Hər ömür bir nağıl imiş…

 

   Ötən illərin mahnıları

  

   Yəqin, bu nağıllar, yəni hərəmizin həyatının bir az uydurulmuş, bir az gerçək nağılı biz doğulmazdan öncə yaranıb. Sonra şirin dilli, bəmbəyaz saçlı nənələrimizin dilində dönə-dönə təkrarlanıb. Bəlkə elə bu nağılların sonunu da onlar daha gözəl bilirmişlər. Belə olmasaydı, acı-şirin sonluqdan asılı olmayaraq, hər dəfə bizi «Burda nağıl sona yetdi, göydən üç alma düşdü. Biri» -, deyə ovutmazdılar, aldatmazdılar, üç almadan biri ilə könlümüzü almağa çalışmazdılar...

    Onun da ömrü bir nağıl idi. Amma həsrətlərlə, nisgillərlə, ağrılarla dolu nağıl. Bir zamanlar şövqlə, sonrakı nisgillərdən bixəbər oxuduğu «Xatirəsən, yar» mahnısında dediyi kimi “Bir sən idin ömrün bəzəyi, dərdimə dərman dağ çiçəyi. Bu halımı, əhvalımı bir biləsən, yar”.

   Beləcə, çox keçmədən o da xatirəyə çevrildi. Bir az kədərli, bir az nisgilli, bir az da şirin Rövşən Behçət xatirəsinə. Hər nağılın sonundakı üç almanın röyasına qapılıb ömrün sonunu ağrılar, əzablar, məşəqqətlə yaşayan sənətkarı da elə ölümünün birinci ildönümündə bu məqsədlə xatırladıq. Amma üç almanı heç kimə vəd etmədən.

  

   Rövşən Behcət nağılı

  

   Behcətin ömür nağılını bir zamanlar özünün yazdığı məktubdan və oğlunun xatirələrindən düzüb-qoşdum. Açığı, həm məktubdan, həm də ata itkisini birinci ilində yepyeni kədər və köks ötürməklə müşayiət edən oğulun dediklərindən sarsıldığım anlar da oldu. Amma hər halda, o da bir ömür idi və yaşandı.

   Onun əsli Cənubi Azərbaycandandır. Behcət soyadı da ordan gəlmədir. Atasıgil 1938-ci ilə qədər Gəncədə yaşayıb. Ölkədə məşum repressiya “maşını” işə düşdükdə Təbrizə köçmək məcburiyyətində qalıblar. Atası orada evlənib. 1945-ci il martın 17-də isə ailənin ilk övladı - Rövşən Behcət dünyaya göz açıb. Ondan sonra daha 3 qardaş və 2 bacı. Ancaq ailə İranda da çox qala bilməyib və çox böyük çətinliklə də olsa, 1961-ci ildə gecə gizli yolla yenidən Arazın bu tayına qaçıblar. Gəncəyə gəliblər. Çünki atasının bacıları, dayıları burada qalmışdılar. Beləliklə, ailə yenidən Gəncədə məskunlaşır. Uşaqlar məktəbə gedir. Ancaq çoxuşaqlı ailənin dolanışığı o qədər də yaxşı olmur. Ona görə də İranda 9-cu sinfə qədər fars dilində oxuyan Rövşən Gəncədə təhsilini gecə məktəbində davam etdirməli olur. Ailəsinə kömək etmək məqsədilə Alüminium Zavodunda işləməyə başlayır. Gündüzlər işə, gecələr məktəbə gedir. Görünür, bu da bir qismət idi. Çünki məhz o zavod Rövşən Behcətin müğənni kimi tale yolunu müəyyənləşdirir. Zavodun bədii özfəaliyyət kollektivinə üzv olur. Bir gün gənclərin yığışdığı məclisdə o zamanın məşhur mahnılarından olan “Ya Mustafa” oxuyur. İfası hamı tərəfindən o qədər bəyənilir ki, bundan sonra təşkil olunacaq bütün tədbirlərə onu dəvət edirlər.

   Həmin gün gənc Rövşənin həyatının ən unudulmaz anlarından birinə çevrilir. Məhz həmin gün bilir ki, onun bənzərsiz səsi var. O vaxta qədər isə bundan bixəbər idi...

  

   Bununla da sənət yolu başlandı

  

   Fərqli ifa, gözəl səs və maraqlı improvizələr sayəsində Rövşən get-gedə tanınmağa başlayır. Bir qədər sonra respublika üzrə özfəaliyyət baxışında iştirak edir. Ancaq üzləşdiyi bir problem vardı. Azərbaycan dilində mahnı bilməməsi və ifa tərzinin fars boğazlarına, cənub ladına köklənməsi, təbii ki, sonradan ona maneə olacaqdı. Məlum rejimin senzurası mütləq əngəl törədəcəkdi. Azərbaycan dilində danışmasına baxmayaraq, mahnı öyrənməməsi onu çox narahat edirdi. Çünki o vaxtadək fars musiqiləri eşitmişdi, onları əzbərləmişdi. Elə ona görə baxışda lirik fars mahnısı oxuyur. Amma buna baxmayaraq, çıxışı böyük maraqla qarşılanır. Hətta tərcüməçi gətirib “Vışka” qəzeti üçün ondan müsahibə alırlar. Qəzet işıq üzü görəndə isə təəccübdən gözlərinə inanmır. Ona böyük bir məqalə həsr olunmuşdu. Və yazılmışdı - “O, peşəkar deyil, amma peşəkarcasına oxuyur”.

   Bu məqalə ona bir ruh verir. Musiqiyə, sənətə olan həvəsi, marağı daha da artır. Tədricən Gəncədə tanınmağa, sevilməyə başlayır. Gəncə şəhər mədəniyyət evinə dəvət olunur. Artıq toylara, şənliklərə, festivallara da çağırılır. 1967-ci ildə keçirilən festivalda “Dəşti” təsnifinin ifasına görə qızıl medal qazanır. 1968-ci ildə Ümumdünya Gənclər Festivalının onluğuna düşür. Ona ən böyük uğur gətirən çıxışı isə Bakıda keçirilən “Gəncə günləri” zamanı olur. Həmin günləri dünənin anı kimi xatırlayan müğənninin yazısından bir məqam: “Yeddi günlük tədbirin “Azdrama”da keçirilən son konserti televiziya vasitəsilə canlı nümayiş olunurdu. Hərə bir mahnı oxuyurdu. Mənə icazə verdilər, dedilər, sən ikisini oxu. Birinci mahnıdan sonra zal bir-birinə dəydi. Alqışların ardı-arası kəsilmədi. İkinci dəfə fars mahnısı oxudum. Bu ifamdan da sonra alqış səsləri qulaq batırırdı. Düz 15 dəqiqə çıxış etdim. O 15 dəqiqə ərzində məni Azərbaycanda demək olar ki, çoxları tanıdı. O vaxt indiki kimi deyildi. Bircə televiziya vardı, hamı da onu izləyirdi. Məni camaata sevdirən əsas cəhət heç kimə bənzəməməyim oldu. Əlibaba Məmmədov, Teymur Mustafayev, İslam Rzayev kimi sənətkarların ifasını dinləyirdim, onlardan öyrənirdim. Amma səhnəyə çıxanda özüm kimi oxuyurdum. Hamı da gördü ki, bu, yeni səsdir”.

  

   «Göygöl»ün şirin səsi

  

   Onun da sənət uğurları, tamaşaçı ordusu tərəfindən tanınıb sevilməsi bir çox gözəl sənətkarlarımızın yoluna işıq saçan məşhur «Göygöl» ansamblının adı ilə bağlıdır. Belə ki, Rövşən Behcət 1969-cu ildə Əməkdar artist Fikrət Verdiyevin yaratdığı ansamblda çalışmağa başlayır. Az müddətdə repertuar təşkil olunur. Televiziyada çıxış edir. Filarmoniyada konsert vermək təklif olunur. Təbii ki, artan şöhrət, fərqli görünüş və yeni səsli gənc oğlan hər kəsdə maraq oyadır. Xatirələrdən daha bir məqam: “Birinci konsertə gələn tamaşaçıları görəndə gözlərimə inanmadım. Zal bütünlüklə dolmuşdu. Tanınmış müğənnilər də gəlmişdi. İlk konsert çox böyük uğurla keçdi. Bir neçə həftədən sonra daha bir konsert verdik. Üçüncü dəfə isə bizi üçgünlük konsertə dəvət etdilər. Bu konsertlərin də hər üçü anşlaqla keçdi”.

   Həyat onun üzünə gülməyə başlamışdı. Artıq hər şey yaxşılığa doğru, yüksələn xətt üzrə gedirdi. “Göygöl” 1977-ci ildə dövlət mahnı və rəqs ansamblı statusu alır. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul etdiyinə görə, xarici ölkələrə də gedə bilirdi. İttifaq respublikalarında, Almaniyada, Meksikada konsertlərdə iştirak edirdi.

   Görkəmli bəstəkar Cahangir Cahangirov məxsusi onun üçün «Göygöl» mahnısını yazmışdı. «Çahargah» və «Dəşti»yə özünəməxsus ifa tərzini, “Gəl, inad etmə”, “O yana döndər məni”, «Dözə bilmirəm», «Cavab gözləyirəm», «Hacıkəndə gedən yollar» mahnılarına şirin səsini, xoş avazını qatan sənətçi tamaşaçılar tərəfindən sevilirdi. Artıq kifayət qədər məşhurlaşmışdı. Bu məşhurluqdan istifadə edib asanlıqla Bakıya gələ, böyük şəhərin zəngin mədəni həyatında özünə yer tapa bilərdi. Özünün xatirələrində qeyd etdiyi kimi, bir dəfə bu arzuya düşsə də, Fikrət Verdiyev onu fikrindən daşındırır.

  

   Xəbərsiz xəstəlik hər şeyi alt-üst etdi

  

   Gəncədə də hər işi yaxşı gedirdi, ansamblın tərkibində xaricdə qastrollarda olurdu, məclislər, konsertlər ara vermirdi. Ailə qurmuşdu, övladları dünyaya gəlmişdi. Bir sözlə, həyatından şikayəti yox idi. Lakin birdən hər şey dəyişdi, sanki qara rüzgar əsdi. 1993-cü ildə iflic oldu. Müğənni bununla da hər şeydən əlini üzdü. Sanki həyatdan, hər kəsdən küsdü, özünə qapıldı. Bir neçə il musiqidən, sənətdən uzaqlaşdı, “Göygöl” ansamblında da fəaliyyətini dayandırdı. “Göygöl”dən ayrılan ifaçı bir müddət sonra Gəncədə fəaliyyət göstərən başqa bir ansamblda çalışmağa başlayır. İki il sonra onu yenidən “Göygöl”ə dəvət edirlər. Ancaq bu qayıdış da uğurlu olmur və 2000-ci ildə yenidən ansamblı tərk edir.

   Uzunmüddətli fasilə, maddi sıxıntılar, ailə qayğıları onu sənətdən uzaqlaşdırsa da, o yenidən qəlbinin səsinə qulaq verib musiqi, çox sevdiyi sənətinə qayıdır. Bu dəfə Azərbaycan Dövlət Neft Şirkətinin "Azərneftyağ" neft emalı zavodunun direktoru, mərhum Ramiz Mirzəyevin təklifi ilə müəssisənin nəzdində yaradılan “Neftçi” ansamblına işə düzəlir. Amma bu ansamblın da ömrü uzun olmur. Oradan da ayrıldıqdan sonra müğənni ümidsizliyə qapılır. Bütün bunlara rəğmən o, yaşamaq istəyirdi. Bunu məlum məktubundakı bəzi sətirlərdən də sezmək olar. Görünür, ağır xəstəliyə, acı sonun yaxınlaşmasına rəğmən o, ümidlərini hələ tam üzməmişdi. Sağalacağına ümid edir, yaşamaq istəyirdi.

  

   Sonu kədərli nağıl

  

   Ötən ilin elə bu günlərində informasiya agentlikləri, telekanallar, qəzet səhifələri bu xəbərlə silkələndi: «Tanınmış müğənni, “Göygöl” ansamblının keçmiş solisti Rövşən Behcət uzun sürən ağır xəstəlikdən sonra Bakıdakı evində vəfat edib. 66 yaşında dünyasını dəyişmiş sənətkarla vida mərasimi avqustun 19-da Gəncə Dövlət Dram Teatrında keçiriləcək. Xanəndə Gəncədəki İmamzadə məzarlığında dəfn olunacaq...”.

   Beləcə, iki-üç cümlə ilə bir ömrün nağılı da sona yetdi. Nağılçıya və ona qulaq asanlara isə Rövşən Behcət sənətkarlığının yaddaşlardan silinməyən səsi qaldı. Daha əbədi və daha gözəl ərməğan kimi...

 

 

  Həmidə Nizamiqızı

 

  Mədəniyyət.- 2012.- 15 avqust.- S. 10.