Bakı Estrada Teatrı: ilk addımların sevinci

 

Son dövrlər dövlətin, mədəniyyətin bütün sahələri kimi, teatrın da inkişafına göstərdiyi diqqət qayğı bu sahədə canlanma yaradıb. Səhnə sənətimizdəki yeniləşmə, yaradıcılıq axtarışları yeni teatr kollektivlərinin yaranmasına da təkan verib. Onlardan biri Bakı Estrada Teatrıdır. İki il əvvəl yaranan kollektivin fəaliyyəti, yeni mövsümə necə hazırlaşması barədə teatrın rəhbəri Vüqar Əbdülovla H.Sarabski adına mədəniyyət evində görüşüb söhbət etdik.

- Estrada teatrı ideyası necə yarandı? İndiyədək hansı tamaşaları hazırlamısınız?

- Estrada teatrı teatrla estrada janrının sintezidir. Belə bir teatrın nümunəsi vaxtilə Xalq artistimiz Hacıbaba Bağırovun yaratdığı Tənqid-Təbliğ Teatrı olmuşdur. Biz bu səpgidə teatr yaratmaq istədik. Bu günün tamaşaçısı üçün nəzərdə tutulan, müasir həyatda baş verən hadisələri özündə əks etdirən bir teatr. Bu gün əsl sənət səhnə ilə şou arasında qalıb. Tanınmış sənətkarlarımız bu gün toylarda çıxış etməyə məcburdurlar. toyda dinlədiyimiz həmin sənətkarlar, sözsüz ki, səhnədə izlədiyimiz kimi çıxış etmirlər. Bir sənətkar məcburdur ki, iki ampluada çıxış etsin.

Kollektiv ilk tamaşasını keçən il təhvil verdi. Tamaşa belə adlanırdı: Toy Nazınındır. Konsert-tamaşa üslubunda hazırlanmış ilk işimizdə indiki toyların vəziyyətini göstərməyə çalışmışdıq. Hazırda Of Fon əməliyyatı adlı yeni tamaşa hazırlayırıq. Onu da deyim ki, H.Sarabski adına mədəniyyət evində bizdən savayı bir neçə kollektiv fəaliyyət göstərir. Düzdür, elə bir əlverişli şəraitimiz olmasa da, çalışırıq ki, bütün gücümüzlə işləyək. Məqsədimiz yeni tamaşalar üzərində işləyib, Bakı Estrada Teatrını gözəl teatrlardan birinə çevirmək tanıtmaqdır.

- Necə düşünürsünüz, bu gün bizdə belə bir teatra, hazırladığınız tamaşalara tələbat varmı?

- Bakı Estrada Teatrının tamaşalarına tələbat qədər çox olarsa, bizim tamaşaların sayı da bu baxımdan ilbəil artar. Biz Parni iz Baku, Bu şəhərdənin konsertlərinə nəzər salsaq görərik ki, onlara xalqın tələbatı qədər çoxdursa, bir o qədər konsertlərə ehtiyac var. Biz mütəmadi işləsək, yəqin ki, teatrın gələcəyi bir o qədər yaxşı olar. Çünki estradanın içərisində parodiya da var, musiqi, ifa, plastika, rəqs s. hamını özündə cəmləşdirə bilir. Teatrımız ayda bir dəfə yığcam konsert vermək qabiliyyətinə malik kollektivdir.

- Kollektiviniz əsasən gənclərdən ibarətdir. Onların aktyorluq imkanları necədir?

- Kollektivimiz 25 nəfərdən ibarətdir. 18 aktyor ştatımız var. Gənc olsalar da, hər biri aktyorluq ixtisası üzrə ali təhsil alıb, hər biri bacarıqlı və istedadlıdır. Bundan əlavə, çox gözəl rəqs qrupumuz var. Biz hər hansı bir milli rəqsimizin həm səhnə variantını, həm də məişətdə, yəni el şənliklərində rəqqaslar tərəfindən deyil, adi vətəndaşlar tərəfindən rəqs variantını göstəririk. Ümumilikdə kollektivin imkanları böyükdür. Bizim teatrın rəqs qrupuna dəstək olsa, bu uşaqlar heçAnadolu Atəşindən pis rəqs etmirlər. Bu gün uşaqlar bir çox televiziya kanallarına, yeni çəkilən seriallara, eləcə də el şənliklərinə dəvət alırlar. Onu da deyim ki, hazırladığımız rəqslər maraqla qarşılanır. Düzdür, bu rəqslər tam səhnə rəqsləri olmasa da, kütlənin (xalqın) içindən çıxıb və biz bu rəqsləri göstərməyə çalışmışıq.

- Bəs qınaq obyektinə çevrilməkdən çəkinmirsiniz?

- Hər dövrün öz tələbi var. Əgər əsrin əvvəllərində dahi aktyorlarımız xarakterik komik rollar oynayıb insanları düşündürürdülərsə, bu gün insanları bu janr az maraqlandırır. Müasir dövrdə hadisələrin psixoloji tərəfi deyil, situasiyası daha maraqlıdır. Heç kimin iki saat oturub tamaşaya baxmağa hövsələsi qalmayıb. Bu gün tamaşaçı qısa zaman kəsiyində nəticə görmək istəyir. Bizöz repertuarımızda bu tip səhnələrə üstünlük verməyə çalışırıq. Düşünürük ki, canlı musiqi ilə təmasda olan tamaşalar hazırlayaq. Bu səpgili ardıcıl proqramlar təşkil etmək istəyirik. Hazırladığımız yeni tamaşa da müasir mövzudadır. Bu günümüzlə tam səslənən, zamanın nəbzini tutan mövzudur. Tam açıqlamaq istəməzdik, amma inanırıq ki, böyük tamaşaçı marağına səbəb olacaq.

 

Lalə

 

Mədəniyyət.- 2012.- 8 avqust.- S. 7.