Min illərin tarixini yaşadan xalq - udinlər

 

   Robert Mobili: “Azərbaycanda özümüzü eyni ailənin üzvləri sayırıq”

  

   Azərbaycan tarixən bir çox xalqların, etnik qrupların məskunlaşdığı məkan olub. Onlar əsrlər boyu özlərinin etnik xüsusiyyətlərini, dini inanclarını, adət-ənənələrini qoruyub saxlayıb və bu günümüzədək yaşadıblar. Ölkəmizin zəngin tarixə malik azsaylı xalqlarından biri də udinlərdir. Vaxtilə qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının sakinləri olmuş udinlər hazırda kompakt şəkildə (təxminən 4500 nəfər) Qəbələ rayonunun Nic kəndində yaşayırlar. Bundan əlavə, Oğuz rayonunda 100 nəfərədək udin qeydə alınıb.  

   Bu xalqla bağlı XIX əsrdən etibarən aparılan tədqiqatlar göstərir ki, udinlər Azərbaycanın Qafqazdilli aborigen etnoslarındandır. Tarixə nəzər saldıqda bəlli olur ki, udinlər eradan əvvəl IV əsrdən eramızın VII əsrinədək mövcud olan Qafqaz Albaniyası dövlətində mühüm rol oynayıblar. Onlar haqqında ilk yazılı məlumat eradan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodotun əsərlərində yer alıb. Udinlərlə bağlı ən müfəssəl məlumat isə eramızın VIII əsrində yaşamış Azərbaycan (alban) tarixçisi Musa Kalankatuklunun “Alban tarixi» əsərində verilir.

   Udinlər bu illər ərzində özlərinin mədəniyyətini, adət-ənənələrini, dini inanclarını (IV əsrin əvvəlində xristianlığı qəbul ediblər), ən əsası isə, dillərini qoruyub saxlayıblar. Bununla yanaşı, onlar Azərbaycan ərazisindəki türkdilli qəbilələrlə də qaynayıb-qarışaraq əsrlər boyu dinc şəraitdə yaşayıblar.

   Alban-Udin Cəmiyyətinin rəhbəri Robert Mobilinin sözlərinə görə, Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən udinlərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Bu gün də Azərbaycan dövləti udin icmasının fəaliyyətinə zəruri şərait yaradıb. 2003-cü ildə Nic kəndində alban-udin xristian icması, 2010-cu ildə isə Oğuzda udin xristian cəmiyyəti qeydiyyatdan keçib.

   Əlbəttə, xalqın kimliyini sübut edən amillərdən biri də onun əsrlər boyu yaratdığı maddi mədəniyyətidir. Milli geyim, mətbəx, müxtəlif mərasimlər, yaşayış tərzi və s. hər bir xalqı fərqləndirən xüsusiyyətlərdir. Udilər tarix boyu əkinçilik, maldarlıqla məşğul olublar. Bu günədək özlərinin ənənəvi yemək və içkilərini, milli geyim və mərasimlərini qoruyub saxlayıblar.

  

   Oxşarlıq xalqlarımızın soy yaxınlığına dəlalət edir

  

   R.Mobili qeyd edir ki, udin xalqı ailə-məişət məsələlərində, nişan və toy mərasimlərinin keçirilməsində qədim adətlərini bu gün də yaşadırlar: “Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, udinlər qədim Azərbaycan rəqslərini, o cümlədən hələ 10 min il bundan əvvəl Qobustanın qayaüstü rəsmlərində əks olunmuş «Yallı» rəqsini bu gün də toy və şənliklərində ifa edirlər”.

   Udinlərdə toy adətləri, “Xüyər zombaksın”, “Xozamandluğ”, “Baliga” adlanan mərhələlərdən ibarətdir. Toylar “Taraxmoy” havasının çalınması ilə başlayır və bir qayda olaraq iki gün - bazar və bazar ertəsi davam edir. Musiqi səsi ilk olaraq oğlan həyətindən eşidilməlidir, əks halda bu yaxşı hal hesab olunmur. Toy hər iki tərəfdə eyni vaxta başlanır, toyun başa çatmasına 1-2 saat qalmış oğlan evinin adamları gəlini gətirmək üçün qız evinə gedir.

   Yaşlı sakinlərin verdiyi məlumata görə, udinlərin əsasən iki bayramı olub və onların əsasını da din təşkil edib. Bayramlardan biri «Gömart» adlanırdı. Adətə görə imkanı olanlar bu bayramda qoç kəsib, Tanrının adına kasıb-kusuba paylayardı.

   İkinci bayram yazın, baharın gəlişi zamanı keçirilərdi. «Joğulun axsibay», yəni yaz bayramı adlanan mərasim mart ayının ortalarında qeyd olunardı. Əhali çalışırdı ki, bayramlarda hər nəsil, hər məhəllə bir yerə toplaşıb, onu birlikdə qeyd etsin. «Joğulun axsibay»ın əsas əlamətlərindən biri ondan ibarət idi ki, həmin gün hamının evində ənənəvi udin yeməkləri sayılan «hərsə» bişirilməlidir. Həmçinin evlərdə yumurta bişirər, onu qırmızı boyayardılar. Bayramın səhəri kənd uşaqları boyunlarına çanta keçirib, həyətləri gəzər, ev sahiblərindən bayram payı umardılar. Göründüyü kimi, bu bayramla azərbaycanlıların Novruz bayramı arasında çoxlu oxşarlıq var. Mənəvi mədəniyyətdəki bu oxşarlıq udin və Azərbaycan xalqlarının soy yaxınlığına dəlalət edən daha bir faktdır.

   Udinlər arasında mövcud olan xalq bayramlarından biri də «Mayin axsibay», yəni qara bayramdır. Ənənəyə görə, bu bayram heç vaxt bazar gününə düşməməlidir. Bu bayramın 7 həftə pəhrizi var. «Tərəmə» də udinlərin ənənəvi bayramlarından sayılır və bir qayda olaraq sentyabrın 24-də qeyd edilir. Bu bayram zamanı el-oba yemək-içmək götürüb, ölülərini yad etməyə gedir.

   Nəhayət, yenə bu qəbildən olan bayramlardan biri də «Xaşği»dir ki, o da yanvarın 12-də qeyd edilir. Həmin gün əvvəlcə kişilər, sonra isə qadınlar çaydan evlərinə su gətirərlər.

  

   “Dini ayinlərimizi və milli bayramlarımızı yaşadırıq”

  

   İcma rəhbərinin sözlərinə görə, bu il aprelin 15-də Qəbələ rayonun Nic kəndində yaşayan udinlər “Pasxa” və “Kala axsibay” bayramlarını təntənə ilə qeyd edib: «Nic kəndindəki “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, rayon icra hakimiyyətinin nümayəndələri də iştirak edirdilər. Çıxış edənlər Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndirərək Nic kilsəsinin bərpasını xalqımızın tolerantlığına gözəl nümunə olduğunu vurğuladılar. Kilsədə şamlar yandırıldı, dualar oxundu. Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udin xalqının qədim “Kala axsibay” bayramı qeyd olundu. Bayram tədbirində udin xalqının qədim ənənəsi canlandı, udin dilində ifa olunan mahnılar, müxtəlif yeməklər və şirniyyatlarla bəzədilmiş süfrələr hamıda xoş əhval-ruhiyyə yaratdı”.

   Hazırda Nic kəndində və Oğuzda udin ziyalıları fəaliyyət göstərir: “Nic kəndində üç orta məktəbdə ibtidai siniflərdə yerli müəllimlər latın qrafikalı əlifba əsasında udin dili dərsləri keçirlər. Hətta udin kilsəsində ibadət də bu dildə aparılır. Biz öz tarixi vətənimiz olan Azərbaycanda dini ayinlərimizi yerinə yetirməklə yanaşı, milli bayramlarımızı da keçiririk. Azərbaycanda milli və ya dini zəmində heç bir udin zərər çəkməyib. Bütün udinlər yaşadıqları yerdən asılı olmayaraq, bir-birilərini çox gözəl tanıyırlar. Axı bizim sayımız o qədər də çox deyil”.

  

   Udin toylarında da «Vağzalı» səslənir

  

   Söhbət əsnasında icma rəhbəri bir maraqlı məqamı da diqqətə çəkir: «Udin qızların azərbaycanlı gənclərlə ailə qurması təsadüfi hal deyil. İstər Nicdə, istərsə də Oğuzda onlarla belə qarışıq ailə mövcuddur. Qarışıq nikahlı ailələrdə azərbaycanlılıq əhvalı, adət-ənənəsi üstünlük təşkil edir. Göründüyü kimi, regionda udin və azərbaycanlıların bir-birinə qaynayıb-qarışması prosesi müsbət mənada bu xalqların birgə yaşayış normasına çevrilib. Udin toyu təkcə udinlərin deyil, bütünlüklə Nicdə yaşayan əhalinin - azərbaycanlıların, ləzgilərin ümumi şadlığı, toy-düyünüdür. Öz növbəsində udinlər də yerli xalqın xeyir işində iştirak edir, özünü bu ailənin üzvü sayır”.

   İstər tarixi, istərsə də etnoqrafik materiallardan aydın olur ki, udin toylarında demək olar ki, azərbaycanlılara məxsus oyun havaları, rəqslər ifa olunub. Udin toylarında da «Vağzalı» havası çalınır. Yuxarıda qeyd etdiyimiz kimi, udin toylarında ifa olunan rəqslərdən biri də “Yallı”dır. Bir sözlə, əsrlər boyu eyni mühitdə, eyni ictimai-siyasi həyatda, birgə yaşayış qaydalarında formalaşan etnik psixologiyalarına görə udinlər Azərbaycan xalqının bir hissəsini təşkil edirlər.

   Udinlər həmçinin zəngin mətbəxləri, yemək mədəniyyətləri ilə seçiliblər. Maddi mədəniyyətin bəzi elementlərinə nisbətən ənənəvi yeməklər demək olar ki, müasir dövrədək xalqın məişətində öz yerini və rolunu qoruyub saxlamaqdadır.

   R.Mobili bildirir ki, udin milli mətbəxi Azərbaycan mətbəxi ilə oxşarlıq təşkil edir. Gündəlik yeməklərin bir hissəsi undan hazırlanır. Bu cəhətdən ənənəvi təndir çörəyini və sacda bişirilmiş «lavaş» və «yoxa» deyilən çörək növlərini, toylarda, bayramlarda hazırlanan və yerli əhali arasında «kətə» adlandırılan şirin çörəyi qeyd edə bilərik. Ənənəvi yeməklərdən biri də plov hesab edilir ki, bu da udinlər arasında «xup» adlandırılır. Udinlərdə də, hazırlanmasından asılı olaraq, plovun müxtəlif növləri var və demək olar ki, azərbaycanlıların plovları ilə eyniyyət təşkil edir. Udinlərin gündəlik yeməkləri arasında ət çox mühüm rol oynamasa da, toyuq və başqa quş əti geniş yer tutur. Toy məclisləri isə qızardılmış toyuq əti olmadan keçmir. Udinlərin ən dadlı yeməklərindən biri «fırlama»dır. Hinduşka ətindən hazırlanan bu yemək əsasən payız və qış aylarında bişirilir. Udinlərin bir çox yeməklərinin azərbaycanlıların mətbəx mədəniyyəti ilə oxşarlıq (o cümlədən adlarında) təşkil etməsi iki xalqın daha da qaynayıb-qarışmasına öz müsbət təsirini göstərib.

   Qeyd edək ki, udinlər tarixi vətənləri olan Azərbaycandan başqa, bir sıra xarici ölkələrdə - Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Belarusda da yaşayır. Aparılan araşdırmalar sübut edib ki, bu ölkələrdə yaşayan udinlərin hamısı Azərbaycandan köçüb gedənlərdir. Məsələn, qonşu Gürcüstanda udinlər hələ XVII əsrdə məskunlaşıblar.

   Son məlumatlara görə, Gürcüstanda yaşayan udinlərin sayı təxminən 500 nəfərdir. Rusiyada isə 3 minə yaxın udinin (əsasən Rostov vilayətində) yaşadığı bildirilir.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 8 avqust.- S. 15.