Odlar Yurdundan xoş xatirələrlə
Turistləri
Bakıya ən çox cəlb edən nədir?
İndi turizm
mövsümünün ən qızğın
vaxtıdır. Bu günlər paytaxtımızda müxtəlif
xarici ölkələrdən təşrif gətirmiş
çoxlu sayda qonaqlara rast gəlmək mümkündür.
Onların Bakıda ən çox üz tutduqları məkan
isə Azərbaycan şəhər mədəniyyətinin əsrarəngiz
nümunəsi, Bakının incisi sayılan İçərişəhərdir:
kimisi qədim abidələrlə tanış olmaqla
yanaşı, onları fotoaparatın yaddaşına
köçürür, kimisi tarix və mədəniyyətimizi
əks etdirən suvenirlərlə maraqlanır, kimisi də əsrarəngiz
məkanda salınmış kiçik bağçalarda əyləşib
ətrafdakı gözəlliyi seyr edir. Maraqlıdır,
Amerika, Almaniya, İtaliya, İsveçrə, Hindistan,
Çin, Yaponiya Rusiya və digər ölkələrdən
olan turistləri Bakıda özünə ən çox cəlb
edən nədir? Elə biz də ötən həftəsonu
bu sualı şəhərimizin əcnəbi qonaqlarından
bir neçəsinə ünvanladıq.
“Gecələr rəngarəng işıqlara
bürünmüş şəhərdə gəzmək bizə
böyük zövq verir”
İtaliyadan paytaxtımıza qonaq
gələn Luka Lazarini özünə ən çox cəlb
edən Bakının gözəlliyi, memarlıq abidələridir:
«İlk dəfədir ki, Bakıya gəlirəm. Bu şəhərin
belə gözəl turizm imkanları haqqında o qədər
də məlumatlı deyildim. Bunu öz gözümlə
gördükdə çox təəccübləndim. Ənənəvi
memarlıq abidələrinin qorunması ilə yanaşı,
yeni üslublu binaların da inşa edilməsi təqdirəlayiqdir».
İtalyan turist Bakıdan xatirə
olaraq şəhərdə fotoşəkillər çəkdiyini
və müxtəlif suvenirlər aldığını deyir.
Suvenirlər isə əsasən üzərində Azərbaycanın
tarixi abidələri əks olunmuş boşqablar, fincanlar və
müxtəlif qablardır.
Qonaq Bakının gecə gözəlliyinə,
əlvan işıqların yaratdığı mənzərəyə
xüsusilə heyran olub: “Gecələr rəngarəng
işıqlara bürünmüş şəhərdə gəzmək
turistlər üçün böyük zövqdür. Bu
zaman şəhər o qədər canlı görünür
ki, mən onu ən cazibədar Avropa şəhərinə bənzədirəm.
Sakinlər isə çox qonaqpərvər və xoşməramlıdırlar.
İnsana hər addımda yardım etməyə
çalışırlar”.
Növbəti həmsöhbətim
Rusiyadan gələn turist Svetlana Noruşovadır. Əlində
Bakının xəritəsi olan Svetlana ilk addımı şəhərlə
tanışlıqdan başladığını bildirdi: «Xəritəyə
baxaraq Bakının tarixi, görməli yerləri haqqında
məlumat əldə edirəm. Çünki cəmi iki
gündür ki, Azərbaycana gəlmişəm. Şəhər
və onun insanları çox xoşuma gəldi.
Bakının bulvarı çox gözəldir və məncə
elə bir turist olmaz ki, onun diqqətini cəlb etməsin.
İndi isə Şərq şəhər mədəniyyətini
əks etdirən İçərişəhərlə
tanış olmaq, tarixi abidələrini seyr etmək istəyirəm».
“İçərişəhərin özü canlı
suvenirdir”
Onu da qeyd edək ki, indi
İçərişəhərlə tanış olmaq
üçün turistlərə gözəl şərait
yaradılıb. Onlar istəsələr, xüsusi
maşınların - elektromobillərin köməyi ilə də
bu zəngin tarixi məkanı gəzə bilərlər.
Burada qurulmuş gözəl bağçalar, kafelər də
mənalı istirahət üçün ideal yerdir.
İsveçrədən gəlmiş
Arun Hontarbeli isə paytaxtımızda ən çox məşğul
edən fotoaparatla şəkil çəkməkdir. Artıq
15 gündür ki, Bakıya gəldiyini və ən çox bəyəndiyi
məkanın məhz İçərişəhər
olduğunu deyən qonağın, sən demə, şəkil
çəkməsi heç də səbəbsiz deyilmiş.
Belə ki, o turist kimi baş çəkdiyi bütün
ölkələrdən xatirə olaraq məhz çoxlu
fotoşəkillər aparır. Onun suvenirlərlə
bağlı fikri maraqlıdır: “Məncə, turist səfər
etdiyi ölkədən hansısa taxta və şüşə
suvenirlərdən daha çox canlı xatirə
aparmalıdır. Əlbəttə ki, bu da ölkənin
tarixi və ya görməli yerlərinin şəkilləridir.
Məsələn, bu tarixi məkanda, İçərişəhərdə
mənim üçün ən çox maraqlı olan bu
möhtəşəm və qədim qala divarlarının
şəklidir. Onlara baxmaqdan, şəkillərini çəkməkdən
zövq alıram, İsveçrəyə qayıdandan sonra isə
çəkdiyim şəkilləri həvəslə
dostlarıma göstərəcəyəm. Ümumiyyətlə,
qədim Bakı - İçərişəhərin
özü canlı bir suvenirdir”.
Almaniyanın Ştutqart şəhərindən
gələn Ricard və Anya Anderson cütlüyü isə,
Bakı da daxil olmaqla, Azərbaycanın bir neçə
rayonunda da olmaq niyyətindədir: «Dörd gündür ki,
Bakıdayıq. Bizi daha çox mədəniyyət obyektləri
maraqlandırır. Bakının dənizkənarı
bulvarı, “Eurovision 2012”nin keçirildiyi möhtəşəm
“Crystal Hall”, eyni zamanda, Bayraq meydanında ucaldılan
hündür bayraq diqqətimizi çox cəlb etdi. Bakıda
bu qədər gözəl memarlıq abidələrinin
olmasından xəbərimiz yox idi”.
Almaniyalı qonaqlar digər ölkələrə
səfər etdikləri zaman bir qayda olaraq müxtəlif
suvenirlər aldıqlarını və eyni ənənəni
Bakıda da təkrarladıqlarını deyirlər: “Gözəl
Şərq ornamentləri ilə bəzədilmiş baş
yaylıqları, ənənəvi tarixi papaqlar diqqətimizi cəlb
edir. Bunlar çox gözəl əl işləridir və
artıq onlardan bir neçəsini həm özümüz, həm
də dostlarımız üçün almışıq”.
Bundan başqa, alman cütlük Azərbaycan
şərabları və ədviyyatı ilə də
maraqlanır: “Azərbaycanda gözəl şərabların
olduğunu eşitmişdik. Mən Ştutqartdakı evimdə
şərab kolleksiyası toplayıram. Bu kolleksiyama Azərbaycan
şərablarını da əlavə etmək istəyirəm”.
Qonaqlar Bakı ilə tanışlıqdan sonra Qubaya, oradan isə
Xınalığa getmək niyyətindədirlər.
“Xalça və papaqlar diqqətimi çox cəlb edir”
Çindən gələn
Çior Cio adlı turistin Bakıda ən çox xoşuna gələn
qonaqpərvər insanlarımız və bir də İçərişəhərdir.
Özünün dediyi kimi, bu qədim şəhəri gəzmək,
xüsusən də bu məkanda salınmış kiçik
bağçalarda əyləşib ətrafı seyr etməkdən
xüsusi zövq alır.
Amerikalı Con Nillor Cons isə
Qafqaz turuna çıxdığını və üç
gündür ki, Bakıya gəldiyini deyir: «Azərbaycan
xalçaları və papaqları diqqətimi çox cəlb
edir. Onların naxışları çox əsrarəngizdir.
Suvenir mağazalarınız çox zəngindir və
aldığım nümunələr tarixinizi gözəl əks
etdirir. Bu suvenirlər Amerikada olan dostlarımızda Bakı
haqqında gözəl təsəvvür yaradacaq. İçərişəhər
ekzotik bir Şərq şəhəridir. Buradakı qala
divarları, məscidlər, ümumiyyətlə, hər
şey çox maraqlıdır. Avropa və Şərq
memarlığının Bakıda qovuşması şəhərə
xüsusi cazibədarlıq, gözəllik verir”.
Əfsanələr ölkəsi
Hindistandan gələn Anili isə Bakıda olduğu beş
gündə şəhərimizlə kifayət qədər
tanış olmaq imkanı əldə edib: “Bu gözəl
Şərq ölkəsi və onun paytaxtı Bakı mənim
üçün çox maraqlıdır. Ona görə də,
şəhərin tarixini və mədəniyyətini
özündə əks etdirən suvenirlərlə
maraqlanıram. Hələ ki, bir neçə maqnit-suvenir, bir
xalça və bir də Azərbaycan çayı
almışam. Şəhəriniz məni çox təəccübləndirdi.
Tarixi abidələr xüsusilə heyranedicidir”.
Azərbaycanda
suvenir istehsal edən müəssisə yaradılır
İndi isə bir neçə kəlmə
İçərişəhərdə turistlərə təqdim
edilən suvenirlər barədə. Burada ən müxtəlif
formalarda suvenirlər ya mağazalarda, ya da küçədə,
kiçik köşklərdə satılır.
Maraqlıdır, bəs bu suvenirlərdə daha çox
hansı mövzular, şəkillər əksini tapır və
onlar necə hazırlanır. Mağaza və köşklərdə
suvenirlərə baxarkən gəldiyimiz ilkin qənaət belədir:
İçərişəhərin müxtəlif
görüntüləri əks olunan, eyni zamanda, tarix və mədəniyyətimizlə
bağlı müxtəlif suvenirlərin olması ürəkaçandır.
Suvenirlər arasında Qız qalasının kiçik maketləri,
muğam triosunun kuklaları və müxtəlif personajlar,
milli ornamentli çarıqlar, baş örtükləri,
şarflar, üzərində Bakının və İçərişəhərdəki
tarixi binaların təsviri çəkilmiş boşqablar,
fincanlar, təsbehlər, breloklar, rəsm əsərləri və
s. var.
Satıcılarla söhbət əsnasında
bəlli oldu ki, boşqablar, fincanlar və digər
şüşə suvenirlər "İçərişəhər"
Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən
sifariş edilib hazırlanır. Rəsm əsərləri, təsbehlər
və bəzi əl işləmələri sənətkarlar
tərəfindən təqdim edilir.
Satıcılarla söhbətdən
o da bəlli oldu ki, turistlər daha çox ənənəvi
Azərbaycan papaqlarına, yaylıqlarına və bir də
üzərində Bakının təsviri olan sənət əşyalarına
maraq göstərirlər. Amma satıcıların narazı
olduqları bir məqam da var ki, bu da suvenirlərin
çeşid və sayının kifayət qədər
olmamasıdır. Məsələn, Oqtay adlı suvenir
satıcısı bildirir ki, İçərişəhəri
gün ərzində yüzlərlə turist ziyarət edir və
hər biri də müxtəlif suvenirlərlə
maraqlanır: “Doğrudur, sənətkarlarımız tərəfindən
suvenirlər hazırlanır. Lakin bunlar pərakəndə
formadadır. Əgər bu iş vahid mərkəzdən idarə
olunsa, suvenirlərin çeşidi də zəngin olar”.
Onu da qeyd edək ki, bu yaxınlarda
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin tabeliyində olan "Zərgərsənaye"
İstehsalat Birliyinin bazasında "Azərsuvenir" (Azərbaycan
Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyətinin
yaradılması barədə qərar qəbul edib. Azərbaycanda
suvenir istehsal edən müəssisənin yaradılması yəqin
ki, bu sahənin inkişafına təkan verməklə
yanaşı, ölkəmizi, onun tarix və mədəniyyətini
əcnəbi turistlərə daha yaxşı təqdim etmək
üçün əlavə zəmin olacaq.
Mehparə
Mədəniyyət.-
2012.- 15 avqust.- S. 8.