİ XDİK-ya
göndərilir. SSRİ XDİK Xüsusi
Müşavirəsi Axundzadə Şükriyyə Süleyman
qızının işinə yenidən baxır və o,
qanunsuz həbs edildiyi üçün azad olunur. Artıq əzablar geridə qalmışdı, o
yenidən doğmalarının yanına qayıdıb,
balalarını başına yığacaqdı. Oğlanları üçün çox
darıxmışdı, xüsusən də yaş yarımlıq
qoyub getdiyi Yılmazı üçün. Yol boyu onlarla görüş anını təsəvvür
edir və həyəcanlanırdı. Nəhayət,
bu görüş baş tutdu. İllər əvvəl
gördüyü və xatırlamadığı
anasının ona sarılıb ağlayaraq öpdüyündən
sıxılan Yılmaz utanaraq ondan qaçır, evin bir
küncündə gizlənərək bənizi solğun,
saçları ağarmış, əlləri qabarlı kədərli
qadını izləyirdi...
O, sürgündən
qayıtdıqdan sonra Şəmkirin Seyfəli kəndində
məskunlaşmışdı. 8 illik
sürgün həyatından sonra da ona Bakıda yaşamaq
icazəsi verilməmişdi. Amma
bütün bunlar əzəmətli qadını
sındırmırdı. Çünki o,
bu kənddə, Cavadlı günlərin xatirəsində
xoşbəxt idi. Ömrünün sonunda Əhməd
Cavadın doğulduğu torpaqda yaşamaq və həyata vida
demək onun son səadəti idi...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2012.- 3 avqust.- S. 11.