O, özünə
inanır, tək özünə arxalanırdı
Doğru
deyiblər ki, ailə dövlət içində kiçik
bir dövlətdir. Seyidovlar-Seyidzadələr ailəsi
böyük və tanınmış nəsildir.
İndiki
Ermənistan ərazisindəki Qəmərli kəndində
yaşayan ətriyyatçı Seyid Məhəmməd el
içində yaxşı tanınırdı. 1907-ci ildə
onun övladları İrəvan şəhərinə
köçür. Lakin 1918-ci ildə şəhərdə
baş verən qırğın azərbaycanlıların dinc
həyatını pozur. Erməni millətçilərinin vəhşiliklərinin
həddi-hüdudu yox idi. Bir çox ailələr kimi Seyidzadələr
də doğma yurd-yuvalarından qaçqın
düşürlər. Onların bir hissəsi Türkiyəyə,
digər hissəsi isə Tiflis şəhərinə gedir.
Qardaşlardan biri - məşhur Azərbaycan kinorejissoru
Hüseyn Seyidzadənin atası, I gildiya taciri Mir Əli xəstələnib
dünyasını dəyişir. Onu Qarsda torpağa
tapşırırlar. Onun uşaqları - Həsən,
Hüseyn və Cəfər (Cəfər 5 yaşında vəfat
edib), Zəhra və Həqiqət əmiləri, II gildiya
taciri Mir Qasım Seyidovun himayəsində qalır. Mir
Qasımın ailəsi də böyük idi. Oğlanları
- Mir Məmməd, Mir İbrahim və Bağır 20-ci illərin
ortasında ailəliklə Bakıya köçürlər.
Burada istər Mir Əlinin, istərsə də Mir
Qasımın ailələri işlə təmin edilir, onlar
elmlə məşğul olmağa başlayırlar.
Bu məqalədə
Azərbaycanın Əməkdar mədəniyyət
işçisi, respublikanın qocaman jurnalistlərindən biri,
milli kino sənətinin, mədəniyyətimizin
inkişafında böyük xidmətləri olmuş ictimai
xadim, diplomat, xeyirxah əməllər sahibi Bağır Mir
Qasım oğlu Seyidzadə haqqında söhbət
açacağıq.
* * *
Bağır Seyidzadə 1912-ci il avqustun 9-da qədim Azərbaycan
şəhəri olan İrəvanda doğulmuşdur.
Kiçik yaşlarından zəhmətə qatlaşan bu
yeniyetmə oğlan 14 yaşı tamam olanda V.İ.Lenin
adına Bakı Toxuculuq Fabrikində əmək fəaliyyətinə
başlayır. Lakin oxumaq, savadlı insan olmaq fikri gənci
bir an da olsun rahat buraxmırdı. Düzdür, ailə Tiflisdə
yaşayanda o, ibtidai təhsil almışdı. Amma ali təhsil
almaq onun ən böyük arzusu idi. Elə bu həvəslə
də Bağır 1926-cı ildə axşam işçi
fakültəsində (rabfak) oxuyur, gündüzlər isə
fabrikdə işləyirdi. 1926-cı ilin sonunda o, komsomola daxil
olur. Yaxşı oxuduğuna görə 1928-ci ildə
işçi fakültəsində ona təqaüd verilir və
o, işdən azad olunur. 1930-cu ildə Bağır
işçi fakültəsini bitirir və bir neçə ay
“Kəndli” qəzetində işləyir.
1930-cu ildə
Azərbaycan Sənaye İnstitutuna daxil olur. Burada neft
texnologiyası fakültəsində neft emalı sahəsində
mühəndis-texnoloq ixtisası üzrə təhsil alır.
İnstitutda oxuyarkən 1932-ci ildən eyni zamanda “Gənc
işçi” qəzetində tərcüməçi,
buraxıcı, şöbə müdiri, məsul katib, redaktor
müavini, redaktor işləyir.
1940-cı ildə Bağır müəllim
Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin
üzvü, sonra təbliğat və təşviqat üzrə
MK katibi və büro üzvü seçilir. 1943-1944-cü
illərdə Azərbaycan komsomolu MK-nın ikinci katibi işləyir.
Həmin vəzifədə olarkən gənclərin tərbiyəsi
ilə bağlı böyük iş aparır.
Böyük Vətən müharibəsi illərində
dəfələrlə döyüş cəbhələrində
olur, ədəbiyyat və incəsənət xadimlərinin əsgərlərlə
görüşlərini təşkil edir. O, harada işləyirdisə,
özünü bacarıqlı və prinsipial işçi, təcrübəli
təşkilatçı kimi göstərirdi.
Uzun illər
B.Seyidzadə respublikada rəhbər vəzifələrdə
çalışmışdır. Moskvada Ali Diplomatiya
Kurslarını bitirdikdən sonra İranda (Cənubi Azərbaycanda),
Makuda SSRİ-nin konsulu, sovet hərbi hissəsində komissar
işləmiş, 1948-ci ilin mart ayından Təbriz şəhərində
SSRİ baş konsulunun vəzifəsini icra etmiş, bu çətin
və mürəkkəb işin öhdəsindən
bacarıqla gəlmişdir. Cənubi Azərbaycanda milli
hökumətin qurulmasında onun böyük xidməti
olmuşdur. Təsadüfi deyil ki, Bağır müəllim
milli hökumətin ali mükafatı - “21 Azər” medalı
ilə təltif edilmişdir.
1948-ci ilin
dekabrında İrandan qayıdır. 1949-cu ilin fevral ayında
Bağır Seyidzadə Azərbaycan kinematoqrafiya naziri vəzifəsinə
təyin olunur. Bu elə bir dövr idi ki, Sovet İttifaqı
müharibənin törətdiyi fəsadları aradan
qaldırmaq, bərbad hala düşmüş xalq təsərrüfatını
bərpa etməklə məşğul idi. Respublikanın əksər
kinoteatrlarında, xüsusilə rayon mərkəzlərində
kino baxışlarının keyfiyyəti aşağı idi.
Bir çox kənd və rayon kino qurğularında ekran yox idi.
Kinomexaniklər çatışmadığına, elektrik
enerjisi olmadığına görə, bir sıra
kinoqurğular işləmirdi. Kinematoqrafiya Nazirliyi yerlərdə
kino şəbəkəsinin işindəki nöqsanları
operativ olaraq aradan qaldıra bilmirdi.
Kinolent
qıtlığı bütün ölkədə bədii filmlərin
istehsalına imkan vermədiyi üçün Azərbaycanda əsasən
sənədli filmlər çəkilirdi. İxtisaslı
kadrlar çox az idi. Bədii filmlər üçün
ssenarilər demək olar ki, yazılmırdı, yazılanlar
da zəif olurdu. 1948-ci il martın 13-də “Sovetskoe iskusstvo” qəzeti
(Moskva) Bakı kinostudiyasında istehsal olunan sənədli
filmlərin keyfiyyətinin çox aşağı olması
barədə “Bakı” kinostudiyasında “yerli” və “ittifaq”
filmləri” başlıqlı tənqidi məqalə dərc
etmişdi.
Belə bir
vəziyyətdə olan respublikada kino işinə rəhbər
təyin olunan B.Seyidzadə əvvəlcədən bu sahəyə
yaxından bələdliyi olmasa da, qısa vaxt ərzində nəinki
kinematoqrafı öyrənir, problemlərin aradan
qaldırılması üçün əlindən gələni
əsirgəmirdi.
Bağır
Seyidzadənin kinoda işlədiyi dövrdə iş rejimi belə
idi: səhər saat 9.00-dan 18.00-a qədər işdə
olmaq, 18.00-dan 21.00-a qədər evdə istirahət, saat
21.00-dan gecə saat 3-ə qədər yenidən işdə
olmaq. İş rejimi ağır idi. Amma başqa çarə
yox idi. Çünki iş başdan aşırdı, onun
öhdəsindən gəlmək lazım idi və o, bu
işi həvəslə görürdü.
O, ilk
növbədə əhaliyə kino xidmətini
yaxşılaşdırmaq üçün şəhər və
rayonlarda, hətta ən ucqar kəndlərdə belə
kinolaşdırma işinə diqqəti artırır. Bundan
başqa, yeni nazirin üzərinə Bakı kinostudiyasında
filmlərin istehsalında yaxşılığa doğru
dönüş yaratmaq vəzifəsi də qoyulmuşdu.
Azərbaycan
K(b)P MK Bürosunun 1949-cu il aprelin 16-da keçirilən
iclasında “Kinolaşdırmanın vəziyyəti və
respublika əhalisinə kino xidmətinin
yaxşılaşdırılması üzrə tədbirlər
haqqında” məsələ müzakirə edilmiş, MK-nın
qərarında kinematoqrafiya naziri B.Seyidzadəyə bir vəzifə
olaraq tapşırılmışdı ki, qısa müddətdə
mövcud nöqsanları aradan qaldırmaq və respublikada
kino işini yaxşılaşdırmaq üçün təcili
tədbirlər görsün. Sonrakı illər göstərdi
ki, kinematoqrafiya nazirinin səyi və bacarığı öz
bəhrəsini verməyə başladı: problemlər
qısa müddətdə yoluna qoyuldu, işdə
dönüş yaranmağa başladı. Belə ki, təkcə
1949-cu ildə 68 yeni kinoqurğu, o cümlədən 4 şəhər
kinoqurğusu, 64 səyyar kinoqurğu istismara verildi.
Bağır müəllimin nazir olduğu dövrdə
Bakı kinostudiyasında “Bakının işıqları” bədii,
“Böyük yol”, “Hədiyyə xalçası”, “Quba
bağlarında”, “Tərtərçay vadisində”, “Mingəçevir”,
“Sovet Naxçıvanı”, “Yeni həyat qurucuları”, “Əməyə
eşq olsun!”, “Gədəbəyin sərvəti”, “Abşeronun
ocaqları”, “Səhər nəğməsi”, “Sovet Azərbaycanı”
(bu film 1951-ci ildə Kannda (Fransa) IV beynəlxalq kinofestivalda
elmi-kütləvi və pedaqoji filmlərə görə
münsiflər heyətinin xüsusi mükafatını
almışdı), “Azərbaycanın müalicə
ocaqları”, “Elmlə dostluq şəraitində”, “Arazın
sahillərində”, “Gözlərinizi qoruyun”, “Xəzər
neftçiləri haqqında dastan” və s. sənədli və
elmi-kütləvi filmlər yaradılmışdır.
“Xəzər
neftçiləri haqqında dastan” filmi 1953-cü ilin
istehsalı olsa da, onun çəkiliş üçün
plana salınması və çəkilişin
başlanması Bağır müəllimin nazir olduğu
dövrə təsadüf etmişdir. Dünyada ilk dəfə
dənizin dibindən neft çıxarmağa başlayan
Bakı neftçilərinin əmək qəhrəmanlığından
bəhs edən 6 hissəli film B.Seyidzadənin gündəlik
nəzarəti altında idi. O, təşkilati məsələlərin
həllində yaradıcı qrupa əlindən gələn
köməkliyi əsirgəmirdi.
Bu bədii-sənədli
film ekranlarda göstəriləndən sonra böyük
uğur qazandı. Bundan ruhlanan yaradıcı qrup 1959-cu ildə
Azərbaycanın fəhlə sinfinin əmək hünəri
haqqında poetik kinohekayə olan “Dənizi fəth edənlər”
adlı irihəcmli film yaratdı.
1960-cı
ildə “Xəzər neftçiləri haqqında dastan” və
“Dənizi fəth edənlər” bədii-sənədli filmlərinə
görə yaradıcı qrupun bir neçə üzvü
Lenin mükafatına (sovet dövründə bu ən yüksək
mükafat hesab olunurdu) layiq görülmüşdür.
Sonradan
B.Seyidzadə Azərbaycanın mədəniyyət nazirinin
müavini oldu. Bu sahədə də eyni həvəslə,
vicdanla işlədi, istedadlı təşkilatçı və
bacarıqlı rəhbər işçi olduğunu bir daha
göstərdi.
Hələ
tələbə ikən B.Seyidzadə jurnalistikada ilk
addımlarını atmağa başlamışdı. Sonralar
bu sahə onun həyat amalına çevrildi. İstedadlı
jurnalist olaraq o, qısa vaxt ərzində respublikamızda qəzet-nəşriyyat
işinin bilicisi kimi tanındı. Mədəniyyət
Nazirliyinin Poliqrafiya və nəşriyyat idarəsinə rəhbərlik
etdi. Azərbaycan radiosunda işlədi. Ömrünün son
illərində Azərbaycan Teleqraf Agentliyində (indiki AzərTAc)
sədr müavini vəzifəsində
çalışdı, eyni həvəslə jurnalist və tərcüməçilik
fəaliyyətini davam etdirdi.
B.Seyidzadə
1967-ci ildə mədəniyyət sahəsindəki xidmətlərinə
görə Azərbaycanın “Əməkdar mədəniyyət
işçisi” fəxri adına layiq
görülmüşdür. O,
yaradıcılığının ən məhsuldar
dövründə, 56 yaşında vəfat etmiş və
Bakıda Fəxri xiyabanda torpağa
tapşırılmışdır.
Ensiklopedik
biliyə malik olan Bağır Seyidzadə gözəl insani
keyfiyyətləri, yüksək ziyalılığı,
dostluğa sədaqəti ilə hamının dərin
hörmətini qazanmışdı. Onu tanıyanlar bu gözəl
insanı hörmət və ehtiramla, dərin minnətdarlıq
hissi ilə xatırlayırlar.
Xalq
yazıçısı Qılman İlkinin xatirələrindən:
“Vaxtilə respublikanın bir çox mədəni müəssisələrində
çalışmış, yüksək vəzifələr
tutmuş Bağır Seyidzadə, sözün əsl mənasında,
gözəgörümlü ziyalılardan olmuşdur.
Ziyalılıq qisməti elə bil boynuna biçilmişdi. Təbiət
ondan heç bir şeyi əsirgəməmişdi:
vüqarlı qaməti, boy-buxun, nurlu sima, iri qara gözlər.
Daxili gözəlliyi: böyük qəlbi, nüfuzlu
baxışları, həyati durumu onu hamının nəzərində
ucaltmışdı. O, bütöv adam idi. Bu söz gərək
qəribə görünməsin. Yarımçıq adamlar
çoxdur. Bütövlük isə mərdlik əlamətidir...”.
Əməkdar
mədəniyyət işçisi Ənvər Quliyev: “Bir həqiqət
danılmaz və şəksizdir: ictimai-siyasi ədəbiyyat tərcüməsi
yaradıcılıqdır, zəhmətli, ağır bir
işdir. Dəqiq elmlərə çox yaxın olan
ictimai-siyasi ədəbiyyat tərcüməsi həvəs,
iradə, dözüm, hövsələ tələb edir. Bu mənada
Bağır Seyidzadə Azərbaycan Teleqraf Agentliyi
üçün əsl tapıntı idi. Tərcümə
şöbəsinin müdiri və direktor müavini işlədiyi
illərdə Bağır müəllim inzibati məsələləri
sahmanlamaqla yanaşı, yeri gələndə nömrəlik
materialların tərcüməsində və redaktəsində
şövqlə iştirak edər, bizi darda qoymazdı. Onun
leksikonunda “bilmirəm”, “bacarmıram” sözləri yox idi, o,
“canlı ensiklopediya” idi.
Əməkdar
jurnalist Elmira Əliyeva: “Jurnalistikamızın ağsaqqalı
Qulam Məmmədlinin Bağır müəllimin qızı
ilə söhbətində etiraf etdiyinə görə, əgər
Bağır olmasaydı, onun işləri müşkülə
düşə bilərdi. Sən demə, onun məqalələrində
hansısa məqam respublikanın o vaxtkı rəhbərliyinin
xoşuna gəlməyib, onun yazılarına sərt qadağa
qoyulur və təbii ki, gözdən düşənlər
siyahısına salınan müəllif faktiki olaraq işsiz
qalır. O vaxt Bağır Seyidzadə ona demişdi: “Bilirsən
nə var, ürəyinə salma. Gəl, belə edək, sən
yaz, mən də onları öz adıma çap etdirib
qonorarını sənə verərəm”.
Bağır müəllim bu sözləri deyib qurtarana qədər
onun etibardan düşmüş qələm yoldaşı elə
qorxuya düşür ki, boylana-boylana qalır: eşidən
olmadı ki... bax, belə insanlar var idi...”
Çətin,
kəşməkəşli, lakin şərəfli bir
ömür yaşamış nəcib və xeyirxah insan
Bağır Seyidzadənin həyatı doğma Vətəninə
və xalqına yüksək xidmət, ələlxüsus gənclərə
örnək nümunəsidir. Belə məqamda böyük
şairimiz Səməd Vurğunun bu sətirləri bir daha
yada düşür:
Ölüm
sevinməsin qoy, ömrünü vermir bada
El qədrini
canından daha əziz bilənlər.
Şirin
bir xatirə tək qalacaqdır dünyada
Sevərək
yaşayanlar, sevilərək ölənlər...
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.- 2012.- 8
avqust.- S. 10.