Azərbaycanın
hər qarışı bir tarixdir
Ofil
İsmayılov: “Məqsədimiz ölkəmizi xarici turistlərə daha
yaxından tanıtmaqdır”
Onlarla
ilk tanışlığım üç il əvvəl
Şəkiyə infotura gedən zaman olmuşdu. Hər abidənin,
hər tikilinin tarixi
ilə dərindən maraqlanan bu cütlük diqqətimi
cəlb etmişdi. Səfərimiz müddətində
Səbinə və Ofil
İsmayılovlarla daha yaxından
tanış olmaq imkanı əldə etdim. Öyrəndim ki, onlar «Big Azeri-tour» turizm şirkətini təsis ediblər. Eyni zamanda «Travel across Azerbaijan» («Puteşestvie po Azerbaydjanu») adlı jurnal nəşr etməyə başlayıblar.
Bu günlərdə
həmin jurnalın
3-cü sayı ilə
tanış oldum. Nəşrdə Azərbaycanın bölgələri, tarixi və dini abidələri,
təbiəti, mətbəxi
haqqında ətraflı
məlumat almaq mümkündür. Zəng edib
onlarla görüşmək
istədiyimi bildirdim.
Razılaşdıq.
Həmsöhbətlərimə ilk sualım onlarda
Azərbaycanın tarixinə,
mədəniyyətinə, turizm potensialına sonsuz marağın necə yaranması barədə oldu. Suallarımızı Ofil İsmayılov cavablandırdı:
- Bilirsiniz ki, biz eyni zamanda
turizm fəaliyyəti
ilə də məşğul oluruq. İşimizlə bağlı Azərbaycanın
hər bir tərəfini gəzirik.
Əvvəllər Azərbaycan haqqında
elə də geniş bilgiyə sahib deyildik. Çox vaxt xarici ölkələr haqqında
ağızdolusu danışırlar.
Amma inandırım sizi ki, Azərbaycanda elə yerlər var ki, heç
o məkanlara İsveçrədə
də rast gəlmək mümkün
deyil. Rəhbərlik etdiyimiz şirkət
daha çox daxili turizm fəaliyyəti
ilə məşğul
olur. İstəyirik ki, insanlar bu qədər gözəlliyi olan bir diyarı qoyub, xarici ölkələrə
üz tutmasınlar.
Jurnalı nəşr etməkdə
də əsas məqsədimiz Azərbaycanın
mövcud gözəlliklərini,
turizm potensialını
həm yerli vətəndaşlarımıza, həm də əcnəbilərə tanıtmaqdır.
Xarici turistlər ölkəmizə
səfər etdikləri
zaman onların əksəriyyəti sadəcə
Bakı və Abşeronu gəzirlər.
Dəfələrlə olub ki, onlara jurnalı təqdim etmişik. Etiraf ediblər ki, Azərbaycanda bu qədər gözəl məkanlar olduğunu bilmirlər. Və söz
veriblər ki, növbəti dəfə gələndə mütləq
bu yerlərə baş çəkəcəklər.
Həmin
əcnəbilərdən sonra
bir dəfə yox, iki, hətta
üç dəfə
Azərbaycana gələnlər
və jurnalda gördükləri yerlərə
gedənlər olub.
Bizim istədiyimiz də elə budur.
- Jurnaldakı materiallara nəzər saldıqda görünür
ki, haqqında yazdığınız hər
hansı bir tarixi yer, abidə
barədə kiçik
informasiya ilə kifayətlənmirsiniz. Abidələrin
tikilmə tarixi, memarlığı və
s. barədə ətraflı
məlumatlar yer alır. Yəqin bunun üzün
müxtəlif kitablara,
mənbələrə müraciət
etməli olursunuz?
- Bizim evdə Azərbaycanın tarixi, mədəniyyəti,
irsi ilə bağlı çoxlu kitablar var. İlk olaraq tarixi məkanlarımız,
qədim yerlərimiz haqqında oradan məlumatlar alırıq.
Bu kitablarda hər
hansı tarixi abidə haqqında müxtəlif məlumatlar
yer alır. Ona görə də bizdə maraq yarandı ki, əslində bu abidələrin tarixi necədir? Həmin məkanlara səfərlərimiz
zamanı oradakı ağsaqqallarla görüşürük,
bu abidələr haqqında ətraflı bilgilər toplayırıq.
Bütün məlumatları ümumiləşdirəndə müəyyən bir qənaətə gəlmək
olur. Biz öz jurnalımızda hər hansı faktı səhv yaza bilmərik. Çünki buna sadəcə
haqqımız yoxdur.
İnsanlar tarixi abidələr,
qədim məkanlar haqqında düzgün məlumatlar almalıdır.
Düşünürəm ki, bunu da onlara biz çatdırmalıyıq.
Ona görə də çalışırıq ki,
verdiyimiz məlumatlar dəqiq olsun.
- Dediklərinizdən
belə çıxır
ki, siz əvvəlcə
turist kimi bölgələrə gedirsiniz,
sonra isə jurnalist kimi həmin bölgədəki
tarixi abidələr barədə məlumatları
əldə edirsiniz?
- Biz hələ
səfər edəcəyimiz
bölgə haqqında
oraya getməmişdən
əvvəl məlumatlar
toplayırıq. Məsələn, həmin bölgədə
hansı maraqlı tarixi abidə var, bu abidənin
tarixi haqqında lazımi məlumat varmı və s. Müxtəlif ölkələrin
tarixçilərinin vaxtilə
Azərbaycana səfərləri
zamanı bu ölkə və onun regionları haqqında yazdıqlarına
da diqqət edirik. Bu məlumatları
internet vasitəsilə və
yaxud xarici səfərlərimiz zamanı
maraqlanıb əldə
etdiyimiz kitablardan alırıq. Səfərdən əvvəl gedəcəyimiz
rayonun kəndləri ilə də maraqlanırıq. Çünki adətən həmin kəndlərdəki yaşlı
insanlardan çoxlu maraqlı məlumatlar almaq mümkün olur.
- Azərbaycanın
səfər edə bilmədiyiniz bölgəsi
varmı?
- Əlbəttə.
Azərbaycan o qədər
böyük və zəngindir ki, məncə, onu öyrənməyə bir
insan ömrü yetməz. Görün, ölkəmizdə nə qədər rayon, bu rayonların nə qədər kəndi var. Azərbaycanın
hər qarışı
bir tarixdir. Elə vaxt olur ki,
bir rayona bizə lazım olan məlumatı əldə etmək üçün bir neçə dəfə gedirik. Hər səfərimizdə də ən azı 3-4 gün qalırıq.
- Əgər
sirr deyilsə, jurnalınızın növbəti
sayında hansı bölgələrlə bağlı
materialları oxuya biləcəyik?
- Şamaxı,
İsmayıllı və
Naxçıvanla bağlı.
Naxçıvan bir turist kimi bizim
üçün yeni bir məkandır. Hesab edirəm ki, Naxçıvanın çox
böyük turizm potensialı var. Bunu həm tarixi baxımdan, həm təbiət gözəllikləri,
turizm imkanları baxımından demək olar. Yəqin ki, bu bölgə ilə bağlı məlumatlar bizim oxucularımız üçün də maraqlı olacaq.
- Jurnalınız
hazırda iki dildə - rus və ingilis dillərində nəşr
olunur. Gələcəkdə Azərbaycan dilində
də nəşr edilmək niyyətiniz varmı?
- Bu jurnalı
ilk dəfə çıxarmağa
başlayanda məqsədimiz
o idi ki, xarici turistləri ölkəmizə cəlb
edək. Amma özümüz bu işin içində olanda anladıq ki, elə özümüz
də Azərbaycan haqqında az
bilgilərə malikik.
Bu jurnalı yaza-yaza
biz də öyrənirik.
Ona görə də jurnaldakı materialların
Azərbaycan dilində
də nəşrinə
ehtiyac var və yaxın gələcəkdə bunu
edəcəyik. Bu, eyni zamanda jurnalın
regionlarda da satılmasına səbəb
olacaq. Çünki regionlarda olduğumuz
zaman adi insanlardan çox kömək görürük.
- Jurnalın dövriliyini artırmağı
planlaşdırırsınızmı?
- Hələ ki istəyirik, dövriliyi ildə iki dəfəyə çatdıraq. Səhifələrin sayını da
artıracağıq. Bilirsiniz, məlumatları
əldə etmək, onları sistemləşdirmək,
rus və ingilis dillərinə tərcümə etmək
və s. çox vaxt aparır. Bunların hamısı maliyyə tələb edir. Bizdə reklamlar da o qədər deyil. Düzünü deyim ki, bunda əvvəllər özümüz də o qədər maraqlı deyildik. Çünki istəmirdik ki,
jurnal reklamlara görə alınsın.
İstəyirdik, jurnalımız içərisindəki materiallara
görə tanınsın
və sevilsin. Hesab edirəm ki, artıq bu məqsədimizə
çatmışıq. Jurnalımız hələ ki
özü özünü
maliyyələşdirə bilir.
Yaxın günlərdə oxucular jurnalın elektron variantını da oxuya biləcəklər.
Bununla bağlı xarici ölkələrdən bizə
tez-tez müraciətlər
olurdu. Jurnaldakı bütün materiallar
www.travel-azerbaijan.info saytında Azərbaycan, rus və ingilis dillərində yerləşdiriləcək.
Bundan əlavə, saytda ölkəmizdə fəaliyyət göstərən
turizm şirkətləri,
hotellər, restoranlar və s. haqqında da məlumatlar olacaq. Bununla Azərbaycanın turizm potensialının dünyada tanıdılmasına,
kiçik də olsa, töhfə verə biləriksə, özümüzü çox
xoşbəxt hesab edərik.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 15 avqust.- S. 9.