Sənət,
eşq və işıq
Avqustun 14-də həyatdan və sənətdən
beş alan dünya şöhrətli sənətkar, Xalq
artisti Alim Qasımovun 55 yaşı tamam oldu.
Alimin ifası duaya oxşayır...
Səsi ilə Allaha yalvarır ki, Yerlə Göy
arasındakı unudulmuş, zəifləmiş,
üzülmüş telləri qırılmağa
qoymasın, günahkar və günahsız bəndələrini
bağışlayıb, yaratdıqlarını ilahi eşqdən
- işıqdan məhrum etməsin...
Alimin səsi işığa
oxşayır... azaddır... Bilmir, nə vaxt, amma əmindir
ki, Yaradan nə vaxtsa ona lütf edib... əvvəlcə səs,
sonra o səsə azadlıq verib. Odur ki, Alimin səsi bizim
bildiyimiz sərhədləri çoxdan aşıb...
Alimin səsi və ifası Şərqə
oxşayır...Qədimliyi, zənginliyi və müasirliyi ilə
Qərbi heyrətləndirir...
Alimin səsinin həlqəsi illərdi
ki, ekvator xətti kimi Yeri dolanır... bu nöqtədə
dünya balacalaşır, hər iki qütb ovucun içi kimi
aydın görünür...
Ən nəhayət, Alim sənətinin alimidir. Yenilikləri, kəşfləri, eksperimentləri
hər dəfə musiqi dünyasını yaxşı mənada təlatümə gətirir.
Sənət isə elə budur...
- Alim müəllim, özünüzü
iki beşin mərkəzində necə
hiss edirsiniz?
- Qurban olum Allaha, o hər kəsə od verir.
Kimdəsə bu od tez yanıb tükənir, kimi də qənaət
edib ömrünün
sonuna kimi yandırır. Tələsmək
lazım deyil...
- Amma səsinizin yaşı öz yaşınızdan
qat-qat böyükdür...
- Səsimin yaşı həm çoxdur, həm də qədim. Şükürlər olsun ki, ömrümün çox
hissəsini səsimə
həsr eləmişəm.
Səsimin əsiri, hambalı
olmuşam. O da məni hamballıqdan hörmətə yüksəldib.
Mən özüm də o səsə minnətdaram.
- Vaxtın sürətini necə,
hiss edirsiniz?
- Hərdən
neçənci ildə,
hansı ayda, hansı gündə yaşadığımı belə
unuduram. Zamanı hiss etmirəm. Bir də görürəm
ki, 50 yaşında,
55 yaşındayam.
- Bu mərtəbəyə
gəlib çatmağınızda
kimlərin adını
çəkərdiniz?
- Ömrümüzü
yazan Allahdır. Haradan gəlib hara gedəcəyimizi o bilir.
Bu sənətə gəlməyimdə birinci
Allahıma şükürlər
edirəm, sonra ata-anama minnətdaram.
O vaxtlar Asəf Zeynallı adına
Musiqi Məktəbinə
daxil olmaq üçün məndən
pul istədilər. Məndə pul nə gəzirdi.
İstəyirdim, heç olmasa
böyük sənətkarlar
səsimə qulaq assınlar. Allah rəhmət
eləsin, qayınanam
Səyavuş Aslana dedi, o da rəhmətlik
Vasif Adıgözəlova.
Bu üçü mənim sənət taleyimdə mühüm rol oynadılar.
- Birinci dəfə toya getməyinizi necə xatırlayırsınız?
- İlk
dəfə Hacı Məmmədovla Nardarana toya getmişdik. Orda məşhur xanəndələrlə
üzbəüz oturdum,
ritmik muğamların,
dəsgahların çoxunu
oxudum. Kərim adlı bir nəfər
vardı, rəhmətə
gedib, dedi ki, ay camaat, nooldu, bəs deyirdiz, tay
gəlməyəcək (qədim
oxuyanların davamçılarını
nəzərdə tuturdu).
Bu toy indiyə kimi yadımda qalıb.
- Səhv etmirəmsə, ilk dəfə
Səmərqənd festivalında
iştirak etdiniz və uğur qazandınız...
- Rəhmətlik
Bəhram Mənsurov bizi - Ramiz Quliyev,
Şəfiqə Eyvazova
və məni Səmərqənd festivalına
apardı. Festivalda “Çahargah”ı
ifa etdik və münsiflər və tamaşaçılar
tərəfindən ifamız
çox bəyənildi.
Bu səfərin ayağı uğurlu oldu, 1988-ci ildə bizi Amerikaya dəvət etdilər.
Bu o dövrdə gözlənilməz, böyük
bir səfər idi. Həmin səfər muğam
evinə düşən
bir işıq oldu. O vaxtlar bu səfər barədə qəzetlər
ətraflı yazdılar.
Səfərdən gələn kimi
Ramiz Quliyevə Xalq artisti, Şəfiqə
Eyvazovaya və mənə Əməkdar
artist adı verdilər.
- Analar qədər övladlarının
uğuruna kimsə sevinə bilməz. Tanınıb, məşhurlaşdıqca ananız uğurlarınızı
necə qarşılayırdı?
- Allah ölənlərimizə
rəhmət eləsin,
anam musiqini çox sevirdi. Əvvəllər qadınlar toyxanaya
getmirdilər, anam deyirdi ki, mən
həmişə toyxananın
kənarından musiqiyə
qulaq asıb Allaha hey dua edirdim ki, balalarımın
biri musiqiçi olsun. Allah anamın
dualarını eşitdi.
Uğurlarıma hamıdan çox
o sevinirdi.
- Bildiyimizə
görə, Opera və
Balet Teatrında işləyərkən ilk sənət
qazancınız 80 manat
80 qəpik olub.
- Məncə, nə qədər gəlirin olsa da, ilk maaşın dadı tamam ayrıdır. O zaman ailəmizin çox ehtiyacı vardı. Ola bilər, üstündən 3-5 manat götürdüm, amma qalanını gətirdim evə verdim.
Eşq
insanın təslim nöqtəsidir
- Səsinizdə ilahi bir eşq var. Siz o eşqi milyonlarla bölüşə bilirsiniz.
- Mən uşaqlıqdan o sevgini hiss eləmişəm. Eşq insanın təslim nöqtəsidir. Təkəbbürlü adamda sevgi ola bilməz. O daima yuxarıya can atar, özünü yüksəltmək istəyər. Alınmaz. Sevgisi olan adam isə təkəbbürlü ola bilməz. Həmişə sadəliyə can atar. O eşq ilə yaşayıram, haldan-hala düşürəm. Düzdü, mən bunun elmini oxumamışam, müəllim, ustad görməmişəm, amma bu sənətin halı gətirib məni elə hala çıxardı ki, bu ancaq nağıllarda, yazılarda olur. Mən haldan-hala düşürəm. Bax bu, sənətdir.
- Hər ifada haldan-hala düşmək mümkündürmü?
- Bir qəzəli iki-üç dəfə zümzümə edəndə artıq o hal yaranır. Bir şərtlə ki, tam rahatlıq olsun.
- Sənətdə yeni yol açmağı bacardınız. Buna necə nail oldunuz?
- Yaxşı ki, mən özüm öz dinləyicim olmuşam. Başqasının sözünə baxmamışam, özüm-özümün qənimi olmuşam, özüm-özümdən öyrənmişəm və sonda özüm olmuşam.
- Amma o vaxtlar sizi qınayanlar
da vardı...
- Bəli, bu olmalıdır. Kimsə gəlir, birdən-birə
özündən bir ifa icad eləyir.
Əlbəttə, bu
50 il sənətdə
olan adama təsir eləyər.
- Bəs, siz o insanlara necə cavab verdiniz?
- Cavab vermədim, öz sənətimlə məşğul
oldum. Allah keçsin
hamının günahından.
- Alim Qasımov böyük konsert salonlarında özünü necə
hiss edir? Dili, dini, irqi başqa olan xalqlar onun musiqisini
necə duyur?
- Biz xarici səfərlərə dəfələrlə
süzgəcdən keçmiş
proqramla gedirik. Hansı səfər olursa-olsun, məqsədimiz bu olur ki, musiqinin
insana təsir nöqtəsini tapaq, o halı, o əhval-ruhiyyəni
tamaşaçılara çatdıra
bilək. Deyə bilmərik
ki, bütün tamaşaçılar musiqinin
təsirinə düşürlər,
yox, bəziləri maraqlanırlar, nəyi isə başa düşməyə çalışırlar,
amma elə tamaşaçılar var ki, onlar, həqiqətən,
dünyəvi musiqini
hiss edirlər, o anları
yaşayırlar.
“Səhnə mənim üçün zindandır”
- Əsl
sənət insanları
heyrətləndirməlidir. Siz bu mənada xoşbəxt sənətkarsınız,
ifanız insanları heyrətləndirir.
- Musiqi sərhəd tanımır.
Dünyəvi ifa içdən
gəlir, o qədər
həyəcanla, o qədər
eşqlə ifa olunur ki, dünyadakı
insanların əksəriyyəti
bu musiqini duyur. Dünyəvi musiqi sənətkar
tərəfindən təqdim
olunanda onun təsir qüvvəsi dəfələrlə artır.
Allaha qurban olum, dünyəvi
sənətkarlar var ki, yaratdıqları olur dünyəvi. Onu dünya görə bilir, hiss edə bilir, duya bilir.
Biz demirik ki,
bizim sənətimiz dünyəvidir, amma eyni zamanda izaholunmazdır.
Oturub saat yarım alman xalqı üçün “Şur dəstgahı” oxuyursan, durub getmirlər, əl çalıb səni təkrar səhnəyə qaytarırlar.
Deməli, tamaşaçı ilə sənətkar arasında vəhdət əmələ gəlir.
O da bir sirri-xudadır ki, onu sənətkar həmişə axtarır.
Amma çox çətinliklə
tapır.
- Bu mənada Alim Qasımovun sirri nədədir?
- Sirri elə sirsizliyindədir...
(gülür)
- Siz həm də o xoşbəxt sənətkarlardansınız
ki, sizə oxşamaq istəyənlər
çoxdur və bu gün artıq
öz məktəbiniz
var.
- Hiss edirəm
ki, onların çoxunda o ifa tərzi, o eşq, o işıq var. Mənə
bənzəmək istəyənləri
görəndə isə
sevinirəm. Kimsə məni də
yad edirsə, deməli, ifam qəlbinə yatıb.
Təlqin sevgidən gəlir.
- Hər bir şəxsiyyətin arxasında güclü bir qadın dayanır. Uğurlarınızda
yəqin ki, xanımınızın da
rolu az
olmayıb?
- Allah elə qismət eləyib ki, biz ailə qurmuşuq. Sonra o mənim sənətimi
sevib, qayğıma qalıb. Əgər ailədə sənətimi
qiymətləndirməsəydilər, bəlkə də sənətə belə bağlanmazdım.
- 55 illik həyatınızda unuda bilmədiyiniz gün?
- Belə günlərin sayı həddindən çoxdur.
O qədər çoxdur
ki, onları nə planlaşdırmamışam,
nə də arzulamamışam. Buna görə göydə Allaha, yerdə də sənətkarlara minnətdaram.
- Səhnə sizin üçün nədir?
- Səhnə mənim üçün zindandır. Necə ki, insan zindanda qalır-qalır, sonra onu azadlığa
buraxırlar, konsert qurtarır, alqışlardan
sonra mənim üçün həyat başlayır.
- İçdən
gələn alqışların
altında insan hansı hisləri yaşayır?
- Bir dəfə mən öz dostlarımla - muğam həvəskarları
ilə məsləhətləşdim
ki, bu dəfə
səhnəyə klarnet
də çıxsın.
Narazılıq elədilər
ki, bu, mümkün
olan iş deyil. Ancaq dediyim kimi elədim. Klarnetdə
Yavər, nağarada Natiq çalırdı. Mən oxuyub qurtarandan sonra səhnə arxasına keçdim.
Kompozisiyanı çaldılar. Bir alqış gəldi, mən səhnənin arxasında tir-tir əsə-əsə ağlayırdım.
Alqış insanı bax
belə təsirləndirir.
- Allaha tez-tez şükür edirsiniz?
- İnsan
naşükür bəndədir.
İsti olanda soyuq arzulayır,
soyuq olanda isti. Amma elə insanlar
var ki, Allahın
hər gününə
şükür edir.
Allahın verdiklərinə nə qədər şükür etsəm, yenə azdır.
- Özünüz
özünüzə nə
arzulayardınız?
- Səbir arzulayıram və istəyirəm ki, bundan sonra da
sənətimlə, səsimlə
insanlara xidmət edim.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 15 avqust.- S. 5.