Vətənə
xidmət onun həyat amalı idi
Yay mövsümü ilə əlaqədar
yerli əhalinin istirahət vaxtının səmərəli
keçirilməsi, ölkəmizə gələn xarici
qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, gəzməli,
görməli yerləri barədə ətraflı məlumatın
çatdırılması işində yerlərdəki
tarix-diyarşünaslıq muzeylərinin üzərinə
mühüm məsuliyyət düşür.
Astara Rayon
Tarix-Diyarşünaslıq Muzeyində də
tanınmış ziyalılar, görkəmli şəxsiyyətlər
haqqında mütəmadi tematik sərgilər təşkil
olunur, tədbirlər keçirilir.
Bu günlərdə dövlət
xadimi, daxili xidmət general-mayoru, Aydın İsrafil oğlu Məmmədova
həsr olunmuş tematik gecə də bu qəbildən idi.
Tədbir
iştirakçıları Aydın Məmmədovun həyat
və fəaliyyətinə həsr olunmuş tematik sərgi
ilə tanış olub, onun haqqında məruzə və
çıxışları dinləyiblər. Üç
çağırış parlamentin deputatı olmuş, fərdi
təqaüdçü Sultan Məmmədov, şair Seyran
Şiriyev, rayon Ağsaqqallar Şurasının sədri Hamlet
Əliyev, muzeyşünas Əfqan Şəfiyev,
şair-jurnalist Ağagül Qasımov və digər
ziyalılar Aydın Məmmədov barədə öz xatirələrini
söyləyiblər.
Qeyd olunub ki, Aydın Məmmədov
ötən əsrin 80-ci illərində Azərbaycan KP Mərkəzi
Komitəsi nəqliyyat və rabitə şöbəsinin
müdiri, 1987-1990-cı illərdə daxili işlər naziri
və ömrünün sonlarına qədər Bakı Beynəlxalq
Dəniz Limanının baş direktoru işləyib.
Çalışdığı bütün vəzifələrdə
Vətəninə, xalqına sədaqətlə xidmət
edib.
Mədəniyyət.-
2012.- 17 avqust.- S. 5.