Azərbaycan
musiqisi Aland adalarında səslənib
Emil Əfrasiyab:
“Konsert proqramımız elə qurulmuşdu ki, mədəniyyətimizin,
musiqimizin nə qədər zəngin olduğunu hər kəs
gördü”
Günbəgün
yeni uğurlara imza atan Azərbaycan musiqiçilərinin bu dəfə
sədası Aland adalarından gəldi. Baltik
dənizində 8 minə yaxın kiçik adadan ibarət
arxipelaqın əhalisinin əksəriyyəti isveçli,
özü isə Finlandiyanın muxtar bölgəsidir.
Bir vaxtlar
İsveçlə Finlandiya arasında mübahisə
mövzusu olan, sonra isə hər iki tərəfin razılığı
ilə ən mükəmməl muxtariyyət nümunələrindən
birinə çevrilən Aland adaları, eyni zamanda
dünyanın ən əmin-aman, tam
silahsızlaşdırılmış bölgəsi kimi
tanınır. Tez-tez müxtəlif beynəlxalq forumlara,
o cümlədən incəsənət tədbirlərinə ev sahibliyi edir.
Avqustun 10-da Aland adalarında Əməkdar artist,
pianoçu və bəstəkar Emil Əfrasiyab sənət
dostları ilə birgə Azərbaycan musiqisini geniş şəkildə
təqdim etdi. Musiqiçi tədbirdən
aldığı təəssüratı bizimlə
bölüşdü.
- İştirak
etdiyiniz konsert proqramı və eyni zamanda onun keçirildiyi məkan
- Aland adaları həm də simvolik xüsusiyyət
daşıyır. Necə oldu ki, belə
bir tədbirə dəvət aldınız?
- Aland adaları İsveç və
Finlandiya arasında olan ərazidir. Burada vaxtilə
müharibələr gedib. Bu gün isə
Aland adaları sakit, heç bir hərbi qüvvənin
olmadığı bölgədir. Hər il
Aland adalarında keçirilən müxtəlif səpgili tədbirlərə
aralarında konflikt olan ölkələri dəvət edirlər.
Yəni məqsəd onları bir araya gətirməkdir.
Builki tədbir incəsənətin musiqi
bölməsi ilə bağlı idi və tədbirə Azərbaycanla
Ermənistanı dəvət etmişdilər. Konsert bu il 20 yaşını qeyd edən Aland
adaları Sülh İnstitutu tərəfindən təşkil
olunmuşdu. Tədbirin keçirilməsi həm
də İkinci Dünya müharibəsində atom hücumuna
məruz qalmış Xirosima (Yaponiya) qurbanlarını yad etmək
məqsədi daşıyırdı.
Konsertlə
bağlı təklif tədbirin təşkilatçılarından
Britaniyanın Müharibə və Sülh Araşdırma
İnstitutunun Azərbaycan nümayəndəsi Şahin Rzayevə
gəlmişdi. O da bizə müraciət etdi. Onu da qeyd edim ki, öncə bu konsertdə iştirak
etmək istəmirdik. Musiqi qrupumuzun
üzvlərilə məsləhətləşdik və belə
qərara gəldik ki, bizim bu tədbirdə iştirak etməyə
vaxtımız yoxdur.
Lakin sonra məktubda
bir məqam diqqətimizi cəlb etdi və qərarımızı
dəyişdik. Məktubda bildirilirdi ki, Ermənistan
tərəfindən irəli sürülən təklifə
görə, onlar qədim alətləri olan tarda ifa edəcəklər.
Mən və musiqiçi dostlarım belə qərara
gəldik ki, biz gedib öz musiqi alətlərimizi, musiqimizi sənətimizlə
orada təsdiq etməliyik. Yəni bu alətlər
əslində kimə aiddir, kökü haradan gəlir,
onları hansı estetika ilə ifa etmək lazımdır.
O zaman Malik Mansurova, İsgəndər Ələsgərova
müraciət etdim və qərara gəldik ki, bu tədbirdə
iştirak etmək artıq bizim borcumuzdur. Hətta mən tədbirdə
çıxış edərkən də bildirdim ki, bura bir
balaca fərqli proqram gətirmişik: Azərbaycana məxsus
olan qədim alətlər - tar, tütək, zurna, balaban, udla
çıxış edəcəyik. Bir sözlə,
konsert üçün xüsusi proqram da tərtib etdik.
- Konsert ərəfəsində erməni
mətbuatı Azərbaycan sənətkarları ilə erməni
musiqiçilərinin birgə çıxışları
haqqında informasiyalar yaymışdılar. Bu nə
dərəcədə həqiqətə uyğun idi?
- Erməni jurnalistləri belə məlumatlar
yaymışdılar və bu, Azərbaycanda informasiya vasitələrində
yer almışdı. Amma mən öncədən
təşkilatçılardan tələb etmişdim ki, birgə
çıxış etməyəcəyik. Çünki bizim özümüzə məxsus
musiqimiz var. Tədbirlər bir qayda olaraq zəiflərdən
başlayıb güclü ifaçıların
çıxışı ilə bitir.
Bu baxımdan ilk
çıxış edən Ermənistan oldu. Sonra estafeti Aland musiqiçilərinə verdilər.
Biz Aland musiqiçiləri ilə birlikdə bir
əsər ifa etdik. Sonra mən həmin əsəri
«Gül açdı» Azərbaycan kompozisiyasına daxil edərkən
onlar çox təəccübləndilər. Onu da qeyd edim ki, konsert Azərbaycan sənətçilərinin
çıxışı ilə başa çatdı.
- Maraqlıdır, Azərbaycan
musiqi alətlərinin təqdimatı, ifası digər dinləyicilər
tərəfindən necə qarşılandı? Ermənilər tarda ifa edə bildilərmi?
- Bir məqamı da qeyd edim ki, biz
orada olan zaman erməni tar ifaçısı təsadüfən
qolunu sındırdı. Ona görə də
artıq Ermənistan tərəfi tarla çıxış
edə bilmədi. Tarı təqdim edən
Azərbaycan oldu. Ümumiyyətlə, hər
kəs öz işi ilə məşğul olmalıdır.
Məsələn, biz öz musiqimizi təbliğ
etməli və qorumalıyıq. Özümüzü təsdiq
etməyimiz üçün bütün imkanlar var. Ona görə
də erməni tar ifaçısı haqqında eşidəndə
təşkilatçılardan xahiş etdim ki, mənə onun
ifa etdiyi musiqilərin linklərini göndərsinlər. Həmin musiqilərin ifası məndə sadəcə
gülüş doğurdu. Əgər tar onlara məxsusdursa,
onlar bu alətdə özlərini dənizdəki kimi hiss etməlidirlər.
Amma o həm gənc idi, həm də ifa
baxımından əllərini, barmaqlarını
düzgün saxlaya bilmirdi. Bu ona dəlalət
edirdi ki, onlarda tar məktəbi yoxdur. Doğrudur, Aland
adalarını az adam tanıyır, bu
bölgənin cəmi 26 min əhalisi var. Amma
özünü, öz sənətini təsdiq etmək böyük
uğurdur. Bizim qrupda Əməkdar artist Malik
Mansurovun da təmsil olunması təşkilatçılar tərəfindən
maraqla qarşılanmışdı. Onu
qeyd edim ki, mənimlə gedən hər bir sənətkar bu
işi bir vətəndaş borcu olaraq təmənnasız
yerinə yetirdi. Bu baxımdan, bizə
kömək edənlərə öz təşəkkürümü
bildirirəm.
- Yeri gəlmişkən, az vaxt ərzində belə bir məsuliyyətli
tədbirə necə hazırlaşa bildiniz?
- Tədbirə çox ciddi
hazırlaşdıq. Biz öz sənətimizi
olduğu kimi göstərsəydik, bu kifayət edirdi. Çünki musiqiçinin silahı onun sənəti,
musiqi alətləridir. Üç nəfərdən
ibarət «Emil Əfrasiyab və dostları» qrupumuz artıq 12
ildir ki, fəaliyyət göstərir: İsgəndər Ələsgərov,
mən və Pərviz Məmmədov. Mənə
elə gəlir hər birgə işdə insanların tandemi,
yaradıcı birliyi alınmalıdır. Bizim qrupda bu gözəl alınır. Biz bir-birimizi gözəl anlayırıq. Hətta yeni bir əsəri ifa edərkən, bizə
çətin olmur. Sadəcə, məşq
prosesi olmalıdır ki, bu daha da möhkəmlənsin. Ona görə də məsələyə həm də
siyasi tərəfdən yanaşaraq proqram qurduq. Məsələn,
mənə məxsus olan «İki dünya» əsəri,
«Sarı gəlin» xalq mahnımız balabanda, müxtəlif
muğamlar, «Ana» mahnısı tarda, «Evləri var xana-xana» tar və
tütəklə, «Gül açdı» kompozisiyası zurnada
ifa olundu. Bununla da tarı hərtərəfli
göstərdik. Biz bu əsərlərin
sintezini elə təqdim etməli idik ki, insanlar bir saat ərzində
maraqla baxsınlar. Proqram elə
qurulmuşdu ki, Azərbaycan mədəniyyətinin və onun
musiqisinin nə qədər zəngin olduğu göstərilsin.
Son dəfə
açıq havada canlı konsert proqramı ilə
çıxış edərkən zalda 500-600 nəfər
tamaşaçı vardı. Alqış
səsləri ilə bizi buraxmaq istəmirdilər. Zurnanın səsinə rəqs edir, oynayır, əl
çalırdılar. Həqiqətən
onlar bunu böyük istəklə qəbul edirdilər. Qonşularımız da «Sarı gəlin”
ifasını eşitdilər, hətta bizə başqa
adamlarla mesaj da göndərdilər ki, ifa çox gözəl
idi. Vaxt məhdud idi. Tamaşaçılar
isə bizdən ifa istəyirdilər. O zaman İsgəndər
müəllim məsləhət gördü ki, elə bir əsər
çalaq ki, orda bütün alətlərin ifası olsun. Beləliklə, «Gül açdı»
kompozisiyasını bütün alətlərin müşayiəti
ilə təqdim etdik. Onu da deyim ki, səfərdə
olduğumuz bir həftə ərzində özümüzə
qarşı çox gözəl münasibətin şahidi
olduq.
- Yəqin bu həm də Azərbaycan
sənətçilərinin intellektual səviyyələrindən,
öz müsbət davranışlarından da irəli gəlirdi?
- Təbii.
Məsələn, bizə Azərbaycan, onun
insanları, musiqiçiləri haqqında çoxlu suallar
verildi. Mən onlara dedim ki, xalq musiqisinə böyük
bir dəstək var. Bu gün ölkəmizdə, musiqinin
bütün növləri kimi, caz musiqisi də inkişaf edir.
Caz musiqiçilərinə dövlət tərəfindən
fəxri adlar verilib, bu sahə ilə bağlı 5-6 nəfər
xaricə təhsil almağa göndərilib, hər il Bakıda beynəlxalq caz festivalı
keçirilir. Onlar bu informasiyaları maraqla
qarşıladılar. Hətta onlar
eşidəndə ki, dünyanın tanınmış caz
ifaçıları Azərbaycanda keçirilən bu
festivalda iştirak edir, çox təəccübləndilər.
Əlbəttə, musiqiçi bu formada öz
ölkəsini təqdim etməlidir. Bundan başqa, kənardan
bizim ermənilərlə davranışımıza çox
diqqət yetirirdilər və belə yerdə hiss elədik ki,
bir az da diplomat olmaq lazımdır. Bu baxımdan üzərimizə iki qat məsuliyyət
düşmüşdü. Onlar sonda
başa düşdülər ki, Azərbaycandan gələn
heyət təkcə musiqiçilərdən deyil, həm də
yaxşı insanlardan ibarətdir. Ümumilikdə
təşkilatçılıq yüksək səviyyədə
qurulmuşdu, biz də sənətimizi, ölkəmizi
lazımi səviyyədə təqdim edə bildik.
- Konsert keçirilən müddətdə
hansısa müştərək ifalar oldumu?
- Aland musiqiçilərinin rəhbəri
Riçard Palmer müştərək ifaya
hazırlıqlı gəlmişdi. Biz qərara
gəldik ki, onun əsərini ifa edək. Bu
ifadan sonra isə səhnədə qalıb öz
ifamızı edib konserti bağlamalı idik. Axırda Riçard Palmerin əsərini «Gül
açdı» kompozisiyasını daxil edib ifa etdik. O,
gözlərinə inanmadı ki, belə bir lad
oxşarlığı ola bilər və
onun mahnısı məhz bu əsərdə səslənə
bilər. O, başa düşdü ki, Azərbaycan musiqisi o qədər
rahatdır ki, onu hər bir musiqi stilistikası ilə
qarışdırmaq olar.
- Tədbirdən hansı təəssüratla
ayrıldınız?
- Azərbaycan musiqisi Aland
adalarında səsləndi və əlbəttə, bu,
çox gözəl təəssürat idi. Konsertin
təşkilində bizə dəstək verənlərə
öz təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, Mədəniyyət və Turizm
Nazirliyi hər zaman bizə dəstək göstərir və
biz bunu minnətdarlıqla qarşılayırıq.
Mehparə
Mədəniyyət.-
2012.- 17 avqust.- S. 6.