“Travel across Azerbaijan”
Ölkəmizin
turizm imkanlarını təbliğ edən nəşrin
növbəti sayı işıq üzü görüb
Azərbaycanda turizm sahəsi
inkişaf etdikcə ölkədə bu sahəni əks etdirən
nəşrlərin sayı da çoxalır. Bu yaxınlarda
üçüncü sayı işıq üzü görən
“Travel across Azerbaijan” (“Puteşestvie po Azerbaydjanu” - “Azərbaycana
səyahət”) adlı jurnal da onlardan biridir. Nəşrdə
ölkəmizin regionlarında yerləşən tarixi abidələr,
turizm məkanları, müxtəlif rayonların özünəməxsus
mətbəx nümunələri haqqında geniş məlumatlar
yer alıb. Jurnalın təsisçisi «Big Azeri-tour» turizm
şirkətidir.
«Travel across Azerbaijan»
jurnalının yeni sayında oxucular Azərbaycanın Qax,
Qusar, Şabran, Gədəbəy rayonlarında turizmin
inkişaf perspektivləri, unikal əhəmiyyətli tarixi abidələrlə
tanış ola biləcəklər. Nəşrdə həmçinin
İsmayıllı rayonunun Lahıc qəsəbəsi,
buradakı qədim el sənəti nümunələri,
tanınmış sənətkarlar haqqında məlumatlar
verilib.
Materiallar «Turizm marşrutları»,
«Etnoqrafiya», «Azərbaycanın müqəddəs yerləri»,
«Təbiətin möcüzələri» və s. bölmələrdə
qruplaşdırılıb. «Azərbaycanın müqəddəs
yerləri» bölümündə Hacıqabuldakı Pir
Hüseyn xanəgahı, məşhur Beyləqan piri, bu ziyarətgahların
ətrafında formalaşan inanclar və insanlar tərəfindən
yerinə yetirilən ayinlər haqqında məlumatlar əksini
tapıb.
«Travel across Azerbaijan»
jurnalının 3-cü sayında müxtəlif xarici ölkələrə
reallaşdırılan turlar, o cümlədən
Çexiyanın, Türkiyənin məşhur kurortları
haqqında da informasiya almaq mümkündür.
Fəxriyyə
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 9.