Öncə
Vətən sevgisi!.. Vətən sevgisi!..
Azərbaycan-doğma
VƏTƏN, ana yurd!
Azərbaycan-göz
bəbəyimiz, şah damarımız!
AZƏRBAYCAN! Səni sevmək, səni
qorumaq, sənin uğrunda hər bir əzaba qatlaşmaq, sənin
yolunda can qurban etmək bütün soydaşlarının və
vətəndaşlarının süd borcudur! Səni sevməmək,
sənə xəyanət etmək, səni dünya malına dəyişmək,
səni canından üstün tutmamaq, sənə
qarşı yönələn əllərdə əsir-yesir
olmaq, səni “qan gölünə” çevirməyə can
atmaq Yaradanına ağ olmaq qədər dəhşətlidir!
Məncə, bu hikmət hər bir
azərbaycanlı üçün, hətta millətindən
asılı olmayaraq, bu torpaqda doğulub boya-başa
çatan, bu torpaqda yaşamaq üçün buraya pənah
gətirən, bu torpağın duzu, çörəyi, suyu ilə
qidalanan hər bir kəs üçün alidir. Biz ayıq
gözlə anlamalıyıq ki, müstəqil dövlət
olaraq yenicə pərvəriş tapmış, ruhi yüksəlişinə
yenicə qovuşmuş, qanadlarını geniş açaraq
daha uzaq mənzillərə çatmaq üçün öz
uçuş miqyasını yenicə müəyyənləşdirmiş
və start nöqtəsindən çox cəsarət və
inamla yenicə səmaya qalxmış, şahin qanadlı,
qartal dimdikli, güclü, qüdrətli Azərbaycanın
sevgiyə, qayğıya və qorunmağa daha çox
ehtiyacı olduğu məqamda (təkrarən deyirəm, Azərbaycanı
həmişə sevmək bizim süd borcumuzdur!), Azərbaycanın
dövlət olaraq təhlükəyə atılmasında,
yolunu azıb, ona xəyanət hazırlanmasına köməklik
göstərilməsində, gözəl Vətənimizi yad
tapdaqlara təslim etmək istəyində olmağın
ağrısını və acısını anlamamaqda və
“Azərbaycanda vətəndaş müharibəsinin
başlamasının bizim üçün heç bir əhəmiyyəti
yoxdur!” düşüncəsinin kirli hikmətinə
bulaşmaqda özünü rahat hesab edən anlamazlar təkcə
Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının,
Azərbaycan dövlətinin qəsdində dayanmaq
mövqeyinin təmsilçiləri deyillər, onlar eyni zamanda
insanlığın məhvinə can atan şeytana xidmət
göstərənlərdir.
Allahın müqəddəs yolunda
şəxsi mənafe külafirəngisi qurub, həmin
külafirəngidən uca səslə, anlamadıqları hikmətlə
danışanlar, bu yolun nurlu cinahlarına qaranlıq kölgə
salanlardır və qaranlıq əməllərlə məşğul
olanlardır. Qaranlıq mühit onlar üçün son dərəcə
kafidir. Çünki qaranlıqda görülən əməllər
gözəgörünməz olur. Gözəgörünməz
əməllərin isə mahiyyəti həmişə
qaranlıq qalır.
Allah adamları cəmiyyətin
aydınlarıdır. Aydın olan kəslər isə
Allahın nuruna qərq olaraq düz əməlləri ilə
parlaq şəkildə görünürlər.
Aydınlıqda görülən əməllərin mahiyyəti
də gün kimi aydın şəkildə hər kəsə
bəlli olur...
Biz İslam ölkəsiyik.
İslam tək bir dindir. İslam dininin heç bir eşi yoxdur. Bu dinin təlqin
etdiyi mənəvi paklıq, vicdani saflıq, yüksək həqiqət,
uca Allahlıq, ali peyğəmbərlik hökmü,
insanın və insanlığın tanrısallıq qüdrətinə
qovuşmasına rəvac verən, yol göstərən bir
müqəddəslik qaynağıdır!
Allah yolu ilə yola
çıxan heç bir məxluq Allahın
buyurduqlarının əksinə nəinki danışa bilməz,
bu barədə düşünmək iqtidarında olduğunu
ağlına gətirməyi heç könlündən belə
keçirə bilməz. Çünki hər bir adam dərk etməlidir ki, insan tək olanda belə,
Allah həmişə onun təkcə başı üzərində
deyil, həm də onun ruhundadır və onun qəlbindən
keçənləri bütün incəliklərinə qədər
duyur, eşidir. Ona görə də
bütün insanlar dərk etməlidirlər ki, Allahın
yaratdıqları içində ən sevimli incisi olan
İNSANA qıymaq, Allaha qarşı çıxmaq -
Allahın buyurduqlarına etiraz etmək deməkdir. Xüsusən də özünü İslamın
bayrağı altında nümayiş etdirənlər
üçün bu daha dərin məna kəsb edən həqiqət
hikməti kimi daha keçərlidir. Allah
bütün insanlara bir cür ruh verib. Bu
da İNSAN duyğusudur ki, insan həmin qüdrətlə
canlanmışdır. Allahın verdiyi eyni
ruh qüdrəti ilə bütün insanlar ALLAH dərgahında
ona ibadət etməli, onun buyurduqlarına əməl etməlidirlər,
bu da o deməkdir ki, Allahın buyurmadıqlarını insan
heç ağlından belə keçirməməlidir.
Birmənalı şəkildə
anlamaq lazımdır ki, İslam tək olduğu kimi, həm də
insanın mənəvi dünyasıdır. Bu bir dindir və bu din peyğəmbərimizin
Allahdan aldığı qüdrətlə, hökmlə
yaranmışdır. İkinci bir İslam anlamı (islam partiyası, islam cəmiyyəti, islam
qurumu və sair!) İslam dininin əks
qütbündə dayanmaq kimi özünü ifadə edən
bir anlayışdır. İslam dininə
qarşı mövqedə dayanmaq, peyğəmbərlik
iddiasında olmaq kimi dəyərləndirilən bir amildir.
Bu, çox təhlükəlidir. Həm
insanlar qarşısında edilən qəbahət, həm
peyğəmbərimizin ruhu qarşısında
sayğısızlıq, həm də Allah
qarşısında törədilən bir günahdır!
Bu adın və bu böyük mənəvi
aləmin, bu nəhəng ruhsal, tanrısal həqiqət, ədalət,
haqq fəlsəfəsinin hikmət dünyasının
kölgəsinə, yalnız Allah təkliyinə,
İslamçılıq meyarına, İslam dininin ətrafında
mənəvi birləşmə ucalığına xidmət
göstərən ali missiya
daşıyıcılarının sığınmaq izninin olduğu
bir hökmdür!
Bu gün bütün
dünyanın diqqətinin bizə tuşlandığı və
hər kəsin heyranlıqla müşahidə etdiyi, həsəd
apardığı bir zamanda bizim bugünkü
uğurlarımıza min cür ləkə vurmaq istəyən
xarici qüvvələrə köməklik göstərmək,
Azərbaycanı cəhənnəmə çevirməyə
çalışmaq, onların dəyirmanına su tökmək,
onlara arxalanmaq, “Avrovizion” yarışmasını siyasi məqsədlər
üçün istifadə məkanına çevirmək
niyyətində olanların əməllərinə dəstək
durmaq, Azərbaycanı nahaqdan qan gölünə çevirmək
niyyətində olmaq, Azərbaycanın parçalanmasına
çalışmaq kimi pis niyyətin həyata keçməsinə
şərait yaratmağa çalışanlardır. Vətənimizi, torpaqlarımızı, millətimizi
başqa xalqların təbəəliyinə atmaq istəyənlərdir.
Azərbaycan xalqını səfalət
içində, qaragüruh libasında yaşatmağa
çalışanlardır.
Şübhəsiz
ki, Azərbaycanın bugünkü firavan həyatı
çoxlarının ürəyincə olmayan bir məsələdir.
Burada düşmən
əlinin olduğu gün kimi aydındır. Lakin onların narahatçılığı
anlaşılandır. Amma bu düşmənçiliyə
əl qoyan azərbaycanlıların əməli
bağışlanmaz bir xəyanətkarlıqdır. Bu, bilərəkdən öz xalqının
rifahını dağıtmaqdır. Ərəb
ölkələrində törədilən dəhşətli
hadisələrdəki kimi öz geninə qənim kəsilmək,
sərvətlərini yadellilərə təslim etmək, milli
qürurumuzun tapdaqlara salınmasını təmin etmək,
kor-koranə bir-birinin qanına susamaqdır.
İnanın ki, bizə
qan gərək deyil. Təzəcə dirçəldiyimiz,
az vaxt içində bir xalq kimi bütün parametrlərdən
dünyanı heyran qoyduğumuz bir vaxtda, ölkəmizi
düşdüyü vəziyyətdən çıxarmaq
üçün bütün var gücümüzlə, iti zəkamızla,
ağlımızla, əzmkar əməyimizlə, əməlimizlə,
nümunəvi mədəniyyətimizlə, siyasətimizlə
start nöqtəsindən uğurla qopduğumuz bir vaxtda
heç kəsin təsiri altına düşməməliyik.
Axı əcnəbi
diplomatın nə vecinədir ki, Azərbaycan xalqı
hansı taleni yaşasa, bu xalq üçün daha gözəl
olar. Amma hər bir azərbaycanlını
bu məsələ havaya, suya ehtiyac qədər
düşündürməlidir və bu meyarın hər bir
azərbaycanlı üçün mütləq həqiqət
olduğu şübhə altında deyil.
Əsrlər boyu (və
elə indi də!) Azərbaycan torpaqlarını
işğal edərək, bu torpaqlarda at oynadan, Azərbaycan
xalqını öz təsiri altında saxlamaqdan həzz alan,
bunu özü üçün hegemonluq qüdrəti hesab edən
və bu xalqı təhqir edə-edə sümürən fars
dövlətinin, bu gün gözlərimiz önündə
bizimlə qan düşmənçiliyi aparan erməni xalqının
çətin məqamlarında, dünya birliyi
qarşısında nüfuzunu itirməyə
başladığı bir vaxtda, iqtisadi çətinlikdən
boğulduğu anda ona arxa olması, dirçəltməyə
çalışması İslamçılığa,
İnsanlığa, Allahlığa yad amil deyilmi?!
Bütün bunları Azərbaycan
xalqına bir qəsd kimi törədən İran dövləti
anlamırmı ki, öz müsəlman qardaşlarına qəsd
etməyə can atmaq ədalətlilik deyildir və Azərbaycanı
yeri gəldi, gəlmədi nədəsə
günahlandırarkən öncə öz əməllərinə
ayna tutmalı deyilmi?!
Öz vicdanı ilə
üz-üzə, mərdi-mərdanə hesablaşmalı
deyilmi?!
Və bütün bu
məsələlərdə başını qaldırıb
Allaha baxmalı deyilmi?!
İki gənc Azərbaycan
şairini əsassız ittihamlarla günahlandırmaq, bu azərbaycanlı
gənclərin, həm də ziyalı gənclərin taleyi ilə
siyasi oyun oynamaq, CƏNUBİ AZƏRBAYCANda və ümumən
İran dövlətinin ərazisində yaşayan azərbaycanlılara
qarşı aparılan təzyiqin, saymazlığın,
hörmətsizliyin həddinin göstəricisi deyilmi?!
İran hökuməti əgər
bizimlə səmimi olmaq istəyirsə, ilk növbədə
ALLAH qüdrətindən ehtiyat etsinlər və münasibətlərin
mahiyyətinə vicdanla yanaşsınlar!..
Vaxtilə bizim
özümüzün köməyimizlə əzəli
torpaqlarımızda dövlət yaradan, bu gün böyük
dövlətlərin qanadı altına sığınaraq,
oradan üstümüzə diş qıcayan, böyük xəyanət
nəticəsində torpaqlarımızın iyirmi faizini
işğal altında saxlayan, dağüstü
parkımızın Şəhidlər xiyabanına
çevrilməsinə səbəb olan, indi də hər
gün bir övladımızı öldürən və
öz xəyanətkar yollarından çəkinmək istəməyən
erməni millətçilərinə qayğı göstərən,
onlara konkret köməklik edən, din qardaşlarımız
libasında bizə mehr göstərmək palavrası ilə
ikili standart kateqoriyası ilə meydanda özünü
gülünc hala salan İran üsul-idarəsinin məstedici
vədlərinə uyaraq onlara inanmaq, arxalanmaq, onlarda nicat
axtarmaq və kor-koranə onlara xidmət göstərmək,
cahillik, xəyanətkarlıq və nəhayət
böyük bir xalqı (bu xalqla bərabər
özünün əzizlərini də!), böyük bir
torpağın ərazisinin bir hissəsini, onsuz da
torpaqlarımızın və xalqımızın
böyük bir hissəsinə hələ də
hökmranlıq edən farsların, bir hissəsini isə vaxtilə
çox böyük səxavətlə öz yurdumuzda yerləşdirdiyimiz
erməni faşistlərinin caynağına atmağa xidmət
göstərmək deyilmi?!
Mən bu yazımla heç bir
dövlətin əleyhinə heç bir qərəzli təbliğat
aparmaq məqsədi daşımıram! Və
belə məsələnin doğru olmadığının da
bütün yazım boyu tərəfdarı mövqeyində
dayandığımı parlaq şəkildə
aydınlatmışam. İran İslam
Respublikası bizimlə qonşu dövlətdir və mən
qonşuluqda sülhün və əmin-amanlığın tərəfdarıyam
və bütün qərəzlərə qarşı
mövqedəyəm. Sadəcə, göz önündə
olan “kor-kor, gör-gör” həqiqətinin mənzərəsini
yaratmaqla, öz həmvətənlərimin və
soydaşlarımın diqqətini AZƏRBAYCAN və AZƏRBAYCANÇILIQ
fəlsəfəsində kamilləşməyə cəlb etmək
istəyirəm! Axı bu, hər bir xalq və millət
üçün önəmli olduğu kimi, bizim
üçün də birmənalı şəkildə
vacibdir! Mən istəyirəm ki, xalqımızda milli sevgi
ön plana çıxaraq güclü qüdrət alsın!
Hər bir xalq öz vətənini,
torpağını, millətini, dövlətini, ənənələrini,
tarixi keçmişini sevdiyi və bu xüsusda öz həmrəyliyini
dəyərləndirdiyi və zənginləşdirdiyi kimi,
biz də bu həqiqət meyarında öz
haqqımızı tanımalı, bütün
varlığımızda yüksək ruhla
yaşatmalıyıq!
Bizim hər birimizin hansısa
dövlət məmurundan narazılığımız ola bilər. Bizim cəmiyyətdə
də hamı ideal düşüncə sahibi deyil və ya
hamı vəzifəyə irəli çəkildikdən sonra
vəzifəsinin funksiyasını eyni dərəcədə
anlamaya bilər. Lakin bu əsas vermir ki,
hansısa məmura görə bütün dövlət, xalq,
millət, nəhayət, böyük tarixi çətinlikdən
doğulmuş azadlıq, özgürlük, hürriyyət məhv
edilməli, doğma xalq qul şəklində kiminsə
qamçısı altına (CƏNUBİ AZƏRBAYCAN!
QƏRBİ AZƏRBAYCAN! DƏRBƏND! BORÇALI! QARABAĞ dərdi bəsimiz deyilmi!!!), təbəəliyinə,
idarəçilik sisteminə təslim edilməlidir.
Mən bir azərbaycanlı
ziyalı, xalqının, millətinin xoş güzəranını
istəyən bir Vətən övladı, bu yolda canından
belə keçməyə hazır olan bir Vətən əsgəri
kimi, yolunu yanılan, özüm qədər sevdiyim həmvətənlərimi,
əziz sandığım qan qardaşlarımı Allahın
düz yoluna doğru gəlməyə dəvət edirəm.
Bu məqamda mütləq, bir anlıq, “lənət
şeytana!” deməyi bacarmağa və dərindən
düşünüb, daşınmaqda bir fayda olduğunu
anlatmağa səsləmək üçün bütün
var gücümlə qışqırmaq istəyirəm və
qışqırıram: - “Ey tərs düşünənlər,
düz yola gəlin! Anlayın ki, öncə, VƏTƏN
SEVGİSİ!.. VƏTƏN SEVGİSİ!..”
İftixar
Piriyev
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 12.