“Ayrı deyil, çünki birik daima”

 

   Hüseyn Cavid - 130

  

   Mədəniyyət və Turizm Nazirliyi böyük romantik şair və görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi ilə əlaqədar yubiley tədbirlərini davam etdirir. Yubiley tədbirləri çərçivəsində nazirliyin dəstəyi ilə “Təhsil” nəşriyyatı böyük ədibin dram əsərlərindən ibarət kitabı çapa hazırlayır. Həmin kitaba yazılmış ön sözü təqdim edirik.

  Şairlərin yaratmaq qüdrətini səxavətlə dəyərləndirmək Azərbaycanda qədimlərdən bəri davam edən adətdir. Və necə deyərlər, bu dəyərləndirmə ritualında yaşından, işindən asılı olmayaraq, az qala hər kəs özünü səlahiyyətli münsif qismində görür.

   Min illərdən bəridir ki, qüdrətli söz ustadları haqqında qədirbilənliklə deyilən hər xoş kəlmə eşidənlərdə nəinki qısqanclıq yaradır, əksinə, insanların ruhunda dərhal qürur hissi doğurur. Görünür, belə unikal münasibətin nəticəsində cəmiyyət həyatına müstəsna təsir imkanına malik ədəbiyyatın xüsusi statusu meydana çıxır. Bəlkə elə buna görə də ədəbi folklor örnəkləri (layla, bayatı, ağı, aşıq şeiri, nağıl, dastan), klassik poeziya (Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir) yüzilliklər boyunca, arası kəsilmədən, Azərbaycanın tarixi coğrafiyalarında yaşayan insanların bədii estetik düşüncəsi ilə yanaşı, ümumi etnik-milli dünyagörüşü və xarakterin formalaşıb inkişaf etməsində ən etibarlı mənəvi-mədəni qaynaq rolu oynamışdır. Və hətta çox zaman bu ali söz sərvətlərinin nəsillərdən-nəsillərə ötürülməsi üçün inzibati təşviqlərə ehtiyac qalmamış, xalq, başqa sözlə, xüsusi genetik yaddaşa malik oxucu daxili dünyasında qüdrətli qələm sahiblərinin yaratdıqları tükənməz bir sevgi bəsləyərək gərəkli bir missiya yerinə yetirmişdir.

   Nə yazıq ki, bəzən tarixi şərait milli özünüdərkə təsir ehtimalını nəzərə alaraq parlaq istedadları xalqdan qoparmağa, gizlətməyə çalışsa da, sonda hökmü zaman vermiş, böyük söz təkrar qayıdışlar hesabına milli mədəniyyətdə layiq olduğu məqama qovuşmuşdur. Bu hal XIX və XX yüzilliyin ədəbi sima və örnəklərinə xüsusilə xasdır.

   Görkəmli şair, filosof, dramaturq, əqidə mücahidi, qəhrəman mütəfəkkir Hüseyn Cavidin “Dram əsərləri”nə yazılan ön sözün bu düşüncələrlə başlanması təsadüfi deyil. Çünki bu böyük sənətkar məhz qüdrətli fitri istedadına, xalqın ruhunu ucalara qaldıran peşəkar çalışmalarına görə nə sağlığında, nə də faciəli ömrü bitəndən uzun illər sonra həqiqi qiymətini ala bilməmişdir.

   Bu hələ azdır. Hüseyn Cavid məhz istedadlı olduğuna, parlaq bir ilhamla yazıb-yaratdığına görə vətəndən sürgün edilmiş, qarlı-boranlı Sibir çöllərində dəhşətli həyatın qurbanı olmuşdur...

   Amma bununla belə o, milli ədəbiyyatımızda ötən əsrin 70-80-ci illərinə qədər payına ən az tərif düşən, haqqında əsasən susulan elə böyük sənətkardır ki, onun nə manqurt dərisinə bürünmüş tənqidçi, ədəbiyyatşünas təhlilinə, nə də hər hansı bir ön və ya son sözə ehtiyacı var. Fəqət, yalnız Azərbaycan, türk dünyası, möhtəşəm Şərq deyil, bütün insanlıq Cavidin estetik-fəlsəfi platforması içindədir. Cavidin tənqidçisi, tərifçisi, təhlilçisi deyil, vəfalı oxucusu (tamaşaçısı) olmaq həm xoşbəxtlikdir, həm əzab. Nə qədər qəribə səslənsə də, bu gün tutumlu yaradıcılığına görə çoxmilyonlu pərəstişkar auditoriyasına sahiblənən Cavidin anadilli ədəbiyyatın bir çox ustadları kimi oxucu (tamaşaçı) sarıdan bəxti gətirməyib. Əvvələn, çox dəhşətli və sadə bir səbəbə görə. Çünki sovet irticası şairi sağlığında gözümçıxdıya salıb, cismən məhv edəndən sonra ən azı 30 il ərzində onun yaradıcılığını ya tamam, ya da qismən qadağan edib.

   Başqa bir səbəb ümumən gerçək ədəbiyyata formal yanaşma ilə bağlı ola bilər. Yəni zahirən hamı Cavidi sevir, onun böyüklüyünü dönə-dönə dilə gətirir. Sonda onun estetik idealı bütün qadağaların aradan qalxdığı şəraitdə də örtülü qalır.

   Bu məqamda təskinlik verən və kara gələn yalnız və yalnız böyük sənətin fövqəladə təbiəti olur. Çünki o daim yanır, yanır, işıq saçır.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ildə Azərbaycanın 10 qüdrətli ədibinin yubileylərinin, o cümlədən Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalaması bir daha sübut edir ki,

  

   Kəssə hər kəs tökülən qan izini,

   Qurtaran dahi odur yer üzünü -

   yaxud

   Rəqsi təlim ediyor axsaqlar,

   Əzəmət düşkünüdür alçaqlar –

 

   deyən şair yeni zamanın gözü ilə yenidən oxunmalı, yeni Azərbaycan insanının mənəvi-mədəni intibahının yol yoldaşı olmalıdır.

   Milli ədəbiyyat min illərdən bəri xalqımızın istedadlı şəxsiyyətlərinin daş qoyduğu möhtəşəm söz sarayıdır, mənəvi məbədgahıdır. Bu mənəvi varlıqda hər sənətkarın öz yeri, öz dəst-xətti var. Hüseyn Cavidin dəst-xətti, əlbəttə ki, bənzərsizdir.

   Cavid yaradıcılığı həyatı və insanları tanımaq məktəbidir. Məlum fikirdir ki, yazıçının ən böyük işi həyat həqiqətlərini obrazlı şəkildə dərk və ifadə etməkdir. Bu məqsədə can atan, yazaraq yüksələn yazıçıları iki qismə ayırmaq olar. Bir var həyatı dərk edəndən sonra qələmə sarılan, zamanın, dünyanın get-gəlləri, insanın ağrı-acıları, həyat eşqi ilə çırpınan çağları haqqında ağılla, qətiyyətlə yaradan sənətkarlar, bir də var, yaza-yaza həyatı dərk edən, yaradıcılığının sonuna doğru konkret nəticələrə gələn sənətkarlar. Cavid birinci qismə aiddir və onun ilk şeirlərindən tutmuş son əsərlərinə qədər bütün yaradıcılığı bəşəri duyğularla nəfəs alır. Cavid yaradıcılığı bütövlükdə həyatı ən incə nöqtələrinə qədər dərk etmiş insanın, vicdanlı, namuslu şəxsiyyətin həyat haqqında nəğmələridir. Nəğmə sözü bir qədər həzin səslənir, yumşaq duyulur. Cavid dünyasına dalarkən elə bil nurani bir müdrikin dizinin dibində oturmusan. Və o müdrik sənə həyatın həmişə gözəl olacağını, çiyninə şahlıq quşu qonacağını demir. Sənə sərt, ciddi söhbətlər eləyir. Sənə sənin yaşadığın dünyanı, insan və həyat mübarizələrinin canlı lövhələrini, özünü, dostlarını, ətrafın insanda duyğu doğura biləcək bütün çalarlarını və rənglərini göstərir. Bəzən taleyin oyunları qollarını boşaldır, bəzən ürəyin sıxılır, beynin dumanlanır, ağzın acı dadır. Lakin o acılı-şirinli dünyadan daha möhkəm yapışırsan. Çünki həyat doğmalı, doğulmalıdır. İnsan yaşamalıdır. İnsan ucalmalıdır; içindəki yaxşılıqları yaşada-yaşada. Damarlarında qıvrılan qara qanla vuruşa-vuruşa, özündən, öz adından sıyrılıb yüksələ-yüksələ böyüməlidir, gözəlləşməli, həyatı gözəlləşdirməlidir.

   Bəzən Hüseyn Cavidi həyat həqiqətlərindən uzaqlaşmaqda, insan xoşbəxtliyini göylərdə aramaqda təqsirləndirirlər. Lakin mən bu fikirlə heç cür razılaşa bilmirəm. Əslində göy üzündə qanad çalan Cavid qəhrəmanlarının əfsanəvi uçuşu torpaqdan üzülmək deyil, insanın daxilən böyüməsi, mənəvi yüksəklik zirvəsinə çatması, şəxsiyyətin daha güclü köklərlə dərinliyə işləməsidir. Şeyx Sənanın ulduzlar arasında Xumarla birgə uçuşunu xatırlayaq. Məqsədi, amalı yolunda ən ağır işgəncələrə dözərək xoşbəxtliyə çatan Şeyx Sənanın qovuşduğu aləm bütün bəşəriyyətin min illərdən bəri aradığı səadət deyilmi?

   Bütün hallarda insanı Cavid qədər sevən və ona eyni dərəcədə nifrət edən ikinci şair tapmaq çətindir. Çox qəribədir ki, Cavidin sevdiyi və nifrət etdiyi insan başqa-başqa deyil, bir adamdır, eyni şəxsdir. Bütün dünya xeyri və şəri ilə, ağı və qarasıyla bu insanın içində yuva qurub. Bu insan elədiyi əməllər müqabilində ayaqlar altında sürünür, göylərdə qanad çalır, intiqam alır, ölür, qələbə çalır, məğlub olur. Bu insan həm yazıqdır, həm güclü, həm adildir, həm zülmkar. Cavidin insan və həyat rənglərinin kəskin təzadlarına, mübarizələrinə, hiss olunmadan qaynayıb-qovuşmalarına heyrət etməmək mümkün deyil. Deməli, ən böyük problemi insan olan bir sıra müasir bədii əsərlərdə müsbət və mənfi insan qütblərinin bol-bol qarşı-qarşıya qoyulduğu, müsbət qəhrəmanların həyatı bahasına, böyük çətinliklər hesabına qələbə çaldığı, mənfi qəhrəmanların yazıçı qələmi ilə qınandığı bir vaxtda, ədəbi tənqidçini düşündürən yaradıcılıq meyarını Cavid ötən əsrin əvvəllərində həll edib. Cavid haqlı olaraq mühitin, ictimai vəziyyətin insan şəxsiyyətinə, insan mənəviyyatına təsirini nəzərə almış, insanı bütün daxili məziyyətləri və məzmunu ilə götürmüşdür. Cavid heç vaxt ideal insandan və eyni zamanda naqis insandan söhbət açmamışdır. Cavid insandakı ideallıqları və çirkinlikləri qələmə alırdı, həm də necə böyük məharətlə, yalnız və yalnız parlaq ilham və istedadla.

   Yazılı ədəbiyyatımızın tarixində yüzlərlə dolğun insan obrazları yaradılıb. Bu obrazların daxili aləmləri, psixoloji təkamülləri, arzu və istəkləri, uğur və nöqsanları məharətlə açılıb. Amma mən ilk dəfə məhz Cavid yaradıcılığında görmüşəm ki, insan xisləti insandan çıxır, fitri bir cazibə qüvvəsinin təsiri ilə insandan kənarda bütövləşərək, hərəkət edir, fəlsəfi fikir daşıyıcısına çevrilir. Məsələn, “Şeyx Sənan”dakı dərviş obrazı insan duyğularının insandan çıxan və yenidən insanla diz-dizə oturan, ona həyat dərsi verən şəklidir, görsənişidir.

   Əvvəllər, oxucu zövqünün ilk mərhələsində mənə elə gəlirdi ki, Hüseyn Cavidin qəhrəmanları həyat adamları deyil. Onların pafoslu, romantik müraciətləri, danışıq tərzi qeyri-təbiidir. Elə bil ki, onlar yalnız səhnə üçün, teatr üçün yaradılıb. Sonralar dönə-dönə bu əsərləri oxuyanda insanlara sənətkar sevgisinin işığı mənə çatdı. Cavid insanlar haqqında danışdığına görə səsi gur eşidilir: ucadan gəlir. Onun romantikası insana sevgidən doğur. Bu yüksək ton, bu yüksək pafos adamları yalnız yaxşılıqlara, həyatdan zövq almağa çağıran sənətkar ürəyinin sürətli, həyəcanlı döyüntüləridir. Cavid qəhrəmanları məkan və milli məhdudiyyət tanımır. Onun açdığı sənət süfrəsində fars şairi də, türk sərkərdəsi də, gürcü knyazı da, ərəb hərəmağası da, oğuz igidləri də, fransız gözəli də əyləşə bilər. Bütün insanlar Cavidə doğmadır, bütün insanların xoşbəxtliyi və bədbəxtliyi Cavidin özününküdür.

   Hüseyn Cavidin dram əsərlərinin toplandığı bu bircildliyi oxuyarkən də görəcəksiniz ki, bu böyük şairin mövzu seçmək, bu və ya digər həyat hadisəsini, ictimai-fəlsəfi fikri bədii yüksəkliyə qaldırmaq məharəti qarşısında düşünmədən baş əyməyə dəyər. Çox qəribədir ki, Cavid üçün hər şey mövzu deyil. Şərti adlara görə ustadımızda İran mövzusu, Turan mövzusu, Gürcüstan mövzusu, Ərəbistan mövzusu, Türkiyə mövzusu aramaq sadəlövhlükdür. Cavid qələmi ötəri sulardan su içməz, Cavid ilhamı ötəri küləklərdən qanadlanmaz. Cavid ən kiçik şeirindən tutmuş insan münasibətlərinin kəskin təzadlarını canlandıran dolğun dram əsərlərinə qədər bütün yaradıcılığında min illərdən bəri insanlıq qarşısında dayanan həyat və ölüm kimi bəşəri suallara cavab verməyə cəhd etmiş və tamamilə yeni bir sənətkarın həyat və estetika dünyasını yaratmağa nail olmuşdur.

   “Şeyx Sənan” - insan xoşbəxtliyi və bu xoşbəxtliyə gedən yolun tən ortasında boy göstərən qartımış adətlər hasarının sərt üzü və keçilməzliyi...

   “Xəyyam” - insan arzularının mütləq azadlığı...

   “İblis” - insanın içində xeyir və şərin əbədi mübarizəsi.

   “Knyaz” - təkamülün tənəzzülü, həyatın pis üzü və insan.

   “Uçurum” - insan, əsl həyat və parıltılı yalan.

   “Şeyda” - istismar zəncirlərinə qarşı insan mübarizəsi.

   Cavid düşüncələri, Cavidi yazmağa təhrik edən mövzular göylər qədər duru və dibsizdir.

   Cavid bütün bəşəriyyətin səadətinə sevinsə də, kədərinə dalsa da, Azərbaycan xalqının oğludur. Onun sonsuz ilhamı qədim Azərbaycan torpaqlarının şirəsi ilə mayalanıb. Bütün böyük sənətkarlar kimi, o da öz vətəninin məcnunudur. Hətta İrandan, Turandan götürülmüş hadisələrin ümumi axarında, əzəmətli misraların daxili qatlarında, bütün Cavid yaradıcılığında çırpınan Azərbaycan ruhunu görmək, duymaq oxucudan o qədər də böyük diqqət istəmir. Məncə, öz xalqına bağlılıq, güclü milli ruh Hüseyn Cavid yaradıcılığını zənginləşdirən öncül keyfiyyətdir. Bu keyfiyyət Cavidə xalqımızın folklor ənənələrindən, hafizələrdə yaşayan əfsanələrdən, nağıllardan, bayatılardan, şərqilərdən, bir də oğuz ellərinin içində yaşayan mifik inam və təsəvvürlərdən sərbəst istifadə etməyə imkan vermişdir.

   Mən ağayana, gözütox sənətkarları xoşlayıram. Cavid kimi yüksək yazıçı mədəniyyəti, mövzuya dərindən bələdlik onun yaradıcılığının göz qabağında olan cizgiləridir. O, ucaldığı bədii yüksəklikdən heç zaman enmir. Böyük səbir və təmkinlə məqsədinə doğru addımlayır.

   Hər dəfə Hüseyn Cavidi oxuyanda mənə elə gəlir ki, onun heç zaman qələmi, kağızı olmayıb. O, bizə bütün əsərlərini baxmaqla göz doymayan, dadmaqla azalmayan ilahi bir möcüzə kimi ovcunun içində ərməğan verib.

   Bu gün böyük məhəbbətlə Hüseyn Cavidin dünyaya göz açmağının yüz otuz illiyini qeyd edirik. Ədəbiyyatın ikinci yüz ili axıb gedir, amma yenə də Cavidi öyrənmək üçün ən etibarlı mənbə onun öz yazıları olaraq qalır. Heç insafdan deyil ki, ədib haqqında sanballı tədqiqat əsərləri azdır! (M.Cəfərin, M.Əlioğlunun, Q.Məmmədlinin, R.Hüseynovun tədqiqatlarını və digər az miqdarda məqalə və kitabları istisna etsək) Mürəkkəb yaradıcılıq yolu keçmiş Hüseyn Cavidin söz dünyası tezliklə sanballı tədqiqini və təhlilini gözləyir. Cavid bütün insanlığın şairidir. Lakin bəşəri duyğularla çırpınan sənətkarın başqa xalqların dillərinə tərcümə olunmuş əsərləri yoxdur. İnanırıq ki, Cavidin bəşəri amalı ən yaxın zamanlarda layiq olduğu möhtəşəm auditoriyaya sahib olacaq. Çünki dünyanın taleyini düşünən şairi dünya mütləq tanımalıdır.

  

 

   Vaqif Bəhmənli

 

   Mədəniyyət.- 2012.- 17 avqust.- S. 7.