GoMap.az portalına hər gün
5 mindən çox istifadəçi daxil olur
Portalda
Gürcüstanın xəritəsi də yerləşdirilib
GoMap.az
onlayn naviqator portalından istifadə edənlərin sayı
gün ərzində 5 min nəfərdən çoxdur. Bu barədə
qəzetimizə «Sinam» şirkətinin GoMap.az layihəsinin
meneceri Xaqani Nəsibov məlumat verib.
Onun sözlərinə görə,
bu rəqəm mövsümlə bağlı o qədər də
dəyişmir: «Portal Azərbaycanın bütün sahələrini,
o cümlədən turizm sahəsini əhatə edir. Portalda
obyektlərin böyük kataloqu yerləşdirilib. Kataloqda Azərbaycan
ərazisində olan 70 minə yaxın obyekt var. İstənilən
obyekti kataloqdan axtarıb tapmaq, onun haqqında məlumat almaq
mümkündür. Bunu həm portalın axtarış hissəsində
obyektin adını yazmaqla etmək olar, həm də «Müəssisələrin
kataloqu» funksiyasını işə salmaqla. Məsələn,
Azərbaycanın və yaxud Bakı şəhərinin hər
hansı bir rayonunda olan bankomatları, bankları,
mağazaları, dayanacaqları və s. bu qayda ilə tapmaq
mümkündür. Eyni qayda ilə şəhər sakini
öz yaşadığı ünvanın
yaxınlığında olan istənilən obyekt barədə
məlumat ala bilər. O, öz ünvanını xəritədə
tapır, «siçan»ın sağ düyməsini basdıqda
çıxan menyudan «Burada nə var» sətrini seçir və
«yaxınlıqda axtar» funksiyasının köməyi ilə ətrafdakı
bütün obyektlər barədə məlumat alır».
Artıq GoMap.az portalında
Gürcüstanın xəritəsi də var. Layihə
menecerinin sözlərinə görə, hazırda
Gürcüstanın ərazisi də daxil olmaqla, sistemdə 90
mindən çox obyekt haqqında məlumat almaq olar:
“Qonşu ölkənin ərazisi, yolları barədə məlumat
burada yerləşdirilib. Gürcüstanın 9 böyük
şəhəri barədə isə ünvan məlumatları
var. Gələcəkdə Türkiyə və Orta Asiya
respublikalarını, razılaşma əldə edilərsə,
hətta İranı da bu xəritəyə əlavə edəcəyik”.
Həmsöhbətimin bildirdiyinə
görə, portala dünyanın, demək olar ki, hər yerindən
müraciət edənlər olur. Hətta Ermənistandan da.
Amma 80 faiz istifadəçi hələ ki Azərbaycandadır.
Bundan başqa, Türkiyə, Rusiya, Böyük Britaniya və
digər ölkələrdən də giriş çoxdur.
İstifadəçilərin sayı günü-gündən
artır.
X.Nəsibov maraqlı bir məlumatı
da nəzərə çatdırdı ki, GoMap.az internet
resursunun mobil versiyasının texniki şərti də
hazırlanıb: “Yaxın vaxtlarda portalın mobil versiyası
da istifadəyə veriləcək. Bundan sonra mobil qurğular,
telefonlar və s. vasitəsilə də portaldan istifadə
mümkün olacaq. Bu zaman istifadəçilərimizin
sayı daha da artacaq».
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə «Sinam» şirkəti tərəfindən
hazırlanan və 2011-ci ildən istifadəyə verilən
GoMap.az naviqasiya portalına, Naxçıvan Muxtar Respublikası
da daxil olmaqla, ölkəmizin 70 şəhəri üzrə
ünvan məlumatı, 4530 yaşayış məntəqəsi,
3300 mədəni-tarixi abidə, 720 min bina və tikili, 43000 km
yol, 23770 kvadratkilometr yaşıllıq sahələri və
meşələr və digər məlumatlar daxil edilib.
Elektron xəritədə məlumatlar sxem və ya 3D
formatındadır. Mədəni-tarixi abidələr üzrə
fotolar və 3D virtual turlar da elektron xəritədə yerləşdirilib.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan
portaldakı elektron xəritə konkret ərazidəki hər
hansı bir tikilinin miqyasına qədər böyüdülə
bilər. Elektron xəritə həmçinin digər bu tip
sistemlərlə inteqrasiya oluna bilir. Xəritə üzərində
onlayn trekinq funksiyası da var. Onun vasitəsilə turist
marşrutlarının, turistlərin, dağ-xizək
zonalarında hərəkət edənlərin peyk izləmə
sistemi ilə müşahidəsi mümkündür. Həmçinin
fövqəladə hallar zamanı hadisə yerində
olanların koordinatlarını təyin etmək də olur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 8 avqust.- S. 5.