6 ayda
Qəbələyə 22 mindən
çox turist gəlib
Rayondakı istirahət mərkəzləri qiymətlərdə
endirim edib
Ölkəmizin
geniş turizm potensialına malik bölgələrindən olan
Qəbələdə yerli
iş adamları mövcud imkanlardan səmərəli istifadə
edirlər. Hər il rayonda
müasir standartlara uyğun bir neçə yeni turizm obyekti fəaliyyətə başlayır.
Qəbələ
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Nargilə Qafarovadan aldığımız
məlumata görə,
rayonda 1577 yerlik 16 mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti
var. Onlardan 9-u Mədəniyyət
və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət
göstərir. «Gilan»,
«Karvan», «Qafqaz Resorte», «Qafqaz Riverside», «Qəbələ», «Qafqaz
Sport» mehmanxanaları, «Selbasar»,
«Qəbələ Xanlar»,
«Duyma», «Sahil», «Semerana», «Yeddi gözəl» istirahət mərkəzləri və
«Yengicə» istisu sanatoriyası müasir standartlara tamamilə cavab verir. «Duyma»da turistlərin istirahəti üçün
futbol, voleybol, tennis meydançaları, katamaran
və ekskursiya xidməti göstərilir.
«Qafqaz Resorte», «Qafqaz Riverside» və «Qafqaz Sport» mehmanxanaları
göstərilən xidmətlərin
səviyyəsinin yüksək
olması ilə regionun digər mehmanxanalarından əsaslı
surətdə fərqlənir
və burada turistlərin rahatlığı
üçün hər
cür şərait yaradılıb. Rayonda yerləşən obyektlərdə qiymətlər,
səhər yeməyi
daxil olmaqla, 1 nəfər üçün
20-80 manat arasında dəyişir.
Şöbə müdiri qeyd
etdi ki, ötən 8 ildə Qəbələdə müasir
turizm obyektlərinin sayı bir neçə
dəfə artıb.
Yeni istifadəyə verilən obyektlər gün ərzində ümumilikdə 1236 nəfərə
yaxın turistə müasir standartlara uyğun restoran, hotelçilik və müalicə xidmətləri
göstərmək imkanına
malikdir: «Bu yay turizm mövsümündə
istirahət mərkəzlərində
xidmətlərə görə
qiymətlər ötən
illə müqayisədə
xeyli ucuzlaşıb. İstirahət mərkəzlərində qonaqlara müasir hotel xidmətləri ilə yanaşı, Azərbaycan
və Avropa mətbəxlərinin yeməkləri
təklif olunur. Rayonun istirahət mərkəzləri
ötən illə müqayisədə builki turizm mövsümündə
hotel xidmətlərinə bir
otaq üçün
20-25 manatadək, restoran
xidmətlərinə 15-20 faizədək
endirim ediblər.
İstirahət mərkəzlərinin bir neçəsi qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə
səyahətlər təşkil
edir».
Həmsöhbətimizin sözlərinə görə, son illər rayona gələn turistlərin sayı da artmaqdadır. Bu ilin 6 ayı
ərzində Qəbələyə
22 min nəfərdən çox
turist gəlib. Onların arasında xeyli xarici ölkə vətəndaşı da
var. Bunun bir səbəbi də bu yaxınlarda Qəbələdə keçirilmiş
IV Beynəlxalq Musiqi Festivalıdır. Ümumilikdə, indiyə qədər rayona 3 min nəfərdən
çox xarici turist gəlib.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 9.