Turizm sektoruna yeni kadrlar qədəm qoyur
Qəbələ
Peşə Tədrisi Mərkəzində 136 məzuna diplomlar
təqdim edilib
Qəbələ Turizm və
Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin
məzunlarına diplomların təqdim edilməsi mərasimi
keçirilib.
“Qafqaz Resorte” hotelində
keçirilən tədbirdə Peşə Tədrisi Mərkəzinin
üçillik fəaliyyətindən, ötən müddətdə
əldə etdiyi nailiyyətlərdən, məzunların
iş yerlərində qazandığı uğurlardan
danışılıb. Bildirilib ki, müəssisənin əsas
məqsədi turizm sektoru üçün peşəkar
kadrların hazırlanmasıdır. Bu məqsədə nail
olmaq üçün təhsil ocağı turizm obyektləri
ilə sistemli şəkildə iş aparır, xarici dövlətlərin
təcrübələri ilə yaxından maraqlanır.
Çıxış edənlər Qəbələ Turizm və
Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin
ölkəmizdə turizm sektorunun inkişafına layiqli
töhfə verdiyini və təhsil ocağını bitirən
məzunların turizm rayonlarındakı hotellərdə və
istirahət mərkəzlərində işlə təmin
olunduqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin, təhsil
ocağının, eləcə də Qəbələdə fəaliyyət
göstərən hotellərin nümayəndələri
çıxış edərək zəngin mədəni-tarixi
irsə və əlverişli təbii şəraitə malik
olan Azərbaycanın turizm sahəsində böyük
inkişaf perspektivlərinə malik olduğunu
vurğulayıblar. Turizmin Azərbaycan üçün
böyük əhəmiyyət kəsb etdiyini vurğulayan
natiqlər bu sektorda çalışanların üzərinə
böyük məsuliyyət düşdüyünü qeyd
ediblər.
Çıxışlardan sonra mərkəzin
barmen-bufetçi, ofisiant, aşpaz, qənnadçı,
mehmanxana inzibatçısı, mühasib, fərdi kompyuter
operatoru ixtisaslarına yiyələnən 136 məzununa
diplomlar təqdim edilib.
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 3.