Çoban Məhəmmədin
müdriklik dünyası
Haqq
aşığı
İllər Aşıq Ələsgər
ocağının istedadlı nümayəndələrindən
biri - Aşıq Ələsgərin
qardaşı Çoban Məhəmmədin
yaradıcılığına kölgə sala
bilməmişdi.
Vəfalı dost tək-tək olar,
İnsanlarda yüzdə birdi.
Sən arzula cansağlığı,
Çox da birdi,
az da birdi.
Təxminən 1857-ci ildə
Göyçə mahalının
Ağkilsə kəndində
doğulan Məhəmməd
saz-söz beşiyi olan bir ailədə
dünyaya gəlib. Yaradan Alməmməd kişinin sonbeşiyi olan Məhəmməddən
də öz istedadını əsirgəməyib.
Gənc yaşlarından
şeirlər qoşmağa
başlayan Məhəmməd
ömrünün böyük
bir hissəsini çobanlığa həsr
etsə də, el arasında şair kimi tanınıb sevilir. Məhəmməd də bədahətən şeirlər deyər, yaxşı hafizəsi ilə hamını heyrətləndirərdi:
Aran çox istidir, yaylaq sərindi,
Bilmirəm, qalmayım, yoxsa qalım mən.
Könül bir gözələ aşiq olubdur,
Bilmirəm, almayım, yoxsa alım mən.
Uzaq bir zamanda
yaşamasa da, Çoban Məhəmməd
barədə məlumatlar
o qədər də çox deyil. Aşıq Ələsgərin
nəvəsi, bu ocağın yorulmaz tədqiqatçısı İslam
Ələsgər Çoban
Məhəmmədin həyat
və yaradıcılığı
barədə tədqiqatlar
aparmış, 2009-cu ildə
“Çoban Məhəmməd”
kitabını oxucuların
ixtiyarına vermişdir.
İslam Ələsgər
kitabda yazır: “Şair Məhəmmədin
ədəbi irsi çox zəngin olub. Lakin yazı-pozu
bilməyən bu el şairinin şeirləri vaxtında qələmə
alınmadığına görə,
böyük bir qismi unudulub. Biz onun 70-dən artıq müxtəlif şəkilli
şeirini və dastanlarını Aşıq
Nəcəf və Aşıq Talıbın hafizəsindən yazıya
almışıq. Şair
Məhəmmədin şeirləri
duzlu-məzəlidir. Hələ
heç bir el şairində rast gəlmədiyimiz qəribə
bir yumor, zarafatla deyilmiş xalq ifadələri onun yaradıcılığı
boyu uzanıb gedir”.
Çoban Məhəmmədin
həyatı asan olmamışdır. O, gənc
yaşlarında sevib-seçdiyi
Sərvinaz adlı bir qızla evlənir. Tale onlara 2 qız, 1 oğul bəxş eləsə də, bədbəxtlikdən
uşaqların üçü
də bir ilin içində xəstələnib ölür.
Bu dərdə dözə
bilməyən ana da çox yaşamır.
Belə bir müsibətdən qəm
dəryasına qərq
olan Məhəmməd
daha ailə qurmaq istəməsə də, uzun zamandan
sonra qohum-qardaşın
öyüd-nəsihəti ilə
Bahar adlı bir qadınla ailə qurur:
Ay ağalar, nə bəlalı qul oldum,
El içində haqqı-say
olan canım.
Qədirbilməzlərin qədrini
bildim,
Axırda əməyi zay olan canım.
Şair Məhəmmədin
bundan sonrakı həyatı da əzab-əziyyətlə keçir.
Ermənilərin 1918-ci ildə
türklərə qarşı
törətdikləri qırğınlar
zamanı Məhəmməd
də Göyçəni
tərk etməyə məcbur olur. O, 1917-ci ildə vəfat etmiş qardaşı Xəlilin 5 nəfərlik
ailəsini də götürüb öz ailəsi ilə birlikdə Kəlbəcərə
köçür və
1921-ci ilə qədər
orada yaşayır.
Hər mahalda dastan olub,
Söylənir halı Göyçənin.
Qəhr elədi çərxi-fələk,
Döndü iqbalı Göyçənin.
Dağıldı ağır
sürüsü,
Talandı malı Göyçənin.
Pozuldu qurğu-büsatı,
Şəni, cəlalı Göyçənin.
Suyu saf, havası
xoş,
Cənnət misalı Göyçənin.
Dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli
olan Məhəmməd
zamanın ağır
sınaqlarını "Fələk"
rədifli şikayətnaməsində
təfsilatı ilə
təsvir edir:
Mən sana neyləmişdim,
Qurdun mana al, a fələk!
Ağlımı aldın başımdan,
Möhtacam kamala, fələk!
Sovet hökuməti qurulandan sonra Məhəmməd də doğma yurda qayıdır. Yoxsul həyat keçirən şair sonralar bir dəyirman tikib ailəsini dolandırmağa başlayır.
Ancaq onun saza, sözə olan sevgisi heç
vaxt bitib-tükənmir.
Şair Məhəmmədin
şeirlərində Göyçə
yaylaqlarının ab-havası
duyulur. Yaylaqlarda, eldə-obada baş verən hadisələr onun gözündən yayınmır:
Yaz olanda gözəl
dağlar,
Car olur sellərin sənin.
Dönəndə payız
fəslinə,
Qayıdır ellərin sənin.
Onun əlimizdə "Şair Məhəmmədin
Qars səfəri"
(bunu bəzi aşıqlar "Şair
Məhəmmədlə Sərvxuraman
xanım" da adlandırırlar), "Şair
Məhəmmədin Yalanbol
səfəri" və
"Şair Məhəmmədin
çuxa əhvalatı"
adlı üç dastanı var. Onlardan son ikisi şairin qaçqın olduğu zaman və sovet
hökumətinin ilk illərində
keçirdiyi ağır
güzəran, maddi və mənəvi sıxıntılarla əlaqədar
qələmə alınıb.
Ancaq aşıqlarımızın
repertuarında daha çox yer tutan "Şair Məhəmmədin Qars səfəri" dastanının
əsasında heç
bir real həyat hadisəsi durmasa da, bütövlükdə
şair xəyalının
məhsulu kimi qiymətlidir.
Çoban Məhəmməd
1937-ci ilin yayında dünyasını dəyişir.
Onu Aşıq Ələsgərin qəbrinin
yanında dəfn edirlər.
İslam Ələsgər
“Ələsgər ocağı”
kitabında yazır:
“Şeir-sənət xiridarlarının
çoxunu çiynimdə
aparıb torpağa tapşırmışam. Onların
müqəddəs məzarını
hər zaman ziyarət edirdim. Tale bunu da çox
gördü bizə. Dünyanın hər yerində havadarı olan fitnəkar qonşuların xəyanəti
və vəhşilikləri
bizi dədə-baba torpaqlarımızdan didərgin
saldı. Bu gəlimli-gedimli
dünyada orada əbədiyyətə qovuşanlarımızdan
bizə nə qaldı? Acılı-şirinli
xatirələr, birdə
ki, şeirlərindən
yaddaşlarda, saralmış
vərəqlərdə mühafizə
olunmuş nümunələr”.
Zaman-zaman sazımızın,
sözümüzün keşiyində
duranları yad etməklə, dünənimizə
hörmət, sabahımıza
ümid etmiş oluruq.
Təranə Vahid
Mədəniyyət.- 2012.- 15
avqust.- S. 14.