Azərbaycanlı bəstəkar ABŞ-da keçirilən müsabiqənin finalına vəsiqə qazanıb

 

Gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadə ABŞ-ın Masaçusets ştatının Boston şəhərində keçirilən bəstəkarların ənənəvi 30-cu Beynəlxalq “ALEA III” müsabiqəsinin finalına vəsiqə qazanıb. 200-dən çox müraciət daxil olmasına baxmayaraq, yalnız 6 ölkə - ABŞ, Azərbaycan, İngiltərə, Fransa, Avstriya və Yunanıstan - finalda iştirak edəcək.

 Final mərasiminə vəsiqə qazanmış bəstəkarların əsərlərini dünyaca məşhur dirijor Teodor Antonionun rəhbərlik etdiyi ansambl səsləndirəcək. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu T.Qasımzadə bildirib ki, oktyabrda təşkil ediləcək final konsertində amerikalı musiqisevərlərə “Qurama” əsərini təqdim edəcək.

   Dünyanın mötəbər musiqi yarışmalarından hesab olunan “ALEA III” 1980-ci ildən keçirilir. Müsabiqənin keçirilməsində məqsəd bəstəkarların yeni və müasir üslubda musiqi yaradıcılığına dəstək verməkdir.

   Türkər Qasımzadə 2011-ci ildə Manhetten Musiqi Akademiyasında magistr dərəcəsi alıb. Hazırda gənc bəstəkar Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən olan, Ohayo ştatında yerləşən Sinsinati Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq təhsilini davam etdirir.

   Bəstəkarın əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya, Avstraliyada keçirilmiş müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.

 

 

    Mədəniyyət.- 2012.- 17 avqust.- S. 3.