Müharibə, insan və ümid haqqında film
Dolu təbiət hadisəsidir,
yağışdan, qardan fərqli olaraq, qəfildən
yağır və qarşısına çıxan hər nə
varsa, məhv edir. Cəmiyyətin də öz dolusu var. Bu
müharibə adlı fəlakətdir.
Yazıçı-publisist Aqil Abbasın eyniadlı romanı əsasında
çəkilən “Dolu” bədii filmi Qarabağ mövzusunu
yenidən gündəmə gətirməklə yanaşı,
müharibə, insan və ümid haqqında ən
yaxşı ekran əsəri kimi yadda qaldı.
Film barədə təəssüratlarıma
keçməzdən əvvəl xatırlatmalıyam ki, “Dolu”
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında
çəkilib və ilk dəfə avqustun 2-də - Milli Kino
Günündə - Nizami Kino Mərkəzində
nümayiş olunub.
Ekran əsərinin
quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev,
rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad
Bülbüloğludur. Filmdə Fuad Poladov, Məmməd Səfa,
Fərhad İsrafilov kimi tanınmış aktyorlarla
yanaşı, kinoda ilk addımlarını atan gənclər
də çəkiliblər.
“Dolu” başlayır
Filmə ikinci baxış.
Ağzınacan dolu zal.
Bu filmi göz yaşlarsız seyr etmək mümkün deyil.…Çaşqın, qarışıq,
qorxulu bir tarix - 1991-ci il. Sovet imperiyası çöküb,
bu dağıntılar
altında Mərkəz
idarəetmə qabiliyyətini
itirib. Düşmən qapı ağzındadır.
Sadə,
əliyalın xalq ümidini “yuxarılara” bağlayıb. Vətənin bu başında torpaq davası, o başında kreslo davası gedir. İki cəbhənin fərqli insanları, iki döyüşün fərqli qəhrəmanları...
Mərmilər,
güllələr vətənə
yağır, bu vəziyyətdə düşmən
qarşısına kim çıxa bilər, kim sinəsini vətənə
sipər edər? Min illərin sınağıdır,
sadə xalqın qeyrətli oğulları.
Hərbiçilərdən və könüllülərdən
ibarət batalyon təpədən dırnağacan
müasir silahlarla silahlanmış düşmənlə
üz-üzə dayanır.
Ölüm qaçılmazdır, amma ölümə məhəl qoyan kimdir. Oğullar zəmi kimi
biçilir, qocalar, qadınlar, uşaqlar süngülərə keçirilir.
Qarabağ müharibəsinin gerçək səhnələri
“Dolu”da yenidən canlanır.
Uğur
ilk növbədə “Dolu” romanından başlayır.
Son illərdə, sözün yaxşı mənasında, böyük
səs-küyə səbəb
olan bu roman Qarabağ mövzusunda yazılan ən yaxşı əsər kimi dəyərləndirilir.
Çünki Qarabağ hadisələrinin
və döyüşlərinin
şahidi olan müəllif “Dolu”da müharibənin içində
baş verən reallıqları əks etdirir. Aqil Abbas özü bu barədə belə deyir: “Roman dünyanın ən varlı şəhərinin
erməni işğalçılarına
qarşı dirimsiz ölüm savaşı apardığı dövrdə
orada yaşayan, döyüşən insanların
yaşantılarını, həmin dövrdə ölkəyə rəhbərlik
edən məmurların
faciələrini əks
etdirir. Əslində bu qiyamət
günü idi, sağlığımızda gördük.
Romandakı obrazlar real insanlardır.
Mən onların heç birini özümdən qondarmamışam. Bizim Qarabağ
müharibəsində Komandir
kimi oğullarımız
azmı olub? O qədər Pələnglər
özlərini tankın
altına atıb ki... Mən müharibə vaxtı
olduğum cəbhə
bölgələrinin demək
olar ki, hamısında Drakona rast gəlmişəm.
Onları bir-birindən heç
nə ilə fərqləndirmək olmurdu.
Əslində bütün mərdlər
əkiz doğulurlar, elə əkiz də ölürlər”.
“Dolu”nun
ekran həllini çiyninə götürən
Elxan Cəfərov da rejissor yozumu
ilə “Dolu”nu dolğunlaşdırır. Bu səbəbdən Aqil Abbas: “Bu film rejissorundur, amma əgər tamaşaçı bəyənsə,
deyəcəm ki, mənim də payım var” - söyləməklə rejissorun
zəhmətini yüksək
dəyərləndirir. Elxan Cəfərov
filmdə böyük
döyüş səhnələrini,
xüsusilə zirehli texnika ilə hücum səhnəsini uğurla səhnələşdirməyi
bacarıb. “Dolu” müasir kino estetikasının tələblərinə cavab
verən formatda araya-ərsəyə gətirilib.
Rejissor film barədə belə deyir: “Son söz həmişə tamaşaçının
olub, bunu hər kəs bilir. Təkcə onu deyə bilərəm ki, bu sadə, klassik
üslubda çəkilmiş
yarıdöyüş, yarıpsixoloji
bir dramdır. Birinci növbədə məqsəd
və vəzifəmiz
nəinki bu mövzuda, digər mövzularda da istehsal etdiyimiz bütün filmlərlə
Azərbaycan tamaşaçısını
inandırmaq, onu yenidən kinoteatrlara cəlb etmək, həmişə olduğu
kimi, cəmiyyətin aparıcı mədəniyyət
qüvvələrindən birinə
çevirməkdən ibarətdir.
İnanıram ki, bu məqsədimizə nail olacağıq”.
Rejissorun düzgün aktyor
seçimi də “Dolu”nun daha bir
uğurudur. Əməkdar artist Məmməd Səfanın
oyandığı Komandir
rolu şübhəsiz
ki, kino salnaməmizdə yeni səhifə kimi yadda qalacaq. İndiyədək kinoda müxtəlif
obrazlar yaradan Məmməd Səfa bu rolu şərəfli
bir rol kimi
dəyərləndirir. Şərəfli rolu qeyri-adi
oyun tərzi ilə sevdirən isə Məmməd Səfanın oyunudur.
Müharibə gedən şəhərin
katibi rolunu oynayan Xalq artisti
Fuad Poladovun ifası da, həmişə olduğu
kimi, yüksək sənətkarlığı ilə
yadda qalır. Məğlub
olan şəhərin
başçısı sonda
öz faciəsini yaşayır. Əməkdar
artist Fərhad İsrafilov
milis rəisi, Rza Rzayev Drakon,
Elvin Əhmədov Pələng,
Oqtay Quliyev baza müdiri, Vaqif Səmədzadə Polyaniçko, Vüsal Murtuzəliyev Jurnalist, Gülzar Cəfərova Pələngin anası, Əməkdar artist Şamil
Süleymanov Müəllim
- bir sözlə, filmdə yer alan hər bir
aktyor öz rolunu məharətlə oynayır. Pələng və Drakon
obrazları Vətəninə,
torpağına bağlı
olan iki gəncdir. Qeyri-bərabər döyüşdə onların yaşantıları,
göstərdikləri fədakarlıq
yüksək vətənpərvərlik
nümunəsi kimi yeni nəsillərə təqdim olunur. Filmdəki yeganə qadın obrazı isə bütün şəhid analarının ümumiləşdirilmiş
simasıdır.
“Dolu”nun mükəmməl musiqisi
Qarabağ həm də musiqi beşiyidir. Bu torpağın adamlarına hava, su kimi musiqi də lazımdır. Özü də zövqlü musiqi. Deyəsən, filmin yaradıcıları bunu məxsusi olaraq nəzərə alıblar. “Dolu”ya məhz görkəmli bəstəkar, Xalq artisti Polad Bülbüloğlu musiqi yaza bilərdi. Necə ki, yazdı və film həm də dərdlərimizi ifadə edən musiqisi ilə yadda qaldı. Polad Bülbüloğlu «Dolu»nu belə dəyərləndirir: “Çox mükəmməl bir filmdir, həyəcan içərisində izlədim. Filmi güclü yaradıcılıq məhsulu kimi qiymətləndirmək olar. Burada hər şey mükəmməldir: ssenari, rejissor işi, aktyor oyunu. Mən «Dolu» filmini Azərbaycan kinematoqrafiyasında hadisə kimi qiymətləndirirəm. Böyük uğurdur”.
Bəstəkar filmdəki qonorarından da imtina edib: “Mən Qarabağ mövzusunda olan “Dolu” filminə bəstələdiyim musiqiyə görə qonorar ala bilməzdim. Vətən uğrunda son damla qanına qədər döyüşən igidlərimizin qəhrəmanlıqlarından bəhs edən əsərə musiqi yazmaq mənim borcum idi”.
Quruluşçu operatoru Nadir Mehdiyevin, quruluşçu rəssam Rafiq Nəsirovun, geyim rəssamı Elfira Hüseynovanın, rejissorlar - Əməkdar artist Ənvər Həsənov, Əliqulu Səmədovun, redaktor Ramiz Fətəliyev və icraçı prodüser Nadir Əliyevin də xidmətlərini qeyd etməliyik. Bütövlükdə, “Dolu”nun yaradıcı heyəti filmdə, sözün əsl mənasında, fədakarlıqları ilə milli kinomuzun inkişafına öz töhfələrini verdilər.
Və filmin sonu haqqında son söz
...İllər
keçib. Yaşa dolmuş
komandir yenidən məğlub olmuş şəhərə qayıdır.
Heç
bir qadağa onu dayandıra bilməz. O, Vətəni
ikiyə bölən sərhədi keçir. Ruhlar Vətənə qayıdır...
...Qarabağa həmişə dolu yağmayacaq, gec-tez hava açılacaq, gün çıxacaq, biz
də o torpağa qayıdacağıq. “Dolu” tək müharibə haqqında deyil, həm də ümid haqqında filmdir. Kinoşünas Aydın Kazımzadənin dediyi kimi: “Gözəl filmdir. Finalda böyük bir
ümid işığı
var”.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 8 avqust.- S. 6.