Bir ömür...
Ömür yolu deyilən bir ifadə var. Bu yol fərdidir.
Kimisinin əllərindən yapışıb
hamar yola çıxararlar. Bir
başqası öz yolunun ilk cığırını da
özü salar. Yol boyu ayağını əzən
daş-kəsəyi özü təmizləyər. Öz yolunu özü açar, özü hamarlayar.
Öz yolunun şaxtasına-sazağına sinə
gərər, boranına-tufanına özü dözər.
Ömür yollarının uzunluğu əzəldən
bəlli olmaz. Ölçülü-biçili
də olmaz. Hərənin qət edəcəyi
yol da bilinməz. Amma qət etdiyi bilinər.
Qarşımda bir kitab var. Yarıməsrlik yolun
salnaməsi. Rəngi yaşıldır
kitabın. İlk baxışdan bu rəngi
mənalandırmaq olmur. Amma yarıməsrlik
ömrə qiyabi olaraq yolçuluq edəndə dərk etmək
olur ki, bu rəng heç də təsadüfi seçilməyib.
Bu rəng baharın rəngidir. Baharı isə bu ömür yolunun sahibinə
anası sevdirib. Özü belə yazır: “Baharı mənə
anam sevdirdi, mənim bahar çiçəyi kimi ağ
saçlı anam. Əsl mənasını
sonralar başa düşdüyüm bahar məhəbbəti
anamın ürəyimə saldığı sirli, şirin və
təmiz duyğulardan biridir. Yaz gələndə
axşamüstü həyətdə ocaq
qaladığımız, od üstündən
o tərəf - bu tərəfə
atıldığımız səsli-küylü oyunlar, kim
deyir ki, elə boş bir əyləncə olub:
Deməyin
ki, əylənmişik,
Duymamışıq heç nəyi.
Bəlkə
onda öyrənmişik
Od içindən keçməyi?!
Yarıməsrlik sənət yolunun salnaməsini
oxuya-oxuya mən bu yolun, necə deyərlər, qiyabi
yolçusuna çevrilmişəm. Bilsəniz,
kimlərlə həmsöhbət olmuşam, kimlərin
dürlü-dürlü kəlamlarını eşitmişəm,
siz də bu yolçuluğa, sözün əsl mənasında,
qibtə edərdiniz. Əgər mən bu
yolun qiyabi yolçusuyamsa, bəs bu yolun əsl sahibi kimdir?
Bu cavabı, gəlin, Xalq yazıçısı Mirzə
İbrahimovun kitabın ilk səhifəsində yer alan “Düzlük və yaradıcılıq” məqaləsində
axtaraq.
“Bütün fikri, xəyalı yaradıcılıqda
olan adam çox şeyi və o cümlədən
özünü unudur, ancaq yaratmaq ehtirası ilə yaşayır,
çalışır ki, yaratdığı insanlar
üçün faydalı olsun. Mənim nəzərimdə
Ayaz Vəfalı bu cür yazıçılardandır.
O, yavaş-yavaş, tələsmədən, səliqə ilə
külüng çalan, hər hansı bir binanın
özülünü hazırlayan, o bina üçün hamar
və tarazlı daşlar yonan, sonra da onu qaydası ilə tikməyə
başlayan bənnanı xatırladır. Görünür,
yazıçı sənətinin çətin tələblərini
başa düşməsi, bəzi hallarda intuitiv keyfiyyətlərini
duyması sayəsində təmkinlə,
ağır-ağır yazmaqla bərabər, bu sənətin
sirlərini və nəzəriyyəsini dərk etməyə,
onun böyük ölməz ustalarının təcrübəsindən
aramsız olaraq öyrənməyə
çalışır”.
Mirzə
İbrahimov bu sətirləri yazanda 1987-ci il
idi. Hələ yarım əsrə yarım əsrin
yarısı qədər yol var idi.
Bu yol, Mirzə İbrahimovun dediyi kimi, böyük
yaradıcılıq yolu idi, saflıq, paklıq, doğruluq,
dürüstlük, ləyaqət, dəyanət, haqq yolu idi.
Bu yolun sahibi tale yazısından razıdır.
Deyir:
Əlim qələm
tutdu, tale yar oldu,
Müəllimim
neçə sənətkar oldu;
Xeyir-dua verdi böyüklər mənə,
Hərəsi
bir cürə səbəbkar oldu...
Ayaz Vəfalının müəllimləri
yalnız universitet auditoriyalarında gördüyü ustadlar
deyil, həm də dünya şöhrətli söz korifeyləri
oldu. Nizaminin, Nəsiminin, Füzulinin, Nəvainin, Şəhriyarın
şeir dünyalarına varid oldu Ayaz Vəfalı. O,
böyük sənətkarların söz xəzinələrindən,
obrazlı şəkildə desək, gövhərlər
topladı. Müasir oxucuya onların dəyərini
anlatdı, birər-birər şərh elədi. Ötən
əsrin 90-cı illərinin əvvəllərində bəzi
dil pəhləvanları klassiklərimizə hücuma
keçəndə Ayaz Vəfalı çox sakitcə
heç kimi günahlandırmadan, heç kimi ittiham etmədən
tarixin bəlkə də bir daha yetirə bilməyəcəyi
o böyük söz dühalarının sənət məziyyətlərindən
söhbət açdı, onların ölçüyəgəlməz
xidmətlərini qələmə aldı.
Qiyabi yolçusu olduğum bu yarıməsrlik sənət
yolunda bir böyük səcdəgah var. Füzuli səcdəgahı.
Bu yolun əsl sahibi üçün kimdir
Füzuli? Gəlin, cavabı onun öz qənaətində
oxuyaq: “Füzuli şəxsiyyətinin ən böyük
keyfiyyətlərindən biri və mən deyərdim, bəlkə
də birincisi həyatın ən ağır, amansız, ən
haqsız ədalətsiz, az qala ümidsiz məqamlarında
belə onun öz daxilində qeyri-adi bir qüvvə
tapması və bu sehrli qüvvəyə söykənib əzəmətlə
dayanması, sarsılmamasıdır. Bu qüdrətin
əsl səbəbi yəqin dahi şairin özünün nələrə
qadir olmasına əminliyidir.
Səadəti-əzəli
qabili zəval olmaz,
Günəş yer üstünə gər
düşsə payimal olmaz.
Ayaz Vəfalının
Füzuli irsinə, Füzuli dühasına olan böyük məhəbbətindən
Vaqifə, Zakirə, Hüseyn Cavidə, Sabirə, Mirzə Cəlilə
də pay düşür.
Yarıməsrlik yolun bir “dayanacağı” da Cəlilabadda
Cəlil Məmmədquluzadənin abidəsi önündədir.
O abidənin önündə dayanan Ayaz Vəfalı,
görün, nə deyir:
Sən bir
məktəbsən ki, böyük, möhtəşəm,
Hayıf, az görmüşəm, az
götürmüşəm.
Sən
sözü ən əziz nemət bilərdin,
Mən sənə bir ürək söz gətirmişəm.
Bu həm də Ayaz Vəfalının sözə
verdiyi dəyərdir. “Hippokrat andı” adlı şeirində
bu dəyəri belə ifadə edir:
Söz də
bizim məsləyimiz,
Kəlmə-kəlmə
ölçək-biçək,
Ələ
qələm alanda biz
Hippokrat andı içək.
Bu misralar bir daha sübut edir ki, Nizami, Füzuli, Nəvai
sözə necə dəyər verirdilərsə, Ayaz Vəfalı
da sözə eləcə dəyər verir. O, Nəvai
yaradıcılığını təhlil edərkən
yazır: “Nəvai bədii sözü cəmiyyətin ən
qiymətli varidatı sayır. Həm fəxrlə, həm də
məsuliyyət hissi ilə təkrar edir: “Bəşər dəryasının
gövhəri sözdür”. Ona görə də
qələm sahiblərini ehtiyatlı olmağa, sözün, qələmin
şərəfini uca tutmağa çağırır.
Bu müqəddəs yoldan dönənlərə,
böyük bir sənətə, etimada xain çıxanlara,
nifrət etməkdən, lənət deməkdən də
özünü saxlaya bilmir:
Qələm
çalan incidəndə elləri
Qələm-qələm olaydı kaş əlləri.
Ayaz Vəfalının bu qəbil təhlilləri,
araşdırmaları əslində klassik ədəbiyyat
korifeylərini müasirləşdirir. Onların
ədəbi irslərinin bu günümüz üçün
də nə dərəcədə əhəmiyyətli
olmasından xəbər verir.
...Yarıməsrlik
sənət yoluna qiyabi yolçuluğum davam edir. Bilsəniz, bu yolda daha kimləri, kimləri
görürəm? Rəsul Rzanı, Abbas Zamanovu, Teymur
Elçini, Nəsir İmanquliyevi, Bəxtiyar Vahabzadəni,
Taras Şevçenkonu, Konstantin Simonovu, Lesya Ukrainkanı və
adları bir məqaləyə sığmayan dünya ədəbiyyatının
söz sərraflarını. Etiraf edim ki, Taras
Şevçenkonun “Kor qadın” poemasını bu günə
kimi oxumamışdım. Bir anlıq bu əsərin
tərcümə olunduğunu unudaraq oxudum.
Çünki Ayaz Vəfalının tərcüməsi ilə
poema dilimizin bütün kövrəkliyilə qələmə
alınıb:
Kim böləcək,
mənimlə kim -
Sinəmdəki dərdi-səri?
Yad ellərdə
kimə deyim
Mən bu doğma nəğmələri?
Əsarətdə
yanıb şamtək
Sönürəm mən baxtı qara,
Həsrətimi
burda gərək
Deyəm o lal divarlara.
Kor bir ananın acıları doğma dilimizdə,
görürsünüzmü, necə rəvan səslənir.
Elə bil dərdli ana bayatı
çağırır, ağı deyir. Dilin
axarı bu an ananın milliyyətini də unutdurur. Ananın yanğısı, faciəsi ön plana
keçir. Əsər birnəfəsə
oxunur.
Konstantin Simonovun “Gözlə məni” şeiri də
həmçinin.
Gözlə
məni, gələcəyəm,
Gözlə
məni yar;
Gözlə
məni səpəndə qəm
Narın yağışlar.
Gözlə
məni qışın qarı
Evlər
yıxanda,
Gözlə
məni başqaları
Dönük çıxanda.
Heç kimə sirr deyil ki, elə tərcümələr
var, sırf quru mənanı ifadə edir. Elə
tərcümələr də var, hissin, duyğunun tərcüməsidir.
Bu o zaman olur ki, tərcüməçi öz
ana dilinin zəngin söz sərvətindən yetərincə
bəhrələnə bilir. Ayaz Vəfalının
tərcümələri bu gerçəyi bir daha sübuta
yetirir.
Qiyabi yolçusu olduğum sənət
ömrünün məbədə bənzər çox
“dayanacaqları” oldu. Təbiidir ki, bir məqalədə
onların hamısından müfəssəl söhbət
açmaq mümkün deyil. Çünki
bu yarım əsrdə əslində əsrlərin söz
yaddaşı yaşayır. Hər bir
insan isə bir ömür, tək bir ömür
yaşayır. İnsan var ki, yalnız
özü üçün yaşayır. Öz maraqları, öz qayğıları, öz
ailəsi üçün yaşayır. Haqqı
da var, yaşasın. İnsan da var, qolunun
qüvvətini, dizinin taqətini, gözünün nurunu, qəlbinin
odunu elindən, obasından, xalqından, millətindən,
havasını alıb, suyunu içdiyi Vətənindən
bircə misqal da olsun əsirgəmədən yaşayır.
O da bir ömür yaşayır.
Bir
ömür...
Peşiman
olmaram nə qəm -
Xatirində
qalan zəhmətim olsa,
Mən səndən
yenə də əsirgəmərəm -
İkinci bir ömür qismətim olsa.
Ayaz Vəfalı 75 illik bir ömür yolu qət eləyib.
Onun da yarım əsrini “Ədəbiyyat qəzeti”nə
həsr eləyib. Bu sənət yolunda Zərdabi ənənələrini,
həmçinin qəzetçiliyin ən ali
məziyyətlərini qoruyub saxlaya bilib. Sözün
ağır-yüngülünü çəkməyi
bacarıb. Ən başlıcası isə
öz “Mən”inə və öz qələminə hər
zaman sadiq qalıb. Bu isə qəzetçiliyin
bəlkə də ən ümdə vəzifələrindən
biridir. Bu vəzifəni yarıməsrlik
zaman boyu şərəflə daşımaq isə əsl
hünərdir. Bu hünər sahibi
böyük bir ömür yolu keçib. Qoy
bu yol göz işlədikcə uzansın.
Çünki bu yol boyu onun öz oxucularına hələ
deyəcəyi çox sözü var. Hələ misralara
düzülməyən çox şeirləri, hələ
tamamlanmayan çox əsərləri var.
Zərxanım Əhmədli
Mədəniyyət.- 2012.- 3
avqust.- S. 13.