Rollarda, obrazlarda yaşanan ömür
Müxtəlif dövr hadisələrinin
təzahürü olan
kino bədii təfəkkür, təxəyyül
nümunəsi, gerçək
aləmin inikasıdır.
Həyat
fəlsəfəsinin estetik
prinsipləri isə, birbaşa peşəkar aktyor ifası ilə açılır.
Danılmaz həqiqətdir ki,
kinoya əsas uğur qazandıran istedadlı aktyor yaradıcılığıdır. Azərbaycan kino sənətinin inkişafında böyük
xidmətləri olan belə aktyorlardan biri də Məmmədrza
Şeyxzamanovdur.
Məmmədrza
İsa oğlu Şeyxzamanov 1915-ci il avqustun 4-də Gəncədə anadan olub. İki yaşında atasını
itirib. Ailənin ağırlığı anası Böyükxanımın
üzərinə düşür.
O, Gəncədə toxuculuq
fabrikində işə
düzəlir. Onsuz da çətinliklər içində
dolanan ailənin vəziyyəti ölkədə
sovet hakimiyyəti bərqərar olandan sonra daha da
ağırlaşır. Şeyxzamanovlar nəsli Azərbaycan
Xalq Cümhuriyyətinin
fəal tərəfdarları
idilər, Nağı
Şeyxzamanov milli hökumətin naziri (milli təhlükəsizlik)
olmuşdu. Sovetləşmədən sonra Məmmədrzanın
babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bununla kifayətlənməyən sovet hökuməti bu nəsildən olan ailələri hər addımda təqib edirdi.
Həyatda rastlaşdığı maneələri çalışqanlığı,
istedadı ilə dəf edən Məmmədrza Şeyxzamanov
nikbin ruhlu insan idi. O, illərin acısını
nurani siması, kamil görünüşü
daxilində əridib heçə endirməyi, insanların gözündən
salmağa çalışdıqları
soyadını milyonlara
sevdirməyi bacardı.
Şeirə, sənətə hədsiz marağı olan Məmmədrza Şeyxzamanov hələ orta məktəbdə oxuyarkən teatr studiyasına daxil olub. 1934-cü ildə Gəncə Dövlət Dram Teatrının
rejissoru işləyən
Həbib İsmayılovun
dəvəti ilə teatra cəlb edilib. Burada ilk vaxtlar kiçik
rollarda çıxış
etsə də, yaradıcı atmosfer onun istedadını təkmilləşdirib, peşə
seçimini düzgün
istiqamətləndirib. Aydın diksiyası, əvəzsiz
səhnə danışığı
olan gənc aktyor teatrda çalışan görkəmli
sənətkarlardan peşə
sirlərini, sənətin
incəliklərini öyrənib.
Yaratdığı
səhnə obrazları
ilə geniş tamaşaçı auditoriyasının
rəğbətini qazanan
istedadlı gənc 20
il sonra,
yəni 1954-cü ildə
Akademik Milli Dram Teatrına dəvət alıb. Onun daha geniş
sənət uğurları
da bu tarixdən
başlayıb. Teatrın səhnəsində
“Fərhad və Şirin” (Xosrov), “Vaqif” (Qacar), “Otello” (Otello) və başqa tamaşalarda baş rolları ifa edən peşəkar aktyor, kinoda ilk addımını 1955-ci ildə
“Bəxtiyar” filmində
atıb.
50-ci illərdə
“Azərbaycanfilm” kinostudiyasında
il ərzində
2-3 film çəkilsə də,
milli koloritli, yaddaqalan peşəkar aktyor ifaları nəticəsində həmin
filmlər geniş tamaşaçı rəğbəti
qazanırdı. Teatr aktyorlarının
kinoya gəlməsi ekranda da canlı
tamaşa yaradır, hadisələrin reallığına,
aktyor sənətinin ölməzliyinə rəvac
verirdi. Bu baxımdan Məmmədrza
Şeyxzamanov kimi aktyorların teatr və kino sənətində
olması əvəzsiz
bir tapıntı idi. Onun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 50-dən artıq filmdə yaratdığı
və səsləndirdiyi
ölməz rolları
bu gün də koloritlidir.
O, çox aktyora nəsib olmayan bir istedada,
çoxplanlı ifaya,
improvizasiya qabiliyyətinə
malik idi. Bu da ona fərqli ampluada, müxtəlif janrlarda çəkilməsinə imkan
verirdi. Şeyxzamanovun ekranda yaratdığı
rolları çox düzgün istiqamətləndirdiyi
fərdi istedadının
təzahürü idi.
Çöhrəsindəki nuraniliyi tamamlayan
amiranə, kamil səsi, təmkinli görünüşü tamaşaçıya
nur, ziya bəxş edirdi. Ekran obrazlarının hər biri ayrı-ayrılıqda
tamaşaçının müşahidə,
hadisələri və
prototipləri isə mühakimə predmetinə
çevrilir, milli kinomuzun ibrətamiz mövqeyini, etik dəyərləri üstün
tutan cəhətlərini
təsdiqləyirdi. Həkim
Eldostu (“Bir qalanın sirri”), Nağılçı (“Əzablı
yollar”), İsfəndiyar
kişi (“Tütək səsi”) və başqa obrazları kimi. O, öz emosional, səmimi yaradıcılığı
ilə müxtəlif
dövr hadisələrinə
dəqiq münasibətini
bildirməklə hər
dövrdə haqsızlıqlarla
qarşılaşan insan
həyatına biganə
olmadığını sübut
edirdi. Bir sözlə, rolları
ona yaraşır, özü də sevərək yaratdığı
obrazlarını ürəklərə,
qəlblərə hopdurur,
yaddaşlara yazırdı.
Şeyxzamanov bütün yaradıcılığında
dramatik rollar ustası olduğunu təsdiq edib. Onun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə yaratdığı Qurban
(“Qızıl uçurum”),
Zaurun atası (“Ən vacib müsahibə”),
polkovnik Qurbanov (“Onu bağışlamaq olarmı?”), Kərəm
(“Yeddi oğul istərəm”), rəssam
(“Liftçi qız”) və başqa rolları aktyorun məntiqli ifasında aid olduğu mühiti, müasirlərinin həyatı
çox aydın şərh edilib.
Görkəmli kinorejissor Həsən Seyidbəylinin
1973-cü ildə çəkdiyi
“Nəsimi” filmindəki
Şeyx Əzəm obrazı ilk görünüşdə
Topal Teymurun qəzəbindən uzaq, qayğısız saray məmuru təsiri bağışlasa da, hadisələrin inkişafında
səsindəki titrəyişdən
hər an daxilində bir faciə yaşadan zərxara geyimli kölə insanın psixologiyasını
aydın oxuyuruq. Qızı Şəmsin qətlinə
fərman verən, onu boğaraq öldürən Şeyx Əzəmin yazıq görkəmlə - “günahımı
yudum, qibleyi-aləm” dedikdə əməlindən
peşmançılıq keçirən
insanın deyil, qızının sevgisindən
xəcalət çəkən
atanın üzündəki
qorxaqlıq ifadəsini
büruzə verir.
Keçmişin salnaməsini yaradan
tarixi filmlərdəki
peşəkar aktyor ifasının əsərə
intellektual, obyektiv yanaşması, obrazın
daxilinə realistcəsinə
varması, mövzunun
aktuallığını, müasirliyini
qoruması deməkdir.
Ziyalı aktyor ifası
şüurun varlığa
münasibətini, həyata
təsirini qabardaraq dünyanı dərk etmək, yaxşı mənada dəyişdirmək
prinsipini öz yaradıcılığında tamaşaçısına diktə
edir. Nəticə etibarı ilə
Teymurləng kimi tarixi bir tipin
şəxsiyyətini ifaçı
ilə birlikdə tərəf-müqabil də
ətraflı şərh
edir. Azərbaycan kinosuna bütün
rolları ilə başucalığı gətirən
aktyor orijinal, qüsursuz yaradıcılıq
təqdim etməklə
çoxlarının saxta
sənət növü
(XX əsrin əvvəllərində
artist deyib rişxənd
etdiyi) adlandırdığı
məsləyinin məqsədini,
məramını aydınlaşdırır,
vacibliyini sübut edirdi.
Şeyxzamanov həyatda ciddi
şəxsiyyət olsa
da, dostları ilə zarafat etməyi çox sevirdi. Ustad sənətkarın güclü yumor hissinə malik olmasını, aktyor texnikasının bilicisi olduğunu sübut etmək üçün görkəmli rejissor Adil İsgəndərov ona 1963-cü ildə çəkdiyi “Əhməd
haradadır?” komediyasında
Şirin obrazını
həvalə edir.
Aktyor obraza uyğun işlətdiyi dolğun, təbii və ifadəli jestlərlə personajı real, sadə süjetli filmi isə baxımlı etdi.
Onun “Bəxtiyar” filmindəki
Rəcəbov obrazının
təfsirində biz özünü
həyatda çılğın
aparan gənclərə
bir baxışı, təmkini, ibrətamiz xüsusiyyətləri ilə
həyatı başa salan pedaqoqu görürük. “Tütək
səsi” filmindəki İsfəndiyar kişi
obrazı isə insanpərvərliyi ilə
humanistlik ideyalarının
daşıyıcısı olduğunu göstərir,
çətinliklərlə qarşılaşan insanlara
hər sınaqdan alnıaçıq çıxmağı
tövsiyə edir, bitkin bir obraz
kimi el ağsaqqalının
simvolik simasını
yaradır.
Şeyxzamanov aktyor texnikasının
mahir bilicisi olduğunu dublyaj etdiyi rollarında da göstərib. O, kinoda səsləndirdiyi “Mən nəğmə qoşuram”da Bəhmən dayı, “Telefonçu qız”da Qulam, “Ögey ana”da Hüseyn dayı, “Bizim küçə”də
rus zabiti, “Mozalan” və animasiya filmlərindəki
fərqli personajları
ilə də özünün yaradıcılıq
metodunu, bədii fəaliyyətə, dublyaj
sənətinə olan
münasibətini bildirib.
Məmmədrza
Şeyxzamanov 1984-cü il yanvarın 25-də,
69 yaşında vəfat
edib. Onun yaradıcılıq filmoqrafiyasına nəzər
salanda sənətində
böhran dövrü
olmadığını görürük.
Ustad sənətkarın istedadına
ehtiyac duyan rejissorlar onu sənətdən kənarda
saxlamır, tamaşaçılar
isə ürək dolu sevgilərini ondan əsirgəmirdilər.
Peşəkar yaradıcılığı ilə hər çıxışında teatrı
mədəniyyət məbədinə
çevirən, aktyor
sənətinin mahiyyətini,
vacibliyini səhnə
əsərlərinin məntiqi
mənasını açmaqla
təsdiqləyən ustad
sənətkar Xalq artisti adını
1974-cü ildə (59 yaşında)
alsa da, xalqın hörmət və ehtiramını yaradıcılığının ilk illərindən qazanmışdı.
Yaradıcılığına stimul verən,
onu ruhlandıran, sənət zirvəsinə
yaxınlaşdıran ən
böyük mükafatı
da elə bu idi.
Şəhla Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 11.