Repressiyaya məruz qalan aşıqlar
Haqq aşığı
Mirzə Bilal haqq aşığı idi, kimsə onun ruhunu satın
ala bilməzdi
Sovet dövründə repressiya dalğası aşıq sənətindən
də yan keçmədi. Bu ideologiyaya
boyun əyməyənlərin
bir cəzası vardı: ölüm! Şirvan aşıqlarının atası
sayılan Mirzə Bilalın da yolu ölümdən keçdi.
Zaman o zaman idi ki, sosializm dalğası
qanlı orağı ilə xalqların milli-mənəvi dəyərlərini,
adət-ənənələrini, düşünən başlarını
biçə-biçə şimaldan
cənuba yayılırdı.
Bu fəlakət Azərbaycandan da yan keçmədi.
Milli dəyərlərimiz, min illər yol gələn sənətimiz,
şanlı keçmişimiz
ideologiyanın əsirinə
çevrildi.
Tar ittiham olunub yandırılır,
bədii əsərlər
mühakimə olunur, şairlər, yazıçılar,
sənətkarlar bir gecədəcə əlli-ayaqlı
“yoxa” çıxırdılar.
Poeziyamızın həmişəyaşıl budağı Mikayıl Müşfiq o zamanlar “oxuma tar, səni sevmir proletar!” - deyənlərə bütün qəlbi ilə belə cavab verirdi:
Oxu, tar! Oxu, tar!
Səni kim unudar?
O zamanlar dünyanın yaşı
qədər qədim olan aşıq sənəti də zamanın gedişatına
mat qalmışdı. Qurbaninin aşıq
ədəbiyyatında əbədi
çiçək kimi
bitirdiyi “Bənövşə”
qorxusundan ətrini itirirdi. Min illər
yol gələn zərif duyğular sovet ideologiyasının tırtılları altında
məhv olurdu.
Rusiya deyir, gəlin, girək yarışa,
Dəmir məndə, buğda dağı məndədir,
Ukrayna da ona cavab
verir ki,
Daş kömürün qara dağı məndədir.
Belə bir vaxtda olum
ya ölüm səhnəsində canından
keçənlər də
oldu, canından keçməyib canını
dişinə tutub yaşayanlar, yazanlar da:
Sən ellərin ürəyisən,
İstəyisən,
diləyisən,
Mərd oğullar biləyisən,
Can Moskva, can Moskva.
Kimsə ədəbiyyata dəxli
olmayan bu dırnaqarası sənət
nümunəsi ilə
canını qurtara bilərdi, bəs əsl sənətkar necə?
Təzə quruluş üzüyola
aşıqları yola
gətirsə də, əsl sənətkarları
yolundan döndərə
bilmədi. Şirvan aşıqlarının
atası sayılan Mirzə Bilalın yolu ölümdən keçdi.
Millət vəkili, professor Rafael Hüseynov Mirzə Bilalın həyatından
bəhs edən “Aşıq qanı” adlı olduqca dəyərli məqaləsində
yazır:
“1937-ci il iyulun 1-nə keçən gecə Mirzə Bilalın doqqazının qarşısında
maşın dayanır.
Külfət səsə oyanır.
Mirzə
Bilalı növbəti
toya dəvət etmək üçün gəlməmişdilər. Bu, vay maşını
idi.
Əslində Mirzə Bilal
çoxdan qara siyahıda idi. Onun söz deyən dili vardı. Başqaları susurdu, amma
Allah onu başqalarının
deyə bilmədiyini deməyə kökləmişdi.
Və
1933-cü ildə Aşıq
Bilalı salırlar
“kulak” siyahısına. Əlbəttə, bu, oyun idi, başa salırdılar ki, asanca tuta da
bilirik, buraxa da. Ağıllı olmaq lazımdır”.
Ancaq Mirzə Bilal haqq aşığı idi, kimsə onun ruhunu satın
ala bilməzdi:
Çəmənlər
qoynunda, güllər içində,
Mən səni çiçəklər
əlində gördüm.
Şəkəri,
badamı, noğulu, qəndi,
Ağzında, ləbində, dilində
gördüm.
Axır ki, əksinqilabi qüvvələrin cəbbəxanasını
təşkil etməkdə
suçlu bilinən Mirzə Bilalın evindən heç bir silah-sursat tapılmasa da, əsil “silahı” - Mirzə Bilalın əlyazmalarını, sazını
və özünü
aparırlar.
Qərar isə belə olur: “Güllələmək,
əmlakını müsadirə
etmək”.
Azərbaycan aşığını həyatdan məhrum etmək haqqındakı sənədin altında yenə də erməni imzasını görürük.
Dövlət təhlükəsizlik komissarı
Sumbatovun (Sumbatyan.
red.) əmri ilə güllələnmə hökmü
1937-ci il noyabr ayının 26-dan
27-nə keçən gecə
yerinə yetirilir.
Qan ağlayır tamam hər yan,
Tapılmamış
dərdə dərman,
Boran, çiskin, bu kor duman,
Bu dağdan aşırmı ola?
Divan da
dəyişdi, dövran
da. Qanlı qadalı illər
arxada qaldı. Üzdə olanlar, şirin həyat yaşayanlar yaddan çıxdı, yaddan çıxmayanlar Mirzə Bilal, sonrakı dönəmlərdə
sovet ideologiyasına boyun əyməyən Mikayıl Azaflı kimi ustadlar oldu.
Çünki Mikayıl
Azaflı da Mirzə Bilal kimi ürəyinin dediyini yazırdı:
Qoca qartal nə gəzirsən,
Dağlar qoynunda-qoynunda?!
Bala gördüm anasının
Ağlar qoynunda-qoynunda.
Professor Nizami Cəfərov yazır: “Aşıq sənətinin
çox ciddi problemləri olub. Xüsusilə də sovet dövründə aşıq
sənəti həddindən
artıq ideologiyalaşdırılırdı.
Aşıqlar sosializm, dünya
kommunizm hərəkatından
danışmağa başladılar.
Beləliklə, aşıq sənətində
bir az sünilik
yarandı”.
Könlüm coşub-daşır ilham içində,
Baxanda nur saçan
dövrana, Lenin.
Elədin elləri qüssədən
azad,
Əhsən olsun sənə
tək loğman,
Lenin.
Tənqidçi
Vaqif Yusifli isə yazır: “Mikayıl Azaflı da əksər klassik aşıqlarda olduğu kimi acı tale ilə üzləşib. Onun sevgilisi
əlindən alınmayıb,
necə deyərlər,
Məcnun kimi çöllərə düşməyib,
amma dırnaqarası xoşbəxt sovet quruluşunun haqsızlığına
məruz qalıb.
Şöhrətinin ən
parlaq çağında
Dövlət Təhlükəsizlik
Komitəsinin qara siyahısına düşüb,
dörd il
azadlıqdan məhrum
edilib. Amma onu susdura bilməyiblər. Sürgündə olanda da, yaşadığı
cəmiyyətin qüsurlarına
tənqidi münasibətini
dəyişməyib. Azaflının “Zindan şeirləri” Azərbaycan aşıq poeziyasında yenidir.
O, aşıq poeziyasının
ənənəvi obraz
və rəmzlərini
“Zindan şeirləri”nə
qatdı”.
Mən dustağa bir xəbər ver,
Açılıbmı yaz, ay bülbül?
Dərdim çoxdu, sənə deyim,
Qələm götür, yaz,
ay bülbül.
Həbsxana həyatı sənətkara
bir universitetdə qazanılacaq qədər təcrübə qazandırdı.
Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərinin ortasına qədər mətbuat üzünə
həsrət qalsa da, sonralar sənətkarın
“Qoca qartal”, “Qoca Azaflıyam” kitabları işıq üzü gördü və əl-əl gəzib dolaşdı:
Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə
balam.
Elə dərd varmı ki, çəkməmiş
olam,
Bax, onlar ağartdı
başımı mənim.
“Millətçi”
damğası ilə həbs olunan Mikayıl Azaflını dövran sındıra bilmədi. Zaman gəldi ki,
istedadı, sənətkarlığı
ilə Mikayıl Azaflı sənətinin Qoca Qartalı olduğunu sübut etdi.
Sovet dövründə repressiyaya, təqibə məruz qalan iki ustad sənətkarın
həyatından bəzi
məqamları nəzərinizə
çatdırdıq. Ancaq sovet təpkisinə məruz qalıb acı tale yaşayan neçə-neçə sənətkarlarımız
var ki, onları
da zaman-zaman yad edəcək, xatırlayacağıq.
Zaman axdı, vaxt
duruldu, gec də olsa, həqiqət
yerini tutdu. Hər iki sənətkar XX əsr aşıq sənətinin barmaqla sayılacaq ustadlarından
olub, aşıq sənətinin ən uca məqamında yer aldı. Neyləyək ki, haqqın
yolu bəzən ayrılıqdan, həsrətdən,
ölümdən keçir.
Ustadlara rəhmət!
Təranə Vahid
Mədəniyyət.-
2012.- 3 avqust.- S. 15.