Turizm imkanlı bölgələrimiz:
Xızı
Yayda istirahətdən
danışanda ilk ağıla gələn məkanlardan biri
paytaxtın 70 kilometrliyində yerləşən Xızı
rayonu olur. Xızı deyiləndə qırmızı rəngli
dağlar, sıx meşəliklər, dağ havası,
qırmızı lalələr yada düşür. Bir də
ki gözəl mənzərəli Altıağac...
Quba-Xaçmaz turizm zonasında
yerləşən və əsas hissəsi meşə ilə əhatəli
olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın
dağ rayonları içərisində paytaxta ən yaxın
olanı Xızıdır. İqlimi mülayim, havası
qurudur. Böyük Qafqaz silsiləsinin dağətəyi cənub
yamacından Samur-Dəvəçi ovalığına kimi
uzanan çoxtəpəli yaylada yerləşir.
Tarixi bölgə
Bir çox tarixi mənbələr,
o cümlədən ərəb müəllifləri
Xızıda yaşayanları ”Əhli Xizon”, yəni
Xızı əhalisi kimi qələmə verirdilər. Orta əsr
tarixçiləri bu ərazini həmçinin Bərmək
mahalı, yerli əhalini isə bərməklilər
adlandırırdılar. Tarixi mənbələr içərisində
Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin
adını xüsusilə qeyd etmək lazımdır. Əsərdə
Quba xanlığının Xızı-Bərmək mahalı
haqqında dəyərli məlumatlar verilir. Tarixçi Qiyasəddin
Qeybullayevin “Azərbaycanın etnik tarixinə dair”
monoqrafiyasında və digər əsərlərində
644-cü ildə Aran dövləti (Bərdə) ilə
Xızonşahlıq (Xızı şahlığı)
arasında bağlanan müqavilədən bəhs olunur. Ərəblərin
Xızonşahlığa gəlməsi haqda maraqlı
materiallara akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”
monoqrafiyasında rast gəlmək olur.
Xızı adının mənşəyində
yerli əhalinin xarakterik xüsusiyyəti əksini tapıb.
Sözün lüğəti mənası “tez oyanan”, “zirək”,
“cəld” deməkdir.
Maraqlı təbiət hadisələri
Rayona gedən yolda, Bakı-Quba
yolundan 10 km aralıda maraqlı bir təbiət hadisəsini
müşahidə etmək olar: müxtəlif geoloji
süxurlar təpəliklərin səthində özünəməxsus
rəngi ilə seçilən landşaft yaradır. Azərbaycanın
digər bölgələrində belə oxşar geoloji hadisəyə
rast gəlinmir. Giləzi qəsəbəsindən
Xızıya gedən yol boyunca qızılı rəngə
çalan dağ silsiləsi var. Rayon ərazisində elə
dağlar var ki, bir tərəfi qışlaq, o bir tərəfi
yaylaqdır. Rəngbərəng, al-əlvan, xınalı
dağların, sayı - hesabı olmayan Xızı
bulaqlarının gözəlliyi insanı valeh edir.
Rayonun ərazisi dağlıq və
dağətəyi zonaya bölünür. Dağlıq
zonanın ən yüksək zirvəsi dəniz səviyyəsindən
2205 metr hündürlükdə yerləşən Dübrar
(İkiqardaş) dağıdır. Rayonda 1 şəhər, 3
qəsəbə, 25 kənd var. Xızı respublikanın
şimal istiqamətində turizm marşrutunun birinci
dayanacağıdır.
Altıağac - turizm üçün əlverişli məkan
Rayonun Altıağac qəsəbəsinin
ərazisi turizm potensialı ilə seçilir. Xüsusilə
həftəsonu istirahət üçün ideal yerdir. Burada
ekoloji turizmin inkişafı üçün də imkanlar var.
Yay aylarında astma xəstəliyindən əziyyət
çəkən çox sayda insan buraya, sadəcə, təmiz
hava almaq üçün gəlir.
Ölkənin tanınmış
turizm məkanlarından olan Altıağac rayon mərkəzindən
12-14 km aralıdadır. Orta əsrlərdə,
Şirvanşahlar dövləti dövründə
Şamaxıdan Qubaya gedən yol buradan
salınmışdı. Altıağac yolçuların və
dəvə karvanlarının düşərgə salıb
dincəldikləri yer idi. Vaxtilə Şamaxını Dərbəndlə
birləşdirən qədim karvan yolu da buradan keçirdi.
Ağac vaxtilə çox işlədilən
qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən
6-7 km-ə bərabər götürülüb.
“Altıağac” (6 ağac) sözünün də bu
ölçü vahidi ilə bağlı olduğu güman
edilir. Şamaxıdan Altıağaca qədər olan məsafə
6-7 ağaca, yəni təxminən 45-50 km-ə bərabərdir.
Altıağac Milli Parkı
Xızı və qonşu Siyəzən rayonunun ərazisində
yerləşir. Parkın ən yüksək zirvəsində
Soyuqbulaq adlı yer var. Suyu buz kimi soyuq olan bulaqların
olduğu bu məkan meşəlik ərazidədir. Burada
çadır qurub gecələmək mümkündür. Əraziyə
gələnlərin parkın da müxtəlif növ
heyvanları seyr etmək şansı da var. Bir sözlə, təbiətdən
zövq almaq, dincəlmək üçün gözəl
yerdir.
Turistlər kənd evlərində qalmağa
üstünlük verirlər
Bölgədə gecələmək
üçün kirayə verilən çoxsaylı evlərdən
istifadə etmək olar. Piyada turizm həvəskarları
buradan Şamaxıya və Mərəzəyə turist səfərləri
də edə bilərlər. Xızı Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Sənan Talıbov
deyir ki, turistlər əsasən yay aylarında bölgəyə
maraq göstərirlər. Bölgədə ekoloji turizm
inkişaf edib. “Cənnət bağı” istirahət mərkəzində
44 yerlik 3 ulduzlu hotel fəaliyyət göstərir. Bir
çox turistlər kənd evlərində qalmağa
üstünlük verirlər. Mənzillərin bir
günlük kirayə qiyməti 20-30 manat arasında dəyişir.
Rəsmi rəqəmlərə
görə, bu ilin altı ayında Xızıya 6 min 914 turist
gəlib. Şöbə müdiri deyir ki, əslində
onların sayı daha çoxdur. Əksəriyyəti kənd
evlərində qaldığından dəqiq statistika aparmaq
mümkün deyil: “Rəsmi rəqəmlərdən əlavə
bölgəyə daha 3 min turistin gəldiyini təxmin edirik”.
S.Talıbovun sözlərinə görə, turistlər rayon ərazisindəki
tarix və mədəniyyət abidələrinə də
böyük maraq göstərirlər.
Rayon mərkəzindən 4 km
aralıda yerləşən Xələnc kəndində XV əsrə
aid edilən ziyarətgah var. Qədim qəbiristanlıq ərazisindəki
bu ziyarətgaha “Ağ pir” deyirlər. Yaxınlıqda XIX əsrə
aid “Ağ dəyirman” Xızının yerli əhəmiyyətli
tarixi abidələri siyahısındadır. Ağdərə
kəndində Xəlifə Süleyman piri yerləşir.
Altıağac qəsəbəsində XVII-XVIII əsrə
aid kilsə zəngi, Xələnc kəndində Ətəh
çayının sahilində XIX əsrə aid dəyirman
turistlər üçün maraqlı məkanlardır.
Xızı ədəbiyyatımızın
tanınmış simalarından Cəfər
Cabbarlının, Mikayıl Müşfiqin vətənidir.
Arzulayanlar Mikayıl Müşfiqin xatirə muzeyi, Cəfər
Cabbarlının ev-muzeyi, habelə rayonun
tarix-diyarşünaslıq muzeyi ilə də tanış ola
bilərlər.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 15 avqust.- S. 7.