“Xalqın
mənə verdiyi qiyməti qoruyub saxlamalıyam”
Simarə
İmanova: “Həmişə tələbələrimə də
deyirəm ki, çalışın, öz mədəniyyətimizi
layiqincə təqdim edin”
Geniş tamaşaçı
auditoriyası məlahətli səs sahibi olan bu xanımı
1997-ci ildən sonra daha yaxşı tanımağa
başladı. Həmin il Özbəkistanın Səmərqənd
şəhərində keçirilən “Şərq təranələri”
beynəlxalq festivalında 46 ölkə musiqiçiləri
arasında vətənini layiqincə təmsil edərək
festivalın ən yüksək mükafatına (Qran-pri) layiq
görülən Simarə İmanova sənətə çətin
bir yol keçib gəlmişdi. Ailəsində onun həkim
olacağını güman edirdilər. Amma o, incəsənəti
seçdi. Valideynləri razılaşmasa da, o, inadından
dönmədi. Bu uğur onun istedadını və sənətə
olan məhəbbətini doğulub boya-başa
çatdığı yurduna və doğmalarına sübut
etdi.
Bundan sonra hamı bir həqiqətlə
razılaşdı ki, bu qız elə muğam
dünyamız, səhnəmiz üçün doğulub.
İlk xeyir-duasını isə, özünün qeyd etdiyi
kimi, Azərbaycanda muğam sənətini yenidən
canlandıran ulu öndər Heydər Əliyevdən aldı.
1997-ci ildə ölkə başçısının sərəncamı
ilə Əməkdar artist fəxri adına layiq görülən
Simarə İmanova həm də milli opera səhnəmizin ən
gənc Leylilərindən biri oldu. Bu gün xanəndə sənət
həyatı ilə yanaşı, pedaqoji fəaliyyətini də
davam etdirir. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetini bitirdikdən sonra bu təhsil
ocağında müəllim işləyir.
Yayın bu isti günlərinin
birində sevimli sənətçimizlə redaksiyamızda
görüşüb, söhbətləşdik. Son vaxtlar
ekran-efirdə az görünməsinin səbəbini xəbər
alanda bildirdi ki, yay vaxtı hamı istirahət edir: “Amma buna
baxmayaraq, mən çalışıram ki, yeni mahnılar
yazdırım. Həm də, düzünü desəm, hər
efirə getmək olmur. Çalışıram ki,
sanballı, əsl mədəniyyəti, sənəti təbliğ
edən verilişlərdə xalqın qarşısına
çıxım. Bu gün mən muğam və sənət
aləmində sözümü demişəm və mənə
yaraşmaz ki, hər gün yerli-yersiz efirlərdə olam və
tamaşaçını bezdirəm. Xalqın mənə
verdiyi qiyməti, hörməti qoruyub saxlamaq,
tamaşaçıma hörmətlə yanaşmaq mənim
borcumdur”.
Yaradıcılığındakı yeniliklərlə bizi tanış edən xanəndə təzə yazdırdığı mahnıların tezliklə efirlərdə səslənəcəyini dedi: “Yeni yazılara unudulmaz müğənnimiz Məmmədbağır Bağırzadənin repertuarından bir neçə mahnı, xalq mahnılarımız və təsniflərimiz daxil edilib. Ümid edirəm ki, musiqisevərlərimiz bu ifaları bəyənəcəklər”.
Simarə xanım hazırda pedaqoji fəaliyyətə daha çox vaxt ayırdığını qeyd etdi: “2002-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin Muğam fakültəsində dərs deyirəm. Çox gözəl kollektivimiz var və biz gənc pedaqoqlara da hər cür şərait yaradılıb ki, öz imkanlarımızı göstərə bilək, bilik və bacarığımızı tələbələrimizə öyrədək. Sevinirəm ki, artıq respublikada tanınan tələbələrim var. Muğam müsabiqələrinin laureatları olmuş tələbələrimlə fəxr edirəm”.
Söhbət əsnasında bir qədər də ötənlərə, sənətçini məşhur edən 1997-ci ilə qayıtdıq. Həmsöhbətim həmin il qazandığı ilk böyük uğuru həyatının xoş anı kimi hər zaman xatırlayır: “Əlbəttə ki, illər ötüb və hər bir sənətkar zaman keçdikcə özünü daha da sübut etməyə çalışır. Repertuar genişlənir, yeni mahnılara, yeni uğurlara imza atırsan. Gənclik çağının enerjisini sənətə sərf edib nəsə qazanmaq istəyirsən. Yaş ötdükcə insanın fikirləri, düşüncələri də dəyişir”.
Sənət və ailənin qayğıları, hər ikisinin bir arada tutaraq qorumağın çətinliyindən söz açan həmsöhbətim “Müasir zamanda həm evinin xanımı olmaq, övlad böyütmək, həm də sənətini davam etdirmək həqiqətən də çətindir. Amma mən çalışıram ki, bu tarazlığı pozmayım. Sənətdə olan hər bir xanıma xoşbəxt ailə və sənət sevinci arzulayıram”, - dedi.
Səhnəmizin Leylisi bu gün teatrdan uzaq düşməsinin səbəbini də işlərinin çox olması ilə əlaqələndirdi: “Opera səhnəmizin ən gənc Leylisi mən olmuşam. Tərəf-müqabilim isə respublikanın Xalq artisti Mənsum İbrahimov olub. Lakin sonradan vaxt azlığından teatrda fəaliyyətim mümkün olmadı. Xarici səfərlər, tələbələrlə məşğul olmaq, ev, ailə - bütün bunlar çox vaxt aparır. Bu gün mənim üçün Vətənini layiqincə təmsil etmək və muğamımızın sabahı üçün davamçılar hazırlamaq daha vacibdir”.
Xarici ölkələrdə müntəzəm olaraq konsert proqramları ilə çıxış edən xanəndə maraqlı qastrol səfərləri barədə də danışdı: “Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Ukraynada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində böyük uğurla çıxış etdik. Bundan əlavə, Qazaxıstanın Astana və Almatı şəhərlərində möhtəşəm konsertlərimiz oldu. Bizimlə bərabər Təyyar Bayramov, Səbuhi İbayev və teatr kollektivləri də bu konsertlərdə iştirak edirdi. Fransaya da qastrol səfərimiz yaddaqalan oldu. Bu səfər də nazirliyin xətti ilə təşkil edilmişdi. İlk olaraq muğamdan treninqlər keçdik, sonra isə muğam üçlüyündə canlı konsert proqramı ilə çıxışlarım oldu”.
Sənətçi bu yaxınlarda Türkiyəyə etdiyi səfər barədə də zəngin təəssüratını bizimlə bölüşdü: “Kapadokya Gecələri Festivalında iştirakımız unudulmaz xatirələrlə yadda qaldı. Festival bizim çıxışımızla, muğamla başladı və muğamla da bağlandı. Bu layihə Avropa Birliyi, Fransa, Türkiyə və Yunanıstan arasında həyata keçirilir və müxtəlif ölkələrin mədəniyyətini bir araya gətirir. Festivalın əsas məqsədi milli musiqiləri Avropa və dünyaya tanıtmaqdır. Azərbaycan isə bu layihədə qonaq qismində iştirak edirdi. Festivalda muğam sənətinin incəliklərini, qədimliyini və insanlığa nə qədər yaxın olduğunu tanıtmaq bizim üçün vacib idi. Musiqi bayramı çərçivəsində “muğam gecəsi” adlı ustad dərsi də təşkil edildi. Həmin gecə konsertə qatılan sənətçilər türk sənət musiqisi və Azərbaycandan gələn muğamla böyük bir sənət yolçuluğu yaşadılar. Sənət yoldaşlarım - tarzən Ramin Rzayev və kamança ifaçısı Anar Yusubovla birlikdə Parisin Sorbon Universitetinin professoru Florens Dupont, İzabell Launay, Yunan Sənət Mərkəzinin professoru Basma Zeroualli və Türkiyənin Sakarya Universitetinin professoru Deniz Dedemoğlu kimi tanınmış insanların qarşısında muğamın incəliklərini çatdıraraq seminarlar keçirdik. Seminarlar zamanı ifa etdiyimiz muğamlar iştirakçılara zövqlü anlar yaşatdı. Layihənin rəhbərləri bildirdilər ki, Avropa Birliyi və Türkiyə hökuməti tərəfindən dəstəklənən bu layihədə Azərbaycanın iştirakı onlar üçün çox önəmlidir. Bizim Mədəniyyət və Turizm Nazirliyi də bu layihəyə dəstək verir. Layihənin məqsədlərindən biri də dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərini tam fərqli, yeni bir tamaşada - muğamla teatrın sintezində dünyaya təqdim etməkdir.
Bizim çıxışlarımız tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanırdı. Hiss olunurdu ki, digər xalqlar arasında bizim sənətə qarşı böyük bir maraq var. Xarici səfərlərdə hər zaman çalışırıq ki, xalq mahnılarımızı layiqincə təmsil edib tanıdaq. Tarixçəsini biliriksə onu da danışıb açıqlayaq. Məsələn, “Sarı gəlin” mahnısının haradan yarandığını, bu mahnının sırf bizim milli adət-ənənələrə bağlı olduğunu bildiririk. Biz çalışmalıyıq ki, harada oluruqsa olaq, öz mədəniyyətimizi, dilimizi, dinimizi, adətlərimizi layiqincə təmsil edib tanıdaq. Həmişə tələbələrimə də deyirəm ki, çalışın öz mədəniyyətimizi layiqincə təqdim edin. Mən sənətə Alim Qasımov sənətinin heyranı olub gəlmişəm. Amma ustadım görkəmli sənətkarımız Ağaxan Abdullayev olub. Eyni zamanda Arif Babayev, Rübabə Muradova, Zeynəb Xanlarova, Qəndab Quliyeva, Səkinə İsmayılova kimi sənətkarlarımızdan öyrənərək çalışmışam özüm də sənətdə həmin yolu tutum və bunu tələbələrimə də tövsiyə edirəm”.
Vətənimizi dünyanın bir çox yerlərində - ABŞ, Hollandiya, Rusiya, Almaniya, Türkiyə, Cənubi Koreya və s. ölkələrdə uğurla təmsil edən xanəndə bu gün dövlətin dəstəyi sayəsində musiqi sənətimizin uğurla inkişaf etməsindən məmnunluğunu bildirdi, bir sənət adamı kimi bu diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 8.