Daşlara köçən tarix: Bakının heykəlləri

 

  Heykəllər əsrlərin, qərinələrin yol-yoldaşı, bəşər tarixinin əvəzsiz şahidləridir. Mərmər, tunc və qranitdən hazırlanan bu sənət əsərlərində, insanın insan ömrünün, əməllərinin donmuş bir anı təcəssüm tapır.

   Respublikamızda heykəltəraşlıq ötən əsrin birinci yarısında sənət sahəsi kimi təşəkkül tapıb. Sözsüz ki, hər bir tişə ustasının yaratdığı obrazda dövrün, zamanın xarakterik cizgiləri yaşayır. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı ilə söhbətimiz paytaxtımızdakı heykəllər barədədir.

   - Bakıda çoxlu sayda monumental və dekorativ heykəltəraşlıq nümunələri var. Onlardan hansıları daha çox diqqət çəkir və maraq doğurur?

   - Ümummilli liderimiz Heydər Əliyevin Bakıda onun adını daşıyan sarayın qarşısında 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidəsi ən gözəl monumental heykəltəraşlıq nümunələrindən biridir. Heykəlin müəllifləri Mixail Noqin və Salavat Şorlanovdur. Onlar əsər üzərində gərgin yaradıcılıq işi aparıblar. Heykəlin ətrafına dolandıqca onda yeni-yeni keyfiyyətlər görür, bəşəri duyğulara, qranit xarakterə və dahiliyə valeh oluruq.

   Bir qədər keçmişə qayıtsaq, ötən əsrin birinci yarısında yaşayıb-yaradan və plastik sənətin nümayəndələrindən olan Pinxos Sabsayın yaradıcılığı diqqəti cəlb edir. O, 1930-cu ildə M.F.Axundzadənin tuncdan tökülmüş heykəlini yaratmaqla şöhrət qazanıb. Böyük mütəfəkkirin heykəli ilə postament arasındakı dəqiq nisbət, memarlıq üslubunun düzgün icrası, buradakı kiçik bağça ilə uyarlıq onun xarakterik xüsusiyyətlərindən xəbər verir.

   Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası heykəltəraşlıqla memarlığın sintezinə ən gözəl nümunədir. Burada tətbiq olunan milli memarlıq elementləri binanın xarici görünüşünə bir incəlik və zəriflik gətirib. Muzeyin qərb fasadının eyvanında ədəbiyyatımızın görkəmli xadimlərinin heykəlləri binanın arxitekturası ilə plastik əlaqə və həmahənglik təşkil edir. Burada heykəltəraş Fuad Əbdürrəhmanov Məhəmməd Füzulinin, Cəlal Qaryağdı Molla Pənah Vaqifin, E.Tripolskaya Natəvanın, P.Sabsay M.F.Axundzadənin, N. Zaxarov Cəlil Məmmədquluzadənin, S. Klyatski Cəfər Cabbarlının heykəllərini ustalıqla işləmişlər.

   Bakının mərkəzində dahi şair Nizami Gəncəvinin abidəsinin ucaldılması (1949) vaxtilə mühüm sənət hadisəsi olub. Heykəltəraş F.Əbdürrəhmanov, memarlar M.Hüseynov və S.Dadaşovun müəllifi olduqları bu abidə də heykəltəraşlıqla memarlığın uğurlu sintezidir. Tunc barelyeflərdə şairin poemalarından epizodlar maraqlı kompozisiyalarda qabarıq formada təsvir olunub. Ondan bir qədər aralıda, İçərişəhər divarlarının yaxınlığında görkəmli satirik şair Mirzə Ələkbər Sabirin heykəli ucalır (heykəltəraş C.Qaryağdı, memarlar Ə.İsmayılov və Q.Əlizadə, 1958). Əlində kitab, oturmuş halda təsvir olunan şairin baxışlarından “süzülüb gələn” satirik misralar sanki tamaşaçını sehrləyir.

    - Respublika heykəltəraşlıq məktəbimizin uğurlu nümunələri haqqında nə deyərdiniz?

   - Heykəltəraş F.Əbdürrəhmanovun «Azad qadın» monumenti (memar M.Hüseynov, 1960) respublika heykəltəraşlıq məktəbinin uğurlu nümunələrindən biridir. Çadrasını atan qadın fiqurunun hündür postament üzərində yerləşdirilmiş heykəli bu sənət əsərini daha dinamik, daha canlı göstərir. Əsərin bədii məzmununda xəlqilik, millilik xüsusiyyətləri nəzəri cəlb edir. Lakin heykəlin yerləşdiyi yer o qədər də uğurlu deyil. Belə ki, heykəlin arxasında ucaldılmış binanın fasadına düzülmüş şüşələrə düşən günəş şüaları, eləcə də binanın hündürlüyü bu sənət əsərinin əzəmətini zəiflədir.

   Dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin Bakı Musiqi Akademiyasının qarşısında qoyulmuş abidəsi keçən əsrin 60-cı illərinin ən gözəl sənət əsərlərindəndir (heykəltəraş Tokay Məmmədov, memar H.Muxtarov, 1960). Əsərdə sanki musiqi əsərinə qulaq asan bəstəkarın psixoloji vəziyyətinə münasib bir formanın seçilməsi heykəltəraşın istedadından xəbər verir. Heykəl həm də memarlıq kompozisiyası baxımından çox düzgün qurulub. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Akademik Milli Dram Teatrın qarşısındakı meydanda ucaldılmış heykəlinin (heykəltəraşlar Tokay Məmmədov, Ömər Eldarov, memar H.Muxtarov, 1962) kompozisiya quruluşu, plastiklik, möhtəşəmlik, sakit siluet bu sənət əsərini daha məzmunlu, daha monumental göstərir.

   ”Azərbaycan” kinoteatrının qarşısındakı XIX əsr şairəsi Xurşidbanu Natəvanın xəyala dalmış mərmər abidəsi (heykəltəraş Ö.Eldarov, memar F. Leontyeva, 1960) obrazın bədii həllinin poetikası ilə seçilir. Bu heykəl də yer seçimi baxımından düzgün yerləşdirilib. Heykəltəraş T. Məmmədovun uğurlu işlərindən biri də xalqımızın cəsur oğlu, Sovet İttifaqı Qəhrəmanı, partizan Mehdi Hüseynzadənin heykəlidir. Əlində qumbara tutan qəhrəmanın düşmənə nifrət dolu gözləri, bir-birinə sıxılmış dodaqları və üzünün cizgiləri ustalıqla işlənilib.

   Milli heykəltəraşlıq məktəbimizdən danışarkən portret janrında nümunələri də qeyd etmək gərəkdir. Bu sırada heykəltəraş Zivər Məmmədovanın yaratdığı əsərlər (Xalq artisti Hüseynqulu Sarabskinin (1947), böyük rəssam Əzim Əzimzadənin (1946) və başqalarının portretləri) gərgin yaradıcılıq axtarışlarının bəhrəsidir. SSRİ xalq artistləri Bülbülün (1953), Rəşid Behbudovun (1954), bəstəkar Cahangir Cahangirovun (1954) portretləri istedadlı heykəltəraş Cəlal Qaryağdı tərəfindən ustalıqla işlənilib. Fuad Əbdürrəhmanovun Xalq şairi Səməd Vurğunun onun adını daşıyan parkda yaratdığı abidəsi böyük sənətkarın poetik dünyasından xəbər verir.

   Büst-heykəllər içərisində tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Şəhidlər xiyabanı yaxınlığındakı abidəsi (heykəltəraş F.Əbdürrəhmanov, memar L.Qonsiorovski, 1948) həm obraz, həm də postament quruluşu ilə diqqəti çəkir. Dinamizm və obrazın mürəkkəb psixologiyasının təsviri böyük dramaturq Cəfər Cabbarlının abidəsinə (heykəltəraş E.Hüseynov, memar Y.Qədimov, 1969) xas olan əsas xüsusiyyətdir.

   - Simvolik fiqurlu dekorativ heykəltəraşlıq da maraqlı yaradıcılıq sahəsidir...

   - Bu yaradıcılıq sahəsindən söz düşəndə ilk öncə dəniz kənarında Bəhram Gurun (heykəltəraş Q.Sücəddinov, A.Mustafayev, A.Rüstəmov, 1958) simvolik fiquru yada düşür. O, həqiqətən, dekorativ heykəltəraşlığın ən gözəl və ən maraqlı nümunəsidir. T.Məmmədovun “Bəstəkar Niyazinin portreti” (1967), Ö.Eldarovun “Rəssam S.Bəhlulzadə” (1968), H.Abdullayevanın lirizmlə aşılanmış “Vəcihə Səmədova” (1970) əsərləri portret heykəltəraşlığı sahəsində nailiyyət sayılır.

   Bakıda Şah İsmayıl Xətainin, Həsən bəy Zərdabinin, Nəriman Nərimanovun, Qara Qarayevin, Əzim Əzimzadənin, Əliağa Vahidin, Yusif Məmmədəliyevin, Mikayıl Müşfiqin, Hacı Zeynalabdin Tağıyevin, Ayna Sultanovanın, habelə Aleksandr Puşkinin, Əlişir Nəvainin, Taras Şevçenkonun və başqalarının heykəlləri görkəmli şəxsiyyətlər haqqında tamaşaçıda maraqlı təsəvvür yaradır.

   Xocalı faciəsinə, şəhidlərimizin xatirəsinə ucaldılan möhtəşəm abidələr müqəddəs torpaqlarımız, azadlıq və müstəqilliyimiz uğrunda mübarizə aparan övladlarımızın qəhrəmanlıq və vətənpərvərliyinin təcəssümüdür.  

 

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2012.- 15 avqust.- S. 15.