Şamaxıdakı
Şirvanşahlar sarayının
qalıqları maraqlı turizm obyekti ola bilər
Xəbər verdiyimiz kimi, bu
yaxınlarda Şamaxı şəhərində orta əsrlər
Şirvanşahlar dövlətinə məxsus sarayın
qalıqları aşkarlanıb. Şəhərdəki 1
saylı orta məktəbin ərazisində yeni tədris
binası inşa edilərkən qazıntı işləri
zamanı tarixi abidənin divarları üzə
çıxıb.
Ərazidə aparılan arxeoloji tədqiqat
işləri zamanı müəyyən edilib ki, həmin
tikili Şirvan şahlarının XI-XII əsrlərdə
inşa etdirdiyi saraydır. Bu günədək 900 kvadratmetr ərazidə
aparılan arxeoloji qazıntı işləri zamanı məişət
və təsərrüfat qabları, sikkələr, su xətləri
aşkar edilib.
Azərbaycan Milli Elmlər
Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun
Şamaxı Arxeoloji Ekspedisiyasının rəhbəri
Şirzad Əhmədov belə bir tarixi abidənin
tapılmasını ölkəmizdə arxeoloji turizmin
inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirir.
Onun sözlərinə görə, bu məkan maraqlı turizm
obyekti ola bilər: “Azərbaycan xalqı dünya mədəniyyətinə
böyük töhfələr verib. Bu töhfə maddi-mədəniyyət
baxımından öz əksini arxeoloji abidələrdə də
saxlayır. İnkişaf etmiş ölkələrdə
arxeoloji turizm çoxdan diqqət mərkəzindədir.
Sevindirici haldır ki, son vaxtlar Azərbaycanda da bu istiqamətdə
işlər görülür. Sadəcə, turistləri cəlb
etmək və onların rahatlığı üçün
müəyyən işləri görmək lazımdır”.
Arxeoloqun sözlərinə görə,
1192-ci ildə Şamaxıda baş verən güclü zəlzələ
zamanı Beyləqanda səfərdə olan Şirvanşah I
Axsitanın ailə üzvləri sarayın
dağılması nəticəsində məhv olublar: «Bunlar
hamısı tarixi faktlardır. Fikrimcə, bu məlumatlar
turistlər üçün də maraqlı olar. Ərazidə
bərpa və konservasiya işləri aparmaq və onu turizm
nümayiş obyektinə çevirmək
mümkündür».
Qeyd edək ki, Şamaxıda
Şirvanşahlar dövründə inşa edilən məscidlər,
körpülər, hamamlar, karvansaralar, «Gündəyməz»
müdafiə istehkamı, «Gülüstan», «Quşçu»,
«Başıbağlı» qalaları, digər tarixi abidə və
maddi-mədəniyyət nümunələri var.
Fəxriyyə
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 9.