“Mədəni
sahədə əməkdaşlıq ikitərəfli
münasibətlərimizdə əsas prioritetlərdən biridir”
Şerzod
Farziyev: “Azərbaycanla Özbəkistan arasında sıx əlaqələr
tarixi köklərə, dil, din və mədəniyyət
yaxınlığına əsaslanır”
Azərbaycan və özbək
xalqları arasında əlaqələr çoxəsrlik tarixə
malikdir. Dil, din, adət-ənənə, mədəniyyət
yaxınlığı üzərində qurulan bu əlaqələr
hazırkı dövlətlərarası münasibətlərə
də öz təsirini göstərib. Ölkələrimiz
arasında diplomatik əlaqələrin yaranmasından 17 il
ötür. 1996-cı ildə Azərbaycan
Respublikasının Özbəkistanda, 1998-ci ildə isə
Özbəkistan Respublikasının Azərbaycanda səfirlikləri
fəaliyyətə başlayıb. Bu müddət ərzində
ikitərəfli münasibətlər bütün sahələrdə
inkişaf edib. Sentyabrın 1-də Özbəkistan dövlət
müstəqilliyinin 21-ci ildönümünü qeyd edəcək.
Bu ərəfədə Özbəkistanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Şerzod
Farziyevlə görüşərək ölkələrimiz
arasında münasibətlərin bugününə nəzər
saldıq.
- Cənab səfir, Azərbaycanla
Özbəkistan arasında münasibətlərin hazırkı
səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Bu sualla bağlı öncə
diqqətinizi Özbəkistan-Azərbaycan dostluğunun dinamik
inkişafına təsir edən bir sıra faktorlara yönəltmək
istərdim. Özbəkistan həmişə Azərbaycanla hərtərəfli
əlaqələrin möhkəmləndirilməsinə
böyük əhəmiyyət verib və bu gün də həmin
siyasəti davam etdirir. Azərbaycan mühüm geosiyasi və
iqtisadi əhəmiyyətə malik Cənubi Qafqazda Özbəkistanın
əsas tərəfdaşıdır. Zaman göstərdi ki,
ölkələrimiz arasında əlaqələr
böyük perspektivə malikdir və bu əməkdaşlıq
regionda uzunmüddətli sabitliyin və davamlı
inkişafın təmin edilməsində mühüm rol
oynayır. Ölkələrimiz arasında əlaqələr
dərin tarixi köklərə, xalqlarımızın adət-ənənə,
dil, mədəniyyət və din yaxınlığına əsaslanır.
İkitərəfli əlaqələrimiz aydın müəyyən
olunmuş strateji prioritetlərə və istiqamətlərə
malikdir. Bu da öz növbəsində
qarşılıqlı etibara dayanır. Bu kontekstdə qeyd
etmək lazımdır ki, Özbəkistan həmişə
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinin tərəfdarı kimi çıxış edir və
hesab edir ki, başlıca şərtlərdən biri Azərbaycanın
ərazi bütövlüyünün təminatıdır.
Biz də öz növbəmizdə Azərbaycan tərəfin
Mərkəzi Asiyanın regional problemlərinə münasibətdə
tutduğu mövqeyi yüksək qiymətləndiririk. Bizi
xüsusilə bu fakt sevindirir ki, son illər Özbəkistanla
Azərbaycan arasında əlaqələr böyük
inkişaf impulsu alıb və strateji tərəfdaşlıq
səviyyəsinə qalxıb. Əgər diqqət yetirsək,
görərik ki, ölkələrimiz arasında
qarşılıqlı əlaqələrin
olmadığı elə bir sahə yoxdur. Şübhəsiz
ki, dövlətlərarası münasibətlərin yüksək
həddə çatmasında Azərbaycan və Özbəkistan
liderləri arasında yaranmış möhkəm və
etibarlı dialoq əsas faktordur. İki dövlət
başçısının müntəzəm
görüşləri əlaqələrimizin
inkişafına mühüm zəmindir. Eyni zamanda onu da qeyd
etmək istərdim ki, Azərbaycanla Özbəkistan
arasında qarşılıqlı əlaqələrin
hazırkı səviyyəsi ölkələrimizin
bütün mövcud imkanlarını tam əks etdirmir. Əksinə,
bu sahədə hələ reallaşmayan böyük potensial
var. Bu baxımdan indi biz daha aktiv şəkildə işləyirik.
- Azərbaycanla Özbəkistan
arasında mədəniyyət sahəsində əlaqələri
necə xarakterizə etmək olar?
- Mədəni-humanitar sahədə
əməkdaşlıq bizim əlaqələrimizdə əsas
prioritetlərdən biridir. Qeyd etdiyim kimi, Özbəkistan-Azərbaycan
əməkdaşlığı bizim yaxın tariximizə, mədəniyyətimizə,
milli adətlərimizə, ənənələrimizə, dil
və dinimizə əsaslanır. Bu şərtlər ölkələrimizin
mədəni-humanitar əməkdaşlığına da
müsbət təsir edir. Özbəkistanın mədəniyyət
nümayəndələri Azərbaycanda, sizin mədəniyyət
və incəsənət xadimləriniz isə bizim ölkədə
müxtəlif tədbirlərdə fəal iştirak edirlər.
Xüsusilə Azərbaycan incəsənət
ustalarının Özbəkistanda keçirilən «Şark
taronalari» beynəlxalq musiqi festivalında uğurlu
iştirakını qeyd etmək istərdim. Məsələn,
1997-ci ildə Simarə İmanova festivalın qran-pri
mükafatını qazandı. Bundan başqa, məşhur Azərbaycan
xanəndəsi Alim Qasımov 2001-ci ildə, müğənni
Aygün Bəylər 2005-ci ildə bu festivalda birinci yeri
tutdular. 2007-ci ildə Azərbaycandan Arzu Əliyeva «Ən gənc
ifaçı» nominasiyasında laureat oldu. Xoş bir faktdır
ki, Özbəkistan-Azərbaycan əlaqələrinin ən
yeni tarixi mədəniyyət sahəsində belə əlamətdar
hadisələrə təsadüf etdi.
Xalqlarımız qardaşlıq əlaqələrini
yüksək qiymətləndirir və onun güclənməsinə
aktiv şəkildə çalışırlar. Nümunə
kimi 2010-cu ilin sentyabrında Daşkənddə Heydər Əliyev
adına Mədəniyyət Mərkəzinin
açılmasını göstərə bilərəm. Həmin
mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də
iştirak edirdi. Özbəkistanın paytaxtında dahi Azərbaycan
şairi Nizami Gəncəvinin heykəlinin ucaldılması və
Daşkənd küçələrindən birinə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
adının verilməsi münasibətlərimizin yüksək
səviyyəsindən xəbər verir. Eyni zamanda
böyük fəxr hissi ilə demək istəyirəm ki,
Bakıda Özbəkistanın böyük klassik şairi Əlişir
Nəvainin heykəli ucaldılıb və paytaxt küçələrindən
biri dünya şöhrətli hökmdar və alim Mirzə
Uluqbəyin adını daşıyır. Mənim fikrimcə,
bütün bunlar xalqlarımızın bir-birlərinə
göstərdikləri ən səmimi dostluq hislərinin,
bir-birilərinin mədəniyyətlərinə və tarixlərinə
bəslədikləri münasibətin parlaq göstəricisidir.
Özbək və azərbaycanlı gənclərin əməkdaşlığı
məni xüsusilə sevindirir. Özbəkistan gənclərinin
«Kamolot» ictimai hərəkatının mərkəzi
şurası və Azərbaycan Gənclər və İdman
Nazirliyi arasında iki ölkənin gənclərinin müntəzəm
əlaqələri, səfər mübadiləsi mövcuddur.
2010-cu ilin sentyabrında Bakıda
Özbəkistan gənclərinin mədəniyyət günləri
gerçəkləşdi, 2011-ci ilin aprelində isə
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri
böyük müvəffəqiyyətlə keçdi. Bu
çərçivədə xeyli tədbirlər - konsert
proqramları, gənc rəssamların sərgiləri və
s. təşkil edildi. Özbək və azərbaycanlı gənclər
arasında yaradılan aktiv əlaqələr ölkələrimiz
arasında əməkdaşlığın daha da güclənməsinə
əlavə zəmin yaradır.
İki ölkənin parlamentlərarası
dostluq qruplarının fəaliyyəti də siyasi münasibətlərlə
yanaşı, mədəni-humanitar əlaqələrin
inkişafına da töhfə verir. Məsələn, 2010-cu
ildə Azərbaycan deputatlarının bir qrupu Özbəkistan
Prezidenti İslam Kərimovun «Yüksək mənəviyyat-yenilməz
güc» kitabının Azərbaycan dilində nəşrinin təqdimatında
iştirak etdi. Ötən il isə Daşkənddə
«Tanınmış adamların həyatı» seriyasından
«Heydər Əliyev» kitabının təqdimat mərasimi
keçirildi. Bu tədbirdə Milli Məclisin komitə rəhbərləri
Hadı Rəcəbli, Eldar İbrahimov, eyni zamanda kitabın
müəlliflərindən biri yazıçı, millət vəkili
Hüseynbala Mirələmov iştirak etdi. Fürsətdən
istifadə edib «Azərbaycan-Özbəkistan» dostluq cəmiyyətinin
fəaliyyətinə də toxunmaq istərdim. Bu qurum da
ölkələrimiz arasında əlaqələrin inkişafına
öz töhfəsini verir, Özbəkistanın tarix, mədəniyyət,
incəsənət və adət-ənənələrinə,
eyni zamanda xalqlarımızın ümumi dəyərlərinə
həsr edilən tədbirlər keçirir.
- Cənab səfir, iki ölkə
arasında turizm sahəsində əməkdaşlığın
hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Çox aktual mövzuya toxundunuz.
Mənim fikrimcə, turizm həm də xalq
diplomatiyasının vacib elementidir. Bu baxımdan biz turizm sahəsində
əməkdaşlıq etməklə xalqlarımızın
bir-birini daha çox tanımaları üçün də əlverişli
zəmin yaradarıq. Ölkələrimiz arasında turizm sahəsində
aktiv əməkdaşlıq var. Məsələn, “Uzbekiston
Xavo Yullari” milli aviaşirkəti Daşkəndlə Bakı
arasında həftədə üç dəfə reyslər
həyata keçirir. Böyük məmnunluq hissi ilə deyə
bilərəm ki, bu reyslər, demək olar ki, 100 faizlə
yerinə yetirilir. Lakin turizm sahəsində ikitərəfli əməkdaşlığın
bugünkü səviyyəsi ölkələrimizin malik
olduğu bütün potensiala adekvat olduğunu desəm,
yanılmaram. Bu istiqamətdə qarşılıqlı səfərlərin
təşkili, o cümlədən təqdimat xarakterli tədbirlərin
keçirilməsi əlaqələrin inkişafına əlavə
təkan verə bilər.
Bu kontekstdə «Böyük İpək
Yolu» transkontinental layihəsinin əhəmiyyətini qeyd etmək
istərdim. 1994-cü ildən başlayaraq Daşkənddə
hər il beynəlxalq turist yarmarkası keçirilir. Turist məhsullarının
təqdimatı və işgüzar əlaqələrin
qurulması üçün effektli meydan qurulur. Növbəti,
18-ci Daşkənd beynəlxalq turizm yarmarkası 2012-ci ilin 31
oktyabr - 2 noyabr tarixlərində gerçəkləşəcək.
Bu il ilk dəfə yarmarka «Tibbi turizm» mövzusunda keçiriləcək.
Bundan başqa, yarmarkada «Turizmdə informasiya texnologiyaları»,
«Hotel və obyektlərin yerləşdirilməsi», «Nəqliyyat
xidmətləri» və s. bölmələr də təqdim
ediləcək. «Özbəkistana səyahət» adlı milli
pavilyonda ölkəmizin turizm subyektlərinin, “Uzbekturizm» milli
şirkətinin bürolarının fəaliyyəti əksini
tapacaq. Daşkənd beynəlxalq turizm yarmarkası çərçivəsində
«Şərq bazarı» və «Sənətkarlar şəhəri»
layihələri reallaşdırılacaq. Eyni zamanda tədbirdə
milli mətbəx festivalı da keçiriləcək.
Ümid edirəm ki, qardaş Azərbaycanın da turizm
şirkətləri bu tədbirdə aktiv iştirak edəcəklər.
Mehparə
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 5.