“Sevirəm”. “Yanıram”.
“Gedirəm”...
Xan qızı bütün bunlara əməl
etdi, “Ölürəm”indən isə... nakam getdi
Misralarındakı
“sevirəm” ifadələrinin önlərində-sonlarındakı
hiss-həyəcanların “necə - nə cür” dərəcələri
göstərir ki, onun sevgi-məhəbbəti hər aşiq-məşuqunkuna
bənzəməyib. “Yanıram”ları elə alovlar
saçır ki, o “atəşi-nar”ları qar üstündə
könlüçılpaq da dayanıb oxumaq olar.
Deməli,
onun “sevirəm”, “yanıram”, “gedirəm”, “zar
ağlaram”ları adi psixolojiliklərdən çox uzaq
olduğu kimi, “ölürəm”i də biolojiliklərdən
(1897-nin 2 oktyabr günü istisna edilməklə) çox
iraq...
Bu
xanım tək elə Xan qızı deyil, həm də
böyük Azərbaycan qızıdır!
Bu xanım neçə-neçə
romana, poemaya mövzu olası bir dastan-ömür yaşayıb. Tək
elə yaşamayıb, həm də yaşadıb, yaradıb,
yazıb. Ədəbiyyatımızın, mədəniyyətimizin
bir hücrəsini elə
yazıb-yaradıb, öz şəxsində
sivilliyimizi,
mesanatlığımızı elə dalğalandırıb,
plüralizm, tolerantlıq, gender
bərabərliyi ilə bağlı elə təəssüratlar
yayıb ki, onun
haqqında nə və necə desək, həcm və vəzncə
nə qədər yazsaq da,
əvəzini verməyəcək. Təxəllüsündən
tutmuş fəaliyyətinədək bu böyük, “mürəkkəb”
ismi layiq olduğu sifətə salmayacaq,
zərfi-əvəzlikdən o yana getməyəcək. Bir
sözlə, bu yazı böyük
Xan qızı haqda balaca bir “rəiyyət sözü” çəpərindən, növbəti
“yubiley yazısı” sərhədindən
o yana getməyəcək...
Və elə bu
məqamda hərb mayalı məşhur bir
zərb-məsələ - “Aslanın erkəyi-dişisi olmaz”a yançıyan humanitar sayalı bir qəlb-məsəl:
sənətkarın qadını-kişisi olmaz!
Bu
qadının böyük və həm də
təkrarsız dünyası vardı. Çoxlarının “beşgünlük”, “qəlp” deyib
yaşadığı bu dünyanı bu qadın bütün qəlbi
ilə duyub-yaşayıb. Dünya isə
onu qədərincə qədir-qiymətləndirməyib.
Elə bəlkə elə yaxşıymış; - belə
poeziyanın yaranmasıyçün! Həm bizə bəxş
etdiyi miras, ədəbi
doyumsuzluq, həm də özünə
qazandığı əbədi ölümsüzlükçün!..
Bu dəm nitqimə
“Həm ziyarət, həm ticarət” məsəli gəldi,
ardınca da belə bir
“qarşıdurma”lı qarşılıq; -
Sənət
və siyasət...
Öncə, sovetlər dönəmində
üstü vurulmayan,
hətta şayiə hesab etdirilməyə
çalışılan məlum bir həqiqət
haqqında kiçik bir
haşiyə.
Çıxarışladığım haşiyə-həqiqət
ondan ibarət ki, Xurşidbanunu ərə (bütün
qəlbi, mahiyyəti, yaradıcılığı, ətraf
aləmə təsiri ilə milli-mənəvi atom
perspektivinə görə) çar Rusiyası
verib. “Periferiya”
zatlı Xan qızının kəbinini derjava təyinatlı imperiya
kəsib və bizim “gəlini gərdəkdə!”
(boğarlar) zərb-məsəlimizi bu qıza öz siyasi yaş senzinə uyğun (ictimai-ideoloji hədd-büluğa
çatmamışdan) şamil edib.
1832-ci ilin yayında doğulmuş,
Xan sarayının çox
təcrübəli tərbiyəçilərindən mükəmməl
dərs almış, Quran ayələrindən,
dini ehkamlar, ərəb,
fars dilləri, klassik ədəbiyyat,
şeir, sənət, incəsənət
qayda-qanunlarından tutmuş dövrün əsas ictimai-siyasi,
mədəni-mənəvi ab-havasına qədər çox şeyi mənimsəmiş
bu fenomenal məxluq
1850-ci ilin payızında - on səkkizcə yaşında - sıradanbir
qız xeylağı kimi ərə verilir. Toy gecəsi Şuşa kimi ünlü bir mədəniyyət
mərkəzində yuxulayıb-yumulan bəsirət gözü Dağıstanın ucqar, “üstüunlu” bir kəndində açılır.
Yanında Qafqaz canişininin
şəxsi yavəri Xasay bəy Usmiyevi görür. Təhtəl-şüurunda
siyasi “elçi”lərinin məqsəd-məramı
dolanır. Onların Mehdiqulu xan Cavanşir nəslinin
Tiflisdəki mülk iddialarının həllinə
köməkçi-vasitəçi kimi qoşduğu bu “taxt-tac bəyi”ni sonradan “izdivac bəyi” etmək məkr-məqsədlərini
vərə-vird edir. Qanını
qanına caladığı bu xalqla öz milləti
arasında xeyli adət-ənənə, xarakter yaxınlığı olduğunu
bilsə də, qaynar irfani
həyat, oturuşmuş mədəniyyət,
kübar ab-hava
sarıdan korluq çəkir. Lakin bütün
bunları da öz tərbiyə
təmrinləri, şəcərə mədəniyyəti, əsilzadə
səbri ilə qarşılayır.
Bir müddət sonra Xasay bəy onu
özüylə Tiflisə gətirir və Xurşidbanu
tək elə gənclik həyatının yox,
həm də poetik qəlb
dünyasının ən çiçəklənən dövrünü bu şəhərdə
yaşamalı olur. Ancaq o çağlar bütün
Qafqazın böyük mədəni mərkəzi
sayılan Tiflis Xurşidbanunun
gündəlik maddi-mənəvi tələbatlarını az-çox ödəsə də, onun şairanə arzuları, çağlar
ilhamı, köhlən xəyalları ilə o
qədər də həmahəngləşmir. Buna baxmayaraq, tezliklə incilər-incəliklər
yaradıcısı kimi tanınacaq bu xanımın “çiçəklənən
dövrü” daha əlamətdar,
“bioloji yaradıcılıq” hadisələri
ilə - övlad baratlarıyla
naxışlanır. 1855-ci ildə oğlu
Mehdiqulu, 1856-da qızı Xanbikə dünyaya gəlir. Lakin
bu sevinc, şadlıq
notları fonunda kədər xalları da səslənirdi. Amma nə qədər məşəqqətlər,
sərt həyat imtahanları ilə üzləşsə də,
o, əsl Azərbaycan
xanım-xatınlığını, şəxsi nümunə-nümunəviliyini
əldən vermir. Öz
ailə səadətinə xal düşsə
də, çevrəsindəki qız-gəlinlərin həyat
yollarına mayak-dayaq olmaqdan
yorulmur. Dövrün
səhnəsiz, qəzetsiz, qonorarsız şairləri üçün “Məclisi-üns” adlı
mükəmməl bir “şifahi
nəşriyyat” təşkil edir. Şuşaya su kəməri
çəkdirir. Araz çayından Mil düzünə böyük
tutumlu su kəməri
çəkmək təşəbbüsündə bulunur. Xanəndələri təkcə
qəzəl-qoşmaları ilə deyil, “sol əlin bilmədiyi” şabaşlar,
bəxşişlərlə də barındırır. Öz ağlı, düşüncəsi, fəhmi,
qabiliyyəti, cəsarət və əməli fəaliyyətilə
“köhnə yamaq, yun
daramaq” missiyalı Azərbaycan
qadınlarını fəal sabahlara, perspektiv
ictimai sifarişlərə
ruhlandırır. Özü isə özünün “Varımdı sinədə dərdü
qəmi-nihan ölürəm”ində, böyük
sələflərinin “Gör bu gerçək aşiqi
- sərpa soyarlar, ağrımaz”ında, “Tutuşdu qəm oduna şad gördüyün
könlüm”ündə...
“Heyhat”a sinonim
həyat...
Deyilənlərə görə o, poetik eşq
sərdarımızın “Ya rəbb, bəlayi-eşq
ilə qıl aşina məni”
misrasını hər dəfə böyük
ləzzətlə söylər və eyni
ləzzətlə də ağlayarmış...
Bir insan kimi
yaşantıları, bir şairə kimi qoşu-qoşmantıları, daşa dəyən yar və
analıq oxları, bir qadın kimi - böyük hərflə
nəqş ediləsi Gileyləri öz tale mücrüsündən, müasirlərinin
xatirəsindən, tədqiqatlarından daha
çox, tarixin “səyyareyi-təyyarə”sinin
“qara qutu”suna gömüldüyünə görə, bu real xanım bəzən
adama bədii, əfsanəvi obraz təsiri bağışlayır. Sanki onun bioqrafiyası öz bioloji
yaşantıları, fəaliyyət çabaları
hesabına deyil, başqa
sənətkarların bədii təxəyyül-təəssürat
məcmularından yaradılıb. Zərif
qadın çiyinlərinin bu qədər
gərginlik, qayğı, kamına yetməyən sevgi, əzab-əziyyət materialları ilə
yüklənməsi faktı - belə bir fenomenal kompleksi dərk etməyə
yönələn düşüncələrin, təsəvvürlərin
belə çiyinlərini əyir. Bunu
onun tədqiqatçıları da (Bəylər Məmmədov, Vasif Quliyev və b.) bu və ya başqa səpgidə duyururlar. Onun verdiyi musiqi təlimi
“Xanlıq Şükür” adı ilə
tanınan bir xidmətçisini mətbəx
kölgəliyindən küll-Qarabağın sənət
günəşi işıqlığına
çıxarır. O, öz
analıq ələmlərini bir
“qırağa” qoyaraq, qızı Xanbikəni
özünəməxsus toxtaqlıq təmrinlərilə nəinki
fəal həyata, həm də “balıq suda”
deyiminə müvafiq “insan
sevgi-məhəbbətdə” duyumuna gətirir,
onu qəzəllər, rübailər yazmağa ruhlandırır. O, çəm-xəm
edən taleyin kəm bəxtinə hördüyü torların saplarını öz unikal tikmələrinin
naxışları ilə çözüb
kölgələyir. O, dünyəvi şeirləri, qəzəlləri
ilə yerli xanəndələri
Şuşanın “gül-bülbül” sərhədlərindən
çox uzaqlara “ezam” etdirir. O, xeyir-dua əllərini beş-on
ildən sonra dahiləşəsi balaca Üzeyirin
başına çəkir, Hacı Hüsülərin, Məşədi
İsilərin, Cabbar əmilərin maddi-mənəvi
yollarına uzadırdı.
Bir qismini
xatırlatdığımız bu işlər,
əməllər onun sənət, fərdi-ictimai
mədəniyyət çalarlı əzabları fonunda baş verirdi. Çoxusu bizə,
azısı canlı müasirlərinə - yan-yörəsindəkilərə
belə mübhəm qalan sənət
nüvəli əzabları fonunda.
Xanımlarla bağlı üstüörtülü,
qaçaraq işlədilən söz tək elə “qadın xəstəliyi”
termini deyil ha, müqəyyəd bir
“qadın əzabları” ifadəsi də var
ki, gərək onları da
dilə gətirmədən duyasan...
Şair
olmasaydı, çox yəqin ki, onun da
bu qəbil əzabları
ümumqadınlığın həya “arxiv”lərinə gömülüb, görünməz-bilinməz
olacaqdı. Aşağıdakı şeirinin
xeyli ixtisarlığında belə tam görünən əzablarından gedir söhbət:
Varımdı sinədə dərdü
qəmi-nihan, ölürəm,
Fəda olum sənə,
gəl, eylə imtahan, ölürəm!
Dedin ki, çək əlini damənindən, - əl
çəkdim.
Tərəhhüm eyləmədin
axır, ey cavan,
ölürəm!
Fəraqdan tükənib tabü taqətim, billah,
Vüsalə yetməz əlim, zarü Natəvan, ölürəm!
Dilində, qələmində belə
deməyinə baxmayın, -
O, ölmədi!
Qəmli ömrü, ələmli qələmilə bitkin bir “dərd-kədər
fərağı” yaratmış Xurşidbanu
Natəvan bütün müasirlərinin
- müxtəlif sənət adamlarının, folklor
müəllifi xalqın daimi
marağına düşdü. Ədəbiyyatımızda
ağı, ağrı-acı mövzusunu
mükəmməl sənət səviyyəsində
təqdim edən, “Ağlaram”,
“Ölürəm”, “Sənsiz”, “Getdi” kimi yüksək ədəbi-bədii lövhələr
yaradan bu xanım
özündən sonrakı sənətkarlara özüylə
bağlı yüksək yaradıcılıq ovqatı təlqin
etmiş və etməkdədir. Hələ sağlığında qəzəllərilə
böyük xanəndələri
yer-yurdlarından dəbərdib bütün
Qafqaza, İrana-Turana poetik xəbər-ətər yaydıran şair, sonralar böyük irsi ilə tədqiqatçıları,
rəssamları, heykəltəraşları, bəstəkarları
da öz sevdaları,
“qəmi-nihan”ları üstə kökləmiş, bir sıra yaradıcıların mövzusuna, əsərlərin leytmotivinə çevrilmişdir. Xalq rəssamı Cəlal
Qaryağdı onun Bakıda ucalan (“Azərbaycan” kinoteatrı
qarşısında) monumental heykəlini
yaratmış, Xalq
yazıçısı İlyas Əfəndiyev
“Xurşidbanu Natəvan” pyesini,
Xalq artisti Vasif Adıgözəlov “Natəvan”
operasını, “Qərənfil” mahnı-romansını
yazmış, tədqiqatçılar adına neçə-neçə
kitablar bağlamışlar.
Ömrünün
sonlarında qələmə aldığı “Qərənfil”ini
oxuduqca bu şairanə
gülə xitablarını qəlbin əks-səda süzgəcindən
keçirdikcə, onun öz
adını da eşidirsən:
Səni gülşən ara aşüftə gördüm,
Yəqin bildim tutub sevda,
qərənfil!
Üzündən pərdeyi-nazın
kənar et,
Unutma aşiqi haşa, qərənfil!
Bu beytlərin son kəlmələrini
“Natəvan!” kimi də almaq olmazmı?
O, həyatda - bir az orda,
bir az burda,
daha çox da Şuşa həyət-bacasında 65 il
yaşadı. 1897-ci ilin oktyabrında dünyasını dəyişib
Ağdamın “İmarət”
qəbiristanlığında dəfn olundu. Sonra başladı əbədi ömür yaşamağa ki, hələlik bunun 115 ili gedir...
Tahir Abbaslı
Mədəniyyət.- 2012.- 15
avqust.- S. 13.