Fədakarlıq mücəssəməsi

 

  Elə bil qurub-yaratmaq, mübarizə aparmaq üçün doğulmuşdu. Bu qarqaşalı, narahat dünyada rahatlıq tapmazdı. Həmişə haraya isə tələsərdi... Astagəl, tənbəl, pinti insanları heç xoşlamazdı. Yalançılar və yarımçıq iş görənlər gözünün düşməni idi. Bəzən qar-qat ağır, icrası inanılmaz görünən layihələrin, həlli müşkül olan işlərin altına çiynini təkbaşına verərdi. Nikbin əhval-ruhiyyə, gələcəyə inam, əzmkarlıq qazandığı uğurların əsasını təşkil edirdi. Ona Şahid Həbibullah - deyə müraciət edərdim. Gülümsəyib cavab verərdi ki, Həbibullah - Allahın dostu, sevimlisi deməkdir.  

   Dostları, yaxınları ilə anadan olmasının 60 illik yubileyinə hazırlaşırdı... Bəlkə də ömründə ilk dəfə bizim üçün bu böyük və əziz tədbiri yarımçıq qoyub sevdiyi və iman gətirdiyi Tanrı dərgahına pənah apardı, İlahi ucalığa qovuşdu...

   Şahid Həbibullah 1952-ci il noyabrın 14-də Azərbaycanın əsrarəngiz dilbər guşəsi olan Oğuz rayonunun Muxas kəndində zəhmətkeşliyi, xeyirxahlığı, mərdliyi və halallığı ilə tanınan bir ailədə dünyaya göz açıb. Uşaqlıq illəri Baş Daşağıl çayının sahillərində, Orta əsr tarixi abidəsi olan Muxas qülləsinin ətrafında, Qafqaz sıra dağlarının ətəklərində keçib. Xarakterinindünyagörüşünün formalaşmasında ilk müəllimi təbiət özü olub. Kənd orta məktəbini bitirdikdən sonra ali təhsil almaq üçün ixtisas seçməkdə çətinlik çəkməyib. İstehsalatdan ayrılmamaq şərtilə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olub. Böyük zəhməti, təşəbbüskarlığı və təşkilatçılığı sayəsində adi fəhləlikdən, çilingərlikdən Şəhərlərarası Sərnişindaşıma Avtokombinatının baş direktoru vəzifəsinədək yüksəlib.

   Erməni separatçılarının təhriki ilə Qarabağ hadisələri başladıqdan sonra Naxçıvanla kəsilmiş birbaşa yerüstü əlaqələrin İran ərazisindən keçməklə bərpa olunmasında, əhalinin avtobusla gediş-gəlişinin intensiv təminatında fəal iştirak edib. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından və ölkənin ağır günlərində xalqa müraciətindən sonra Şahid Həbibullah baş direktor vəzifəsini səngərlə əvəzləyərək bir qrup məsləkdaşı ilə könüllü olaraq Qarabağa - ön cəbhəyə yollanıb. O, alay komandirinin şəxsi heyətlə üzrə müavini olaraq döyüşlərdə ön sırada vuruşmaqla yanaşı, uğurlu hərbi əməliyyatlara rəhbərlik etmiş, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Ona N saylı hərbi hissənin komandiri, polkovnik Cahangir Əliyev tərəfindən verilmiş “Xidməti xasiyyətnamə”də yazılıb: «07.01.1994-cü ildə Ş.M.Həbibullayevin rəhbərliyi və iştirakı ilə hərbi qrup strateji əhəmiyyətli Bəytəpə yüksəkliyinin alınmasını uğurla həyata keçirmişdir. Bundan sonra 07.01.1994-cü ildən 27.01.1994-cü ilə kimi alay komandirinin müavini, kapitan Həbibullayevin rəhbərliyi və iştirakı ilə hərbi bölmə erməni yaraqlıları tərəfindən zəbt edilmiş torpaqların azad olunmasına başlamış və 40 km-dən çox zəbt olunmuş ərazi azad edilmişdir. Döyüşlərdə düşmən tərəfin 1 tankı vurulmuş və canlı qüvvəsi məhv edilmişdir.

   28.01.1994-cü ildə düşmən üç saatlıq artilleriya hazırlığından sonra saat 16.00-da tank bölüyününpiyada qoşun dəstələrinin köməyi ilə strateji mövqeləri geri qaytarmaq üçün əks-hücuma keçmişdir. Kapitan Ş.M.Həbibullayevin rəhbərliyi və iştirakı ilə düşmənin tank bölüyünün növbəti hücumunun qarşısı alınmışdır. Qanlı vuruşmada düşmən tərəfinin 4 tankı vurulmuş və 40 nəfərdən çox canlı qüvvəsi məhv edilmişdir.

   1994-cü ilin mart ayında kapitan Həbibullayevin sayıqlığı və öz xidməti borcuna vicdanla yanaşması nəticəsində erməni kəşfiyyatçısı aşkar olunmuş və zərərsizləşdirilmişdir”.

   Kapitan Şahid Həbibullahın xidməti xasiyyətnaməsindən bu seçmələr igid, cəsur döyüşçümüzün nəsillərə örnək qəhrəmanlığının nümunəsidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə döyüş əməliyyatlarına bacarıqla rəhbərlik etdiyinə və şəxsi şücaət göstərdiyinə görə kapitan Şahid Həbibullah 9 oktyabr 1994-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

   İkinci qrup Qarabağ əlili kimi ordudan tərxis edilən Ş.Həbibullah hərbi xidmətdən əvvəlki vəzifəsinə bərpa olunsa da, əsas meylini misgərlik incilərinin kollekiyasını yaratmağa salmış, bu yolda bir çox çətinliklərə qatlaşmışdır. Onun əlvan metalların təkrar emalının ilkin mərhələsindən xilas edərək ikinci həyat verdiyi tətbiqi incəsənət nümunələri bu gün xalqımızın əvəzsiz milli sərvətidir.

   Ş.Həbibullahın kolleksiyasına daxil olan maddi-mədəniyyət nümunələrinin böyük əksəriyyəti Bakı, Naxçıvan, Gəncə, Şəki, Lahıc, Dərbənd, Təbriz, Ərdəbil sənət məktəblərinə mənsubdur. Son on beş ildə toplanılan və bərpa edilən eksponatların sayı 5 mindən çoxdur. Onlardan 1000 ədəddən çoxu XVIII-XIX əsrlərdə istehsal edilmiş 141 firmaya aid müxtəlif çeşidli samovarlardır.

   Bu sənət incilərinin bərpadan əvvəlki şəkilləri nəcib və şərəfli işin çətinliyi və əhəmiyyəti barədə aydın təsəvvür yaratmaq üçün ziyarətçilərə köməklik göstərir.

   Misgərlik tarixən kişi peşəsi olub. Bu sənətin ustaları gözəl və yüksək zövqlü xanımların məişət əşyalarına olan ehtiyaclarını bədii estetika baxımından da məharətlə yerinə yetiriblər. Şahid Həbibullahın kolleksiyasındakı eksponatlar sayına, sənətkarlıq səviyyəsinə və üslub əlvanlığına görə Azərbaycanın heç bir muzeyində cəm halda təsadüf olunmayan maddi-mədəniyyət nümunələrindən ibarətdir. Şərq nəqqaşlıq məktəbinin ən kamil xüsusiyyətlərini özündə əks etdirən, döymə, oymaqabartma üsulu ilə məişət əşyalarından məcməyilər, sinilər, nimçələr, badyalar, satıllar, sərpuşlar, sərniclər, süzgəclər, tavalar, qazanlar, dolçalar, camlar və digər nümunələr üzərindəki nəbati, islimi və həndəsi naxışlarla bəzədilmiş süjetli təsvirlər kompleksi, kufi və nəstəliq xətlər şəbəkəsi arxaikləşmiş yaşamı ilə insanı heyrətə gətirir.

   Kolleksiyaya daxil olan məişət qabları içərisində 12 əşyadan ibarət, iç-içə yığılan mis qazan servizi unikallığı və orijinallığı ilə heyrətləndirici təsirə malikdir. dəmləmək üçün hazırlanmış servizin üst səthində yazılıb: “Bu qazanı Seyyid Əbdül Hüseyn 1206-cı ilin rəbbi-ül əvvəl ayında öz övladı üçün vəqf etmişdir”.

   Zərif naxışları ilə göz oxşayan, hündürlüyü 63 sm, tutumu 20 litr olan şərbət qabı hicri 1294-cü ildə hazırlanıb. Üzərində on dörd məsumun mübarək adları yazılıb, ortada isə “Bütün dünyanın yaradıcısı - Allah” sözləri həkk edilib. Şərbət qabının səthi müxtəlif nəbati naxışlarla, mifik təsvirlərlə zəngindir. Hacı Qasım adlı şəxsin sifarişi ilə misgər Zeynalabdinin hazırladığı bu qab aşura günlərində şərbət ehsanı vermək üçün nəzərdə tutulmuşdur.

   Şəxsi kolleksiyanı bəzəyən misgərlik inciləri təkcə ornamentlərin zənginliyi və mürəkkəbliyi ilə deyil, həm də sənət əsərlərinin üzərində döyülmüş zooloji təsvirlərin, aforizmlərin, adların tarixi əhəmiyyəti baxımından da qiymətlidir. Mis üzərindəki mətnlərdə dualar, öygülər, yalvarışlar xüsusi yer tutur. Bir sərpuş üzərindəki yazı dua mahiyyəti daşıyır: “İlahi, bu dünyanı abad et, bütün insanları günahdan qoru. Dünyada ədəb-ərkan olduğuna görə insanları yaxşı məclislərə hidayət et!”

   Üzərində hicri tarixi ilə “1254” yazılmış başqa bir sərpuşda isə bu sözlər həkk edilmişdir: “Qoy illər boyu bu əsər bizim hər hissəciyimiz kül olub hər tərəfə səpələnənədək qalsın. Məqsədimiz özümüzdən sonra iz qoymaqdır”.

   Şahid Həbibullahın kolleksiyasına daxil olan sənət möcüzələrinin üzərindəki orta əsrlərə aid yazılar, rəsmlər, naxışlar mədəniyyətimizin, incəsənətimizin ən qədim qaynaqlarından və zəngin ənənələrindən soraq verir. Bu zəngin və dəyərli kolleksiyasının beynəlxalq aləmə çıxışı ilə bağlı ilk təşəbbüs şübhəsiz ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya məxsusdur. Fondun təşkilatçılığı ilə 2006-cı il oktyabrın 14-21-də Parisdə, UNESCO qərargahında keçirilən “Azərbaycan sivilizasiyasının və mədəniyyətinin kəsişmə nöqtəsi” adlı tədbirdə Ş.Həbibullahın şəxsi kolleksiyasından seçmə eksponatlar bir guşədə ayrıca sərgiləndi və tamaşaçıların böyük marağını qazandı. Bu mədəniyyət hadisəsindən sonra şəxsi kolleksiya beynəlxalq tədbirlərin diqqət mərkəzində dayandı. Bir-birinin ardınca Ş.Həbibullaha məxsus eksponatlar xarici ölkələrdə - Mərakeşdə İSESCO iqamətgahında (2008, mart), Tacikistanda (2008, noyabr), Misirdə (2010, yanvar), Daşkənddə (2010, noyabr), Londonda (2010, noyabr), Berlində (2011, yanvar), Parisdə (2011, fevral), Vaşinqtonda (2011, mart), Parisdə (2011, mart), Moskvada (2011, mayiyun), Sen-Tropedə (Fransa, 2011, iyul), Berlində (2011, sentyabr), Vyanada (2011, noyabr), Romada (2011, dekabr) böyük maraq və heyrətlə qarşılanmışdır. Misgərlik incilərinin Bakıda - Şirvanşahlar Saray Kompleksində (2008, mart), Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda (2008, oktyabr), İçərişəhərdə (2009, mart), “Gülüstan” Sarayında (2008, dekabr; 2010, may; 2011, aprel) nümayiş etdirilməsi seyrçilərin yaddaşında silinməz izlər buraxmışdır.

   Ehtiramla vurğulanmalıdır ki, xarici ölkələrdə və respublikamızda təşkil olunan sərgilər Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Təqdirəlayiq hadisələrdən biriodur ki, Ş.Həbibullaha məxsus kolleksiyanı vətənimizdə layiqincə nümayiş etdirmək üçün Qala qəsəbəsində Əntiq Əşyalar Muzeyi tikilərək 2011-ci ilin sentyabr ayından ziyarətçilərin istifadəsinə verilmişdir. Muzeyin açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəxsən iştirak etmiş, muzeyin rəy kitabına təəssüratlarını yazmışlar.

   Bu gün Qala Əntiq Əşyalar Muzeyi ziyarətçilərin ən çox baş çəkdiyi məkanlardan biridir. Qələbəliyə baxmayaraq, yaradıcısını itirmiş muzey əlləri köksündə çarpazlaşmış çocuğa bənzəyirdi. Təsəlli odur ki, Şahid Həbibullah özündən sonra mədəniyyət tariximizdə layiqli iz qoyub...

   Dekorativ-tətbiqi sənət incilərimizin bənzərsiz sevdalısı, mahir toplayıcısı və bərpaçısı, sözün əsl mənasında, fədakarlıq mücəssəməsi Şahid Həbibullah çoxşaxəli və zəngin xalq sənətimizin qədim nümunələrini, maddi-mədəniyyətimizin unikal tarixi sərvətlərini bir araya gətirərək dünyanın ən məşhur kolleksiyaçıları sırasına daxil olan yeganə azərbaycanlı idi... Dostları, yaxınları, onu tanıyanlar Şahid Həbibullahın əziz xatirəsini heç bir zaman unutmayacaqlar...

  

 

   Asif Rüstəmli

 

Mədəniyyət.- 2012.- 3 avqust.- S. 12.