Dadlı
sənət məhsulları - fırça ilə
“yetişdirilən”, gözlə, zövqlə ”yeyilən”...
Bunlar bizim doğma sənət
bağbanımıza məxsusdur. Surətcə də portret
görklü Toğrula aiddir. Yaşamca çoxünvanlı,
sənətcə həryerli, doğum-milliyyətcə azərbaycanlı
Toğrula. Sirli-sehrli fırçasıyla bu dünyanı bu
dünyanın özü kimi fırladan, şanlı Vətənini
hələ təsis edilməmiş “Bəşər TV” ilə
“canlı yayım”layan Toğrul Nərimanbəyova!
Hələ əlli il əvvəl
yaratdığı “Nar” natürmortunu qırx il öncə -
tələbəlik illərimizdə ilk dəfə görəndə,
dedik, yəqin bu qıpqırmızı narların al
qırmızı gilələri də özləri kimi ləzzətli,
Nargilə qızlarımız, Qaragilə gəlinlərimiz
kimi məlahətli, dünyanın bütün brendlərindən
“made in Planet”lidir!
Deməzsizmi, elə “surətcə
portret görklü” deyimim də o vaxtlara məxsusdur. Biz Bəhlulzadə
ilə Toğrul Nərimanbəyovun sifətlərini canlı
portretə bənzədirdik. Hələ onların sənət
baxışlarını, digər xarakterik keyfiyyətlərini
də müxtəlif rənglər üzrə təsnifatlaşdırır,
mübahisə-müzakirələrimizdə ikisinin birlikdə
və hər birinin ayrı-ayrılıqda xəyali portretlərini
yaradırdıq. İndilikdə isə, təbii, bu ayın bu
günlərində doğulmuş Toğrul Nərimanbəyov
haqda.
Onun rəngləri çox,
hamısını yazı meydanına çəkmək isə
qeyri-mümkün. Hələ bunlar azmış kimi, birini də
özümdən “icad” etmişəm: mənsubiyyət rəngi...
Bu
rəngin tərkibi?
Bu zəngin, bu ərşi-əngin
rəngin tərkibi yanar can, qaynar qan! Yuxarıda işlətdiyim
bir qədər abstrakt anlamlı epitetlər içərisindəki
“hər yerli” ifadəsinə dair müxtəsərcə bir sərf-nəzər.
Yeri gəlmişkən, bu mükəmməl abstraksionizm
ustadı haqda danışıb-yazarkən də
abstraktçılıqdan, sözün
qanad-fanatçılığından qaçmaq olmur: fikir, təfəkkür,
sənətkarlıq zirvələrinin elə bir həddi də
var ki, insan ora (ona) çatanda hər hansı bir
coğrafi-toponimik məkana, etnik qrup-topluma sığmır.
İnsan haralı yox, hər yerli olur, özünü
bütün dünyalı hiss edir, Özünü kimlərəsə,
hansısa zümrəyə, xalqa, millətə mənsub təki
deyil, Xaliqin “ol!” hökmü ilə yaranmış cəmi-ümmətə
mənsub sayır.
Bir sözlə, kökəncə
şuşalı, doğumca bakılı, vətəndaşlıqca
ikili (Azərbaycan, Fransa), düşüncə-daşıncalıq,
vəsfi-sənətdaşlıq, qloballıq,
heyrandaşlıqca dünyəvi olan Toğrul Nərimanbəyovu
təkcə “öz rəngimiz”də görmək, təsəvvür
etmək qeyri-mümkün.
Hərdən təkrarçılığın
özü də yepyenilik kimi çıxır. Budur, elə məqamlardan
biri: bu təkrarsız yaradıcının sir-sifəti
böyük Yaradanın qələmiylə çəkilmiş
tanrısal portretə - rəsm əsərinə bənzəyir.
Düzdür, bütün dahilərin yaratdığı
bütün surətlər Allahın yaratdıqlarının
yanından yel olub ötə bilməz. Amma ulu Tanrının
yaratdığı milyardlarla fərdilik, fərqlilik, rəngarənglik
içərisində özünə hamıdan bir köynək
yaxın dahilərin yaratdıqlarına bənzəri də
olur. Özü də bu kişi daha çox - lap qədimlərdə
adına “Günəş” dediyimiz, dünyanı gəzib-dolaşıb
üstümüzə “quaş” assimilyasiyası ilə
qayıtmış rənglə rəsm edilib. Bu tər-təmiz
türkücə rənglə “işləndiyindən” əti,
qanı, can “materialı” nə qədər ümumbəşəri,
Adəmanə olsa da, düzgü-cizgiləri başdan-başa
Turan mayalıdır. Bu xalqın Yaradandan, yaranışdan
yaranmış fitri istedad qabından yararlandığı barədə
fikirləşəndə niyə təəccüblənəsən?
Onun qüdrətdən yaradılmış bənzərsiz surətinə
- Göygölcə gözlərinə, Kür-Arazca
qaşlarına, Qoşqarca alnına baxanda, Göyçəcə
dərinliyini, Şahdağca vüqarını, Şuşaca
cilvəsini görəndə, Damcılıca-kişmişicə
gülüşünü eşidəndə, deyirsən, daha
bu adam ecazkar rəssam olmayıb, kim olasıydı ki?!.
Ənənəvi
rəngləri
Dildə-qələmdə “ənənəvi”
desəm də, xəyalımda başqa epitetlər, sirlər,
soraqlar... Amma neyləyəsən ki, bunlar əzəli-əbədi
və hamıya məxsus rənglərdir. Deməli, ənənəvidir.
Bu rənglər, əslində, ona da məxsus bütün rənglərin
əzəli-özülüdür. Ona məxsus hər
şey, başqa sözlə - cəmi-peyklər məhz bu
planet ətrafında - fırça çevrəsində
fırlanır. Onun istedad təndiri o qədər itidir ki, hər
şey onun odlu kürəsində bişib,
qıpqırmızı qızarır.
Qırmızımtraqlar, qırmızımtıllıqlar,
qızartdaqlıqlar bir könül “laboratoriya”sında həll
olunub tül qırmızı, gül qırmızı və
nəhayət, al qırmızılıqlar səltənəti
yaradır. “T.N” imzalı bu fırçadan rəng içən
güllər, çiçəklər, kollar, ağaclar,
gözəllər, göyçəklər nə qədər
bizimdirsə, o qədər də hamının - bəşəriyyətindir.
Hələ erkən gəncliyində memarlıq İçərişəhərindən
“düzəltdiyi” rəssamlıq İçərişəhəri
silsiləsində, bir az sonralar abidələr Səmərqəndindən
çəkib-cizgilədiyi ornamentlərdə, “Sifətlər
rapsodiyası”nda, daha sonralar Avropanı, Fransanı
avropalılara, fransızlara ecazkar bir “kənar baxış”la
təqdim etdiyi rəsmlərində özü ilə bərabər,
sənətin də nələrə qadir olduğunu bir daha təsdiq
etdi və hələ onun dahiyanə “dərkənar”ları
davam edir.
Toğrul Nərimanbəyov
yaradıcılığında qırmızı rəng, təbii,
hər əsər-“məclis”in başındadır. Lakin digər
rənglər heç də ayaq-aşağıda deyil. Yoxsa
onun “səmaları”, “sünbülləri”, “çiçəkləri”
könüllərə sənət gülabı çiləməzdi.
Tamaşaçısına xoş ovqatlar toxumaq əvəzinə,
qan qoxuyardı. Fidan “Körpələr”i, qızıl “Gözəllər”i,
qırış-quruş “Qocalar”ı polifonik şərqilər,
major aləmlər əvəzinə, minor ələmlər
oxuyardı.
Onun fırçasında mavi rənglər
dan üzü kimi ağarışır, göy rənglər
göyərçinlər tək göyərişir,
sarılar bərəkətsayaq kəhrəbalaşır.
Yaşıllar sevgililərdi - baxışlara sarmaşır.
Ağ rənglər “ağ” eləmədən
ağarışır, qaralar - mövzunun yamanına işlənəndə
şərləşir, yaxşısına işləyəndə
ərləşir...
Onun əsərləri arasında
“bu qədər!” duyğulu işlər də var,
“bütün bunlardan sonra...” ehtimallı nümunələr də.
Onun fırçası mövzu seçim-biçimi
baxımından - dünyanın ən məşhur
abstraktsionistlərinin işləri içərisində
hansı potensial gücə malikdirsə, işləmə
sarıdan qüdrətli rəngkarlar, natürmortçular
sırasında da eləcə seçilir. Onun
abstraksiyalarının çoxusu çox hallarda ilk
baxışa, ilk təəssürata tabe olmur. İkinci,
üçüncü zənddə isə gözlər
qarşısında aləmlər açılır. Amma hər
ikinci-üçüncü nəzərlərdə nə qədər
açılsa da, “və sair”incilərə yenə bir şey
qalır. Hər növbəti baxış növbəti bir qənimət
əldə edir. Özü də tək elə milli yox, həm
də beynəlmiləl qənimət. Və buradan belə bir
“fəlsəfi” qənimət də əldə-dildə olunur
ki, baxışın, tamaşaçılığın da
milləti yoxmuş. Bəli, bu əsərlər nə qədər
millidirsə, o qədər də Renuar dilli, İvanov,
Brüller, Van Qoq əsilli
tamaşaçılarlıqdır...
Onun “xarakter”, “söz” , “duyğu”,
“uyğu” və sair rəngləri də var ki, onların cəmi-cümləsini
iki sözlə ifadə edirəm:
Aləm
rəngləri
“T.N.” imzalı bu mənəvi rənglər
də parlaqdır, seçkindir, bütövdür,
emosionallıq plastikası ilə bahəm, kəskindir.
Bütün bunlar konkret əsərlərindən fərqli
(xeyli fərqli) olaraq, onun daxili aləminə lap yaxından bələd
olanlara daha tez çatır,
özünün-sözünün
tamaşaçıları, dostları, tanış-bilişləri,
həmsöhbətləri tərəfindən dərhal
sezilir. Amma onda adama çox gec çatan, dərhal sezilməyən
rənglər də az deyil. Məsələn? Deyim də;
SSRİ və Azərbaycanın Xalq rəssamı, Dövlət
mükafatları laureatı, neçə-neçə
orden-medal sahibi, hər ilin altı ayını
yaşadığı Parisdə necə yüksək mərtəbədə
tutulduğunu onun öz dilindən eşidən olubmu? Amma
babasının Şuşada doğulmasından, sonra dövlət
xətti ilə Almaniyaya getməsindən, Tuluzada təhsil
almasından, məşhur mühəndis olaraq Mingəçevir
su-elektrik stansiyasını tikməsindən, atasının
özgür bir milliyyətçi kimi sıravi əcəl mənsubu
yox, repressiya qurbanı olmasından iftixarla danışır.
O, çox “quru”, əda-ədavasız, bəzən ahıl
yaşlarda da - susuz səhraya yağış tək gərək
olan şıltaqlıqların yasaq edildiyi ziyalı “cızığından”
heç bir halda qırağa çıxmır. Onun şəxsiyyət
formulası, qırım-durum elementləri ev-eşiyində də,
küçədə də, efirdə də daimi bir pedaqoqluq
təlqin edir, nümunəvilik, ağsaqqallıq
saçır. Onun baxışına baxan,
yerişini-duruşunu seyr edən, sözünün karına,
səsinin tonuna diqqət kəsilən hər kəs bilir: nə
olar, nə olmaz.
Onun muğamata, klassik musiqiyə rəğbətini,
təbəssüm dolu məhəbbətini duymusuzmu?..
Onun xalq mahnılarımızı,
bəzi operalardan ariyaları necə milli-ağayana, hancarı
“kəndçisayaq”, necə müasir Avropayanə
oxumalarına uymusuzmu?..
Onun çox gec-gec açılan
söz-fikir mücrüsü, düşüncə tərzi də
obrazlı rənglər qalereyası timsalındadır. Nə
desə, “nədən?” sorulmaz. Kiməsə nəsə ərz
etsə, “niyə?” doğulmaz. Onun sözlərindən, fikirlərindən
mən də az eşitməmişəm, buralıqda isə
ataların məşhur bir miqdar sayı (üçdən) qədərini
xatırladacağam:
“- Neçə illərdi Teymurlənglə
bağlı eskizlər hazırlayırsız, bəs əsər
nə vaxt başa gələcək? - Həmin eskizlər
Teymurləng miqyasına çatanda...”
“- Azərbaycanın harası daha
çox möcüzəvidir? - Sualın qoyuluşunu dəyişdirin:
Azərbaycanın harası möcüzəvi deyil?”
“- Bu gün Sizə Şuşaya
getmək təklif olunsaydı... - Yox, Şuşaya qonaq kimi
getmərəm. Mən ora onun sahibi kimi gedəcəyəm!..”
Sözüm-sovum onun rəngləri
qədər rəngarəng olsaydı, hələ yazmağa
davam edərdim. Təəssüf...
Beləliklə, 1930-cu il təvəllüdlü,
qaynar avqust doğumlu bu alovlu sənətkarın sənətimizə
hələ çox füsunkar rənglər bəxş edəcəyi
arzusuyla:
Tahir
Abbaslı
Mədəniyyət.-
2012.- 8 avqust.- S. 11.