“Dil aç, telli sazım...”
Ozan-aşıq sənətimizin inkişafında əvəzsiz
xidmətləri olan, özündən sonra zəngin, məzmunlu və maraqlı yaradıcılıq irsi qoyub gedən sənətkarlar çox olub. Əməkdar mədəniyyət işçisi Aşıq
Əhməd Rüstəmov
da onlardan biridir.
O, 1921-ci ildə
Kürdəmir rayonunun
Carlı kəndində
anadan olub. Uşaqlıq və gənclik
illəri çətin
və ağır bir dövrə təsadüf edib. Çox erkən yaşlarından yetim qalır. 1925-ci ildə atası
Ədil bəy sovetləşmə dövrünün
ilk repressiya qurbanlarından
olur. Həyatda atasız-arxasız qalsa da, tale ona gözəl səs və istedad bəxş edir. El şənliklərində
yaxından iştirak edir. Aşıq musiqisinin-sazın vurğunu olur. İlk sənət dərslərini
həmkəndlisi Aşıq
Əlidən alır.
Çox
keçmir onun sənətinin və səsinin sorağı respublikanın ən ucqar yaşayış məntəqələrindən gəlir.
Aşıq Əhməd 1941-1945-ci illər müharibəsinin
iştirakçısı olub.
Sinəsini bir çox
orden və medallar bəzəyib.
Müharibənin başa
çatmasına az qalmış ağır döyüşlərin
birində yaralanır.
Vətənə dönəndən sonra rayon mədəniyyət
evində işə düzəlir. Ömrünün sonuna kimi də
orada işləyir.
Aşıq Əhmədin zəngin
yaradıcılığı olub. Onun “Sazımın telləri”
(1965), “Əlləriniz yorulmasın”
(1980), “İtən sazım”
(1995), “Dastanlar” (2004) adlı
kitabları oxucular tərəfindən rəğbətlə
qarşılanıb. Araşdırmalardan məlum olur ki, o, dövrünün yaradıcı adamları ilə daim ünsiyyət
qurub və əlaqə saxlayıb.
Xatirələrində Aşıq
Şəmşiri, Səməd
Vurğunu, Bülbülü,
sənət dostlarından
Aşıq Şakir Hacıyevi, Eynulla Cəbrayılovu, balabançı
Həsrət Hüseynovu
çox böyük hörmətlə yad edir. Görkəmli sənətkarın yaradıcılığı hökumət
tərəfindən yüksək
qiymətləndirilir. 1989-cu
ildə ona Əməkdar mədəniyyət
işçisi adı
verilir. O, Azərbaycan
Aşıqlar və Yazıçılar birliklərinin
üzvü olub. Respublika aşıqlarının III və
VI qurultaylarına nümayəndə
seçilib.
Onu da qeyd edək ki, Aşıq
Əhmədin bir çox şeirlərinə
mahnı da bəstələnib. Xüsusilə onun “Salam verək” şeiri diqqət çəkir. Aşıq Əhməd
bu şeirlə sanki Azərbaycanı səyahətə çıxıb
və onun təbiətinin canlı mənzərəsini yaradıb.
"Dil aç, telli sazım, Şirvan elində!.." deyib, telli sazını Qazax elinə, gözəl Qarabağa salam verməyə, Göyəzən dağının
zirvəsini gəzməyə
səsləyir. Şair Vaqiflə
birlikdə Cıdır
düzündə gəzib-dolaşmağı
arzulayır. Şeir
süfrəsi açıb
sənətsevərləri söz məclisinə dəvət edir, pərdə-pərdə ötərək,
Vurğunun gəzdiyi yerləri soraqlayır...
Aşıq Əhmədin şeirinə
bəstələnən bu
mahnı ilk dəfə
ötən əsrin
60-cı illərində el şənliklərində
Aşıq Məmmədağa
Babayevin ifasında eşidilib. O vaxtlardan
bəri bu şux və oynaq mahnı dillərdən düşmür.
Ustad sənətkarların ifasında
məclisləri şənləndirir.
İnsanlarda xoş duyğular
yaradır.
O, Azərbaycan
ozan-aşıq sənətinin
görkəmli nümayəndələrindən
biri olmaqla, özündən sonra zəngin, məzmunlu, əhatəli yaradıcılıq
irsi qoyub gedib. Başdan-başa şair təbli,
tükənməz və
coşqun yaradıcılıq
ilhamına malik sənətkar olub. Sazı, sözü və maraqlı dastanları ilə uzun illər
məclislərə yaraşıq
verib. El şənliklərində, dövlət
tədbirlərində əsl
sənət nümayiş
etdirib.
Özünün dediyi kimi, çox erkən çağlardan sənəti
duyan, sözün fəhminə inanan, canında-qanında yaradıcılıq
duyğusu, yaradıcılıq
istəyi coşub-çağlayan
Aşıq Əhməd
sənət yolunda inamla-uğurla irəliləyib.
O, aşıq kimi sənətə ifaçı
gəlib, yaradıcı
aşıq kimi sənət zirvəsinə
yüksəlib və ustad aşıq kimi dünyadan köçüb. 2008-ci ilin avqust ayının
12-də vəfat edib.
Ölümündən sonra Kürdəmir
şəhərində yaşadığı
küçəyə onun
adı verilib. Yaxşı deyiblər ki, əsl sənətkar ölmür. Həqiqi sənətkarı
yaratdıqları yaşadır.
Aşıq Əhməd də
gözəl əsərləri-mənalı,
məzmunlu şeirləri,
dastanları və xoş xatirələri ilə daim onu
sevənlərin qəlbindədir.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 10.