Əfsanəvi sənətkarın kino fəaliyyəti

 

   Müslüm Maqomayev - 70

       

   Məşhur Maqomayev soyadı Azərbaycan incəsənəti və mədəniyyəti tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Görkəmli Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi, dirijor, ictimai xadim Müslüm Maqomayevin (baba) “Şah İsmayıl” və “Nərgiz” operaları milli opera sənətimizin inkişafı tarixində əhəmiyyətli yer tutur. Bəstəkar 1934-cü ildə çəkilən “Sovet Azərbaycanının incəsənəti” sənədli filminə musiqi yazıb. Film milli incəsənətimizin inkişafından, təbliğindən və incəsənət ustalarının xalqa xidmətindən bəhs edir.

   Bəstəkarın oğlu Məhəmməd Maqomayev fortepiano sinfi üzrə konservatoriyanı, eyni vaxtda rəssamlıq məktəbini bitirmişdi. O, konsert proqramları ilə çıxış etməklə yanaşı, Bakıda, Qroznıda, Nalçikdə tamaşalara tərtibat vermiş, bir sıra filmlərin rəssamı olmuş, həm də aktyor kimi çıxış etmişdir. “Abbasın bədbəxtliyi” adlı ilk animasiya filmimizin (1935) quruluşçu rəssamlarından biri olmuşdur.

   1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Məhəmməd könüllü cəbhəyə getmişdi. Böyük qardaşı Camaləddinə tez-tez məktub yazırdı. Məktubların birində qeyd etmişdi ki, əgər müharibədən qayıda bilməsə oğlunun qayğısına qalsın. C.Maqomayev qardaşının arzusunu həyata keçirdi. Gələcəyin böyük müğənnisi əmisinin yanında həddi-büluğa çatana qədər yaşadı. Əmisi rəhmətə gedənə kimi onun taleyində fəal rol oynadı.

   Nəvə Müslüm Maqomayevin şöhrətə gedən yolu çox qısa oldu. Hələ 18 yaşı tamam olmamış Helsinki festivalında onu minlərlə tamaşaçı dinlədi. 20 yaşında Moskvada Kreml sarayında çıxış etdi, ümumittifaq miqyasında məşhurlaşdı. Çox keçmədi ki, bütün dünyada şöhrət qazandı.

 

   * * *

 

   Görkəmli sənətkarın həyat və yaradıcılığı kinematoqrafçıların da diqqətindən yayınmamış, onu “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Yarımçıq qalmış mahnı” və “Moskva notlarda” filmlərində çəkmişlər.

   Oxuyur Müslüm Maqomayevmusiqili rəngli tammetrajlı televiziya filminin yaradıcıları (ssenari müəllifləri Tofiq İsmayılov, İqor Boqdanov, rejissor T.İsmayılov, operator İ.Boqdanov) gözəl təşəbbüs göstərərək, hələ 30 yaşı tamam olmamış respublikanın “Xalq artistikimi fəxri ada layiq görülən (1971) Müslüm Maqomayev haqqında dolğun, məzmunlu sənət əsəri yaratmışlar.

   C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş filmdə M.Maqomayev çoxşaxəli, nadir istedad sahibi kimi tamaşaçıların gözü qarşısında canlanır. Filmə baxdıqda görürük ki, Müslüm təkcə müğənni deyil, o həm də bəstəkar, pianoçu, rəssam və heykəltəraşdır. Belə hərtərəfli qabiliyyət hər kəsə müyəssər olmur.

   Filmdə Müslüm operakino aktyoru kimi çıxış edir. Bir saatdan çox davam edən ekran əsərinə baxdıqdan sonra onun sənətkarlığı haqqında müfəssəl məlumata malik olursan. O, film boyu maraqlı, rəngarəng estrada mahnıları ilə yanaşı, operalardan ariyaları da özünəməxsus məlahətlə ifa edir. Səsi gah büllur bulaq kimi qaynayır, gah da həzin mehə qarışıb uzaqlara yayılır. Tamaşaçı onun ifasında Aslan şahın (“Şah İsmayıl”), Oneginin (“Yevgeni Onegin”), Riqolettonun (“Riqoletto”), Mefistofelin (“Faust”) məşhur ariyalarını dinləyir, müğənninin istedadına heyran qalır. Axı bu obrazlar müxtəlif xarakterli, müxtəlif taleli şəxslərdir. Müslüm ekranda yaratdığı hər bir obrazın mənəvi aləminə nüfuz edir. Onun hərəkətlərini, üzündəki cizgiləri ustalıqla tamaşaçıya çatdırmağı bacarır.

   M.Maqomayev Aslan şahın simasında şübhəli, qəzəbli, Mefistofeldə vahiməli, Onegində şən, Riqolettoda kədərlidir. Lakin o, hər bir obrazda sadə və təbiidir. Bu, onu göstərir ki, müğənni kino sənətinin incəliklərini yaxşı başa düşür. Ona görə də kamera qarşısında özünü sərbəst aparır, hər obrazı özünəməxsus ustalıqla yaratmağa nail olur.

   Filmdə tamaşaçıya vətənpərvərlik və iftixar hisləri aşılayan bərəkətli Azərbaycan torpağı tərənnüm olunur. Müğənni bu epizodlarda bələdçilik edib bizi bol bəhrəli Muğanda, Mil düzündə, Şirvanda gəzdirir, Göygölə aparır, doğma yurdumuzu bütün dünyaya tanıtdırır. O, sanki demək istəyir: “Buyurun, Odlar Yurduna, onun gözəlliklərinə tamaşa etmək üçün bizə qonaq gəlin, qapımız dostların üzünə həmişə açıqdır”.

   Kadrlar bir-birini əvəz edir. Müslüm müharibə əleyhinə mahnı oxuyur. Bu səhnəyə həyəcansız baxmaq olmur. Müslümün bəstələdiyiSonuncu akkordmahnısı xüsusilə dərin təsir bağışlayır. Bəstəkar bu mahnını üzünü görmədiyi atasının müharibədə həlak olmuş vətən oğullarının əziz xatirəsinə həsr etmişdir. Axı Müslümün atası müharibənin qurtarmasına bir neçə gün qalmış həlak olmuşdur. Bu mahnını oxuyarkən müğənni gözlərimiz qarşısında müharibəyə nifrət bəsləyən əsl mübariz, sülh carçısı kimi canlanır.

   Rejissor T.İsmayılov filmlə bağlı demişdir: “Məqsədimiz o idi ki, məşhur müğənni haqqında adi film-konsert çəkməyək. Əksinə, filmimiz müəyyən süjetə malik olsun, aktyor oyunu ilə zinətlənsin. Biz Müslümün yeni mahnılarının interpretasiyası üzərində necə gərgin çalışdığını, inadlı məşqlərini gördük bunları kino lentində əks etdirməyə çalışdıq. Müğənninin özünə qarşı bu tələbkarlığını ekranda görən tamaşaçılar onun sənət yollarında inamla irəliləməsinin səbəblərini dərk edirlər”.

   Filmin rəssamları Rafiz İsmayılov Nadir Zeynalovdur. Ekran əsərində bəstəkar Polad Bülbüloğlunun yeni mahnılarından da istifadə olunmuşdur. Bu film o vaxtlar nəinki Sovet İttifaqında, həm xarici ölkələrdə böyük uğur qazandı.

 

   * * *

 

   C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında istehsal olunmuşYarımçıq qalmış mahnımusiqili bədii filmi (1979) yazıçı Maqsud İbrahimbəyovunBaritonla orkestr üçün konsertpovesti əsasında ekranlaşdırılmışdır. Filmin ssenari müəllifi quruluşçu rejissoru da M.İbrahimbəyovdur. Əsərdə gənc istedadlı müğənninin yaradıcılıq yolunun başlanğıcından söhbət gedir.

   Mikayıl pərəstiş etdiyi müğənni-artist kimi öz istedadı ilə milyonlarla insanın rəğbətini qazanan böyük aktyor olmaq istəyir. O, “Qızıl qazözfəaliyyət vokal instrumental ansamblının solistidir. Mikayıl qastrolda olarkən mehmanxanada öz pərəstişkarı ilə görüşür. Müğənni ona ürək-dirək verir, böyük sənətə gedən yolda uğurlar arzulayır.

   Filmdə məşhur müğənni artist rolunda SSRİ Xalq artisti M.Maqomayev çəkilmişdir. Yaradıcı qrup onun istedadından mümkün qədər istifadə etməyə çalışmışdır. Sözsüz ki, Xalq artistinin iştirakı ifaları filmi daha da baxımlı etmişdir.

 

   * * *

 

   Rejissor Eldar QuliyevinNizamitarixi-bioqrafik kinoromanı (1982) dahi Azərbaycan şairinin həyat yaradıcılığına həsr olunmuşdur. Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Ekran əsərində dahi şairin mürəkkəb obrazını yaratmaq görkəmli müğənni bəstəkar M.Maqomayevə qismət olmuşdur. O, həm filmin bəstəkarıdır.

   Filmin ssenarisini Eldar Quliyev yazıçı İsa Hüseynovla birgə yazmışdır. Vətənpərvərlik, öz torpağına, xalqına məhəbbət, qadına hörmət, tərəqqiyə, sülhə meyl, poeziyanın qüdrətli gücü - Nizami əsərlərinin bu motivlərindən müəlliflər bütünlüklə istifadə edərək, orijinal müasir təfsirli, dərin fikirli, miqyaslı əsər yaratmışlar.

   Müəlliflər filmdə şairin həyatının müəyyən bir dövrünü canlandırmış, lakin bu zaman kəsiyində Nizami yaradıcılığının əsas bədii fəlsəfi motivlərini yerləşdirmişlər. Burada xronologiya əsas götürülmüşdür. Çünki Nizami sənətkar kimi daha maraqlıdır. Filmdə söhbət onun yaradıcılığından gedir.

   Parlaq fərdi yaradıcılığa malik olan M.Maqomayev Nizaminin dövrünü ölməz misralarını dönə-dönə mütaliə edib, onu öz istedad yaradıcılıq prizmasından keçirərək şairin fərdi obrazını yarada bilmişdir.

   Bəstəkar müğənni M.Maqomayev bu barədə belə demişdir: “İndiyədək bu əqidədəyəm ki, müğənni oxumalıdır. Elə buna görə təkcə musiqili filmlərdə deyil, başqa janrlarda yaradılan filmlərdə çəkilmək barəsində bir neçə münasib təklifi rədd etmişəm. Lakin rejissor E.Quliyevin təklifi o qədər qeyri-adi, o qədər cəzbedici oldu ki, məni düşünməyə vadar etdi”.

   M.Maqomayev rejissor E.Quliyevin beş filminə musiqi bəstələmişdir: “Nizami” (1982), “Gümüşgöl əfsanəsi” (1984), “Burulğan” (1986), “Təxribat” (1989), “ gözəldir bu dünya” (1989). Bundan başqa o, “Abşeron ritmləri” (1970), “Nəğməkar torpaq” (1980) film-konsertlərində mahnılar ifa etmişdir.

   Ümumiyyətlə, musiqi filmdə mühüm bədii ifadə vasitəsidir. O, filmin ideyasını tamaşaçıya daha asan çatdırır, cərəyan edən hadisələrin təsir qüvvəsini artırır, qəhrəmanların daxili aləmlərinin üzə çıxmasında vasitəçi rolunu oynayır. Biz bunu M.Maqomayevin filmlərə yazdığı musiqi parçalarında mahnılarda da görə bilərik.

   Bəstəkarın musiqisiNizamifilmində bir sıra epizodları müşayiət edir, bu musiqi həm kadrarxası, həm kadrdaxili səslənir bir çox funksiyaları yerinə yetirir: əsas epizodların ab-havasını tamamlayır, hadisələrin inkişafını xarakterizə edir, personajların hərəkət xarakterlərini şərh edir.

   Rejissor E.Quliyev müsahibələrinin birindəNizamifilmində baş rola niyə məhz Müslüm Maqomayevi çəkdiniz?” sualına belə cavab vermuişdir: “Obraz üçün mənə mənəviyyatı təmiz dolğun bir insan lazım idi. Müslüm məhz belə bir insan idi. Ona görə mən onu bu filmə dəvət etdim. Onunla işləmək mənə xüsusi zövq verirdi. Həqiqətən , hər bir işində peşəkarlıq nümayiş etdirən Müslüm bu filmdə unudulmaz obraz yaratdı...”

   M.Maqomayev artıq uzun müddət idi ki, Moskvada yaşayırdı. O, sağlığında deyirdi: “Azərbaycan mənim atam, Rusiya anamdır. Mən Fiqaro kimiyəm, həm orda, həm burdayam”. Görkəmli sənətkar ölümünün yaxınlaşdığını hiss edərkən 2007-ci ildə Sergey Yeseninin sözlərinə özünün sonuncuƏlvida, Bakımahnısını yazdı. Dünyasını dəyişəndən sonra Müslüm vətəni Azərbaycana qayıtdı, babasının yanında torpağa tapşırıldı.

 

   

    Aydın Kazımzadə,

    Əməkdar incəsənət xadimi

 

   Mədəniyyət.- 2012.- 17 avqust.- S. 10.