Xatirələrdə yaşayan sənətkar

 

Görkəmli xanəndə Mürşüd Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunur

Şəki Azərbaycan mədəniyyətinə və incəsənətinə Ələsgər Abdullayev, Əlövsət Sadıqov, Həbibulla Cəfərov, Əhmədbəy Tahirov, Ələfsər Şəkili kimi el sənətkarları bəxş etmişdir. Belə sənətkarlardan biri də görkəmli xanəndə Mürşüd Məmmədovdur.

Mürşüd Səlim oğlu Məmmədov 1932-ci ilin avqustun 21-də Ağdam rayonunun Muradbəyli kəndində anadan olmuşdur. 1941-ci ildə ailələri Şəkiyə köçmüşdür. 1945-ci ildə Şəkinin məşhur xanəndələrindən olan Yunis Qarabağlı balaca Mürşüdün səsinə qulaq asır və ona lazımi tövsiyələrini verir. Mürşüd 1945-1950-ci illərdə rayon pionerlər evində muğamatxalq mahnıları dərnəyinin fəal üzvü olur. 1952-1956-cı illərdə rayon mədəniyyət evində işlədiyi illərdə şəhərimizdə keçirilən mədəni-kütləvi tədbirlərdə, həmçinin rayonumuzun kənd sakinləri qarşısında maraqlı konsert proqramları ilə çıxış edir. Həmin illərdə Şəkinin məşhur xanəndələri Yunis Qarabağlı, Şəmsəddin Abdullayev, İsabala Məmmədov, Lütfəli Məmmədov, Nəsib İbrahimov, Abdurəşid Məcidov, Fərman Xəlilov, Abid Hümmətov, Nurəddin Həmzəyev, musiqiçiləri Məhərrəm İsmayılov, Nurəddin Bədəlov, Fərrux Abdurəhimov, Abdurəşid Seyidov, Fərrux Məcidov, Məmməd Nəsrullayev, Ramiz Məhərrəmov, Maqsud Şirinzadə, Hikmət Hacıyevlə sənət dostluğu edir. O dövrdə Seyid Şuşinski Şəkiyə gəlmiş və Mürşüdün ecazkar səsinə qulaq asmışdır. Sonra görkəmli xanəndə Ağdamda orta ixtisas musiqi məktəbində muğamat sinfi açmış və Mürşüdü həmin muğam sinfinə qəbul etmişdir. Beləliklə, Mürşüd Məmmədov Ağdam orta ixtisas musiqi məktəbinin muğam sinfini bitirmişdir.

1955-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulmasının 35 illiyi münasibətilə Respublika İncəsənət Olimpiadası keçirilir. Həmin ilin martında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, bəstəkar Soltan Hacıbəyov, Azərbaycan Dövlət Radiosu Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri bəstəkar Səid Rüstəmov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, baletmeyster Əlibala Abdullayev Şəkiyə gəlirlər. Onlar Şəki toyuZorxana rəqs kollektivinin yüksək səviyyədə çıxışına tamaşa edirlər. Sonra gənc xanəndə Mürşüd Məmmədovun ifa etdiyi Qatar, Mirzəhüseyn segahı muğamlarına, Qarabağ şikəstəsi ritmik muğamına maraqla qulaq asırlar. Mürşüdün zil səsi onları valeh edir.

1955-ci ilin aprelində Bakıda Respublika İncəsənət Olimpiadasının yekun turu keçirilir. Mürşüd Məmmədov münsiflər heyətinin üzvləri olan Niyazi, Əfrasiyab Bədəlbəyli, Seyid Şuşinski, Xan Şuşinski, Soltan Hacıbəyov, Səid Rüstəmov və başqalarının rəyinə əsasən laureat adına layiq görülür. Birinci dərəcəli laureat diplom və qiymətli hədiyyələrlə mükafatlandırılır.

Aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmasının 35-ci ildönümünə həsr olunmuş bayram konsertində Şəkinin məşhur Zorxana rəqs kollektiviMürşüd Məmmədov iştirak edirlər. Dövlət OperaBalet Teatrında keçirilən konsertdə xanəndə Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə Qarabağ şikəstəsini ifa edir. Münsiflər heyətinin üzvlərinin rəyinə əsasən Mürşüd Dövlət Filarmoniyasında işləməyə dəvət olunur.

1956-cı ildə Mürşüd ailəsi ilə Bakıya köçür. 1956-1957-ci illərdə onun ifasında Qatar, Rast, Segah-Zabul, Bayatı-Şiraz, Qarabağ şikəstəsi, Mənsuriyyə muğamları radionun Qızıl fonduna lentə alınır. Xanəndəni Əhməd Bakıxanovun Xalq Çalğı Alətləri Ansamblı müşayiət edir.

1958-ci ilin yanvar ayında Moskvada estrada artistlərinin ümumittifaq müsabiqəsində Mürşüd məşhur muğam ustası Qulu Əsgərov, mahir nağaraçalan Çingiz Mehdiyevlə bərabər doğma Azərbaycanımızı təmsil etmişdir. SSRİ-nin görkəmli incəsənət xadimlərindən təşkil olunmuş münsiflər heyəti üzvlərinin rəyinə əsasən, Mürşüd laureat adına layiq görülmüş, birinci dərəcəli diplom və SSRİ Mədəniyyət Nazirliyi və SSRİ Bəstəkarlar İttifaqının hədiyyələri ilə mükafatlandırılmışdır. Ümumittifaq müsabiqəsində nümunəvi çıxış edən xanəndə Mürşüd Məmmədov haqqında 1958-ci ilin martında Moskvada nəşr olunmuş Musiqi həyatı jurnalında geniş məqalə həsr olunmuşdur.

M.Məmmədov 1956-1986-cı illərdə, 30 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, Dövlət estradasında, Qastrol-Konsert Birliyində işlədiyi illərdə SSRİ-nin bir çox respublikalarında, həmçinin respublikamızın bütün şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Şübhəsiz, belə hədiyyələrdən ən yüksəyi görkəmli xanəndə Seyid Şuşinskinin Mürşüd Məmmədova bağışladığı şəxsi qavalıdır. Bəli, Seyid Şuşinski yüzlərlə dərs dediyi tələbələri içərisində Mürşüd Məmmədovun muğam sənətini zirvəyə qaldırmış və qavalını ona hədiyyə etmişdir.

Xanəndə uzun illər ərzində Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Ramiz Hacıyev, Sahib Şükürov, İldırım Həsənov, Nisə Mustafayeva və başqaları ilə qastrol səfərlərində yoldaşlıq etmişdir. Görkəmli xanəndələrimizdən Tələt Qasımov, Arif Babayev, Qaraxan Behbudov, Canəli Əkbərov, Süleyman Abdullayev, Razi Şükürov, Nizami Abdullayev, Mənsum İbrahimov, İdris Nəbiyev, Aydın Niftalıoğlu, Ağaxan Abdullayev, Rəsmiyyə Sadıqova, Qəndab Quliyeva və başqaları onu daima xatırlayırlar.

M.Məmmədov 1989-1996-cı illərdə Bakıda İncəsənət Gimnaziyasında muğam sinfinə rəhbərlik etmişdir. Hazırda onun yetirmələrinin əksəriyyəti məşhur xanəndələrdir.

Mürşüd Məmmədov 1996-cı il aprelin 26-da 64 yaşında vəfat etmişdir. Muğam beşiyi Qarabağda göz açan, cənnət-məkan Şəkidə yaşayan, Bakıda ömrünü başa vuran görkəmli xanəndə Mürşüd Məmmədov daima muğamsevərlərin qəlbində yaşayır. Onun 5 övladı var. Qızı Barat musiqiçidir. Oğlanları Elşad, Səlim, Eldəniz, Cümşüd muğam sənətinə daima hörmət bəsləyirlər. Bu gün fəxrlə qeyd etmək olar ki, Qarabağ xanəndələri kitabında Mürşüd Məmmədovun muğam sənətinin inkişafındakı əvəzsiz xidmətləri qeyd olunmuşdur. Şəkinin məşhur şairləri Qurtuluş SüleymanovAbbas Əmbala onun haqqında şeirlər yazmışlar.

Hazırda Bakıda yaşayan şəkili sənətçilərdən respublikanın əməkdar artistləri Könül Xasıyeva, GülyazGülyanaq Məmmədovalar, Əbülfət Nəzərli, xanəndələrdən Kəmalə Musayeva, Rəvanə Ərəbova, Vaqif Şıxəliyev, Habil Məmmədov Mürşüd Məmmədovun muğam sənətini ləyaqətlə musiqisevərlərə təqdim edirlər.

Şəkidə Mürşüd Məmmədovun xatirəsi daima yad edilir. 1992-ci ildə onun 60 illik yubileyi, 1999-cu ildə xatirə gecəsi, 2007-ci ildə isə anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

Bu ilin sentyabrında Bakıda, Şəkidə, Ağdamda və Ağcabədidə Mürşüd Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecələri keçiriləcək.

 

Vaqif Kərimov,

Şəki Şəhər Mərkəzi

Mədəniyyət Evinin direktoru

 

Mədəniyyət.- 2012.- 8 avqust.- S. 12.