İncə
barmaqların sehri
Balaca Nazxanım 3 yaşında ailəsi
ilə birlikdə Moskvaya köçəndə Bakının
dəli küləyini, cırhacır istisini, Xəzərin
şıltaq dalğalarının
pıçıltılarını da öz yumruğu boyda
olan ürəyində aparmışdı. Bəlkə də
soyuq şəhərdə bu kiçik qızcığazı
musiqiyə, sənətə meylli edən də cənub şəhərindən
qəlbində gətirdiyi istilik olmuşdu.
Nazxanım Firudin qızı
Dadaşova 1996-cı ildə Bakı şəhərində
doğulub. 6 yaşında Moskvada Stravinski adına Uşaq incəsənət
məktəbinin fortepiano sinfinə daxil olub. Təhsilinin ilk
illərindən istedadı və bacarığı ilə digərlərindən
seçilir. Müsabiqə və festivallarda hələ ilk
addımlarını atmasına baxmayaraq, böyük müvəffəqiyyətlər
qazanır. Bu günə kimi Y.Fliera adına beynəlxalq
müsabiqə-festival, “Ustadlığın pillələri” gənc
pianoçuların IX Moskva müsabiqəsi, L.Vlasenko adına
pianoçuların X açıq yubiley müsabiqəsi,
“Canlı Musiqi” beynəlxalq musiqi festivallarının
laureatı olan Nazxanımın uğurları, müəllimləri
ilə yanaşı, Rusiyadakı səfirliyimizin də diqqət
mərkəzindədir.
Səkkiz
yaşında çox böyük çətinliklə
valideynlərini razı salıb skripka ilə də məşğul
olmağa başlayır. Bunun üçün
yaşının gecikməsinə baxmayaraq, bacarıqla alətin
sirlərinə yiyələnərək Nazxanım
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının nəzdindəki uşaq musiqi məktəbinə
qəbul olunur. 2009-cu ildə arzularının ardınca gedən
Nazxanım Moskva Dövlət Konservatoriyasının mərkəzi
musiqi məktəbinin 6-cı sinfinə daxil olur. 2010-cu ildə
isə Nazxanımın uğurlarının sədası
artıq doğma Bakıya da gəlib çatmışdı.
Həmin il dövlət başçısı İlham Əliyevin
sərəncamı ilə Nazxanım Dadaşovanın adı
Azərbaycanın gənc istedadlarının “Qızıl
kitabı”na salınır və o, Prezidentin xüsusi aylıq
təqaüdünə layiq görülür. Həmin il
Bakıda keçirilən Q.Qarayev adına pianoçuların
beynəlxalq müsabiqəsində I yerə imza atır.
2012-ci ildə isə Parisdə keçirilən N.Rubinşteyn
adına pianoçuların XI beynəlxalq müsabiqəsinin
qalibi olur.
Nazxanım respublikamızda
keçirilən konsert və tədbirlərdə də
mütəmadi olaraq iştirak edir. Ulu öndər Heydər Əliyevin
anım günlərində təşkil edilən konsert
proqramlarında, dahi musiqiçilərimiz Ü.Hacıbəyli
və Niyazinin yubiley gecələri ilə yanaşı, həmçinin
xarici ölkələrdə təşkil edilən Azərbaycan
Mədəniyyəti Günləri və digər konsertlərdə
onun ifası musiqi ictimaiyyəti tərəfindən
böyük rəğbətlə qarşılanıb. 2011-ci
ildə Niyazinin ev-muzeyində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti
Muzeyinin təşkil etdiyi musiqi gecəsində Nazxanım
maestronun “Şur rəngi” və “Prelüdiya”sını məharətlə
ifa etmişdi. Gənc pianoçunun barmaqlarının
yaratdığı əsrarəngiz sehr konsertə təşrif
buyuranların ürəyinə bulaq kimi axaraq bu günə qədər
yaddaşlarda qalmışdır.
Bundan əlavə, gənc
istedadımızın bəstəkarlıq qabiliyyəti də
diqqətdən kənarda qalmamışdır. Onun maestro
Niyaziyə, vətəni Azərbaycana həsr etdiyi şeirləri
isə mütəmadi olaraq tədbirlərdə səslənir.
Hazırda 8-ci sinifdə təhsilini davam etdirən Nazxanım
bu günlərdə Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən IV Qəbələ Beynəlxalq Musiqi
Festivalının da qonağı olub. O, festival çərçivəsində
iyulun 27-də “Qafqaz Resorte” hotelinin kamera zalında keçirilən
“Yeni adlar: Debüt” kamera musiqisi axşamında Q.Qarayevin və
dünya bəstəkarlarının klassik əsərlərini
böyük müvəffəqiyyətlə ifa edib.
Nazxanım Qəbələ
festivalı barədə təəssüratını və
yaradıcılıq uğurları haqqında fikirlərini
bizimlə bölüşdü: “Ən böyük arzum Qəbələ
musiqi festivalında iştirak etmək idi. Bu il arzum yerinə
yetdi. Festivalın təşkili və ab-havası çox
gözəl təsir bağışladı. Festivalın
iştirakçıları arasında sənət haqqında
fikir mübadiləsi, ünsiyyət də səmimi və
xoşdur. Bu günə kimi təhsilimdə və iştirak
etdiyim müsabiqələrdə Heydər Əliyev Fondunun
köməyini həmişə hiss etmişəm. Fondun
Moskvadakı nümayəndəliyinin rəhbəri Leyla
xanım Əliyeva hər zaman bizə dəstək olur. Bundan əlavə,
Ümumrusiya Azərbaycan Konqresi və Rusiyadakı səfirliyimiz
də mütəmadi olaraq yaradıcılığımla
maraqlanır və lazımi köməkliyi əsirgəmirlər.
Öz yaşıdlarıma demək istərdim ki, bu sahədə
irəli getmək üçün əməksevərlik, arzu
və istəyin olması vacibdir. İstək və məqsəd
oldusa, insan öz arzusuna çata bilir. İnanıram ki, bundan
sonra da vətənimin adını hər zaman uca tutub onun
musiqisini, sənətini dünya arenasında layiqincə təmsil
edəcəyəm”.
L.Azəri
Mədəniyyət.-
2012.- 8 avqust.- S. 7.