Tanıdığımız
qədər tanımadığımız maestro
Niyazi
- 100
Avqustun 20-si dünya şöhrətli
dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, beynəlxalq
və dövlət mükafatları laureatı, Sosialist Əməyi
Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun
100 yaşı tamam olur.
Böyük adamların
ölümünə yox, ölümsüzlüyünə
inanıram. Niyazinin mənzil-muzeyini ziyarət edərkən
bir daha bunun şahidi oldum.
Bu da taleyin bir naxışı. Niyazinin evi
Bülbül prospektində
yerləşir. Azərbaycanın iki böyük musiqi xadiminin adı bir ünvanda
kəsişir. Və bu
ünvana gedərkən
heç bir tərəddüd etmirsən.
Oxuduqlarım, eşitdiklərim və bildiklərimə görə, maestronun mənzili daima qonaqlı-qaralı olub.
İndi bu ünvan Niyazinin
mənzil-muzeyi adlanır
və Allahın verən günü Niyazini yad etməyə,
ziyarət eləməyə
gələnlər olur.
Ziyarətçilər arasında sadə
insanlar da var, məşhur sənətkarlar da. Qonaqları Niyazinin və həyat yoldaşı Həcər xanımın
divardan asılmış
fotoşəkillərindən boylanan doğma baxışları qarşılayır.
* * *
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun
20-də Tiflis şəhərində dünyaya gəlib. Niyazinin atası Zülfüqar Hacıbəyov dahi bəstəkar Üzeyir bəyin qardaşı, Azərbaycanda milli musiqili komediya janrının yaradıcılarından
biri olub. Belə mühitdə böyüyən
Niyazinin musiqi qabiliyyəti erkən yaşlarından özünü
büruzə verir.
O, ilk musiqi təhsilini
1921-ci ildə Y.Şefferlinqin
rəhbərliyi altında
skripka sinfində alır. Niyazinin musiqi təhsilinə əmisi Üzeyir bəy nəzarət edir və Üzeyir
bəyin məsləhəti
ilə Niyazi 1926-cı
ildə Moskvada Qnesinlər adına
musiqi məktəbində
(Q.Popov və P.Ryazanovun sinfində) təhsilini davam etdirir.
Niyazi 1932-ci ildə Dağıstan
Xalq Maarif Komissarlığında elm, ədəbiyyat
və incəsənət
şöbəsinin müdiri
vəzifəsinə təyin
olunur. 1933-cü ildə Həcər xanımla ailə qurduqdan sonra Bakıya qayıdaraq konservatoriyada professor L.Rudolf
və S.Ştrasserin rəhbərliyi ilə təhsilini davam etdirir. Bu illərdə
Niyazi musiqi əsərləri bəstələyir.
1934-1935-ci illərdə isə dirijorluq fəaliyyətilə məşğul
olur.
1937-ci ildə Niyazi Opera və Balet Teatrına
dəvət olunur.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti
ongünlüyündə M.Maqomayevin
“Nərgiz” operasına
dirijorluq edərək
böyük müvəffəqiyyət
qazanır.
Sonrakı illərin gərgin
fəaliyyəti də
öz bəhrəsini
verir. 1946-cı ildə Niyazi Leninqradda (Sankt-Peterburq) keçirilən dirijorların
müsabiqəsində laureat
adını qazanır.
11 xarici ölkədə
konsertlər idarə edən maestro mahir dirijor kimi bütün
dünyada şöhrət
tapır.
Niyazi simfonik janra
müraciət edən
ilk Azərbaycan bəstəkarlarından
biridir. Onun 1949-cu ildə yazdığı
“Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosionallığı, zəngin
melodiyası ilə mükəmməl əsərlərdən
biridir.
1942-ci ildə Nizaminin “Xosrov və Şirin” poeması əsasında yazdığı
eyniadlı opera, 1961-ci ildə
hind yazıçısı Rabindranat Taqorun əsərləri əsasında
yazdığı “Çitra”
baleti musiqi xəzinəmizin ən qiymətli nümunələrindəndir.
Sənətkar, eyni zamanda kamera-instrumental əsərlərin,
mahnı və romansların müəllifidir.
Onun Vətən haqqında mahnı və “Arzu” romansları bu gün musiqisevərlər
tərəfindən rəğbətlə
dinlənilir.
Niyazi Azərbaycan musiqi tarixində ilk dəfə
olaraq “Rast” və “Şur” muğamlarını nota köçürüb,
həmçinin Azərbaycan
filmlərinə ilk musiqi
yazan bəstəkarlardan
olub. “Kəndlilər”,
“Almaz”, “Fətəli xan” və bir
çox başqa ekran əsərlərinə
musiqi bəstələyib.
Azərbaycan professional dirijorluq məktəbinin formalaşması
və inkişafı Niyazinin adı ilə bağlıdır.
Məhz onun gərgin əməyi sayəsində
1938-ci ildə Azərbaycan
Dövlət Simfonik Orkestri yaradılıb.
Maestro Niyazi
SSRİ Xalq artisti fəxri adına,
SSRİ və Azərbaycan
SSR Dövlət mükafatına,
C.Nehru adına Beynəlxalq mükafata layiq görülüb. Sovet İttifaqının ən
yüksək fəxri
adı olan Sosialist Əməyi Qəhrəmanı adı
ilə təltif olunub.
* * *
Dahilər sona kimi dərk olunmur. Sağlığında olduğu kimi,
elə ölümündən
sonra da çətin ki, kimsə maestro Niyazini sona qədər anlayacaq. Ancaq onun sənəti
qarşısında baş
əyənlər həmişə
olacaq.
...Ötən əsrin nəfəsi, rəngi, qoxusu, xatirələri hələ
də Niyazinin mənzilindən çəkilməyib.
Qonaq otağında maestronun iranlı rəssam Bəhruz Kafi tərəfindən çəkilmiş
işıqlı portreti
və Həcər xanımın Xalq rəssamı Böyükağa
Mirzəzadə tərəfindən
kətana köçürülmüş
əksi asılıb.
Burada müxtəlif illərdə
maestroya hədiyyə
edilən maraqlı əsərlər də yer alıb. Onların arasında naməlum rəssamın “Güllər”
natürmortu, Ejen Delakruanın “Mərakeşli
ata minərkən” əsərlərinin surətləri
var.
Otaqdakı masa, kreslolar,
jurnal stolu, servant və qab-qacaqlar da sahibinin incə
zövqündən xəbər
verir.
Niyazi vaxtının çoxunu
bu otaqda keçirər, həyat yoldaşı Həcər
xanımla söhbət
edər, gün ərzində baş vermiş hadisələri müzakirə edərdilər.
“Niyazi jurnal
masası arxasında nərd oynamağı çox sevərdi, əsas tərəf-müqabili
isə Lütfiyar İmanov və Bəxtiyar Vahabzadə olardı”, - deyə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov
məlumat verir.
Onun sözlərinə görə,
maestro bu mənzildə
1958-ci ildən ömrünün
sonunacan - 1984-cü ilədək
yaşayıb: “Mənzil
əvvəllər üç
otaqdan ibarət olub: yemək otağı, yataq otağı və iş otağı. On ildən sonra
- 1968-ci ildə qonşu
mənzil boşalarkən
bu mənzili də Niyaziyə veriblər. Arakəsmə götürüldükdən sonra mənzil xeyli genişlənib.
Böyük otaqlardan biri
ekspozisiya zalı, biri isə kiçik
tədbir və konsert zalıdır.
1994-cü il sentyabrın 18-də
Niyazinin mənzil-muzeyinin
açılışı olub. Açılışda ümummilli liderimiz
Heydər Əliyev şəxsən iştirak
edərək Niyazi ilə bağlı xatirələrini söyləyib,
muzeyin qonaqlar kitabına öz ürək sözlərini
yazıb”.
Direktorun bildirdiyinə görə,
muzey yaranarkən Niyaziyə aid 4707 ədəd
material vardı, hazırda
isə bu materialların sayı
6200-dən çoxdur. Niyaziyə məxsus materiallar müxtəlif yollarla əldə edilərək muzeyin fonduna daxil edilib:
“Bəzilərini fond satınalma
komissiyası vasitəsilə
almışıq, bəzilərini
isə ayrı-ayrı
şəxslər muzeyimizə
bağışlayıb. Bunlar əsasən
Niyazinin not əlyazmaları,
disklər, afişalar,
xeyli miqdarda fotoşəkillərdir. Niyazinin hobbisi
fotoşəkil çəkmək
olub. Sənətkarın arxivində 2600-ə qədər foto nümunəsi var”.
Kim bilir,
bəlkə də
maestro həyatın anlarını
fotoşəkillərdə əbədiləşdirmək istəyib.
* * *
Rza Bayramov Niyazinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı görülən
işlərdən də
danışdı: “2010-cu il
mayın 20-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Niyazinin 100 illik yubileyinin keçirilməsi
ilə əlaqədar
sərəncam imzalayıb.
Sərəncamdan sonra görəcəyimiz
işləri planlaşdırdıq.
Niyazinin şəkli olan açıqca dəsti, buklet, muzeydəki materiallar əsasında Niyazinin bəstəkarlıq
və dirijorluq fəaliyyətini əks etdirən kataloq hazırladıq. Muzeyimizdə ənənəvi olaraq hər ayın birinci çərşənbə
günü dünya şöhrətli musiqiçilərə
həsr olunmuş tədbir təşkil olunur. Bu il
isə bütün tədbirlər Niyazinin şərəfinə keçirilir.
Hər il olduğu
kimi, bu dəfə də avqustun 20-də Niyazinin məzarını ziyarət
edəcəyik. Həmin gün
Ramazan bayramına təsadüf etdiyindən
muzeydə yubiley tədbirini avqustun 22-də
keçirməyi qərara
almışıq. Tədbirdə Niyazinin həyat və yaradıcılığını
əks etdirən sərgi də nümayiş olunacaq.
Sərgidə maestronun
dirijorluğu ilə lentə alınan 16-ya yaxın val,
həmçinin vaxtilə
Niyazinin Qara Qarayevə göndərdiyi
və dahi bəstəkarın qızı
Züleyxa Qarayeva-Bağırovanın
muzeyimizə bağışladığı
2 məktub və 8 ədəd açıqca
da ilk dəfə nümayiş olunacaq. Niyazinin 100 illiyinə həsr olunmuş gecə isə oktyabr ayında təntənəli
şəkildə Dövlət
Filarmoniyasında keçiriləcək”.
* * *
Avqustun 20-si dahi maestronun
100 yaşı tamam olur. Ancaq dahilər üçün
zaman anlayışı
yoxdur. Dünyaya
çox maestrolar gələcək, Niyazi sənətinin ecazkarlığı,
təkrarsızlığı və qüdrəti ilə hələ çox yüzillikləri
arxada qoyacaq və maestro adı hər kəsdən çox ona yaraşacaq - Maestro Niyazi!
Təranə Vahid
Mədəniyyət.- 2012.- 17
avqust.- S. 8.