“Xəmsə”nin
tacik dilində yenidən nəşri
müzakirə edilib
Böyük Azərbaycan şairi
Nizami Gəncəvinin 870 illik yubileyində Tacikistandan geniş
tərkibdə nümayəndə heyəti iştirak edəcək.
Bu barədə Azərbaycanın
Düşənbədəki səfiri Abbasəli Həsənovun
Tacikistanın mədəniyyət naziri Mirzaşoxrux Asrari ilə
görüşündə məlumat verilib. Səfir
sentyabrın sonunda Bakıda keçiriləcək yubiley tədbirinə
Tacikistandan da nümayəndə heyətinin dəvət
olunduğunu deyib. Görüşdə Nizami Gəncəvinin
“Xəmsə”sinin tacik dilində yenidən nəşr
olunmasının vacibliyinə də toxunulub. Nazir M.Asrari dəvətə
görə minnətdarlığını bildirərək
Tacikistandan geniş tərkibdə nümayəndə heyətinin
bu tədbirə qatılacağını vurğulayıb.
Nazir qeyd edib ki, bu ilin oktyabrında
Düşənbədə “Fələk” musiqi festivalı
keçiriləcək. Festivalda Azərbaycanın muğam
ustalarının iştirakı məsələsi də
görüşdə müzakirə edilib. Səfir həmçinin
Azərbaycanın Gəncə və Tacikistanın Xocənd
şəhərlərinin “Qardaşlaşmış şəhərlər”
elan olunması barədə təklifi də diqqətə
çatdırıb.
Mədəniyyət.-
2012.- 15 avqust.- S. 2.