Taleyi
romana bənzəyən yazıçı
Məmməd
Səid Ordubadi - 140
...Yazı masası, radioqəbuledici,
divardan boylanan şəkillər... Ordubadinin həyatı,
yaradıcılığı, taleyi əslində tarixi bir
romandır. Bu romanı vərəqləmək
üçün yazıçının xatirə muzeyini ziyarət
eləməliyik, yubileydən yubileyə yox,
vaxtaşırı...
Xaqani küçəsi 19. Azərbaycan
ədəbiyyatında tarixi roman janrının banisi, şair,
dramaturq, jurnalist, tərcüməçi Məmməd Səid
Ordubadi 1938-ci ildən ömrünün son gününə -
1950-ci il mayın 1-dək bu ünvanda yaşayıb.
1990-cı ildə isə bu mənzil Məmməd Səid
Ordubadinin xatirə muzeyi kimi qapılarını ziyarətçilərin
üzünə açıb...
... Xatirə muzeyinin elmi işçisi İradə Vəliyevanın
bələdçiliyi ilə böyük ədibin
ömür yolunun xatirələrini yaşadan məkanla tanış oluruq. Həmsöhbətim
bildirir ki, hazırda muzeydə 2 mindən artıq eksponat
qorunub saxlanılır. Bunların əksəriyyəti
məişət əşyaları, Ordubadinin şəxsi əşyaları,
ailə fotoları, əlyazmaları, kitablarıdır. Ordubadi haqqında yazılmış əsərlər
də bu ekspozisiyaya daxildir. Bu ev həm
də saysız-hesabsız xatirələrlə zəngindir. Ruhların tez-tez baş çəkdiyi sakit, səliqəli
və işıqlı mənzildə Ordubadinin keçdiyi
enişli-yoxuşlu həyat yoluna nəzər salmağa
çalışırıq. Çünki
Ordubadi tarixi sevirdi, tarix isə faktları sevir.
“Həyatım
və mühitim”
Ordubadinin Azərbaycan
MEA Əlyazmalar İnstitutundakı şəxsi arxivində
mühafizə olunan “Həyatım və mühitim” memuarı
yazıçının həyatı barədə ən qiymətli
mənbədir. Yazıçı bu
memuarı tam halda ötən əsrin 30-cu illərində qələmə
alıb. Memuarda Ordubadi şəxsiyyətini
hərtərəfli görmək mümkündür.
“Atam Hacağa Məmməd
oğlu yeddi arxa keçdikdən sonra Şah Abbasın
yanında böyük bir mərtəbə qazanmış məşhur
şair Mirzə Hətəm Ordubadinin nəvəsidir.
Anam İranın
Qaradağ tərəflərindən - Dizmar
mahalındandır. Üştibin kəndindən
Pənah adlı bir bağbanın qızıdır. O,
Tovuz xanım vasitəsilə məşhur Üştibin
şairi Nəbatinin nəslinə mənsubdur. Atam
evləndiyi vaxt çox fəqir idi. Bunun
üçün şeirlərində “Fəqir” təxəllüsü
ilə məşhur olmuşdur”.
Ordubadi ilk təhsilini
molla yanında, sonra isə Mirzə Baxşı adlı bir
müəllimin məktəbində almışdır. Şeir və ədəbiyyat vurğunu olan Mirzə
Baxşı yeniyetmənin istedadını və oxumağa
böyük həvəsi olduğunu görərək, ona
xüsusi diqqət göstərir, təhsil haqqı da
almır. Lakin Ordubadi əsl təhsilini
dövrünün qabaqcıl maarifpərvərlərindən
olan şair Məhəmməd Tağı Sidqinin
açdığı yeni tipli (üsuli-cədid) məktəbdə
alır. Sidqi Ordubadinin
dünyagörüşünün formalaşmasında
mühüm rol oynayır.
Məktəbdən kənar
vaxtlarında isə gələcəyin ədibi mədrəsəyə
gedərək ərəb və fars dillərini,
sərf-nəhv və məntiq elmini öyrənir. Dördsinifli şəhər məktəbini bitirdikdən
sonra təhsilini davam etdirməyə imkanı olmayan Ordubadi
biliyini şəxsi mütaliə yolu ilə artırır,
eyni zamanda fabrik və zavodlarda çalışaraq ailəsini
dolandırır.
Ədəbi
yaradıcılığa 14-15 yaşlarından
başlayır. Bu barədə xatirələrində belə
yazır: “Mən şeir demək və yazıçı
olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin
palçıq içərisinə atılması heç də
yadımdan çıxmırdı. Bir
çox zamanlar anam da buna mane olurdu. Çünki
atamın şeir sənətindən nə kimi fəlakətlər
çəkdiyi onun gözünün qabağında idi.
Lakin məktəb özüm də hiss etmədiyim bir surətdə
mənə şeir yazmağı öyrətdi".
1903-cü ildə
Ordubadinin "Şərqi-Rus" qəzetinin nəşrə
başlaması münasibətilə yazdığı
şeir bu mətbu orqanda çap olunur. İlk
dəfə şeirinin mətbuatda işıq üzü
görməsi onu ardıcıl olaraq qəzetlərdə
çıxış etməyə həvəsləndirir.
Xüsusilə 1905-ci il inqilabından sonra
mətbuat səhifələrində onun imzasına tez-tez rast
gəlinir. 1906-cı ildə Tiflisdə "Qəflət",
1907-ci ildə isə "Vətən və hürriyyət"
adlı şeir kitabları çap olunur.
“Molla
Nəsrəddin” və Ordubadi
1906-cı ilin aprelindən
nəşrə başlayan "Molla Nəsrəddin"
jurnalı gələcək ədibin
yaradıcılığına böyük təsir göstərir.
Ordubadinin "Politika aləmindən" adlı felyetonu
jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu
sayında çap edilir. Beləliklə, o,
jurnalın əsas əməkdaşlarından birinə
çevrilir. Ordubadi Bakıda çıxan
"İrşad", "Səda", "Sədayi-həqq",
"Tərəqqi", "Tazə həyat" və s. qəzetlərin
səhifəsində də müntəzəm
çıxış edir.
Ordubadi "Molla Nəsrəddin"lə
uzun illər əməkdaşlıq edib. "Əsərlərim
artdıqca, xüsusən "Molla Nəsrəddin" məcmuəsindəki
iştirakım sıxlaşdıqca düşmənlərim
də artırdı", - deyə yazıçı xatirələrində
qeyd edirdi. Bu təzyiqlər altında o,
Ordubaddan Culfaya köçməyə məcbur olur.
Culfa mühiti ədibin
həyatına bir sıra yeniliklər gətirir. O,
İran inqilabına kömək edən təşkilatın
üzvləri ilə tanış olur,
inqilabda iştirak edir, sosial-demokrat təşkilatı
"Hümmət"in Culfa təşkilatına daxil olur. İran inqilabında iştirakı Ordubadiyə yeni əsərlər
yazmaq üçün mövzu verir. Yazıçının
"Nisvani islam" və "Bədbəxt milyonçu,
yaxud Rzaqulu xan firəngiməab" əsərləri belə
meydana gəlir.
Sürgündən
sürgünə
Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə
hökumət dairələrinin Ordubadiyə qarşı
şübhələri daha da artır. 1914-cü
ilin yanvarında ədib həbsə alınaraq Saritsin şəhərinə
sürgün edilir. Sürgün illəri ədib
üçün olduqca ağır keçir. Qışın ən şiddətli soyuqlarında
yatabla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya
aparılması, aclıq, dözülməz sürgün həyatı
onun səhhətinə ciddi təsir edir. Buna
baxmayaraq, imkan tapan kimi Ordubadi vətəndəki dostları ilə
əlaqə yaradaraq yazdığı yeni əsərlərini
çap etdirməyə müvəffəq olur.
1914-cü ildə
Bakıda ədibin "Bədbəxt milyonçu" və
"Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi"
əsərləri çapdan çıxır. Ordubadi sürgündən yalnız 1917-ci ildə
azad olur.
20-ci illərdə
Ordubadinin lirik və satirik şeirlərdən, tərcümə
və poemalardan ibarət bir neçə şeir kitabı
("Analıq", "Köhnə adamlar" "Mənim
şeirlərim" və s.) nəşr olunur.
Bu dövrdə ədəbiyyatın
demək olar ki, bütün janrlarında yazıb-yaradan sənətkar
bir neçə dram əsəri də qələmə
alır. Onun müvəffəqiyyətlə
tamaşaya qoyulan "Sabotajniklər", "Dinçilər"
və başqa pyesləri bu dövrün məhsuludur.
"Dumanlı Təbriz"
Vətənpərvər
yazıçı, səhhətindəki problemlərə
baxmayaraq, Böyük Vətən müharibəsi (1941-1945)
illərində də öz qələm yoldaşları ilə
birlikdə yorulmadan çalışır, radio və mətbuatda
faşizm əleyhinə əsərləri ilə
çıxış edir. "Gənc
çekistlər", "Kiçik şəhər",
"Serjant İvanov adına körpələr evi" kimi
roman və hekayələr, "Maral", "İntizar
çəkənlər" pyesləri həmin dövrdə
qələmə alır. Yazıçının
"XII əsr Azərbaycan ədəbiyyatı və onun
klassik Şərq ədəbiyyatına təsiri" adlı əsəri
ciddi tədqiqatın məhsulu kimi yüksək dəyərləndirilir.
Bütün bunlarla bərabər,
o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının
banisi kimi şöhrət tapır. Yazıçı
20-ci illərdən əvvəl yazmağa başladığı
dördcildlik "Dumanlı Təbriz" (1933-1948)
roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında bu
janrın əsasını qoyur. Nizami Gəncəvi
dövründən bəhs edən "Qılınc və qələm"
(1946-1948) romanında ədib dahi şairin obrazını, o
dövrün ictimai-siyasi mənzərəsini ustalıqla
yaratmağa nail olur. "Döyüşən
şəhər" (1938), "Gizli Bakı" (1940) tarixi
romanları da ədəbiyyatımızın ən gözəl
nümunələri kimi oxucular tərəfindən sevilir.
"Təzə
adam" romanı və Sumqayıt tikintisindən bəhs edən
"Böyuk quruluşda" adlı dramı isə müharibədən
sonra qələmə aldığı əsərlərdəndir.
Azərbaycan musiqi sənətinin
inkişafında da Ordubadinin xidmətləri
danılmazdır. O, Üzeyir Hacıbəylinin
"Koroğlu", Müslüm Maqomayevin "Nərgiz",
Əfrasiyab Bədəlbəylinin "Nizami"
operalarının, Səid Rüstəmovun “Beş manatlıq
gəlin", Fikrət Əmirovun "Ürək
çalanlar" musiqili komediyalarının libretto müəllifidir.
Ordubadinin şeirlərinə mahnılar da
yazılıb. Böyük bəstəkar Fikrət Əmirovun
bəstələdiyi “Gülərəm gülsən”
mahnısı bu gün də müğənnilərin
repertuarında yer alan musiqi incilərimizdən
biridir.
Xatirələr
işığında
Tarixi faktlarla
yanaşı, Ordubadi ilə bağlı yaddaşlarda da xeyli
xatirələr iz salıb. İradə xanım deyir ki, ədib
böyük sənətkarımız Bülbüllə
qapıbir qonşu, eyni zamanda, çox yaxın dost olublar. Məmməd Səid musiqini həddindən artıq
sevərmiş. Üzeyir Hacıbəyli, Müslüm
Maqomayev, Fikrət Əmirov tez-tez onlara qonaq gələr,
birlikdə işləyərdilər.
Həmsöhbətim
Bülbülün həyat yoldaşı Adilə
xanımın xatirələrini də söyləyir: “Adilə
xanım deyir ki, axır vaxtlar Ordubadi çox xəstə idi.
Amma çox baməzə adam idi. Deyirdi,
axı mən niyə ölüm, axı mən kimə neyləyirəm,
elə oturub, yazıram, yazıram...”. Ölüm ayağında da Ordubadi
Bülbülü çağırır. O dövrdə
1 may təntənə ilə keçirilərdi. Həmin gün Bülbül də parada gedibmiş.
Ordubadinin həyat yoldaşı Taisiya Vasilyevna
özünü Adilə xanıma yetirib deyir ki, halı pisləşib,
Bülbülü çağırın. Adilə
xanım məktub yazıb bir nəfərlə göndərir.
Ordubadinin son nefesinde Bülbül özünü
çatdırır və iki dost beləcə əbədi
ayrılırlar”.
Məmməd Səid
Ordubadinin şəxsi həyatı o qədər də
uğurlu olmamışdır. Sürgün
illərində hər iki valideynlərini itirən Taisiya
adlı gənc bir qızla ailə qurmuş, Şəfiqə
adlı bir qızları dünyaya gəlsə də, bələkdə
ikən ölmüşdü. Sonra
onların Maqsud adlı bir oğlu olur. Maqsud da
atasının ölümündən iki il
sonra (1952) 32 yaşında dünyasını dəyişir. Həyatın ağır sınaqlarından keçən
Taisiyanın divardan boylanan şəkli hüznlüdür.
Ordubadi həyat yoldaşını “Nura” deyə
çağırarmış. Ədibin
şirinli-acılı günlərinin şahidi olan qadın səmimiyyəti,
xeyirxahlığı ilə bu gün də xoş xatirələrlə
yad edilir.
...Xatirə muzeyindən xatirələrlə
ayrılıram...
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 15.