Qazaxda Vaqif poeziya
günü
Qazax Rayon Mədəniyyət və
Turizm Şöbəsi Azərbaycan Yazıçılar
Birliyinin (AYB) Qazax filialı ilə birgə Vaqif poeziya
günü keçirib. Tədbir Mütəfəkkirlər
parkında Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin heykəlləri
qarşısında gerçəkləşib.
Mərasimi Qazax Rayon İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə müavini Gülayə Həsənova açaraq qeyd edib ki, Vaqif poeziya günləri ulu öndər Heydər Əliyevin 1982-ci ilin avqustunda imzaladığı sərəncama əsasən hər il keçirilir. Bu il həmin sərəncamın 30-cu ildönümüdür. Vaxtilə bu bayram tədbiri Qazaxdan başlayıb Şuşada yekunlaşardı. Təəssüf ki, mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, bu tədbiri Şuşada keçirə bilmirik. Tədbirdə çıxış edən AYB-nin Qazax filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal Vaqifin yaradıcılığından söz açıb. Qeyd edib ki, lirik və qəlb şairi olan Vaqif sevdiyi gözəli göylərdə deyil, yerlərdə tapmış, bir rəssam dəqiqliyi ilə şeirlərində gözəllərin portretini yaratmışdır.
Tədbirə toplaşan
yerli şairlər Vaqifin
şərəfinə yazdıqları şeirləri oxuyublar. Qazax Dövlət
Dram Teatrının aktyorları musiqi sədaları altında şairin
şeirlərini ifa ediblər. Mədəniyyət
evinin gənc aşıqlarının
ifasında şairin lirik
şeirlərinin saz havası üstündə
oxunması tədbirə əlavə rəng qatıb.
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 6.