Dünya
ki var...
Ona
misra-misra baxanda daha gözəl görünür
Sözümüz-söhbətimiz
Zeynal Xəlildəndir. Öz
dövründə tək elə ədəbi ictimaiyyətin
yox, ümumən xalqın yaxşı tanıdığı
bir şairdən. O şairdən ki, xalqın
saysız-hesabsız qızıl kəlamlarından biri olan “Hər
aşiqin dövranı var” atmacasını da yaxşı
bilirdi. Yəqin bu şair belə bir dialektik “yanıltmac”dan da
baxəbərmiş ki, hər ayrı-ayrı dövranın
ayrı-ayrı aşiqlərinə elə gəlir ki,
onların məşhurluğu bütün gələcək zədələrdən,
unutqanlıqlardan sığorta olunub...
Yaxşı ki, sənin taleyində
“Sözləri Zeynal Xəlilindir” yazısı da var, Zeynal Xəlil!
Bəli, neçə-neçə
mahnı adı və ardınca: “Sözləri Zeynal Xəlilindir”...
Yetmiş ildən
çoxdur bəlkə də yetmişdən çox diktorun
dilində səslənmiş, səslənən və hələ
çox səslənəcək bu sözləri yəqin ki,
yetmiş milyondan çox insan dinləyib, dinləyir və hələ
çox dinləyəcək. Hələ bu sözlərdən
dərhal sonra adları çəkilən korifey, ustad və məşhur
ifaçılar! “Sözləri...” sözündən
dərhal sonra “Oxuyur Bülbül”, “Rəşid Behbudov”! “İfa
edir Rübabə Muradova”, Şövkət Ələkbərova,
Sara Qədimova, Zeynəb Xanlarova...
Qismətdən
qaçmaq...
Nəinki qismətdən
qaçmaq, heç bir addım aralanmaq da olmaz. Hərənin
öz qisməti, öz taleyi var. Necə ki, Zeynal Xəlil əlli
doqquz il yaşamalı, yazdıqları qədər
yazmalı, sevildiyi qədər sevilməli və
sözümün canı olaraq - özünə məxsus
unudulma əndazəsi qədər unudulmalıydı. Söhbət bəzi trafaretçilərin dedikləri
və yazdıqları “özünəməxsus”dan getmir, ha.
Necə yəni özünəməxsus?! “Özgəsinəməxsus”mu yazacaqmış?!
Belə sözlər hamısı sözdür, hörmətli
qələmdaşlar! O “söz” ki, qarşısına bir
“çülük” artıranda əyarı üzə
çıxır. Gərəkdir ki, hər hansı bir sənət
adamı haqda yazanda qəlblərdə onun bəstə,
fırça, tişə, ifa yazısına pozu
olub-olmaması, milli mədəniyyət xəzinəsinə əbədi
bir şey verib-verməməsi, dövrdən-dövrə
maraqların yonqar testinə düşüb-düşməməsi
barədə bəhs edib “sözünəməxsus”layasan. Nədən
ki, əgər çox ciddiyə qalsa, qədir-qiymət
batmanıyla ölçülsə, “özünəməxsus”luğun
Sabir, Cavid, Müşfiq, Vurğun, Məmməd Araz kimi yiyələri
var!
Mən, hələ məsələnin
onda biri hesab etdiyim bu qənaətə bu yazıya
hazırlıq ərəfəsində internet “ədəbiyyat”ında
Zeynal Xəlil haqda yer alan fikir və münasibətlərdən
gəldim və and olsun klassik ədəbi haqqa ki, bu bədii
“qərəz”im yazanlara deyil, yazılanlaradır. Yəni belə ki, hər şeyin, hər kəsin
öz qiyməti olduğu kimi, hər qiymətin də öz
yiyəsi var.
Belə-belə işlər, Zeynal
Xəlil!..
Bəyəm sənin
halal-haqq qiymətin aşağımı? Əsla! Dükan-bazarda mallar həm də o vaxt tökülüb
qalır ki, istehlakçıların zövqü çox
yüksək olur. Sənət
“bazar”ında da belədir. Bu bazarın ədəbi
(xüsusən poeziya) köşkündə isə
alıcıların, alıcılığın ən bəyənməzi,
ən kübarı bəstəkarlardır ki, bu sarıdan sən
“biznes”i gətirən söz “sahibkar”larındansan.
Deyim ki, mən Zeynal Xəlilin
şeirləri, qəzəl-qoşmaları ilə
kitablarından çox, müğənnilərin, xanəndələrin
ifalarında tanış olmuşam. Məncə, bunun bir səbəbi də ondadır
ki, Zeynal Xəlilin şeirləri beyindən çox qəlbə
işləyir. Zeynal Xəlil vərəqlərində
üç nöqtəli lirik qidalar əmranəli
duyğulardan, dramatik nidalardan qat-qat çoxdur. Sovet ədəbi hasarı içərisində
yalnız üzdə gülən bu şairin içində
daimi bir sızıltı vardı. O sızıltılar
bəzən şairin qafiyələrini də caydırır,
fikrin qaymağına ayran, aşına su qatırdı. Tutalım, “tar” ifadəsinin davamı kimi car çəkən
“xar” kəlməsi əvəzinə, “yar”
yazdırırdı. Dəli Kürün mənbəyindən
yayındırıb mənsəbindən
başlatdırırdı. Xan Arazı necə
“şanlı” adlandıraydı ki, qafiyəsi “qanlı” tələb
edirdi...
Amma nə qədər qoruq-qaytaq
olsa da, buyruq-duyruq qoyulsa da, Zeynal Xəlil sözü bezə,
zikri fikrə büküb yazırdı:
- Nə qədər çaxacaqsan
bu göylərdə sən?
- Bilmirəm... Nə qədər
ki bu çöl, bu yamac,
Yağışa, sulara duyur
ehtiyac...
Nə qədər göylərdə
qara bulud var,
Zil qatı zülmət var,
qatı sükut var -
Onları
yandırıb-yaxacağam mən,
Od töküb göylərdə
çaxacağam mən!..
Bioqrafiya və biblioqrafiya
Burda sözümə şairin
öz sözlərilə başlayıram: “Mən Yelizavetpolda
doğulmuşam, Kirovabadda boya-başa çatmışam,
inşallah, Gəncədə öləcəyəm”...
Yox, bunu heç harda
axtarmayın. Zeynal Xəlil bu sözləri
xatirələrində, iki cildlik əsərlərində
yazmayıb, günlərin bir günü - çox sevdiyi,
tez-tez gəldiyi Filarmoniyanın çayxanasında deyib.
Belə deyimləri tez-tez olarmış.
Bir kərə də şair dostlarından biri ona bir-iki kəlməlik
“gəlmə” gəlmək istəyib: “Sən yazda
doğulduğuna görə bahardan-yazdan bu qədər
yazırsan? - deyib. O isə qayıdıb
ki: “Necə ki sən payızda doğulduğunçün
Böyük Oktyabrdan bu qədər yazırsan! Bu yazhayaz
“oxşarlığımızın” bir fərqi və bir
gözəlliyi də bundadır ki, mənim ad günlərimə
təzə-tər güllər gətirirlər, səninkinə
par-par əklillər...”
Sənət
adamlarının həyatında belə zarafatlar, baməzə
“rişxənd”lər boldur. Maraqlısı
isə “oldur” ki, Zeynal Xəlilin bütün həyatı
“taleyin ironiyaları” ilə müşayiət olunub. Elə birincisini götürək - özünün
daha məzəli formada toxunduğu doğum yerini. 1914-cü ildə Yelizavetpolda doğulan bu əsil-nəsilli
şair yeddi yaşında ikən atasını itirib.
1937-ci ilin repressiyaları onun şairlik duyğuları ilə
çox “qaçdı-tutdu”lar oynayıb - baxmayaraq ki, bir il
öncə çap olunmuş “İstək” adlı ilk
şeirlər kitabında könüldən istəmədiyi məsələ-mətləbləri
də fikrən çox istədiyini bəyan etməli
olmuşdu. Sonra müharibə! “1941-45” deyəndə dodaqları
55 yerdən çatlayan anasının, o beş
ildə beş min yerdən zədə alan öz şair
ürəyinin “zamandan hesabat” tələb edən “əzablı
əsəblər”i!
Onun kitablarının adları təkcə
nəşr nişanələri kimi deyil, həm də
ömür-gün naxışları təki, tələsi
daim pusquda olan tale haray-həşiri kimi də səslənir:
“İstək”, “Yəhərləyin atları”, “416”,
“Düşüncələr”, “Etibar”, “Arzular”, “İki
dünya”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş,
dəniz, insan”, “Ulduzlar”, “İntiqam”, “Ata yolu”...
Bu isimlər, sifətlər,
saylar... onun poeziya “dilçiliyində” nə qədər xəlqi,
hərdən də akademik olduğunu təsdiqləyir. Təəssüf ki, sovetlərin “qlavlit” adlı hədə-barmağı
onu toxunduğu mövzuların daha dərinliklərinə,
uyğu-duyğuların quyusu dibinə enməyə, “40-cı
qapı”larını açmağa rüsxət vermirdi.
Bu isə Zeynal Xəlil poeziyasını bəzi
məqamlarda can-qan dərinliklərindən məhrum edir,
oxucunu daha şirin qələm qənimətlərinə, daha
dadlı alt qat tapıntılarına, “rentgen” görsəntilərinə
tamarzı qoyurdu.
Təbiət “siyasət”ində
isə Zeynal Xəlil qələmi istənilən səmtə
gedir, istedadı daxilində istənilən dərinliyə
işləyirdi. Belə də deyə bilərik
ki, eko-biologiya onun bioqrafiyasındakı ən xoş məqamların,
labirintal duyğuların rəhni olub. Bəzən
o, ürək, arzu, xəyal istəklərinin hovunu - padşah
qızlarının vəsfinə işlənən
gömgözəl, qəpqəşəng bir çiçəyin
tərənnümü ilə alıb. O, ömür,
poeziya, cəmiyyət taleyindəki haqq-hesabların çoxunu
cəmiyyətin qıfıl-qandallı silahlarıyla deyil, təbiət
azadlığı ilə “çürüdüb”.
...Mən yarpağa nəzər
saldım:
Şaxta vurmuş, gün döymüş
-
Çöhrəsi
damar-damar.
Yerdən-göydən soruşdum,
Dedim səhər yelinə:
- Söylə, neçin bənzəyir
Yarpaq insan əlinə?..
...Mən bu şeirin misralarına
qəsdən burada son verirəm. Çünki bəzən
suallar cavablardan daha məhsuldar səslənir. Kim istəsə, bu şairin kitabına (və ya
internet boxçasına) baxıb, bu sualın cavabını
tapa bilər. Amma niyə tələsək
ki? Olmazmı ki, şairin “fantaziya bostanımız”a atdığı bu “poetik daş”dan
ayılıb baş işlədək? Görək,
doğrudan da, xalqın “Ağac olaydım, yolda duraydım...”
arzusuna rəğmən - təbiətlə cəmiyyət
arasında daha nə kimi bənzərliklər var?..
Növbəti təəssüf: o,
dünyasını dəyişəndə - 11 avqust 1973-cü
ildə - 1914-də doğulduğu Yelizavetpol hələ
Kirovabad adlanırdı. Ötən əsrin
sonlarınadək nəqliyyat vasitələrində əcnəbi
adlı, qəlblərimizdə isə dost-doğma dadlı
ünvan deyə gedib-gəldiyimiz o çox qədim, çox
gözəl, çox milli şəhər hələ Gəncə
olmamışdı.
Və o vaxt
nekroloqlarda “Allah rəhmət eləsin” yazmaq da yasaq idi.
Elə bir də buna görə Allah ona qəni-qəni rəhmət
eləsin!..
Tahir Əhmədalılar
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 13.