Yeniyetmə ifaçı beynəlxalq musiqi yarışmasında iştirak edir

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın istedadlı övladı, çoxsaylı beynəlxalq musiqi yarışmalarının qalibi 11 yaşlı Yasin Həsənov “Buta” İncəsənət Mərkəzinin dəstəyi ilə ölkəmizi Ukraynada keçiriləcək gənc ifaçıların populyar beşinci “Uşaq yeni dalğa - 2012” mahnı müsabiqəsinin finalında təmsil etmək hüququ qazanıb.

   Avqustun 15-də start götürən final mərhələsi Krımdakı məşhur “Artek” Uşaq Mərkəzində keçirilir. Açılış mərasimində Ukrayna Prezidenti Viktor Yanukoviç, tanınmış incəsənət xadimləri ilə yanaşı, Krımda fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi də iştirak edib.

   Birincilik uğrunda 12 ölkəni təmsil edən 16 istedadlı ifaçı mübarizə aparır. Qaliblər tanınmış münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

   Həmyerlimiz müsabiqədə ölməz sənətkarımız, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısını ifa edib.

 

 

   Mədəniyyət.- 2012.- 17 avqust.- S. 3.