Macarıstanlı türkoloq Naxçıvan Dövlət Universitetinə 300 kitab hədiyyə edib

 

   Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, dünya miqyasında tanınan türkoloq alim Georq Xazai şəxsi kitabxanasından 300-ə yaxın kitab və məcmuəni Naxçıvan Dövlət Universitetinə (NDU) hədiyyə edib.  

   Nəşrləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevə təqdim edən alim bu addımını son illərdə azərbaycanlı həmkarları ilə yaranmış sıx qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirib. Əksəriyyəti 1950-1980-ci illərdə Avropanın müxtəlif ölkələrində nəşr olunan kitablar müasir filologiya elminin, xüsusən də türkologiyanın aktual problemlərinə həsr edilib.

   Qeyd edək ki, bu, akademik Xazainin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafına ilk töhfəsi deyil. Ötən il o, şəxsi kitabxanasında saxlanılan 1000-ə qədər kitab, məcmuə, jurnal, habelə bir sıra əlyazmalarını təmənnasız olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına bağışlayıb.

   NDU-nun rektoru, akademik İsa Həbibbəyli birgə tədqiqatlar aparmaq, habelə tələbələr qarşısında türkologiya tarixinə və türk dillərinə dair mühazirələr oxumaq məqsədilə tanınmış macar alimini bu ilin payızında Naxçıvana dəvət edib.

 

 

    Mədəniyyət.- 2012.- 8 avqust.- S. 4.